Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1409/2023 16.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, Cavabdeh nümayəndəsi Mustafayev İsmayıl Fərail oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 28 fevral 2023-cü ildə Cavabdehnə qarşı "icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(027)-848/2023 nömrəli qətnaməsi ilə həmin iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 2(105)- 1568/2023 nömrəli qərardadı ilə həmin qətnamə ləğv edilmiş və İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsində 16 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına Cavabdeh nümayəndəsi Nümayəndə gəlmiş olsa da, iş üzrə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Vəkil isə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, “Gəncə şəhərində hüzr mərasimində iştirak etməyi ilə əlaqədar məhkəmə iclasında iştirak etməməyini üzürlü hesab edib, məhkəmə iclasının təxirə salınmasını” xahiş etsə də, onun məhkəmə iclasında iştirak etməməsinin üzürlü hesab edilməsi üçün müvafiq sübutlar məhkəməyə təqdim olunmamış və eyni zamanda, iştirak etdiyi hüzr mərasimi ilə müvafiq qohumluq əlaqələrinin nədən ibarət olmasını qeyd etməmişdir. Eləcə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi halda, İddiaçı özünün gəlməməsi barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Lakin, məhkəmə iclasına gəlmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddiaçı tərəfin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə şifahi vəsatətlə məhkəməyə müraciət edərək, kommersiya mübahisəsi olan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl İddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmədiyinə görə, Cavabdehnə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılması barədə qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı “icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbi barədə hazırkı iddia ərizəsi ilə Cavabdehnə qarşı 28 fevral 2023-cü ildə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədi, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməklə, ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Halbuki, 01 iyul 2021-ci ildən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı madəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə, iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin və eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-1409/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1409/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver