Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-148/2021 05.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "Cavabdeh" MMC (VÖEN **********) arasında bağlanılmış müqaviləyə əsasən Quba rayonu Digah kəndində yerləşən ümumi sahəsi 120 kv metr olan iddiaçıya məxsus qeyri-yaşayış binası 10 il müddətinə cavabdehə icarəyə verilmişdir. Sonra tərəflərin razılığı ilə icarə müqaviləsinə xitam verilmiş, 2019-cu ilin yanvar ayının axırında obyekt cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. İcarə müqaviləsinə görə icarə haqqı hər ay üçün 350 manat müəyyən edildiyi halda, icarəçi buna əməl etməyərək, fəaliyyət göstərdiyi 8 (səkkiz) ay ərzində “xxxx” ASC-nin Quba rayon filialı vasitəsi ilə iddiaçının hesabına köçürülməli olan (8 ay x 350 manat) 2800 manat məbləğin əvəzinə cəmi 2272 manat pul köçürmüş, 528 manat məbləği isə ödəməmişdir. Digər tərəfdən, aralarında bağlanmış müqavilənin şərtlərinə görə icarəçi, icarə müddəti qurtardıqdan sonra mağaza binasını təhvil-təslim aktına əsasən qəbul etdiyi vəziyyətdə təhvil verməli idi. xx.xx.2018-ci il tarixli, təhvil-təslim aktı ilə mağaza binası iddiaçı tərəfindən təmir edilib əla vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh mağaza binasını geri təhvil verərkən təmir etməkdən imtina etdiyinə görə iddiaçı tərəfindən usta çağırılmış, təmir olunmalı divarların ümumi sahəsi 256 kv metr olan mağazanın təmiri üçün lazım olan 1026,5 manat dəyərində mal və materialların siyahısı tutulmuşdur. (5 kisə ağdağ-30 kq (5 x 6,5 m =32,5); üzlük-30 kisə x 8 manat =240,0; binder kley-8 litr -24manat; emulsiya astar və üz 50 kq 130 manat; fasad rəngləmək üçün 2030 kodlu xüsusi rəng 10 kq-150 manat; iri həcmli pəncərələri, döşəməni təmizləmək, materiallarla birlikdə dəyəri 150 manat, usta haqqı 350 manat). Bundan əlavə, mağaza binası təmirsiz olduğundan “Cavabdeh" MMC tərəfindən təhvil verildiyi vaxtdan bu günə qədər mağazanı başqa şəxslərə icarəyə verə bilmədiyinə görə ona külli miqdarda zərər dəymişdir. Bu zərər müqavilə şərtlərinə görə har ay 350 manat olmaqla qəbul edilərək qətnamə qanuni qüvvəyə minən vaxta qədər hesablanmalıdır. Buna görə də, iddiaçı 528 manat ödənilməmiş icarə haqqının, 1600 manat təmir pulunun, mağaza binasını təmizləyəcək xidmətçi haqqı 400 manat, əldən çıxmış gəlir, yəni dəymiş zərərin əvəzi olaraq 7680 manat pulun “Cavabdeh" MMC-dən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Cavabdeh" MMC-dən İddiaçı xeyrinə təmir xərclərinə görə 1252 manat, dəymiş zərərin əvəzi olaraq 5250 manat, ümumilikdə 6502 manat pul tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2467/2020 №-li qərardadı ilə onların apelyasiya şikayətləri təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv olunaraq, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsində iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, “Cavabdeh" MMC-yə qarşı pul tələbinə dair iddiasının dəymiş zərərin əvəzi olaraq 7680 manat pulun tutulması hissəsində artıraraq 2019-cu ilin mart ayından hər ay üçün icarə haqqı 480 manat (22 ay x 480 manat) hesablanmaqla, əldən çıxmış faydaya görə vurulmuş zərərin əvəzi olaraq 10560 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək icarə haqqının əvəzi olaraq 528 manat, mağazanın təmir pulu olaraq 1600 manat, mağaza binasını təmizləyən xidmətçi haqqını 400 manat, əldən çıxmış gəlir, dəymiş zərərin əvəzi olaraq 10560 manat pulun, bundan başqa İddiaçı ilə obyekti təmir edən H.Ə.Həsənov arasında xx xxxx 2021-ci il tarixdə bağlanmış müqaviləni əsas götürərək 500 manat məbləğdə obyektin təmir pulunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı tam müdafiə edərək, izahatında bildirdi ki, o, qeyriyaşayış sahəsi olan şəxsi obyektini "Cavabdeh” MMC-yə icarə müqaviləsi əsasında icarəyə verib. Müqavilə bağlandığı zaman aylıq icarə haqqı 350 manat müəyyən olunub. Cavabdeh həmin müqaviləyə əsasən x xxxx 2800 manat ödəniş etməli olduğu halda, 2272 manat icarə haqqı ödəyib, 528 manat ödənilməmiş icarə haqqı qalıb. Cavabdeh özbaşına olaraq icarə haqqından ödənilməli olan vergini ona çatası icarə haqqından çıxaraq, müqavildə 350 manat göstərildiyi halda ayda cəmi 301 manat icarə haqqı ödəyib. O, ümumən icarə haqqının hər ay bankdakı hesabına ödənildiyini bilərək konkret olaraq ayda neçə manat keçirildiyini yoxlamamış, hər şeyin qaydasında olduğunu güman etmişdir. Aralarında olan icarə müqaviləsini vaxtından əvvəl pozduqdan sonra "Cavabdeh” MMC-yə qarşı əvvəllər məhkəmədə iddia qaldırarkən, qeyd etdiyi kimi, icarə haqqının vaxtlıvaxtında bankdakı hesabına ödənilməsindən arxayın olub ödənilən məbləğlərlə maraqlanmadığına görə həmin iddia ərizəsində yanlış olaraq icarə haqqını tam aldığını və bu haqda heç bir narazılığının olmadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, icarə haqqı tam ödənilməyib. Bundan əlavə o, qeyd etdi ki, mağaza əla təmir olunmuş vəziyyətdə "Cavabdeh” MMC-yə icarəyə verilib, lakin cavabdehin istifadə etdiyi müddət ərzində mağazada müəyyən qüsurlar yaransa da, geri təhvil verilərkən təmir olunmayıb. Buna görə də, mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri cavabdehdən tutularaq ona ödənməlidir. Eyni zamanda, İddiaçı 2019-cu ilin mart ayından, 22 ay müddətində hər ay üçün 1 kv.m üçün 4 manat hesablanmaqla aylıq 480 manat əldən çıxmış faydaya görə vurulmuş zərərin əvəzi olaraq 10560 manat məbləğində pulun da ona ödənilməsini qarşı tərəfdən tələb etdiyini, iş üzrə keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizasının rəyi 5 aydan sonra əldə olunduğuna görə həmin 5 ay müddətin və bundan əlavə işin aidiyyət qaydalarına uyğun olaraq verilməməsinə, pandemiya ilə əlaqədar məhkəmədə işlərin baxılmasının təxirə salınmasına görə bu müddətlərin də itirilmiş müddətə hesablanmasını istədiyini qeyd etdi. Bundan başqa, o, cavabdeh tərəfindən mağazanın təmizlənməsi çox çətin olan dərəcədə çirkləndirildiyini nəzərə alaraq təmizləmə işləri üçün bağladığı müqaviləyə əsasən 400 manat tələb olunduğunu və həmin pulu cavabdehdən tələb etdiyini, həmçinin təmir işləri üçün yenə də bağladığı müvafiq müqaviləyə əsasən əlavə 500 manat usta pulu lazım olduğunu və həmin məbləği də cavabdehdən tələb etdiyini bildirmişdir. Məhkəmədə "Cavabdeh" MMC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı "Cavabdeh" MMC-yə qarşı əvvəllər başqa məhkməyə təqdim etdiyi iddia ərizəsində özü qeyd edib ki, icarə haqqını tam alıb və bu barədə heç bir narazılığı yoxdur. Bu, o deməkdir ki, qarşı tərəf aylıq icarə haqqının 301 manatdan ödənildiyini bilib və bu məbləğlə bağlı da narazılığı yoxdur. Aylıq icarə haqqının 301 manatdan ödənilməsi icarə müqaviləsinə uyğundur. "Cavabdeh" MMC tərəfindən 14% vergi, yəni 49 manat çıxılmaqla 301 manat məbləğində ödəniş olunub. Müqavilənin 2.4-cü maddəsinə, əsasən, vergi və rüsumları ödəmək “İcarəçi” nin öhdəliyidir. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə, əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. "Cavabdeh" MMC Vergi Məcəlləsinin tələblərini rəhbər tutaraq iddiaçıya ödəniləcək icarə haqqından hesablayaraq, hər ay 49 manat məbləğində ödəmə mənbəyindən vergi ödəmiş və icarəyə verənə qarşı hər hansı haqsızlığa yol verməmişdir. Bundan başqa, A.Hüseynov əvvəlcə ekspert rəyi ilə müəyyən olunmuş təmir xərclərini qəbul etdiklərini, lakin əldən çıxmış faydanı iddiaçının tələb etdiyi kimi 22 ay deyil, 1 ay üzrə hesablamaqla ödəməyə razı olduqlarını bildirdi, sonda isə ümumiliklə iddianı qəbul etmədiklərini vurğuladı. Əlavə olaraq onu da qeyd etdi ki, iddiaçının mağazası cəmi 8 ay "Cavabdeh" MMC-nin istifadəsində olub, qarşı tərəf isə 22 aylıq əldən çıxmış fayda tələb edir. İddiaçının günahı üzündən məhkəməyə aidiyyət üzrə səhv müraciət edilməsi, ekspertiza rəyinin gec verilməsi də daxil olmaqla, ayrı-ayrı səbəblərdən məhkəmə prosesinin bu qədər uzanması o deməkdir ki, iddiaçı 22 aylıq əldən çıxmış fayda tələb etməkdə haqsızdır. Bütün bunları nəzərə alıb o, iddianı əsassız hesab edərək, onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Quba rayonu, Digah kəndində yerləşən, ümumi sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsini 10 il müddətinə "Cavabdeh" MMC-yə icarəyə verməyi, icarəçi isə həmin sahəni təhvil alaraq müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsində görə icarə haqqı hər ay üçün 350 manat müəyyən edilmişdir. Müqavilənin 3.3-cü maddəsinə görə icarəçi qanunvericiliyə əsasən müvafiq vergiləri ödəyir. 2.6-cı bəndinə əsasən isə icarəçi bu müqavilənin 3.1-ci maddəsində göstərilən icarə haqqını hər ayın 10-15-nə qədər icarə verənə ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il təhvil-təslim aktından görünür ki, mağaza əla təmir olunmuş vəziyyətdə İddiaçı tərəfindən "Cavabdeh" MMC-nin nümayəndəsinə təhvil verilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, "Cavabdeh" MMC İddiaçı bank hesabına xx.xx.2018-ci il tarixdə 602 manat, xx.xx.2018-ci il tarixdə 301 manat, xx.xx.2018-ci il tarixdə 301 manat, xx.xx.2018-ci il tarixdə 301 manat, xx.xx.2018-ci il tarixdə 301 manat, xx.xx.2018-ci il tarixdə 301 manat, xx.xx.2019-cu il tarixdə isə 165 manat məbləğdə pul köçürmüşdür. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 26803 nömrəli ekspert rəyindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən, İddiaçı ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 1252 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Quba rayonu, Digah kəndində yerləşən, ümumi sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsini X6 icarəyə verməyi, icarəçi isə həmin sahəni təhvil alaraq müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci maddəsinə görə müqavilə 2 il müddətinə bağlanır və icarəçi obyektini tam təmirli vəziyyətdə təhvil aldığı andan qüvvəyə minir. Müqavilənin 3.1-ci maddəsində görə icarə haqqı hər ay üçün 480 manat müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli müqavilədən görünür ki, Quba rayonu, Digah kənd sakini X1 Şahin Hacıxan oğluna məxsus Quba rayonu, Digah kəndində yerləşən, ümumi sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsini bir neçə gün ərzində təmizləməyi, İddiaçı isə qeyri-yaşayış sahəsinin təmizlənməsi üçün 400 manat zəhmət haqqını ona ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Quba rayonu, Digah kəndində yerləşən, ümumi sahəsi 120 kv.m olan özünə məxsus qeyriyaşayış sahəsinin təmiri üçün lazım olan bütün materialları alıb gətirərək usta X6 təhvil verməyi, işin sonunda ona zəhmət haqqı olaraq 500 manat pul ödəməyi, usta X10 isə ümumi sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsini tam təmir etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "Cavabdeh" MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən, iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsini 2018-ci ilin aprel ayında tam təmirli vəziyyətdə hər ay üçün 350 manat icarə haqqı ödənilməsi şərti ilə "Cavabdeh" MMC-yə icarəyə vermiş, 2019-cu ilin yanvar ayında qarşılıqlı razılıq əsasında müqavilə münasibətlərinə xitam verilmiş, lakin cavabdeh qeyriyaşayış sahəsini qüsurlu halda qaytarmış, bununla da müqavilə öhdəliyini pozmuşdur. Belə ki, icarəçi qeyri-yaşayış sahəsini təhvil aldığı vəziyyətdə geri qaytarmalı idi. Cavabdehin təqsiri ucbatından əmlak təmirə ehtiyacı olan vəziyyətdə geri qaytarıldığına görə iddiaçı həmin qeyri-yaşayış sahəsini 2019-cu ilin yanvar ayından hazırkı vaxtadək icarəyə verə bilməmiş, bu səbəbdən də gəlirindən məhrum olmuşdur. Bundan əlavə, müqavilə şərtlərinə görə icarə haqqı 350 manat müəyyən edildiyi halda, cavabdeh iddiaçının bank hesabına hər ay müqavilədə göstərilən məbləği tam şəkildə ödəməmişdir. Nəticədə, cavabdehin icarə haqqından ödənilməmiş 528 manat borcu qalmışdır. Həmçinin, iddiaçı hesab edir ki, çirkli vəziyyətdə geri qaytarılmış qeyri-yaşayış sahəsini təmizlətmək üçün 400 manat, təmirlə bağlı ustaya zəhmət haqqı olaraq 500 manat tələb olunduğuna görə həmin məbləğlərdə əlavə ziyana düşmüşdür. "Cavabdeh" MMC icarə haqqı üzrə qalan borcunu və vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdiyinə görə İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin icarə haqqından ödənilməmiş 528 manat borc hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, müqavilənin 3.1-ci bəndinə görə icarə haqqı hər ay üçün 350 manat müəyyən edilmişdir. 2.4-cü bəndə görə icarəçi icarəyə götürdüyü sahəni sanitar qaydaları ilə, yanğın əleyhinə olan qaydalarla və binada quraşdırılmış sanitar-texniki və mühəndis qurğuların istismarı qaydaları ilə nəzərdə tutlmuş qaydada saxlamağı, eyni zamanda dövlət vergi və rüsumlarını ödəməyi, tibbi müayinəni öz üzərinə götürür. Müqavilənin 3.3-cü bəndinə görə icarəçi qanunvericiliyə əsasən müvafiq vergiləri ödəyir. 2.6-cı bəndinə əsasən isə icarəçi bu müqavilənin 3.1-ci bəndində göstərilən icarə haqqını hər ayın 10-15-nə qədər icarə verənə ödəməlidir. Göründüyü kimi, müqavilənin şərtlərinə əsasən icarəçi icarə müqaviləsindən irəli gələn bütün vergiləri ödəməyi və müqavilənin 3.1-ci maddəsində göstərilən icarə haqqını, yəni 350 manatı hər ayın 10-15-nə qədər icarə verənə ödəməyi öhtəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulmamışdır ki, icarə haqqı üzrə 14%-lik vergini, yəni 49 manatı icarəçi icarə haqqından çıxılmaqla, icarəyə verənə 301 manat məbləğində icarə haqqı ödəməlidir. İddiaçı "Cavabdeh" MMC-yə qarşı əvvəllər başqa məhkməyə təqdim etdiyi iddia ərizəsində icarə haqqını tam aldığına və bu barədə heç bir narazılığının olmadığına dair qeydilə bağlı məhkəmə hesab edir ki, həmin məhkəmə prosesində bu xüsusat araşdırma predmeti olmamış, iddia ərizəsində sadəcə bir fikir kimi qeyd edilmişdir. Hazırkı məhkəmə iclasında isə İddiaçı bildirmişdir ki, o, ümumən icarə haqqının hər ay bankdakı hesabına ödənildiyini bilərək konkret olaraq ayda neçə manat keçirildiyini yoxlamamış, hər şeyin qaydasında olduğunu güman etmişdir. Bu səbəbdən həmin iddia ərizəsində yanlış olaraq icarə haqqını tam aldığını və bu haqda heç bir narazılığının olmadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, icarə haqqı tam ödənilməyib. Göründüyü kimi, icarə haqqını icarəçiyə 350 manat deyil, 301 manat məbləğində ödədiyini iş üzrə cavabdeh özü də etiraf edir. Bu isə tərəflər arasında bağlanılmış icarə müqaviləsinin şərtlərinə zidd olduğu üçün məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. İddia tələbinin mağazanın təmir xərci olaraq 1600 manat məbləğində pulun cababdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hal üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 26803 nömrəli ekspert rəyindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən, İddiaçı ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 1252 manatdır. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi əsas götürərək, iddia tələbinin mağazanın təmir xərci hissəsində qismən - 1252 manat məbləğində müəyyən edilməsini məqsədəuyğun sayır və qalan hissədə əsassız hesab edir. İddia tələbinin əldən çıxmış çıxmış gəlir, dəymiş zərərin əvəzi olaraq 10560 manat tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, icarə müqaviləsinə xitam verildikdən sonra icarə obyekti olan qeyri-yaşayış sahəsinin "Cavabdeh" MMC tərəfindən təmir edilərək iddiaçıya təhvil verilməməsi səbəbindən sonuncunun ziyana düşməsi faktı və bu vəziyyətin yaramnasında "Cavabdeh" MMC-nin təqsirli olması məhkəmədə sübuta yetirilmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi bu faktı əvvəlcə etiraf edərək, vurulmuş ziyanın məbləğini mübahisələndirmiş və qeyri-yaşayış sahəsinin yalnız 1 ay ərzində istigadə edilə bilməməsi səbəbindən dəymiş ziyanı ödəməyə hazır olduqlarını bildirmiş, sonda isə bütövlükdə iddia tələbinə etiraz etmişdir. İddiaçı isə qeyri-yaşayış sahəsini təhvil aldığı 2019-cu ilin yanvar ayından etibarən icarəyə verə bilmədiyini göstərərək, bu səbəbdən 22 ay ərzində hər ay 480 manat icarə haqqı şəklində gəlirindən məhrum olduğunu iddia etmiş, ona dəymiş maddi ziyanı 10560 manat məbləğində qiymətlənirmişdir. Əldən çıxmış fayda şəklində vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsini "Cavabdeh" MMC-yə aylıq icarə haqqı 350 manat olmaqla icarəyə vermişdir və bu, real fakt olaraq öz təsdiqini tapır. İddiaçının məhkəməyə təqdim etdiyi fiziki şəxs H.Həsənovla aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsində isə həmin qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 480 manat nəzərdə tutulsa da, həmin icarə müqaviləsi reallaşdırlmamışdır. Bu səbəbdən İddiaçı ilə "Cavabdeh" MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsində müəyyən edilən və artıq mübahisə doğurmayan fakt kimi mövcud olan aylıq 350 manat icarə haqqı daha real və ağlabatan rəqəm sayılmaqla əsas götürülməlidir. Bundan başqa, iddiaçı qeyri-yaşayış sahəsini təhvil aldığı 2019-cu ilin yanvar ayından etibarən icarəyə verə bilmədiyini göstərərək, bu səbəbdən 22 ay ərzində icarə haqqından məhrum olduğunu qeyd etmişdir. Bu xüsusatla bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyri-yaşayış sahəsini 2019-cu ilin yanvar ayında təhvil alsa da, aralarında yaranmış mübahisə ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə həmin ilin avqust ayının axırlatında, yəni 7 ay sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək hər bir şəxsin hüququ olsa da, bu hüquqdan sui-istifadə və ya üzürsüz səbəbdən istifadə etməmə digər şəxslərin mənafeyinə ziyan vurulmasına gətirib çıxarırsa, bu hala müvafiq qiymət verilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisənin yarandığı vaxt, yəni iddiaçının qeyri-yaşayış sahəsini təmirsiz halda təhvil aldığı 2019-cu ilin yanvar ayı real və ağlabatan başlanğıc müddət kimi götürülsə, İddiaçı 1 ay ərzində məhkəməyə müraciət etmək imkanı olmuş, lakin o, bu imkandən istifadə etməmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə imkanı olduğu halda 6 ay ərzində məhkəməyə müraciət etməməsini əsaslandırmamışdır. Ona görə də, İddiaçı 2019-cu ilin mart ayından avqust ayının sonunadək olan dövr üçün əldən çıxmış fayda tələb etməsi əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, icarə müqaviləsinə xitam verildikdən sonra icarə obyekti olan qeyri-yaşayış sahəsinin "Cavabdeh" MMC tərəfindən təmirsiz halda təhvil verilməsi səbəbindən İddiaçı dəymiş ziyanı müəyyən etmək üçün əldən çıxmış faydanın hesablanması müddətinin əvvəli onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. O ki qaldı, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən işə baxılması, ekspertiza rəyinin gec verilməsi, o cümlədən Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinin apelyasiya instansiyasında ləğv edilərək işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi, eləcə də COVİD-19 panedmiyası ilə əlaqədar işə baxılması zamanı fasilələr yaranmasına, bütün bunlar iddiaçının təqsiri üzündən baş vermədiyinə görə həmin dövr ərzində (22 ay – 6 ay =16 ay) əldən çıxmış faydanın iddiaçı tərəfindən tələb olunması əsaslıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əldən çıxmış çıxmış gəlir, dəymiş zərərin əvəzi olaraq 10560 manat tutulması hissəsində qismən əsaslı olduğu üçün 5600 manat (16 ay x 350 manat= 5600 manat) həddində təmin olunmalı, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. İddia tələbinin mağaza binasını təmizləyən xidmətçi haqqının 400 manat məbləğində cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyri-yaşayış sahəsini təhvil aldığı 2019-cu ilin yanvar ayından 2 ildən artıq müddət keçdiyi üçün və qeyri-yaşayış sahəsinin həmin vaxtda olan vəziyyətinə dair mötəbər sübutlar təqdim olunmadığına görə iddia tələbi həmin hissədə əsassız sayılaraq təmin edilməməlidir. İddia tələbinin İddiaçı ilə obyekti təmir edən H.Ə.Həsənov arasında xx xxxx 2021-ci il tarixdə bağlanmış müqaviləni əsas götürərək 500 manat məbləğdə obyektin təmir pulunun cavabdehdən alınaraq ona ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizasının xx xxxx 2020-ci il tarixli, 26803 nömrəli ekspert rəyində Quba rayonu, Digah kəndində yerləşən, İddiaçı ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin, o cümlədən mal-materialın, usta pulunun, əlavə və nəqliyyat xərclərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri müəyyən edildiyi üçün təmirə görə əlavə pul tələb olunması əsassızdır. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, cavabdeh "Cavabdeh" MMC-dən ödənilməmiş icarə haqqı olaraq 528 manat, mağazanın təmir olunması üçün vurulmuş ziyanın əvəzi olaraq 1252 manat, əldən çıxmış faydaya görə 5600 manat tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "Cavabdeh" MMC-dən ödənilməmiş icarə haqqı olaraq 528 manat, mağazanın təmir olunması üçün vurulmuş ziyanın əvəzi olaraq 1252 manat, əldən çıxmış faydaya görə 5600 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 40%-i iddiaçıya, 60%-i cavabdehə aid edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumuna görə cavabdeh "Cavabdeh" MMC-dən 18 manat tutularaq, İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 100 manat məbləğin 40%-i, yəni 40 manat məbləğdə pul İddiaçı, 60%-i, yəni 60 manatı isə cavabdeh "Cavabdeh" MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №2-2(119)-148/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-148/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver