Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1249/2021 01.12.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Söhbət qızına qarşı dövlətin müstəsna mülkiyyətində olan Xəzər dənizinin sahilboyu zolağında yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Söhbət qızı tərəfindən dövlətin müstəsna mülkiyyətində olan Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan torpaq sahəsində əhaliyə iaşə xidmətlərinin göstərilməsi məqsədi ilə müxtəlif tikinti materiallarından istifadə edilməklə tikilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddi ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin 4.0.2-ci bəndinə uyğun olaraq dövlət əmlakının qorunub saxlanılması və səmərəli istıfadə edilməsinə nəzarət məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti şöbəsi və X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Xəzər dənızınin 20-50 metrlik zolağı altında olan torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı keçırilən monitorinq zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 03.05.1999-cu il tarixli, 282 nömrəli Sərəncamı ilə “Bakı LTD” firmasına ayrılmış torpaq sahəsindən Novxanı istiqamətində 142 metr zolaq Sumqayıt şəhər bələdiyyəsinın 30.12.2002-ci il tarixli, 62 nömrəli qərarı ilə, "Bakı LTD” firmasının da razılığı nəzərə alınaraq əhaliyə xidmət məqsədi ilə istirahət guşəsi yaratmaq üçün Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmçinin aparılan monitorinq zamanı “Neptun” ailəvi istirahət mərkəzində onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü bələdiyyənin qərarında göstəriləndən (142 metr enində zolaq və ya 24000 kv. metr) az, yəni 14200 kv. metr təşkil etdiyi və həmin torpaq sahəsi üzərində Cavabdeh hüququnun dövlət qeydiyyatına alınması barədə sənədin olmadığı, qeyd olunan torpaq sahəsinin tamet daşları və beton örtüklə döşəndiyi, üzərində daşdan tikilmiş sahəsi 120 kv. metr olan mətbəxin, 175 kv. metr olan ikimərtəbəli otelin, taxta və parça materiallarından quraşdırılmış sahələri 60 kv. metr və 96 kv. metr olan 2 (iki) ədəd yarıqapalı iaşə-xidmət köşklərinin, sahəsi 230 kv. metr olan hovuzun, sahəsi 240 kv. metr olan taxta, şifer və dəmir profilərdən quraşdırılmış tikilinin və s. köməkçi tikililərin inşa edildiyi müəyyən olunmuşdur. İddia ərizəsində daha sonra göstərilir ki, “Neptun" ailəvi istirahət mərkəzində dövlətin müstəsna mülkiyyətindəki və Xəzər dənizinin sahilboyu 20- 50 metrlik zolağının altında olan 2200 kv. metr torpaq sahəsinin qanunsuz olaraq istifadə edildiyi və orada əhaliyə iaşə və çimərlik xidmətlərinin göstərilməsi məqsədi ilə taxta və dəmir materiallarından istifadə edilməklə 80 (səksən) ədəd günəşdən qorunmaq üçün çətirlərin quraşdırıldığı faktı da müəyyən edilmişdir. Qeyd olunan qanun pozuntusunu özündə əks etdirən 06.09.2017-ci il tarixli monitorinq aktı tərtib olunmuşdur. Cavabdeh naməlum səbəbdən aktı imzalamaqdan imtina etmişdir. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 20.08.2021-ci il tarixli iclasında qəbul edilmiş qərardadla iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti İddiaçı hüquqi varisi kimi tanınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etmədiyini, hazırda cavabdehin istifadəsində olan ərazidəki birinci sırada olan çətirlərlə Xəzər dənizi arasında 80-100 metr məsafə olduğunu, ekspertiza rəyinin əsassız olaraq verildiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyə Şurasının 30.12.2002-ci il tarixli 62 saylı qərardan görünür ki, “Bakı LTD” firmasına ayrılmış torpaq sahəsindən Novxanı istiqamətində 142 metr zolaq Bakı LTD” firmasının da razılığı nəzərə alınaraq əhaliyə xidmət məqsədi ilə istirahət guşəsi yaratmaq üçün Cavabdeh adına rəsmiləşdirilmişdir. İş materiallarında olan tikinti üçün torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil verilməsi haqqında 30.12.2002-ci il tarixli aktdan görünür ki, Novxanı istiqamətində 142 metr zolaq boyu ərazi yerində ölçülərək Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 06.09.2017-ci il tarixli aktdan görünür ki, X1 Təşkili üzrə Dövlət Agentliyinin sektor müdiri X5, ƏMDK yanında 5 saylı Ərazi şöbəsinin Sumqayıt şəhəri torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttiş X6 və ƏMDK yanında 5 saylı Ərazi şöbəsinin məsləhətçisi X4 aktı tərtib edərək “Neptun” ailəvi istirahət mərkəzində onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün bələdiyyənin qərarında göstəriləndən (142 metr enində zolaq və ya 24000 kv. metr) az, yəni 14200 kv. metr təşkil etdiyi və həmin torpaq sahəsi üzərində Cavabdeh hüququnun dövlət qeydiyyatına alınması barədə sənədin olmadığı, qeyd olunan torpaq sahəsinin tamet daşları və beton örtüklə döşəndiyi, üzərində daşdan tikilmiş sahəsi 120 kv. metr olan mətbəxin, 175 kv. metr olan ikimərtəbəli otelin, taxta və parça materiallarından quraşdırılmış sahələri 60 kv. metr və 96 kv. metr olan 2 (iki) ədəd yarıqapalı iaşə-xidmət köşklərinin, sahəsi 230 kv. metr olan hovuzun, sahəsi 240 kv. metr olan taxta, şifer və dəmir profilərdən quraşdırılmış tikilinin və s. köməkçi tikililərin inşa edildiyinin müəyyən olunması, həmçinin “Neptun" ailəvi istirahət mərkəzində dövlətin müstəsna mülkiyyətindəki və Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan 2200 kv. metr torpaq sahəsinin qanunsuz olaraq istifadə edildiyi və orada əhaliyə iaşə və çimərlik xidmətlərinin göstərilməsi məqsədi ilə taxta və dəmir materiallarından istifadə edilməklə 80 (səksən) ədəd günəşdən qorunmaq üçün çətirlərin quraşdırıldığı faktının da müəyyən edilməsini öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2021-ci il tarixli, 10/1576 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən cavabdehin istifadəsində olan torpaq sahəsi kimi təqdim etdiyi 14200 m2 dənizkənarı torpaq sahəsinə baxış zamanı mövcud olan tikililər sahilboyu zolağında yerləşmir. Qeyd olunan tikintilər Xəzər dənizinin 20-50 m-lik mühafizə zolağından kənarda yerləşir. Cavabdehin faktiki istifadəsində olan Xəzər dənizinin 20-50 m-lik mühafizə zolağının altında yerləşən 0,20 ha torpaq sahəsində 72 ədəd günəşdən qorunmaq üçün beton özüllərlə yerə bərkidilmiş çətirlər mövcuddur. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi 1,42 ha təşkil edir və həmin torpaq sahəsindən dənizə gedib-gəlmək üçün yol mövcuddur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar dövlətin müstəsna mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Qeyd olunan maddənin 2-1-ci bəndinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Eyni zamanda, Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı həmin dövlət xidmətinə keçir. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsəsnamə”nin 3.0.36-cı bəndinə görə, xidmət, dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq vəzifəsini daşıyır. Azərbaycan Respublikası Prezidentinin 28.11.2000-ci il tarixli, 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə"nin 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətli daxilində ölkə ərazisində bütün torpaqların səmərəli istifadəsinə və onların mühafizəsinə dövlət nəzarətini təşkil edir və həyata keçirir. Eləcə də Komitə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrinin təyinatı üzrə istifadə edilməsinə və qanunvericiliklə müəyyən edilmiş şərtlərə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir. Əsasnamənin 9.5-ci bəndinə görə isə Komitə torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikintı normalannın və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə sadalanan normalara istinad edərək və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən dövlətin müstəsna mülkiyyətində olan Xəzər dənizinin sahilboyu 20- 50 metrlik zolağı altında olan torpaq sahəsində tikildiyi müəyyən edilmiş özbaşına tikililər cavabdehin hesabına sökülməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehin istifadəsində olan 14200 m2 torpaq sahəsində mövcud olan tikililər sahilboyu zolağında yerləşmir, lakin cavabdehin adına rəsmiləşdirilmiş torpaq sahəsindən əlavə onun faktiki istifadəsində olan Xəzər dənizinin 20-50 m-lik mühafizə zolağının altında yerləşən 0,20 ha torpaq sahəsində 72 ədəd günəşdən qorunmaq üçün betonla yerə bərkidilmiş çətirlər mövcuddur. Cavabdehin qeyd edilən 0,20 ha torpaq sahəsindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq əsaslarla istifadə etməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Cavabdehin nümayəndəsinin izahatında qeyd etdiyi hallar, o cümlədən hazırda çətirlərlə Xəzər dənizi arasında 80-100 metr məsafə olması, ekspertiza rəyinin əsassız olaraq verilməsi barədə dəlillər iş materialları ilə təkzib edilir və cavabdeh tərəf həmin dəlillərini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu və keçrilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Söhbət qızı tərəfindən dövlətin müstəsna mülkiyətində olan Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan torpaq sahəsində əhaliyə iaşə xidmətlərinin göstərilməsi məqsədi ilə müxtəlif tikinti materiallarından istifadə edilməklə tikilmiş özbaşına tikililər – 72 ədəd günəşdən qorunmaq üçün beton özüllərlə yerə bərkidilmiş çətir cavabdehin hesabına sökülsün. Cavabdeh Söhbət qızından 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə 100 (yüz) manat təşkil edən ekspertiza xərci Cavabdeh Söhbət qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab- AZ34CTRE********************, büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, X2, Kodu-210005, VÖEN **********, Müxbir hesabAZ41NABZ013601**********3944, SWİFT BİK-CTREAZ22), mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 104,60 (yüz dörd manat altmış qəpik) manat isə Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-nin hesabına (VÖEN **********, Hesab N:AZ23AİİB********************, Kapital Bank ASC Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: AİİBAZ2X) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №2-2(119)-1249/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1249/2021
01.12.2021 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver