Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-2379/2025 16.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək “X1” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin, 80 (səksən) manat məbləğində inzibati cərimənin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 may 2025-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan “X1” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 25 avqust 2025-ci il tarixli etibarnamə ilə 17 gün müddətinə 11 sentyabr 2025-ci il tarixədək gündəlik ödəniş müqabilində icarə üçün cavabdehin istifadəsinə vermişdir. İcarə haqqını almaq üçün 10 gün sonra cavabdehə məxsus telefon nömrəsinə zəng vursa da, sonuncu cavab verməmişdir. Nəqliyyat vasitəsinin harada olduğunu müəyyənləşdirmək üçün telefonuna “GPRS” (X2 Servisi) yükləmiş, həmin xidmət vasitəsilə nəqliyyat vasitəsinin Sumqayıt şəhəri, “Kristal Abşeron”, Sumqayıt 41-ci məhəllə ünvanında olmasını aşkar etmişdir. Məlum olmuşdur ki, nəqliyyat vasitəsini cavabdeh harasa vuraraq zərər yetirmiş, bundan sonra cavabdehlə əlaqə saxlayaraq ondan ya maşını təmir etdirməsini, ya da servisə gedərək çəkilən xərclərin ödənilməsini xahiş etsə də, cavabdeh ona bildirmişdir ki, o, dəyən zərəri ödəməyəcəkdir, maşını başqa şəxsə vermiş, o avtomobili vuraraq zərər yetirmişdir. Bu barədə cavabdehlə yazışmaları da var. O, avtomobili idarə etmək üçün yalnız Cavabdeh etibarnamə vermiş, etibarnamədə də qeyd edilmişdir ki, etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Cavabdehdən dəfələrlə avtomobilinə vurduğu zərərin ödənilməsini tələb etməsinə baxmayaraq, o, məsuliyyətdən yayınaraq avtomobilinə vurduğu zərərin əvəzini ödəmir. Buna görə həmin şəxsin ona dəymiş maddi ziyanı ödəməsi üçün Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə şikayət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən müraciətinin mülki xarakterli olduğu qeyd edilmişdir. Həmçinin cavabdeh 27 avqust 2025-ci il tarixdə “X1 minik” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmasına görə EQ30241798 nömrəli protokolla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində inzibati cərimə edilmişdir. Avtomobilin zərər vurulmamışdan əvvəl və zərər vurulduqdan sonra fotoşəkillərini çəkmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin cəriməni də ödəmir. Göstərilənlərə əsasən, hazırda nəqliyyat vasitəsinə dəymiş ziyana görə 700 manat məbləğində pul, 80 manat məbləğində inzibati cərimə və ödənilmiş dövlət rüsumunin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli 2(060)-6779/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, avtomobilin icarəsi ilə bağlı cavabdehlə yazılı müqavilə bağlanılmamışdır. Gündəlik 50 manat məbləğində icarə haqqı müəyyən edilmişdir. Avtomobilə 700 manat məbləğində ziyan dəymişdir. Avtomobili servisdə təmir etdirmiş, həmin məbləği də servisə təmir üçün ödəmiş və bununla bağlı servisdən akt məhkəməyə təqdim edilmişdir. Cavabdeh avtomobili icarəyə götürən gün dayanma-durma qaydalarını pozduğundan 80 manat məbləğində cərimə edilmişdir. Həmin cəriməni də məhkəməyə müraciət edildikdən sonra iddiaçı özü ödəmişdir. Bu halı təsdiq edən sənəd əldə etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsə də, cərimə onun adına olmadığı üçün məlumat verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 13 may 2025-ci il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X1” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 25 avqust 2025-ci il tarixdə Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş reyestrdə 7E-17223 nömrəsi ilə qeyd edilmiş 11 sentyabr 2025-ci il tarixədək qüvvədə olan etibarnamənin məzmunundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh “X1” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti etibar edilmişdir. Etibarnamənin məzmununda, həmçinin səlahiyyətlərin başqa şəxsə verilə bilmədiyi qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 13 sentyabr 2025-ci il tarixli 581/2-Ə-13356 nömrəli məktubun məzmununda “... ünvanladığınız müraciətə tərəfimizdən baxıldı. Müraciətinizdə qeyd etdiyiniz xüsusatlar mülki xarakterli olduğu üçün toplanmış material Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin dəftərxanasında işə alınmışdır” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mobil tətbiqindən çıxarışdan görünür ki, EQ30199989 nömrəli protokol üzrə Cavabdeh “X1” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı 80 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan 09 dekabr 2025-ci il tarixdə saat 10:35-də tərtib edilmiş telefonoqramın məzmunundan görünür ki, məhkəmənin əməkdaşı tərəfindən Cavabdeh məxsus (099) ***-**-** nömrəyə zəng edilərək 18 dekabr 2025-ci il tarixli saat 15:30-da keçiriləcək məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. İş materiallarında olan “RENAUT” servis mərkəzi tərəfindən tərtib edilmiş RS ******* nömrəli təmir kartının məzmununda “X1 minik” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “ümumi ehtiyat hissələri və təmir işi”nin ümumi dəyərinin 700 manat məbləğində olduğu qeyd edilmişdir. İş materiallarına, həmçinin “Whatsapp” sosial şəbəsi vasitəsilə “+**********22” nömrəsilə aparılmış yazışmaların məzmununu əks etdirən fotoşəkillər və **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin fotoşəkilləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 683.1-ci maddəsinə əsasən, kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. Həmin Məcəllənin 683.3-cü maddəsinə əsasən, istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən “X1” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh icarəyə verilməsi barədə şifahi qaydada icarə müqaviləsi bağlanılmış, bu razılaşmaya əsasən 25 avqust 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında iddiaçı cavabdehə həmin avtomobilin idarə edilməsi səlahiyyətlərini etibar etmiş, lakin avtomobil cavabdehdə olduğu dövrdə ona zərər yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdehə məxsus (099) *** ** ** nömrə (iş materiallarına əlavə edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlə əlaqə saxlanılaraq məlumat verildiyini əks etdirən telefonoqramda qeyd edilən nömrə ilə eynilik təşkil edir) ilə “Whatsapp” sosial platforması vasitəsilə aparılmış yazışmaların məzmunundan görünür ki, cavabdeh avtomobili üçüncü şəxsə idarə etmək üçün verdiyini və avtomobilə ziyan dəydiyini təsdiq etmişdir (“Nə bilim e oldu da, sürmək istədi verdim. Həyətdə sürüb, qıraqda yox. Həyətiçi sürəndə dəyib. Özü ilə əlaqəyə çıxıb sənə xəbər eləyəcəm”). İş materiallarında olan “RENAUT” servis mərkəzi tərəfindən tərtib edilmiş RS ******* nömrəli təmir kartından görünür ki, “X1 minik” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “ümumi ehtiyat hissələri və təmir işi”nin ümumi dəyəri 700 manat məbləğində təşkil etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 700 manat məbləğində dəymiş maddi ziyanın əvəzinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 80 manat məbləğində inzibati cərimənin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin əsası kimi iş materiallarına əlavə edilmiş cavabdehə məxsus (099) *** ** ** nömrə ilə “Whatsapp” sosial şəbəsi vasitəsilə aparılmış yazışmanın məzmununa istinad etmişdir. Həmin yazışmanın məzmununda iddiaçı tərəfindən cavabdehə EQ30241798 nömrəli protokolun şəklinin göndərilməsi öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mobil tətbiqindən çıxarışda isə EQ30199989 nömrəli protokola istinad edilmişdir. İşin bu halı ilə bağlı iddiaçı cari tarixdə keçirilmiş iclasda qeyd etmişdir ki, o, bu məsələyə aydınlıq gətirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsə də, cərimə onun adına olmadığı üçün məlumat veilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddianın həmin hissəsi ilə bağlı sübut qismində təqdim edilmiş sənədlər ziddiyət təşkil etdiyindən iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Bundan başqa, iş materiallarında olan 03 oktyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 700 manat məbləğində dəymiş maddi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 730 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində dəymiş maddi ziyanın və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №2-2(119)-2379/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-2379/2025
16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver