Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-347/2020 30.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, X2 Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə X2 Dövlət Xidmətinin Cavabdeh qarşı “Şəki rayonu Qudla kəndində yerləşən 372,1 m2 qeyri-yaşayış sahəsi (X3) və 10000 m2 torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2019cu il tarixli 4390 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə üzrə ödənilmiş 20800 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4390 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ƏMDK xx.xx.2019cu il tarixli 01 nömrəli hərrac protokoluna uyğun olaraq Şəki rayonu Qudla kəndində yerləşən və ümumi sahəsi 372,1 m2 qeyri-yaşayış sahəsi (X3) və 10000 m2 torpaq sahəsini 68000 manata Cavabdeh satmağı, alıcı Cavabdeh isə əmlakın və torpaq sahəsinin dəyəri olan 68000 manat məbləği müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2019-cu il tarixədək satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən hərracda satılmış daşınmaz əmlakın satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. 2.3-cü bəndinə əsasən alıcı müqavilə imzalandıqdan sonra daşınmaz əmlakın müqaviləyə uyğun olaraq istifadə etmək hüququna malikdir. Cavabdeh əmlakın satış qiyməti olan 680xx xxxxxxxx 20800 manat hissəsini ödəsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyərək qalan 47200 manat hissəsini hazırkı vaxtadək ödəməmişdir. Borcun ödənilməsi, əks təqdirdə müqavilənin ləğv ediləcəyi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin sonuncu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Qudla kəndində yerləşən sahəsi 372.1 m2 təşkil edən X3 və 10000 m2 torpaq sahəsi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4390 nömrəli alqı-satqı müqaviləsinə əsasən 68000 manata Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 20800 manat ödəmiş, yerdə qalan 47200 manat vəsaitin ödənilməsini həyata keçirməmişdir. Bununla da alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, bildiriş, xəbərnamə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin Şəki rayonu Qudla kəndində yerləşən 372,1 m2 qeyriyaşayış sahəsi (X3) və 10000 m2 torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli 4390 nömrəli müqavilənin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385, 386, 421, 423, 424). Sadalanan qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi, əks təqdirdə müqavilənin ləğv ediləcəyi ilə bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək müəyyən edilmiş müddətdə əmlakın satış qiymətini ödəmədiyindən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4390 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi ləğv edilməli və həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin müqavilə üzrə ödənilmiş 20800 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iş üzrə iddiaçı ödənilmiş 20800 manat vəsaitin ona vurulmuş zərərin əvəzi kimi qəbul edilməsini məhkəmədən xahiş etsə də, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərc, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı iddianın bu hissəsində idda tələbini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi müqavilənin ləğvi və daşınmaz əmlakın boşaldılması hissəsində təmin edildiyindən ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4390 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Şəki rayonu Qudla kəndində yerləşən yerləşən 372,1 m2 qeyri-yaşayış sahəsi (X3) və 10000 m2 torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-347/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-347/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver