Məhkəmə qərarları › İş №2-2(119)-301/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-301/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-301/2021 14.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin direktoru və digər Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili X8 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 14.05.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 01.10.2020-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı MMC-nin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şabran rayon Dövlət Notariat Kontorunun Dövlət notariusu Vüqar Nəsirov tərəfindən 11 may 2011-ci il tarixdə 4Ə-163 reyestr nömrəsi ilə təsdiq edilmiş 267740 nömrəli müqaviləyə əsasən Cavabdeh1 DƏDRX-in Xaçmaz Ərazi İdarəsinin 25.08.2008-ci il tarixli, MN seriyalı, ******* nömrəli Çıxarışına əsasən İddiaçı MMC-yə məxsus 3,3887 ha torpaq sahəsini 15.000 (on beş min) manata özünün təsisçisi olduğu Cavabdeh2 MMC-yə satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsini həm satıcı, həm də alıcı kimi Cavabdeh1 imzalamışdır. Torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanarkən mülki qanunvericiliyin tələbləri pozulmuş, Cavabdeh1 faktiki olaraq qeyd olunan əqdi özü barəsində bağlamaqla özü-özünü varlandırmış, həmçinin İddiaçı MMC-nin direktoru kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə İddiaçı MMC-nin daşınmaz əmlakını mənimsəmiş və uzun müddət özü fayda əldə etmişdir. İddiaçı MMC-ni isə bu faydadan məhrum etmiş, bağladığı əqd barəsində İddiaçı MMC-nin təsisçilərinin razılıqlarını almamış və əqd bağlanmasını onlardan gizlətmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh1 Nəmətulla oğlunun direktoru olduğu dövrdə İddiaçı MMC-nin torpaq sahələrini saxtakarlıq yolu ilə mənimsəməsi barədə hərəkətlərində cinayət tərkibinin mövcud olub-olmamasının araşdırılmasından ötrü prokurora xəbər verilməsi üçün qərardad, Cavabdeh1 Nəmətulla oğlunun DƏDRX-in Xaçmaz Ərazi İdarəsinin 25.08.2008-ci il tarixli, MH seriyalı, № ******* saylı Çıxarışına əsasən İddiaçı MMC-ə məxsus 3,3887 ha torpaq sahəsini 15.000 (on beş min) manata özünün təsisçisi olduğu Cavabdeh2 MMC-yə satmasına dair Şabran rayon Dövlət Notariat Kontorunun Dövlət notariusu Vüqar Nəsirov tərəfindən 11 may 2011-ci il tarixdə 4Ə-163 reyestr nömrəsi ilə təsdiq edilmiş 267740 saylı müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 MMC-nin də cavabdeh kimi işə cəlb olunmasını, mübahisələndirilən müqavilənin ləğv olunmasını xahiş etmiş, iddianın qalan hissədə dəyişdirilmədən saxlandığını bildirmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə daha bir ərizə təqdim edərək, Cavabdeh1 Nəmətulla oğlunun DƏDRX-in Xaçmaz Ərazi İdarəsinin 25.08.2008-ci il tarixli, MH seriyalı, № ******* nömrəli Çıxarışına əsasən İddiaçı MMC-ə məxsus 3,3887 ha torpaq sahəsini 15.000 (on beş min) manata özünün təsisçisi olduğu Cavabdeh2 MMC-yə satmasına dair Şabran rayon Dövlət Notariat Kontorunda 11 may 2011-ci il tarixdə 4Ə-163 reyestr nömrəsi ilə təsdiq edilmiş 267740 nömrəli müqavilənin etibarsız sayılması barədə qətnamə, Cavabdeh1 Nəmətulla oğlunun direktoru olduğu dövrdə İddiaçı MMC-nin torpaq sahələrini saxtakarlıq yolu ilə mənimsəməsi barədə hərəkətlərində cinayət tərkibi əməlinin mövcud olub-olmamasının araşdırılmasından ötrü prokurora xəbər verilməsi üçün qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, 2006-cı ildən 2019-cu ilədək İddiaçı MMC-nin icraçı direktoru olmuş Cavabdeh1 İddiaçı MMC-yə məxsus 3,3887 hektar torpaq sahəsini Şabran rayon Notariat Kontorunda təsisçilərin xəbəri olmadan, onların razılığını almadan alqı-satqı müqaviləsi əsasında özünün təsisçisi olduğu Cavabdeh2 MMC-nin adına rəsmiləşdirib. Bu məsələ barədə nə İddiaçı MMC-nin sənədlərində, nə hesabatlarında heç bir məlumat olmayıb. Cavabdeh1 İddiaçı MMC-nin direktoru vəzifəsindən azad olunduqdan sonra sənədlərin toplanması, hesabatların tərtib olunması bu mübahisəyə aid olan və olmayan torpaqların amortizasiyası zamanı müəyyən olunub ki, torpaqların bir xeyli hissəsi Cavabdeh1 saahibliyində, istifadəsində qalıb. Həmin 3,3887 hektar torpaq sahəsi onun mərhum qardaşı və ailə üzvlərinin torpaq sahələri olub. Lakin İddiaçı MMC həmin torpaq sahələrini alqı-satqı müqaviləsi əsasında əldə edib. Bu barədə çıxarış da həmin müqavilə əsasında verilib. Sonradan Cavabdeh1 həmin torpaq sahəsini özünün təsisçisi olduğu Cavabdeh2 MMC-nin adına rəsmiləşdirib. Yəni müqaviləni həm alıcı, həm də satıcı kimi özü imzalayıb. Notariat orqanı da bu pozuntuya yol verib. Özünün adına olmayan, təsisçisi olmadığı başqa bir müəssisəyə həmin torpaq sahəsi satılsaydı, belə mübahisə heç olmazdı. Digər halda isə bu fakt səlahiyyətlərdən sui-istifadə, əsassız varlanmadan başqa bir şey deyil. Həmin torpaq sahəsi Cavabdeh2 MMC-yə 2011-ci ildə satılıb. Lakin iddiaçı tərəfin həmin müqavilədən nə bağlanan vaxt, nə də ondan sonra xəbəri olub, onlar müqavilədən 2019cu ildə xəbər tutublar. Biləndən sonra da məhkəməyə müraciət ediblər. 2017-ci ildə Cavabdeh1 möhür, ştamp götürülüb. Özünü də dəvət ediblər ki, sənədləri gətirib təhvil versin. Lakin o, sənədlərin bir hisəsini təhvil verməyib, aktı da imzalamayıb. Faktiki olaraq yerində heç bir təhvil-təslim olmayıb. Təqdim olunan digər torpaq sənədlərinin çıxarışları, onların seriya nömrələrini və.s əks etdirən siyahı Cavabdeh1 tərtib etdiyi bir siyahıdır. Həmin sənəddə adlar qeyd olunmayıb, sadəcə çıxarışların nömrəsi, torpaq sahəsinin ölçüsü və.s qeyd olunub. Siyahı üzrə, yəni çıxarışların nömrələrinə uyğun torpaq sahələrini yoxladıqda məlum olub ki, 3,3887 hektar torpaq sahəsi iddiaçıda deyil. Təhvil alınan sənədlər üzrə yerində torpaqların mövcudluğu ilə bağlı yoxlama aparılanda, çıxarışlara baxılanda müəyyən olunub ki, 3,3887 hektar torpaq sahəsi Daşınmaz Əmlakın Dövət Reyestrində Şabran rayon Notariat Kontorunun təsdiqlədiyi alqı-satqısına müqaviləsinə, əsasən, Cavabdeh2 MMC-nin adına keçirilib. Orada hal-hazırda soyuducu anbar fəaliyyət göstərir. Lizinqlə tikilib, ildə ora 2.400.000 manata yaxın kredit ödənilir. Sonda iddiaçının nümayəndəsi iddianı müdafiə etdiklərini və təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh1 izahat verərək bildirdi ki, 2006-cı ildə o, İddiaçı MMC-ni dostu Cavanşir Quliyevin adına yaradıb. Təsisçi dostu, icraçı direktor isə özü olub. Sənədlərdə təsisçi dostu olsa da, şirkəti tək başına özü qurub. Cavanşir Quliyev icra başçısı təyin olunandan sonra təsisçilikdən çıxıb, təsisçi kimi bacılarını gətirib. İcraçı direktor kimi Cavabdeh1 qalıb. Sonradan ekspert rəyi ilə də müəyyən olunub ki, qoyulmuş pullar ona, yəni Cavabdeh1 aiddir. Şirkəti qurandan sonra o, torpaq sahələri alaraq orada üzüm və digər meyvə bağları salıb. Sonra soyuducu anbar tikmək üçün İddiaçı MMC-nin adına ailə üzvlərinin, qardaşının və.s pay torpağını alıb. Mübahisə edilən torpaq sahələri onun ailə üzvlərinin, anasının, qardaşlarının, onların ailə üzvlərinin pay torpaqlarından ibarətdir. Soyuducu anbar tikmək üçün icazə verilmədikdə, təzədən həmin torpaq sahələrini geri qaytarmaq üçün Cavabdeh2 MMC-nin xeyrinə alıb. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bir tərəfdə icraçı direktor, digər tərəfdə təsisçi kimi bağladığı müqavilə üzrə göstərilən məbləğ İddiaçı MMC-nin hesabına ödənilib. İddiaçı MMC-nin xeyrinə alanda torpaqları 3000 manata, qaytaranda isə 15.000 manata alıb. Həmin 15000 manat da İddiaçı MMC-nin quruculuğuna, əkin-biçin işlərinə, meyvə bağlarına xərclənib. 15000 manatın ödənilməsi ilə bağlı qəbzlər də mövcuddur. Cavabdeh1 onu da qeyd etdi ki, iddiaçı tərəf ona məxus torpaq sahələrini əlindən alıb indi də ona qarşı iddia qaldırıb. Təhvil-təslim aktına, əsasən, o, 30 oktyabr 2017-ci il tarixdə aktı imzalayan şəxslərə şirkəti təhvil verib, lakin özü həmin aktı imzalamayıb. Ona görə ki, aktda sənədlər tam göstərilməyibmiş. Möhürü, ştampı onlar Cavabdeh1 küçənin ortasında alıblar. O, torpaq sahələrinin çıxarışları və həmin çıxarışların seriya nömrəsi, sahə ölçüsünü əks etdirən sənəd üzrə isə təhvil-təslim aktını imzalayan şəxslərin yanında çıxarışlara uyğun torpaq sahələrini İddiaçı MMC-yə təhvil verib. Torpaq sənədlərini təhvil alan da Məsim Quliyev olub. Şirkət təhvil verildikdən sonra onlar özləri X13 direktor təyin ediblər. Siyahıda göstərilən torpaq sənədləri 2017-ci ildə təhvil verilib. Lakin İddiaçı MMC-nin mühasibi həmin sənədin üzərinə 2018-ci il yazıb. İddia olunan 3,38 hektar torpaq sahəsi yol kənarında yerləşir. Cavabdeh1 orada bağ salıb. 2011-ci ildən üzüm bağı salıb, son 4 ildə isə dəyişib heyva bağı edib. Qarşı tərəf onun həmin torpaq sahəsində bağ saldığını görüb, lakin xəbərsiz olduqlarını deyir. Sonda o, iddia müddətini tətbiq etməklə iddiatələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili X19 izahat verərək bildirdi ki, Cavabdeh1 həm İddiaçı MMC-nin, həm də Cavabdeh2 MMC-nin direktoru kimi öz səlahiyyətlərini həyata keçirib. Qardaşından, ailə üzvlərindən torpaq sahələrini soyuducu anbar tikmək üçün İddiaçı MMC-nin xeyrinə alıb. Soyuducu anbarın tikilməsinə icazə verilməsi ilə bağlı Şabran rayon İcra Hakimiyyətinə müraciət olunub. İcra hakimiyyətindən də deyiblər ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu üçün soyuducu anbarın tikilməsi üçün icazə verilə bilməz. Bu məsələ baş tutmayanda Cavabdeh1 yenidən alqı-satqı edərək həmin torpaq sahəsini Cavabdeh2 MMC-nin hesabına keçirib. Bu zaman heç bir qanun pozuntusuna yol verməyib. Əvvəlki təsisçilərin də hamısının bu məsələdən xəbəri olub. Sonradan İddiaçı MMC-yə İlham Əliyev təsisçi kimi gəlib və neçə il də orda işləyib. Cavabdeh1 nümayəndəsi və vəkili həmçinin onu da bildirdi ki, mümkün deyil ki, bu qədər müddət ərzində onlar 3,3887 ha torpaq sahəsinin özlərində olmadığını bilməsinlər. Çünki müəssisənin təsisçiləri, təsisçilərin ümumi yığıncağı var, iclaslar keçirilir, illik hesabatlar, əmlak vergisi verilir. Ən əsası subsidiyalar alınır. Subsidiyalar hesaba daxil olarkən orada göstərilir ki, bu qədər torpaq sahəsinə bu qədər məbləğdə subsidiya ayrılır. Həmin o subsidiyalar da İddiaçı MMC-nin hesabına daxil olub. 8 ildən sonra iddia qaldırılıb və deyirlər ki, bizim 3,3887 hektar torpaq sahəsinin Cavabdeh2 MMC-yə satılmasından xəbərimiz olmayıb. Lakin ola bilməz ki, qarşı tərəf bu müqavilədən, torpaq sahəsinin satılmasından xəbərsiz olsun. Ona görə də, bu məsələ ilə bağlı iddia müddəti tətbiq olunmalıdır. Bundan başqa, Cavabdeh1 əməlində cinayət tərkibi olsaydı, bu barədə cinayət işi başladılmalı və ibtidai istintaq aparılmalı va ya cinayət işinin rədd edilməsi barədə qərar qəbul olunmalı idi. Cinayət işi başladılsaydı, bu müddət ərzində istintaq aparılardı. Qarşı tərəf göstərsin ki, Cavabdeh1 həmin alqı-satqı zamanı hansı qanunun hansı maddəsini pizub. Sonda o, məhkəməyə ərizə təqdim edərək iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5ci maddəsinə əsasən, üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə gəlmiş tərəfləri dinləyib, B.Bayramovun iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alıb, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 16 oktyabr 2006-cı il tarixli qərarın və 30 oktyabr 2006-cı il tarixli 01 №-li Əmrin surətindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh1 ilə Cavabdeh1, X3, X14, X7, arasında bağlanmış 09 avqust 2008-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onlar Dəvəçi rayonu, Gəndob kəndində yerləşən 1,232062 ha torpaq sahəsini İddiaçı MMC-yə satmışlar. İş materiallarında olan İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh1 ilə X5, X16, X9, X10, X6 arasında bağlanmış 09 avqust 2008-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onlar Dəvəçi rayonu, Gəndob kəndində yerləşən 1,540424 kv.m torpaq sahəsini İddiaçı MMC-yə satmışlar. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin 25.08.2008-ci il tarixdə verdiyi MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Dəvəçi rayonu, Gəndob kəndində yerləşən ümumi sahəsi 3,3887 ha olan torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətinə verilmişdir. İş materiallarında olan 13 oktyabr 2008-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X4 alıcıların hər birindən 100 manat almaq şərti ilə İddiaçı MMC-ni, nizamnaməsini, şəhadətnaməsini, möhür, ştampını və müəssisəyə aid hüquqlarını M.Q.Əsədovaya, H.Q.Qarayevaya, S.Q.Abbasovaya, Z.Q.Məmmədovaya hər birinə bərabər -¼ hissələrlə satmışdır. İş materiallarında olan 15 yanvar 2011-ci il tarixli Əmrin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin direktoru vəzifəsi öz üzərinə götürmüşdür. İş materiallarında olan 11.05.2011-ci il tarixli, 267740 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin direktoru Cavabdeh1 DƏDRX-in Xaçmaz Ərazi İdarəsinin 25.08.2008ci il tarixli, MH seriyalı № ******* saylı Çıxarışına və 05.05.2011-ci il tarixli, 3/244 nömrəli arayışa əsasən İddiaçı MMC-ə məxsus 3,3887 ha torpaq sahəsini 15.000 (on beş min) manata özünün təsisçisi olduğu Cavabdeh2 MMC-yə satmışdır. İş materiallarında olan 30 oktyabr 2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 İddiaçı MMC-nin direktoru vəzifəsindən çıxması və X11 təsisçilər tərəfindən direktor təyin edilməsi ilə əlaqədar İddiaçı MMC-nin direktor müavini Z.Ələsgərov, baş mühasibi M.Quliyev, direktor köməkçisi P.Siracov və mühasibi A.Paşayev MMC-yə aid təsis sənədlərini, möhür, künc ştampı və torpaq sənədlərini təhvil aldığını təsdiq etmişlər. İş materiallarında olan 14.11.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 21.11.2013-cü il tarixdə Cavabdeh2 MMC-yə verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 MMC-nin mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndində yerləşən ümumi sahəsi 4,36 ha olan torpaq sahəsi X2 bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışın surətindən görünür ki, Dəvəçi rayonu, Gəndob kəndində yerləşən ümumi sahəsi 4,36 ha olan torpaq sahəsi 05.12.2019-cu il tarixdə X1 mülkiyyətindədir. İş üzrə Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, İddiaçı MMCnin təsisçilərinin hərəkətlərində cinayət əməlini aşkara çıxararaq bu barədə xüsusi qərardad çıxarılmasını və prokurorluğa xəbər verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmzadır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC-nin icraçı direktoru olmuş Cavabdeh1 11.05.2011-ci il tarixdə İddiaçı MMC-yə məxsus 3,3887 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında özünün təsisçisi olduğu Cavabdeh2 MMC-yə satmışdır. Hazırda mübahisəli torpaq sahəsi X1 mülkiyyətindədir. İddiaçı tərəf məhkəməyə müraciət edərək, həmin müqavilənin bağlanmasından 2019-cu ilə qədər xəbərsiz olduqlarını bildirmiş, qeyd olunan alqı-satqı müqaviləsinin həm satıcı, həm də alıcı kimi Cavabdeh1 tərəfindən imzalandığı, torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanarkən mülki qanunvericiliyin tələblərinin pozulduğu, Cavabdeh1 faktiki olaraq qeyd olunan əqdi özü barəsində bağlamaqla özü-özünü varlandırdığı, İddiaçı MMC-nin təsisçilərinin razılıqlarını almadan və əqd bağlanmasını onlardan gizlədərək İddiaçı MMCnin direktoru kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə İddiaçı MMC-nin daşınmaz əmlakını mənimsədiyi üçün həmin müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili mübahisəli torpaq sahəsinin indiyədək cavabdehin istifadəsində qaldığını etiraf edərək, həmin torpaq sahəsinin 2011-ci ildə Cavabdeh2 MMC-yə satılmasından 2019-cu ilədək xəbər tutmamalarını həmin faktın Cavabdeh1 İddiaçı MMC-nin direktoru vəzifəsindən azad olunduqdan sonra sənədlərin toplanması, hesabatların tərtib olunması bu mübahisəyə aid olan və olmayan torpaqların amortizasiyası zamanı müəyyən olunması ilə izah etmişdir. Yəni, müqavilə bağlandığı 2011-ci ildən 2019-cu ilədək həmin torpaqlar Cavabdeh1 istifadəsində olmasına baxmayaraq, İddiaçı MMC-nin təsisçiləri həmin vaxtadək sözügedən torpaq sahəsinin aqibəti ilə lazımınca maraqlanmamışlar. Məhkəmə hazırkı mübahisənin həlli zamanı iddia müddətinin tətbiqi məsələsini araşdıraraq qeyd edir ki, 2011-ci ildən ötən 8 il ərzində iddiaçı tərəfin sözügedən torpaq sahəsinin taleyindən xəbərsiz olması və onunla maraqlanmaması inandırıcı deyil. Eyni zamanda, iş materiallarından və məhkəmə prosesləri gedişində tərəflərin verdiyi izahatlardan aydın olur ki, 30 oktyabr 2017-ci il tarixdə Cavabdeh1 İddiaçı MMC-nin idarəçiliyindən qalmaqallı şəkildə kənarlaşdırılmış və həmin vaxtdan cəmiyyətlə əlaqələri tamamilə kəsilmişdir. Cavabdeh1 İddiaçı MMC-nin idarəçiliyindən kənarlaşdırıldığı vaxt MMC-yə aid təsis sənədləri, möhür, künc ştampı və torpaq sənədləri ondan alınmış, lakin iddiaçı tərəfin bildirdiyinə görə cəmiyyətin balansında olan torpaq sahələrinin taleyi 2019cu ilədək araşdırılmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi əvvəllər Cavabdeh1 ailə üzvlərinə ayrılmış pay torpaqları olmuş və hazırkı vaxtadək Cavabdeh1 istifadəsində olmasına baxmayaraq, torpaq sahəsi barədə iddiaçı tərəfindən heç bir tələb irəli sürülməmişdir. Yəni, iddiaçı öz hüququnun pozulduğunu bilməli olduğu vaxtdan ən azı 2 il sonra məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, Mülki Məcəllənin 354 və 377-ci maddələrinə əsasən, məhkəmə hesab edir ki, iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir illik iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, məhkəmədə mübahisələndirilən alqı-satqı əqdinin bağlanması ilə əlaqədar Cavabdeh1 hərəkətlətində hər hansı cinayət əməlinin əlamətləri aşkar olunmadığına görə onun barəsində xüsusi qərardad çıxarmaq üçün əsaslar yoxdur və bu səbəbdən tələb həmin hissədə də təmin olunmamalıdır. Eyni zamanda, məhkəmə iş üzrə Cavabdeh1 İddiaçı MMC-nin təsisçiləri barədə xüsusi qərardad çıxarılmasına dair vəsatətinə münasibətdə bildirir ki, məhkəmədə mübahisələndirilən məsələ ilə əlaqədar İddiaçı MMC-nin təsisçilərinin hərəkətlərində hər hansı cinayət əməlinin əlamətləri aşkar olunmadığına görə onların barəsində də xüsusi qərardad çıxarmaq üçün əsaslar yoxdur və bu səbəbdən həmin vəsatət təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar