Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-489/2025 24.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 21/09-23 saylı müqavilənin ləğv edilməsi, cavabdehdən 20 000 manat pul vəsaiti və ödənilmiş 151 manat rüsum olmaqla, ümumilikdə 20 151 manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "Labella" gözəllik salonuna bir neçə gün müştəri kimi gəlmiş, daha sonra aralarında dostluq yaranmış və bir neçə gündən sonra cavabdeh başqa gözəllik salonunda çalışdığını bildirmişdir. Bundan sonra cavandehlə bir neçə ay aralarında mehribançılıq, ailəvi gediş-gəlişləri olmuş və ailəvi dost olmuşlar. Bundan bir neçə ay sonra, yəni 2023-cü il tarixdə cavabdeh yaxşı və bol müştərilərinin olduğunu bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, qanuni müqavilə bağlasınlar, o da salonda işləsin. Hər iki tərəfin razılaşması ilə müqavilə bağlasınlar, müqaviləyə əsasən ona 20 000 manat müqavilə ilə pul vəsaiti verilməklə, o da salona yaxşı xeyir verəcəyini bildirmişdir. Bir neçə gün sonra cavabdeh yenidən salona gələrək, bildirmiş ki, başqa yerdən də təkliflər var, amma ailəvi gediş-gəlişləri olduğundan onunla işləmək istəyir. Bununla o razılaşdı. Bundan sonra 2023-cü ilin sentyabr ayının əvvəllərində "xxxx" MMC ilə cavabdeh arasında gözəllik salonunda vizajist kimi işləmək üçün müqavilə bağlanmışdır. Müqavilə şərtinə görə S.Rəsulovanın fəaliyyəti üçün 20 000 manat pul verməklə 3 il ərzində cavabdeh 40 000 manat "Labella" gözəllik salonuna xeyir gətirmədiyi təqdirdə 20 000 manatı geri qaytarmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh 20 000 manat pul vəsaitini aldıqdan sonra bir neçə gün salonda işləmiş, salona aid olan və özünə aid olan avadanlıqları onun xəbəri olmadan aparmışdır. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, iddiaçı MMC-dən alınan 20 000 manatla yanaşı, xəbərləri olmadan gözəllik salonundan əşyalarını da, özü ilə birlikdə aparmışdır. Hesab edir ki, müqaviİə ləğv edilərək, iddiaçıya olan 20000 manat borcu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, cavabdehə dəfələrlə zəng olunsa da, cavabdeh mobil nömrəsini söndürmüş və əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra məcbur qalaraq DİN-ə şikayət edilmişdir. Şikayət ərizəsində göstərilən tələblər mübahisəli mülki xarakter olduğundan məhkəməyə müraciət olunması qərara alınmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi AR Konstitusiyasının 25-ci, 26-cı, 60-cı, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421.2-ci, 424.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 149-cu və 150-ci maddələri göstərilmişdir.
4. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-96/2025 nömrəli qərardadı ilə mülki iş məhkəmə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
5. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(117)-489/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
6. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz daxil olaraq iddiaçının tələbinin əsassız olduğu və iddia tələbinin rədd edilməli olduğu bildirilmişdir. Belə ki, iddiaçı tərəfindən müqavilənin 3.1.1-ci bəndi pozulmuşdur. İddiaçı bu şərtə bir müddət əməl etsə də, sonradan cavabdeh üçün qeyd olunan şəraiti yaratmamaqla yanaşı, onun öz fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etmişdir. xx.xx.2024-cü il tarixinə qədər digər işçilərin fəaliyyətinə son qoyulmuş, bunun nəticəsində cavabdeh işləri təkbaşına görmək məcburiyyətində qalmış, eyni zamanda iddiaçı tərəfindən qərəzli şəkildə obyektin işıqları söndürülmüşdür. Bundan başqa transfer haqqı əsassız olaraq tələb olunur, belə ki, gözəllik salonu iddiaçının öz məsuliyyətsizliyinə görə bağlanmışdır. O, cavabdehin müqavilənin 6.1-ci bəndinə əməl etməsini və Mülki Məcəllənin 556.2-ci maddəsini qeyd edərək cavabdehin öhdəliklərinin icrasından imtina etmədiyini, gözəllik salonunun birbaşa iddiaçı tərəfindən bağlanmasını bildirmişdir. Eyni zamanda cavabdehə ödənilən 20 000 manat ödəniş iddiaçı hüquqi şəxsə deyil, X3 tərəfindən olunmuşdur. Hüquqi şəxs tərəfindən olunsaydı, bununla bağlı hər hansısa bir mədaxil və ya məxaric sənədi olardı. Mülki Məcəllənin 420.3.6-cı və 420.3.7-ci maddələrini göstərərək müqavilənin məzmununda sadəcə cavabdehin məsuliyyətini nəzərdə tutan bəndlərin olduğunu, digər tərəfin məsuliyyətini nəzərdə tutan bəndlərin olmadığını, nəticədə Mülki Məcəllənin sözügedən normasına zidd müqavilə bağlandığını qeyd etmişdir. Eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əməl edərək iddiaçıya 10 000 manatdan artıq pul qazandırmışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Şəki Kommersiya Məhkəməsi tərəfindən İddiaçı və Cavabdeh məktub ünvanlanaraq cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsində müvafiq vizajist xidmətləri göstərilməsi dövründə əldə edilmiş və cavabdehə ödənilmiş müvafiq xidmətlərin dəyəri olan məbləğləri əks etdirən qaimə, akt, qeydiyyat kitabı və digər formada olan sənədlərin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Lakin qeyd edilən məktuba münasibət bildirilməmişdir.
İİ. Tərəflərin mövqeləri:
8. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əvvəlki məhkəmə iclaslarında bildirdiyi kimi cavabdehlə iddiaçı şirkət arasında müqavilə bağlanmış və müqavilə şərtlərinə əsasən iddiaçı tərəf cavabdehə 20 000 manat pul vəsaiti və içində avadanlıqla gözəllik salonunu icarəyə vermişdir. Cavabdeh tərəf bunun müqabilində salonu işlədərək iddiaçıya əldə etdiyi qazancdan əlavə 40 000 manat xeyir verəcəyini bildirmişdir. Lakin cavabdeh tərəf ona verilmiş pul vəsaitini öz şəxsi ehtiyacları üçün xərcləmiş, keçən məhkəmə iclaslarının birində bunu özü də demişdir. Cavabdeh tərəf iddiaçını aldatmışdır. Belə ki, iddiaçı tərəfə çoxlu müştəriləri olduğunu, işləyəcəyi təqdirdə çoxlu gəlir əldə edəcəyini və iddiaçıya xeyir verəcəyini bildirərək inandırmış və 20 000 manat pul alaraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. İddiaçı tərəf artıq cavabdehin dediyi kimi müştəri bazasının olmadığını görmüş, cavabdehi bu barədə xəbərdar etmiş, cavabdeh də artıq münasibətlərin pisləşdiyini görmüş və beləcə hər iki tərəf də müqavilə münasibətlərinin artıq davam etdirə bilməyəcəklərini analmışlar. Cavabdeh obyektdə çox az müddət işləmişdir, onun obyektdə son iş günü 2024-cü ilin 30 iyunu olmuşdur. Keçən məhkəmə iclasında cavabdeh qəbzlərin olduğunu bildirsə də, həmin qəbzləri məhkəməyə təqdim etməmişdir. Çünki, cavabdehdə belə sübutlar yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi.
9. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavavbdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. - 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. - 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. - 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. - 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. - 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. - 447.3. Aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda. - 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi:
16. İddiaçı (transfer edən) ilə Cavabdeh (transfer edilən) arasında 21 sentyabr 2023cü il tarixli 21/09-23 nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. 1.1. Transfer edən müqavilə imzalanan tarixdə qarşı tərəfə razılaşdırılmış transfer haqqını ödəməyi, transfer olunan isə ödəməni aldıqdan sonra müqavilənin müddəti və şərtləri əsasında xidmətləri göstərməyi öhdəsinə götürür. 1.2. Transfer olaraq xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış məbləğ 20 000 manat olaraq qəbul edilmişdir. 2.1. Transfer edilən tərəf Ülvi Bünyadzadə 2 ünvanında qeydiyyatda olan X6 adlı gözəllik salonunda vizajist olaraq fəaliyyətə başlayır, vizaj və buna aid digər xidmətlərin göstərilməsini həyata keçirir. 2.2. Hər iki tərəf razılıq əsasında bundan sonra xidmətlərin göstərilməsindən əldə olunan gəlirin 60% transfer edilən, 40% transfer edən nisbətində bölüşdürülməsinə qərar vermişdir. 3.1.1. Xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq və bununla bağlı digər məsələlərdə dəstək olmaq transfer edənin vəzifələrinə aid edilmişdir. 3.2. Müqavilədə nəzərdə tutulan qaydada xidmətləri tam həyata keçirmək, müqavilə vaxtı bitənədək xidmətlərin göstərilməsinə davam etmək, müqavilənin vaxtı bitən tarixdə alınmış transfer məbləğinin 200%-ni, yəni 40 000 manat məbləği transfer edənin xeyrinə qazandırmış olmaq transfer olunanın vəzifələrinə aid edilmişdir. 5.2. Bu müqavilədə nəzərdə tutulan xidmətlər 3 il müddətində salonun fəaliyyətdə olduğu müddətdə həyata keçirilməlidir. 5.4. Müqavilənin vaxtı bitən tarixdə alınmış transfer məbləğinin 200%-i, yəni 40 000 manat məbləği transfer edənin xeyrinə qazandırmadığı halda müqavilənin vaxtı transfer edənin müəyyən etdiyi vaxta qədər uzadıla bilər. 6.3. Transfer edilən tərəf müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina edərsə və ya müqaviləni dayandırmaq istərsə, ödənilmiş məbləği 100% nisbətində geri ödəmə etməlidir.
17. İşdə olan 21 sentyabr 2023-cü il tarixli ödənişin qəbulu aktından (müqaviləyə əlavə) görünür ki, İddiaçı MMC tərəfindən 20 000 manat X1 ödənilmişdir.
18. 16 fevral 2024-cü il, 11 iyul 2024-cü il və 12 iyul 2024-cü il tarixli whatsapp yazışmaları, 07 mart və xx.xx.2024-cü il tarixli whatsapp yazışmalarını, video görüntüləri özündə əks etdirən disk iş materiallarına əlavə edilmişdir.
19. İşdə olan ƏMDX DƏDKR-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********88-05301-083007 reyestr nömrəli çıxarışdan göründüyü kimi ümumi sahəsi 198 kv.m olan və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X2 tam mülkiyyətindədir.
Vİ. Məhkəmənin mövqeyi:
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, tərəflərin izahatını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
23. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən tərəflərin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halı İddiaçı MMC və Cavabdeh arasında 21 sentyabr 2023-cü il tarixli 21/09-23 nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanmasından, həmin müqavilə əsasında cavabdehə 20 000 manat məbləğində pul vəsaitinin verilməsindən, bundan sonra cavabdehin bir müddət iddiaçıya məxsus gözəllik salonunda fəaliyyət göstərməsindən ibarətdir.
24. İşin mübahisələndirilən hallarına isə müqavilənin ləğv edilməsi, bu halda cavabdehə verilmiş 20 000 manat pulun iddiaçıya geri qaytarılmalı olub-olmaması, eyni zamanda cavabdehin gözəllik salonunda hansı dövr ərzində işləməsi halları aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.
25. Belə ki, məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış 21 sentyabr 2023cü il tarixli 21/09-23 nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilədən göründüyü kimi İddiaçı MMC (transfer edən) müqavilə imzalanan tarixdə Cavabdeh (transfer edilənə) razılaşdırılmış transfer haqqını (20 000 manat) ödəməyi, transfer olunan isə ödəməni aldıqdan sonra müqavilənin müddəti və şərtləri əsasında xidmətləri göstərməyi öhdəsinə götürmüş, bundan sonra eyni tarixli ödəniş qəbulu aktından göründüyü kimi 20 000 manat məbləğində ödəniş cavabdehə ödənilmişdir.
26. Məhkəmə ilkin olaraq iddia tələbinin birinci hissəsinə, yəni xx.xx.2023-cü il tarixli, 21/09-23 saylı müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatından müəyyənləşdirmək mümkündür ki, cavabdeh tərəf gözəllik salonunda müəyyən müddət işlədikdən sonra tərəflər arasında müəyyən anlaşılmazlıqlar olmuş, cavabdeh salonda müəyyən müddət işlədikdən sonra tərəflər arasında yaranmış narazılıqlara əsasən işləməmiş, eyni zamanda cavabdeh tərəf son iş gününün 06 iyul 2024-cü il tarixi, iddiaçı isə 30 iyun 2024-cü il tarixi olduğunu iddia etmişdir. İddiaçı tərəf müqavilənin ləğv edilməsinə əsas olaraq, cavabdehin öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini göstərmiş, cavabdeh tərəf isə müqavilənin ləğv edilməsi ilə bağlı tələbin əsassız olduğunu, iddiaçının müqavilənin 3.1-ci bəndində qeyd olunan şəraiti yaratmamaqla yanaşı, cavabdehin fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etdiyini qeyd etmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı tərəflə olan 16 fevral 2024-cü il tarixli whatsapp yazışmalarından göründüyü kimi (şəxsi yazışmalar tərəflərin və nümayəndlərin razılığı ilə məhkəmə iclasında dinlənilmiş və yazılar oxunmuş) müştərinin az olması, iş saatları və bu səbəbdən aralarındakı razılaşmanın sonlandırılması ilə bağlı tərəflər arasında mübahisə olmuş, bundan sonra 07 mart və xx.xx.2024-cü il tarixli whatsapp yazışmalarından göründüyü kimi həmin müddətə kimi tərəflər arasında müvafiq münasibətlər davam etdirilmiş, bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş 11 iyul 2024-cü il və 12 iyul 2024-cü il tarixli whatsapp yazışmalarının məzmunundan göründüyü kimi iyul ayı ilə əlaqəli yazışmalar iddiaçı tərəflə deyil, başqa şəxslə olan yazışmalardır. Məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi tərəflər arasında münasibətlər hər iki tərəfin anlaşmazlığı səbəbindən pozulmuş və cavabdeh tərəfindən 06 iyul 2024-cü il tarixinin son iş günü olduğu iddia edilsə də, bu təqdim edilən sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında olan whatsapp yazışmaları ilə ən son xx.xx.2024-cü il tarixdə onlar arasında münasibətin mövcudluğu öz təsdiqini tapır, iddiaçı tərəf isə cavabdehin son iş gününün xx.xx.2024-cü il tarixi olduğunu qəbul edir. Məhkəmə yekun olaraq hər iki tərəf arasında müqavilənin yerinə yetirilməsi ilə əlaqəli mübahisə olduğundan xx.xx.2024-cü il tarixində cavabdehin son iş günü olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli 21/09-23 nömrəli müqavilə xx.xx.2024-cü il tarixindən ləğv edilmiş hesab olunmalıdır.
27. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin sonlandırılması ilə bağlı 2024-cü ilin fevral ayından başlayaraq danışıqlar getsə də, cavabdeh qeyd edilən salonda fəaliyyətini 2024-cü ilin 30 iyun tarixinədək davam etdirmişdir. Yəni müqaviləni vaxtından əvvəl ləğv etmək barədə ilkin olaraq iddiaçı tərəfin təklifi olmuş, buna baxmayaraq cavabdeh qeyd edilən salonda fəaliyyətini davam etdirmiş, nəhayət xx.xx.2024-cü il tarixdən sonra həmin salona gəlməmişdir. Ona görə də tərəflərin təşəbbüsü ilə aralarında bağlanmış müqavilənin ləğv edilmə tarixini məhkəmə xx.xx.2024-cü il tarix qəbul edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarili Qərarına əsasən;
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
28. Bundan başqa iddia tələbinin ikinci hissəsinə, yəni cavabdehdən 20 000 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə münasibətdə o qənaətə gəlmişdir ki, iddiaçı bu hissədə qismən haqlıdır. Belə ki, iddiaçı tərəf bu hissəyə münasibətdə bildirmişdir ki, cavabdeh çoxlu müştəriləri olduğunu, işləyəcəyi təqdirdə çoxlu gəlir əldə edəcəyini və iddiaçıya xeyir verəcəyini bildirərək iddiaçını inandırmış, 20 000 manat pul alaraq öz şəxsi ehtiyaclarına xərcləmiş, daha sonra iddiaçı artıq cavabdehin dediyi kimi müştəri bazasının olmadığını görmüş, cavabdehi bu barədə xəbərdar etmiş, cavabdeh də artıq münasibətlərin pisləşdiyini görmüş və beləcə hər iki tərəf də müqavilə münasibətlərinin artıq davam etdirə bilməyəcəklərini anlamışlar.
29. Məhkəmə bu hala münasibətdə bildirir ki, müqavilənin şərtlərindən göründüyü kimi cavabdehə verilmiş 20 000 manatın gözəllik salonunun fəaliyyətinin yaxşılaşdırılması məqsədilə verilməsi halı öz təsdiqini tapmamış, müqavilənin 1.2-ci bəndində 20 000 manatın transfer olaraq xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış məbləğ olduğu qeyd edilmişdir ki, burdan həmin məbləğin cavabdehə 3 il ərzində göstəriləcək xidmətə görə verildiyini nəticəsinə gəlinir. Bundan başqa müqavilənin 6.3-cü bəndinin tələbindən görünür ki, cavabdeh (transfer edilən) tərəfin müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina etməsi və ya müqaviləni dayandırmaq istəməsi halında ödənilmiş məbləğin tam şəkildə qaytarılması barədə tərəflər razılaşmışlar, lakin hazırkı vəziyyətdə müqavilənin ləğv edilməsinin səbəbi birbaşa cavabdeh tərəfindən deyil, hər iki tərəfin anlaşmazlığı səbəbindən olduğundan qeyd edilən halda ödənilmiş məbləğin cavabdeh tərəfindən tam şəkildə qaytarılmasının tələb edilməsi əsaslı deyil.
30. Cavabdeh tərəf isə cavabdehin öhdəliklərinin icrasından imtina etmədiyini, gözəllik salonunun birbaşa iddiaçı tərəfindən bağlanmasını, eyni zamanda cavabdehə ödənilən 20 000 manat ödənişin iddiaçı hüquqi şəxs deyil, X3 tərəfindən edildiyini, hüquqi şəxs tərəfindən edilsəydi, bununla bağlı hər hansısa bir mədaxil və ya məxaric sənədi verilməli olduğunu, bundan başqa cavabdehin müqavilənin şərtlərinə əməl edərək iddiaçıya 10 000 manatdan artıq pul qazandırdığını qeyd edərək, həmin məbləğin tələb edilməsinin əsassız olduğunu bildirmişdir.
31. Məhkəmə cavabdeh tərəfin mövqeyinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş whatsapp yazışmalarından göründüyü kimi tərəflər arasında münasibətlər hər iki tərəfin narazılığı ilə davam etdirilə bilməmiş, eyni zamanda cavabdeh tərəf 10 000 manatdan artıq salona gəlir qazandırdığını bildirsə də, bunu təsdiq edəcək qəbzləri məhkəməyə təqdim etməmiş, eyni zamanda ödəniş qəbulu aktından göründüyü kimi 20 000 manat ödəniş İddiaçı MMC, X3” tərəfindən 21/09-23 nömrəli müqavilənin şərtlərinə əsasən, cavabdehə ödənilmişdir.
32. Bundan başqa AR Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Göründüyü kimi cavabdehin ilkin olaraq 20 000 manat məbləği əldə etməsinin müqavilə əsası olmuş, belə ki, iddiaçının cavabdehə razılaşdırılmış transfer haqqını (20 000 manat) ödəməsi, bundan sonra cavabdehin gözəllik salonunda 3 il müddətinə xidmət göstərməsi, 3 ilin sonunda (müqavilənin vaxtı transfer edənin müəyyən etdiyi vaxta qədər uzadıla bilər) iddiaçının xeyrinə 40 000 manat qazandırması barədə razılaşmışlar. Lakin bundan sonra tərəflər arasında olan narazılıq səbəbindən müqavilə münasibətləri davam etməmiş, buna baxmayaraq iş materialları və tərəflərin izahatları qarşılıqlı təhlil edildikdə aydın olur ki, cavabdeh tərəf xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, yəni 9 ay 9 gün müddətində müqavilə əsasında gözəllik salonunda fəaliyyət göstərmişdir. Eyni zamanda cavabdehin bu müddət ərzində tam olaraq nə qədər qazanc əldə etdiyini hər iki tərəf sübut edə bilməsə də, onların izahatından müəyyən olunduğu kimi cavabdeh həmin dövr ərzində müəyyən məbləğ qazanc əldə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, transfer haqqı olan 20 000 manat pul 3 illik xidmət üçün nəzərdə tutulduğu halda, cavabdeh tərəf 9 ay 9 gün müddətində işləmiş, razılaşdırılmış şərt tamamlanmamışdır, bu səbəbdən həmin məbləğin tam şəkildə cavabdehdə qalması onun əsassız varlanmasına səbəb olur. Eyni zamanda əks halda, yəni həmin məbləğin cavabdehdən tam şəkildə tutularaq iddiaçıya verilməsi də, cavabdehin faktiki olaraq həmin salonda müəyyən müddət işləməsi, müəyyən məbləğdə qazanc gətirməsi, müqavilənin hər iki tərəfin narazılığı səbəbindən davam etməməsi hallarını nəzərə aldıqda cavabdehin hüquqlarını pozur ki, qeyd edilən tələb əsaslı və ədalətli deyil.
34. Qeyd edilən hallara əsasən məhkəmə belə qənaətə gəlir ki, 3 il ərzində göstəriləcək xidmət üçün cavabdehə ödənilmiş 20 000 manat pul cavabdehin gözəllik salonunda fəaliyyət göstərdiyi müddətə (9 ay 9 gün) mütənasib hesablanaraq, tərəflər arasında bölünməlidir. Belə ki, məhkəmə nəticədə hesab edir ki, Cavabdeh 14833,3 manat məbləğində pul vəsaiti (20 000 manat / 36 ay (3 il) = 555.6 manat – 1 ay; 555.6 manat / 30 gün = 18.52 manat- 1 gün; 555.6x9 ay=5000, 18.52x9 gün =166.7; 20 000 manat - 5166.7 manat = 14833.3 manat) tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
35. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli 21/09-23 nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilə 30 iyun 2024-cü il tarixdən ləğv olunmuş hesab edilməli, cavabdehdən 14833,3 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
36. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 150 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən, iddianın təmin edilən hissəsinə münasibətdə dövlət rüsumunun 111.25 manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə isə 38.75 manat hissəsi iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli 21/09-23 nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilə 30 iyun 2024-cü il tarixdən ləğv olunmuş hesab edilsin. Cavabdeh 14833,3 manat məbləğində pul vəsaiti və 111.25 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov