Məhkəmə qərarları › İş №2-2(119)-434/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-434/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-434/2021 25.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2021ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, cəmi 24174,57 manat və 16712,35 ABŞ dolları məbləğində qətnamə borcunun Cavabdeh1 MMCdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, **********72-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Xaçmaz şəhəri, Süleyman Ələskərov küçəsində yerləşən 0,065 ha torpaq sahəsi və 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin yuxarıda qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulması və fərdi yaşayış evinin satıldıqdan bir ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin hakiminin xx xxxxxx 2021-ci il tarixli e-2(067)- 681/2021 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi icraata götürülmədən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı qismində ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti göstərilmiş və iddia onun adından verilmişdir. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilmiş olduğundan və Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edildiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq mülki-prosessual fəaliyyət qabiliyyətini itirmiş “ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti” mülki icraatda prosessual subyekt, yəni iddiaçı qismində iştirak edə bilməz. Bu səbəbdən də, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maraq və mənafeyi ilə əlaqədar mülki icraat qaydasında verilən iddialar onun ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondunun adından verilməlidir. Yəni, ləğv prosesində olan İddiaçı ASC-nin işləri üzrə Əmanətlərin Sığortalanması Fondu iddiaçı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir (hətta, Nümayəndə məlum iddia ərizəsini imzalamaq səlahiyyəti də Əmanətlərin Sığortalanması Fondunun müvafiq vəzifəli şəxsi tərəfindən imzalanmış xx xxxxxxxx 2020-ci il tarixli Etibarnamə ilə verilmişdir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi) çıxış edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eləcə də, “borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət olunarkən "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36, 37 və 39-cu maddələrinin tələblərinə də riayət edilməli və bununla bağlı müvafiq sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmalıdır. Eyni zamanda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədləri (sübutu) və həmçinin, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin həmin cavabdehlər tərəfindən alınmasını təsdiq edən sənədləri (sübutu) da iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlərlə mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməli, məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətini cavabdehə çatdırmalı və bu hərəkətləri yerinə yetirməsini təsdiq edən müvafiq sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü, 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Qeyd etmək lazımdır ki, həmin tələblər kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl, cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməli və eləcə də, məhkəməyə ünvanlanmış iddia ərizəsinin surətini əvvəlcədən almış olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar