Məhkəmə qərarları › İş №2-2(117)-36/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-36/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-36/2025 08.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə hüquqlarının alqı-satqısına dair müqavilənin etibarsızlığının tanınması, **********13 reyestr nömrəli hüquqların dövlət reyestrindən çıxarışı ilə İddiaçı icarəsinə verilmiş Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 450 ha torpaq sahəsindən Cavabdeh MMCnin çıxarılması və həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə hüquqlarının alqı-satqısına dair müqavilənin etibarsızlığının tanınması, **********13 reyestr nömrəli hüquqların dövlət reyestrindən çıxarışı ilə İddiaçı icarəsinə verilmiş Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 450 ha torpaq sahəsindən Cavabdeh MMCnin çıxarılması və həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 78 nömrəli sərəncamına əsasən 450 ha torpaq sahəsinin onun icarəsinə verilməsi qərara alınmış və həmin sərəncam əsasında xx.xx.20218-ci il tarixdə onunla İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır. Bundan sonra xx.xx.2018-ci il tarixdə Şəki rayonu, Səbətli qış otlağı ərazisindən icarəsinə verilmiş 450 ha torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və adına **********13 reyestr nömrəli hüquqların dövlət reyestrindən çıxarış verilmişdir. Onunla Cavabdeh MMC arasında həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı razılıq olmuş, lakin torpaq sahəsinin subicarəyə verilməsi üçün icarəyə verən İcra Hakimiyyətinin razılığı tələb olunduğundan bu mümkün olmamışdır. İcarə münasibətlərini pərdələmək məqsədi ilə Cavabdeh MMC ilə aralarında xx.xx.2018-ci il tarixdə “icarə hüquqlarının alğısatqısına dair müqavilə bağlanmışdır. Aralarında olan razılığa əsasən cavabdeh torpaq sahəsinin icarə haqqını dövlət büdcəsinə və razılaşdıqları torpaq sahəsinin icarə haqqını ona ödəməli idi. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən alğı-satqı nəticəsində satılan icarə hüquqlarının qarşılığında ona pul ödənilməlidir ki, müqavilənin 1.1-ci bəndində ona ödəniləcək pul məbləği göstərilməmişdir. Bu isə onu göstərir ki, onlar arasında alğı-satqıdan irəli gələn münasibət olmamışdır. İcarə hüquqlarını cavabdehə satmadığını, müqavilənin 1.1-ci bəndinin bunu təsdiqlədiyini bildirmişdir. Belə olsaydı icarə haqqı onun deyil, cavabdehin adına hesablanardı və borc ondan tələb olunmazdı. Tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı razılaşma olmuş və torpaq sahəsinin subicarəyə verilməsi mümkün olmadığından belə bir müqavilə imzalanmışdır ki, icarə hüquqlarının alğı-satqısına dair müqavilə icarə münasibətlərini pərdələmək məqsədi daşımışdır. Beləliklə göründüyü kimi, cavabdehlə arasında olan icarə hüquqlarının alğısatqısına dair əqd yalan əqd olaraq əhəmiyyətsiz olmuş, cavabdeh bu halı bildiyi halda bu halı inkar edir və müqavilənin etibarlılığı ilə bağlı aralarında mübahisə vardır. Həmçinin icarə hüququ ilə ona məxsus olan torpaq sahəsini onun sahibliyinə qaytarılmasına maneçilik törədir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən Şəki rayonu, Səbətli qış otlağı ərazisində yerləşən ölçüsü 450.0 ha olan, **********13 reyestr nömrəli kənd təsərrüatı təyinatlı torpaq sahəsi Şəki şəhər İcra Hakimiyyətinin tam mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən Şəki rayonu, Səbətli qış otlağı ərazisində yerləşən ölçüsü 450.0 ha olan torpaq sahəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 12 Saylı xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı Şamil oğlunun icarəsinə verilmişdir. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 78 nömrəli Sərəncamında qeyd edilmişdir ki, AR Nazirlər Kabinetinin 04 iyul 2012-ci il tarixli 164 s nömrəli qərarı ilə “Səbətli” qış otlağından əkin dövriyyəsinə cəlb edilmiş 3000.1 hektar sahənin 450 hektarı əkinçilik məqsədilə ünvan 1 ünvanında yaşayan İddiaçı Şamil oğluna 49 il müddətinə icarəyə verilsin. xx.xx.2018-ci il tarixli 06 nömrəli “Torpaq icarə müqaviləsi”ndən görünür ki, Şəki şəhər İcra Hakimiyyəti və İddiaçı arasında xx.xx.2018-ci il tarixli 78 saylı sərəncam əsasında bu müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icarəyəverən icarə əsasında 450 ha olan və Səbətli ərazisində yerləşən torpaq sahəsini gələcəkdə “sahə” adlanan ərazini icarəçiyə əkinçilik məqsədilə 49 il müddətinə istifadəyə verir, icarəçi isə onu qəbul edir. Həmin müqavilənin: 2-ci bəndinin tələbinə görə həmin torpaq sahəsi Şəki şəhər İcra Hakimiyyətinin yazılı icazəsindən sonra subicarəyə verilə bilər. 3.3-cü bəndinin tələbinə görə icarəçi hər il 1 ha üçün 15 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürür. 10-cu bəndinin tələbinə görə bu müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək 49 il müddətinə 06 Saylı xx.xx.2018-ci il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı Şamil oğlunun icarəsinə verilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən göründüyü kimi “satıcı” İddiaçı Şəki şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1/936 nömrəli arayışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13 olan xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Şəki rayonu, Səbətli qış otlağı ərazisində yerləşən 450 ha olan torpaq sahəsinin üzərindəki müvəqqəti istifadə hüquqlarını 0 (sıfır) manata “Alıcı” Cavabdeh MMC-yə satmışdır. Həmin müqavilənin: 2.2-ci bəndinin tələbinə görə müqavilənin predmeti olan torpaq sahəsi üzərində istifadə hüququ barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, onun üzərində sərəncam vermək hüququ isə həmin hüququn müvafiq dövlət qeydiyyatı anından əmələ gəlir. 2.6-cı bəndinin tələbinə görə “Satıcı” torpaq sahəsini yardımçı vasitələri ilə birlikdə “Alıcı”nın bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 5 gün müddətində onun faktiki istifadəsinə verməyi, “Alıcı” isə torpaq sahəsini qəbul etməyi öhdəsinə götürür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək 3M-162 saylı xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin icarəsinə verilmişdir. Bundan sonra Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024cü il tarixində iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmiş və iddia əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Belə ki, cavabdeh tərəf etirazında iddia ərizəsinə münasibətdə ilkin olaraq bildirmişdir ki, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilərək 7E-9296 nömrəli qeydlə informasiya sistemi reyestrinə daxil edilmiş ərizənin məzmunundan göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixli 06 nömrəli icarə müqaviləsi əsasında ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən icarəyə verilmiş 450 ha əkin torpağı üzərində icarə hüquqlarının satılmasına razılıq verilməsi üçün Şəki şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və Şəki şəhər İcra Hakimiyyəti tərəfindən buna razılıq verilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə tərəflər arasında “İcarə hüquqlarının alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Göründüyü kimi tərəflər arasında bağlanan müqavilə qanunvericiliyin tələblərini gözləməklə, tərəflərin həqiqi iradə ifadəsinin nəticəsi kimi çıxış edən əqd qismində imzalanmışdır. Bundan başqa cavabdeh tərəf iddiaçının “alqı-satqı müqaviləsinin 1.1-ci bəndində müqavilə ilə şərtləşdirilmiş məbləğin 0 manat olması səbəbindən müqavilənin alqı-satqıdan irəli gələn münasibət olmaması” fikrinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 567-ci maddəsinin məzmunundan göründüyü kimi “müəyyənləşdirilmiş haqq”ın ödənilməsi nəzərdə tutulur. Bu haqqın müəyyənləşdirilməsi isə mülki dövriyyə münasibətlərində olan tərəflərin qarşısına imperativ formada qoyulmuş seçim kimi yox, onların özlərinin mülki dövriyyə şərtlərinə uyğun iradə sərbəstliyi prinsipi əsasında təyin etdiyi məsələ kimi çıxış edir. Bundan başqa həmin etiraza qoşma kimi əlavə edilmiş xx.xx.2018-ci il tarixində Şəki rayon 2 nömrəli notariat kontorunda İddiaçı tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Usubova yazılmış ərizədən görünür ki, İddiaçı Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 78 nömrəli Sərəncamı və tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 06 nömrəli icarə müqaviləsi əsasında Səbətli ərazisində 49 il müddətinə ona icarəyə verilmiş 450 ha əkin torpağı üzərində icarə hüquqlarının satılmasına razılıq verilməsini xahiş etmişdir. Daha sonra Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən Şəki 2 nömrəli notariat kontorunun xüsusi notariusu Şamil Yusifova ünvalanmış xx.xx.2018-ci il tarixli 1/936 nömrəli məktubdan görünür ki, İddiaçı yazılı müraciəti nəzərə alınaraq həmin 450 ha əkin torpağı üzərində icarə hüquqlarının satılmasına razılıq verilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, keçən məhkəmə iclasında qeyd etdiyi kimi Cavabdeh ilə 2017-ci ildə müqavilə bağlamış, lakin 2018-ci il tarixdəki müqavilə ona aid deyil. Müqaviləni imzaladıqdan sonra şirkətin əməkdaşları da torpaq sahəsində olarkən onlara torpağı satmadığını bildirmişdir. Ona hədə-qorxu gəlib və torpağı onlara satmasa, onu şərliyib tutduracaqlarını bildiriblər. Şirkətin rəhbəri onu notariusa aparıb torpağı onlara satmağını məcburi tələb ediblər. O da məcbur olaraq notariusda müqaviləyə qol çəkmişdir. Lakin torpağın satış qiyməti hissəsinə 0 manat yazılmasını notariusa bildirmişdir. Müqaviləyə elə də yazıldı. O, həmin şirkətdə 12 il işləmiş, tam maaşlı işçi olmasa da, mükafatlar almışdır. Sonradan vergi orqanından torpağın vergi borcu olması barədə məlumat aldıqdan sonra məhkəməyə müraciət etməyə qərar gəldiyini bildirdi. Cavabdehin Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmir və bununla bağlı etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, icarə hüquqlarının alqı-satqı müqaviləsi, çıxarışlar, etiraz, ərizə, xx.xx.2018-ci il tarixli 1/936 nömrəli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mülki Məcəllənin: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 651.Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Məhkəmə əvvəlcə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə hüquqlarının alqı-satqı müqaviləsi etibarlıdır. İddiaçı əksini iddia etsə belə, bunu sübut edə biməmiş və müqavilənin etibarlılığı tərəflərin məhkəmə iclasında verdiyi izahatları və məhkəməyə təqdim edilmiş iş materiallarının hər biri qarşılıqlı şəkildə şərh edildikdə öz təsdiqini tapır. Belə ki, məhkəmə iddia tələbinə münasibətdə ilkin olaraq qeyd edir ki, iş materiallarından da göründüyü kimi Şəki şəhər İcra Hakimiyyətinin dövlət mülkiyyətində olan və hazırkı mübahisənin əsasını təşkil edən Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 450 ha torpaq sahəsi 12 saylı xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və bundan sonra isə xx.xx.2018-ci il tarixli 06 nömrəli “Torpaq icarə müqaviləsi”nə əsasən 49 il müddətinə İddiaçı Şamil oğlunun icarəsinə verilmişdir. Bundan sonra İddiaçı Şəki rayon 2 nömrəli notariat kontorunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 78 nömrəli Sərəncamı və tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 06 nömrəli icarə müqaviləsi əsasında Səbətli ərazisində 49 il müddətinə ona icarəyə verilmiş 450 ha əkin torpağı üzərində icarə hüquqlarının satılmasına razılıq verilməsini xahiş etmişdir. Bundan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2018-ci il tarixli 1/936 nömrəli məktubla İddiaçı həmin torpaq sahəsi üzərində olan icarə hüquqlarının satılmasına razılıq verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsindən də göründüyü kimi həmin alqı-satqı müqaviləsi bağlanarkən əsas götürülən sənədlərdən biri də Şəki Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilən xx.xx.2018-ci il tarixli 1/936 nömrəli razılıq barədə arayış olmuşdur. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən göründüyü kimi “satıcı” İddiaçı Şəki şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1/936 nömrəli arayışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13 olan xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Şəki rayonu, Səbətli qış otlağı ərazisində yerləşən 450 ha olan torpaq sahəsinin üzərindəki müvəqqəti istifadə hüquqlarını 0 (sıfır) manata “Alıcı” Cavabdeh MMC-yə satmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək 49 il müddətinə 06 Saylı xx.xx.2018-ci il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı Şamil oğlunun icarəsində olsa da, bundan sonra ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək 3M-162 saylı xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin icarəsinə verilmişdir. Yuxarıda qeyd edilən sənədlərlə təsdiq olunur ki, İddiaçı Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 450 ha torpaq sahəsi üzərinə icarə hüquqlarını azad iradə ifadəsi ilə xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə satmışdır. Buna baxmayaraq İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh MMC ilə aralarında həmin torpaq sahəsinin subicarəyə verilməsi ilə bağlı razılıq olmuş, lakin torpaq sahəsinin subicarəyə verilməsi üçün icarəyə verən İcra Hakimiyyətinin razılığı tələb olunduğundan bu mümkün olmamışdır. İcarə münasibətlərini pərdələmək məqsədi ilə Cavabdeh MMC ilə aralarında xx.xx.2018-ci il tarixdə “icarə hüquqlarının alğı-satqısına dair müqavilə bağlanmışdır. Aralarında olan razılığa əsasən cavabdeh torpaq sahəsinin icarə haqqını dövlət büdcəsinə və razılaşdıqları torpaq sahəsinin icarə haqqını ona ödəməli idi. Tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı razılaşma olmuş və torpaq sahəsinin subicarəyə verilməsi mümkün olmadığından belə bir müqavilə imzalanmışdır ki, icarə hüquqlarının alğı-satqısına dair müqavilə icarə münasibətlərini pərdələmək məqsədi daşımışdır. Bundan başqa iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə 2017-ci ildə müqavilə bağlamış, lakin 2018-ci il tarixdəki müqavilə ona aid deyil. Müqaviləni imzaladıqdan sonra şirkətin əməkdaşları da torpaq sahəsində olarkən onlara torpağı satmadığını bildirmişdir. Ona hədə-qorxu gəlib və torpağı onlara satmasa, onu şərliyib tutduracaqlarını bildiriblər. Şirkətin rəhbəri onu notariusa aparıb torpağı onlara satmağını məcburi tələb ediblər. O da məcbur olaraq notariusda müqaviləyə qol çəkmişdir. Lakin torpağın satış qiyməti hissəsinə “0” manat yazılmasını notariusa bildirmişdir. Müqaviləyə elə də yazılmışdır. Sonradan vergi orqanından torpağın vergi borcu olması barədə məlumat aldıqdan sonra məhkəməyə müraciət etməyə qərar gəldiyini bildirdi. Göründüyü kimi iddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsinin Cavabdeh MMC-yə subicarəyə verilməsi barədə tərəflər arasında razılaşma olmuş, lakin həmin torpaq sahəsinin subicarəyə verilməsi üçün icarəyə verən Şəki Şəhər İcra Hakimiyyətinin razılığı tələb olunduğundan bu mümkün olmamış, bu səbəbdən tərəflər arasında xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə icarə münasibətlərini pərdələmək məqsədi daşımışdır ki, bu səbəbdən müqavilə etibarsız sayılmalıdır. Məhkəmə qeyd edilənlərə münasibətdə qeyd edir ki, iddiaçı torpaq sahəsinin subicarəyə verilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinin razılığının tələb olunduğunu, bunun mümkün olmadığını və bu səbəbdən də tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını bildirsə də, iş materiallarından da göründüyü kimi həmin alqı-satqı müqaviləsinin bağlanması üçün də Şəki Şəhər İcra Hakimiyyətinə ərizə yazaraq razılıq almışdır. Belə ki, bu hal iddiaçının iddia ərizəsində bildirdiyi fikirlə ziddiyət təşkil edir. Bundan əlavə olaraq iddiaçı iddia ərizəsində həmin icarə hüquqlarının alqı-satqı müqaviləsinin bağlandığını bildirmiş olsa da, məhkəmə iclasında verdiyi izahatında isə cavabdehlə 2018-ci il tarixdəki müqavilənin ona aid olmadığını, 2017-ci il tarixində müqavilə bağladıqlarını qeyd etmişdir ki, bu hal iddiaçının iddia ərizəsində bildirdiyi fikirlə üst-üstə düşmür. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsindən də göründüyü kimi həmin müqavilə hər iki tərəfin iştirakı ilə Şəki rayon 2 saylı notariat kontorunda bağlanmış və təsdiqlənmişdir. Bundan başqa iddiaçı tərəf cavabdeh tərəfin ona hədə-qorxu gəldiyini və torpağı onlara satmasa, onu şərliyib tutduracaqlarını bildirmiş, bundan sonra şirkətin rəhbəri onu notariusa aparıb torpağı onlara satmağını məcburi tələb etmişdir. O da məcbur olaraq notariusda müqaviləyə qol çəkmişdir. Lakin torpağın satış qiyməti hissəsinə “0” manat yazılmasını notariusa bildirmişdir. Müqaviləyə elə də yazılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Buradan da aydın olduğu kimi iddiaçı müqavilənin cavabdeh tərəfindən məcbur edilərək imzalatdırıldığını bildirilsə də, bundan sonra aidiyyəti hüquq mühafizə orqanına müraciət edərək şikayətini bildirməmişdir. Eyni zamanda, iddiaçı müqavilədə məbləğin “0” manat müəyyən edilməsinin alqı-satqı müqaviləsinin tələblərinə zidd olması səbəbindən müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, materiallarından və iddiaçının izahatından da aydın olur ki, iddiaçı müqavilə bağlayarkən torpağın satış qiymətinin “0” manat olmasını bildiyini təsdiqləyir. Lakin iddiaçı qeyd edir ki, əlavə şifahi razılaşmalarına əsasən onun torpaq sahəsinə çəkdiyi xərcləri cavabdeh tərəfindən ödənilməli idi. Bu vəzifə icra edilməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və təqdim edilən müqavilələr nəzərdən keçirilərək müəyyən edilir ki, iddiaçı tərəf icarə hüququnun alqı-satqısı müqaviləsi bağlayaraq bu hüququn cavabdehə ötürüldüyünü dərk etmiş, bu hüququn satılmasının dəyərinin “0” manat olmasını əvvəlcədən bilmiş və bu barədə razılığını bilmiş, iddiaçının iradəsi və iradə ifadəsi arasında uyğunsuzluq olmamış, ötən təxminən 6 ilə yaxın müddətdə bununla bağlı hər hansı formada fikrini bildirməmiş, müqavilənin etibarsızlığını mübahisələndirməmişdir. İddiaçının mübahisə etdiyi cavabdehlə aralarında həmin torpaq sahəsinin qeydiyyatı və icarəyə götürülməsi ilə bağlı xərclərin ona ödənilməsi ilə bağlı şifahi razılaşmaya cavabdeh tərəfindən əməl edilməsi halı hazırkı müqavilənin etibarsızlığına səbəb ola bilməz. Ən ideal vəziyyətdə iddiaçı vurulmuş ziyanın əvəzini tələb etmək hüququ ortada olmuş olur ki, bu hüquqdan istifadə edə bilər. Yuxarıda qeyd edilənləri təhlil edərək məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və hər iki tərəfin iradə ifadəsi olmuşdur. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğunu sübuta yetirə bilmədiyindən, hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmədiyindən və tələbində haqlı olmadığından iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə : Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə hüquqlarının alqı-satqısına dair müqavilənin etibarsızlığının tanınması, **********13 reyestr nömrəli hüquqların dövlət reyestrindən çıxarışı ilə İddiaçı icarəsinə verilmiş Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 450 ha torpaq sahəsindən Cavabdeh MMCnin çıxarılması və həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar