Məhkəmə qərarları › İş №2-2(119)-543/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-543/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-543/2021 17.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firmasının nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1 oğlunun iştirakı ilə, İddiaçı2 Cavabdeh Firmasına qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə və Cavabdeh Firmasının İddiaçı2nə qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı2 05 noyabr 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, öhdəlik tam yerinə yetirilmədiyinə görə yerinə yetirilməyən öhdəlik həcmində ödənilmiş 102632,56 manat pulun geri ödənilməsi, dəymiş maddi zərərin əvəzinin pul şəklində məhkəmə tərəfindən 30000 manat təyin edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ümumilikdə ƏDV ilə birlikdə 565125,60 manat dəyərində 156 min ton bərk dağ suxurunun alınması məqsədilə alıcı İddiaçı2 MMC ilə satıcı Cavabdeh Firması arasında 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanılmış həmin Alqı-satqı müqaviləsinə əsasən təhvil verilməsi nəzərdə tutulan 46800 ton daş üçün 143676 manat məbləğində, yəni ümumi müqavilə dəyərinin 30 faiz həcmində avans 03 dekabr 2019-cu il tarixdə Cavabdehə ödənilmişdir. Cavabdeh öhdəliyin bir qismini, yəni 2020-ci ilin mart ayından iyun ayına qədər cəmi 13369,2 ton (1 ton mal x 3,07 manat = cəmi 41043,44 manat dəyərində) icra etsə də, naməlum səbəblərə görə öhdəliyin qalan hissəsinin icra edilməsini dayandırmışdı ki, nəticədə Alıcıya öhdəliyin dayandırılmasına görə maddi ziyan vurmuşdur. Bununla bağlı göndərilən ilkin pretenziyanı Cavabdeh qəbul etməmiş və öhdəliyin bütünlüklə icra edildiyini bildirərək əlavə ödəniş tələb etmişdir ki, bu da əsassızdır. Buna görə də, Cavabdehə təkrar pretenziya təqdim edilərək, Cavabdehdən ödənilmiş 30 faiz ödənilmiş avans vəsaitdən yerinə yetirilməyən öhdəliyə görə 102632,56 manat məbləğində pulun qaytarılması tələb edilmişdir. Belə ki, tərəflər arasında bağlanılmış 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli alqı-satqı müqaviləsinin 3.3.1-ci maddəsinə əsasən əgər Satıcı müqavilə ilə razılaşdırılmış maldan az miqdarda mal verdikdə Alıcı ödədiyi pul məbləğinin geri qaytarılması hüququndan istifadə edərək, verilmiş pulu geri tələb edə bilər. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi zamanı Cavabdeh Firması 07 dekabr 2020-ci ildə İddiaçı2nə qarşı qarşılıqlı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı2ndən Cavabdeh Firmasının xeyrinə müqavilədən irəli gələn 169537,68 manat məbləğində (25861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" Firması ilə alıcı "xxxx" MMC arasında ƏDV ilə birlikdə 565125,60 manat dəyərində 156 min ton bərk dağ süxurnun satılması məqsədilə 26 noyabr 2019-cu tarixli 1733-İS-01 nömrəli Alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1 və 2.1-ci bəndlərinə və müqaviləyə 1 saylı Əlavəyə əsasən Satıcı Alıcıya 156000 ton çəkisində sıxlığı 2,2 qr/kub-dən az olmamaq şərtilə bərk dağ süxuru satmağı, Alıcı isə Satıcıya 478920 manat (ƏDV-siz) vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən hər 30 faiz həcmində avans ödəməklə Alıcı malı Satıcıdan alır. Alıcı son 10 faizini isə mal tam verildikdən sonra ödəməli idi. Tərəflər arasıda bağlanmış 26 noyabr 2019-cu il tarixli müqavilənin bağlanmasına qədər ilkin danışıqların nəticəsi olaraq gələcək müqavilənin icrası üçün "xxxx" Firması "xxxx" MMC ilə podrat müqaviləsi bağlamış və həmin müqavilə əsasında Podratçı 60700 kub metr həcmində dağ süxuru olan dolomiti ilkin dağıdaraq Sifarişçiyə (Satıcıya) təqdim etməli idi. Həmin süxurun sıxlıq əmsalı 2,6 qr/kub sm olduğundan, çıxarılan süxurun çəkisi 157820 ton olmuşdur. Yəni, alğı-satqı müqaviləsinin tələbləri həcmində. Alğı-satqı müqaviləsinə uyğun olaraq təqdim edilən 09.12.2019-cu il tarixli EBAD 596049 saylı hesab-fakturaya uyğun olarq Alıcı tərəfindən müqavilənin 30 faizini təşkil edən 46,8 ton mal üçün 143676 manat vəsait ödənmişdir. Ödənilən vəsaitə uyğun olaraq "xxxx" Firması tərəfindən Alıcıya 46800 ton həcmində mal verilmişdir. Satıcı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq tələb olunan mal tam olaraq tədarük olunmasına baxmayaraq, Alıcı həmin mal üçün sonrakı ödəmələri həyata keçirməmiş və malın təhvil alınmasını təmin etməmişdir. Alıcı heç bir əsas göstərmədən avans ödənişləri həyata keçirməməklə, faktiki olaraq müqavilənin icrasindan imtina etmişdir. Bununla da, cavabdeh həm müqavilə, həm də Mülki Məcəllə ilə müəyyən edilmiş vəzifələrini icra etməmişdir. Belə ki, Mülki Məcəllənin 596.1-ci maddəsinə əsasən Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Yəni, Alıcı sifariş etdiyi əşyada müqavilə çərçivəsində hər hansı bir qüsuru yoxdursa qəbul etməyə və əvəzini ödəməyə borclu olduğu halda bunu etməmiş, faktiki olaraq müqavilənin icrasından imtina etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə əsasən əgər Alıcı və ya Satıcı müqavilədən heç bir səbəb olmadan imtina edərsə, müqavilə həcminin 30 faizi həcmində cərimə ödəyir. Yuxarıda qeyd edildiyi kimi, müqavilənin 2.1-ci bəndinə uyğun olaraq 1 saylı Əlavə ilə müqavilənin ümumi məbləği 565125,6 manat (86205,6 manat ƏDV daxil olmaqla) təşkil etmişdir. Bu məbləğin 30 faizi isə 169537,7 manat (25861,68 manat ƏDV daxil olmaqla) təşkil edir. Bundan başqa, "xxxx" MMC iddiasında ona malın təhvil verilmədiyini göstərmişdir. Halbuki, tərəflər arasında bağlanmış Müqavilənin 3.2.3-cü bəndinə əsasən Satıcı, yəni "xxxx" Firması malı dağ süxurunun çıxarıldığı yerin və Alıcının daş qırıcısının yaxınlığında olan daşıma məntəqəsində malı təhvil verməli İdi. "xxxx" Firması da malı həmin məntəqəyə tədarük etmiş və hal-hazırda da həmin mal orada yerləşir. "xxxx" Firması tərəfindən dəfələrlə e-mail yazışmaları ilə Alıcıya məlumat verilərək, malın hazır olduğu, onun tədarükü üçün artıq yerin qalmadığının bildirilməsinə baxmayaraq, qarşı tərəf malı qəbul etməmiş, müqavilə şərtləri üzrə digər ödəmələri həyata keçirməmişdir. Göründüyü kimi, Alıcı müqavilə şərtlərini pozmuş, müqavilə və qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri icra etməmişdir. Bunula əlaqədar olaraq son dəfə 16 noyabr 2020-ci il tarixində pretenziya məktubu ilə müraciət edilməsinə baxmayaraq, Alıcı yenə də Satıcının tələblərini icra etməmişdir. Həmin iş üzrə məhkəmə prosesi zamanı 18 mart 2021-ci ildə İddiaçı2 MMC tərəfindən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, Cavabdeh Firmasından avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, 30000 manat dəymiş ziyanın, 169537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı2nə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə elektron formada təqdim edilən iddia ərizəsində dəymiş maddi ziyanın 30000 manat təyin edilməsi xahiş edilsə də, İddiaçı2 MMC-nin direktoru tərəfindən imzalanmış və ayrıca PDF faylında iş materiallarına əlavə edilmiş iddia ərizəsində texniki səhvə yol verilərək, “məhkəmə tərəfindən 30000 manat təyin edilməsi” əvəzinə, “məhkəmə tərəfindən təyin edilməsi” kimi qeyd edilmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır. Bundan əlavə, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində, tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə istinad edilərək, guya İddiaçı2 MMC-nin müqavilənin icrasından əsassız imtina etməsi göstərilərək, müqavilə dəyərinin 30% həcmində cərimə ödənilməsi tələb edilir. Halbuki, müqavilə üzrə öhdəlikləri pozan və alqısatqı müqaviləsinin predmeti olan malları vaxtında və düzgün formada təhvil verməyən, bununla da müqavilənin icrasından imtina edən məhz cavabdehin özü olmuşdur. Lakin, İddiaçı2 MMC ilkin iddia ərizəsində tolerantlıq nümayiş etdirərək heç bir əlavə cərimə tələb etməmiş, yalnız avans şəklində ödənilmiş pulun icra edilməmiş hissəsinin geri qaytarılmasını və ona dəymiş maddi ziyanın əvəzi olaraq 30000 manat pulun ona ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən əsassız olaraq həmin məsələ qaldırıldığından, işin hazırkı mərhələsində iddiaçı tərəf hesab edir ki, iddia tələbinin həcmi artırılmalı və müqavilənin şərtlərini pozaraq malları vaxtında və düzgün formada təhvil verməyən, bununla da faktiki olaraq müqavilədən imtina edən Cavabdeh Firmasından müqavilənin ümumi dəyərinin 30% hissəsi, yəni ƏDV daxil 169537,70 manat məbləğində pul alınaraq İddiaçı2 MMC-nə ödənilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsinə etiraz edərək, həmin qarşılıqlı iddia ərizəsinə dair aşağıda qeyd olunan xüsusatlar məhkəmənin diqqətinə çatdırılır: 1. Qarşılıqlı iddia ərizəsində Cavabdeh Firması İddiaçı2 MMC tərəfindən ona müqavilənin ümumi dəyərinin 30%-ni təşkil edən 143676 manat vəsait ödənildiyini etiraf edir. Deməli bu hissə işin mübahisəsiz halıdır. 2. Cavabdeh Firması ödənilən vəsaitə uyğun olaraq 46800 ton həcmində mal verdiyini qeyd etsə də, həmin həcmdə malın verilməsini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim edə bilmir. Yəni, 46800 ton həcmində malın verilməsinə dair sübutetmə yükü Cavabdeh Firmasının üzərində olsa da, bu sübuta yetirilmir. 3. Cavabdeh Firması öz qarşılıqlı iddia ərizəsində qeyd olunanlara əsasən 46800 ton həcmində malı İddiaçı2 MMC-yə verdiyini, lakin İddiaçı2 MMC-nin sonrakı avansları ödəməkdən yayındığını bildirir. Doğurdan da, tərəflər arasında bağlanan müqavilənin 2-ci bəndinə uyğun olaraq, malın dəyərinin əvvəlcə 30% həcmində ilkin avans ödənişi, ödənilmiş avans dəyərində mallar təhvil verildikdən sonra isə növbəti 30% avans ödənişi, qeyd edilən ikinci avans üzrə məbləğin 100% dəyərində mal verildikdən sonra da üçüncü tranşla müqavilə dəyərinin 30% hissəsinin ödənilməsi, sonda isə müqavilədə nəzərdə tutulan 156000 ton mal tam təhvil verildikdən sonra pulun yerdə qalan 10% hissəsinin ödənilməsi razılaşdırılmışdır. Yəni, müqaviləyə əsasən ödənişlər 30%+30%+30%+10% şəklində nəzərdə tutulurdu və burada növbəti ödəniş üçün mütləq əvvəlki ödənilmiş avans məbləğinə uyğun olaraq tam həcmdə malın təhvil verilməsi tələb edilirdi. Cavabdeh Firması öz qarşılıqlı iddia ərizəsində qeyd edir ki, İddiaçı2 MMC heç bir əsas göstərmədən avans ödənişləri həyata keçirməməklə, faktiki olaraq müqavilənin icrasından imtina etmişdir”. Bu fikrə münasibətdə İddiaçı2 MMC bildirir ki, bu fikir əsassız olmaqla yanaşı, cavabdehin sonrakı fikirləri ilə ziddiyyət təşkil etməkdədir. Belə ki, Cavabdeh Firması birinci dəfə aldığı 30% avans məbləğinə uyğun olaraq 46800 ton mal təhvil verməli olduğu halda, o, cəmi 13369,2 ton mal təhvil vermiş, qalan malı isə təhvil verməmişdir. Məhz bu səbəbdən tərəflər arasında mübahisə başlamışdır. Belə olduğu halda, yəni cavabdeh aldığı 30% avansın müqabilində 46800 ton malı təhvil verməyib, cəmi 13369,2 ton mal təhvil vermişsə, nə üçün ona ikinci dəfə 30% avans verilməlidir ? Bu səbəbdən Cavabdeh Firmasının İddiaçı2 MMC barəsində guya “avans ödənişləri həyata keçirməməklə faktiki olaraq müqavilənin icrasından imtina etməsi” barədə qeyd etdiyi fikir tamamilə əsassızdır. Müqavilədən imtina edən tərəf İddiaçı2 MMC olmamışdır. 4. Cavabdeh Firması öz qarşılıqlı iddia ərizəsində qeyd edir ki, “alıcı, yəni İddiaçı2 MMC sifariş etdiyi əşyada müqavilə çərçivəsində hər hansı bir qüsuru yoxdursa, qəbul etməyə və əvəzini ödəməyə borclu olduğu halda bunu etməmiş, faktiki olaraq müqavilənin icrasından imtina etmişdir”. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh Firmasının qarşılıqlı iddia ərizəsində qeyd etdiyi fikirlər bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, əvvəlcə o, “46800 ton malı tam təhvil verdiyini, İddiaçı2 MMC-nin sonrakı avans ödənişlərini etməyərək, müqavilədən faktiki imtina etdiyini” qeyd etsə də, burada isə guya “Alıcının malı qəbul etməkdən imtina etdiyini, bununla müqavilədən faktiki imtina etdiyini” bildirir. Cavabdeh Firması tərəfindən göndərilmiş 16 noyabr 2020-ci il tarixli pretenziya məktubunda o, guya 46800 ton həcmində mal təhvil verildiyini, bundan sonra malın növbəti 30 faizi barədə sifariş verməməklə faktiki olaraq müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirir. Göründüyü kimi, Cavabdeh Firması pretenziya məktubunda da, 1-ci avansa görə nəzərdə tutulan 46800 tonu təhvil verdiyini, sadəcə 2-ci avans üçün malın sifariş verilmədiyini və pulun köçürülmədiyini bildirir. Elə isə “İddiaçı2 MMC-nin malı qəbul etməməsi” barədə fikirlər əsassız olduğundan, məhkəmə tərəfindən qəbul edilməməlidir. 5. Cavabdeh Firması öz qarşılıqlı iddia ərizəsində malların təhvil verilməsi məsələsində müqavilənin 3.2.3-cü bəndinə əsassız istinad edərək, malı Alıcının daş qırıcısının yaxınlığında olan daşıma məntəqəsində malı təhvil verməli olduğunu qeyd edir. Bu istinad yanlışdır. Cavabdehin istinad etdiyi 3.2.3-cü maddə Satıcının vəzifələrini qeyd edərək, malın hansı əraziyə qədər daşınmalı olduğunu onun üzərinə vəzifə kimi qoyur. Malın təhvil verilməsi şərtləri müqavilədə ayrıca hissədə, 4-cü bənddə ətraflı şəkildə qeyd edilmişdir. Burada Satıcının gündəlik minimum 1000 m3-dən az olmamaqla malı Alıcıya təhvil verməli olduğu (4.1-ci bənd), Satıcının malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməli olduğunu (4.3-cü bənd) və ən əsası mal təhvil verilərkən tərəzidə çəkilməli olduğu, mal tərəzidə çəkiləndə Satıcının nümayəndəsinin iştirakının təmin olunması, Alıcı rəsmi tərəzi qaimələrini mallar təqdim edildikdən sonra Satıcıya təqdim etdiyini və təqdim edilən malların həcmini təsdiq edən sənədin məhz tərəzi qaimələrinin hesab edildiyi bildirilir. Hazırki iş üzrə, Satıcı əsassız olaraq 46800 ton mal təhvil verdiyini qeyd etsə də, bunu təsdiq edən nə hesab-fakturanı, nə də tərəzi qaimələrini məhkəməyə təqdim etmir. 6. Cavabdeh Firması öz qarşılıqlı iddia ərizəsində Mülki Məcəllənin 570.1.2ci maddəsinə (əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi, əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır) istinad etmişdir. Bu istintad da əsassızdır. Çünki, həmin maddənin hazırkı münasibətlərə tətbiq edilməsinə, yalnız müqavilədə bu barədə ayrı-qayda nəzərdə tutulmadığı halda yol verilir. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında imzalanmış Alqı-satqı müqaviləsində malın təhvil verilməsi şərtləri xüsusi olaraq 4-cü maddədə ətraflı şəkildə qeyd olunmuşdur. Bu səbəbdən təhvil-təslim ilə bağlı müqavilə əvəzinə Mülki Məcəlləyə istinad əsassızdır. Qeyd olunanlardan əlavə, hazırkı mübahisə üzrə aşağıdakı xüsusatlar da məhkəmənin diqqətinə çatdırılır: Cavabdeh Firmasına müqavilə şərtlərinə uyğun olaraq ümumi müqavilə dəyərinin 30%-i həcmində, yəni 143676 manat pul köçürülsə də, o, cəmi 13369,2 ton mal təhvil vermişdir. Bundan əlavə, müqavilənin şərtlərini pozaraq, gündəlik ən azı 1000 m3 daş verməli olduğu halda, bunu etməmiş və nəticədə İddiaçı2 MMC-nin Bakı Beynəlxalq Dəniz Limanına mal verilməsi barədə öhdəliklərinin gecikməsinə, həmin müqavilənin ləğv edilməsinə və İddiaçı2 MMC-nə 30000 manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, hazırkı mərhələdə iddia tələbinin həcmi dəqiqləşdirilərək artırılmalı və Cavabdeh Firmasından malın ümumi həcminin (156000 ton) 30% hissəsi, yəni 46800 ton mal üçün ödənilmiş 143676 manatdan cavabdehin təhvil verdiyi 13369,2 tonun dəyəri olan 41042,83 manat (hər ton üçün 3,07 manat hesablanmaqla) çıxılmaqla, yerdə qalan 102632,56 manat pulun, dəymiş maddi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun, cavabdehin malı məlum olmayan səbəblərdən təhvil verməməsinə və bununla da faktiki olaraq müqavilədən imtina etməsinə görə müqavilənin ümumi dəyərinin 30%-i həcmində, yəni ƏDV daxil 169537,68 manat həcmində cərimə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı2 MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Şəki Kommersiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli e-2-2(117)-21/2021 nömrəli qərardadı ilə həmin iddia və qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin kommersiya işi üzrə Cavabdeh Firması tərəfindən 22 iyul 2021-ci ildə məhkəməyə “qarşılıqlı iddia tələbinin artırılması” barədə ərizə təqdim edilərək, İddiaçı2 MMC-dən Cavabdeh Firmasının xeyrinə müqavilədən irəli gələn 169537,68 manat (25861,68 manat ƏDV daxil olmaqla) məbləğində cərimənin, əsassız varlanmaya görə 81179 manat (ƏDV daxil olmadan) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumu qismində 30 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə aparılan məhkəmə prosesində sübutların tədqiqi zamanı İddiaçı2 MMC-nin Cavabdeh Firması hesabına əsassız varlanması müəyyən edilmişdir. Belə ki, iş materallarında olan podratçı "xxxx" MMC ilə sifarişçi İddiaçı2 MMC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 1733-A.Bay-001 saylı Podrat Müqaviləsinin 1.1-ci bəndinə və Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən Podratçı ümumi dəyəri 180000 manat (32400 manat ƏDV daxil olmadan) olmaqla 60000 ton miqdarında bərk dağ süxurunun-daşların qırılmasını öhdəsinə götürmüşdür. Məhkəmə zamanı şahid qismində ifadə verən "xxxx" MMC-nin təsisçisi və direktoru Ali Bayram bildirmişdir ki, İddiaçı2 MMC ilə bağladığı müqavilənin 2.2.2-ci bəndinə uyğun olaraq daşqıran avadanlığı Cavabdeh Firmasının istifadəsində olan “Qələndərtəpə” dolomit yatağının ərazisində quraşdırılmış və həmin müqaviləyə uyğun olaraq Cavabdeh Firmasının İddiaçı2 MMC-yə satdığı daşların qırılmasını həyata keçirmişdir. İş materallarında olan İddiaçı2 MMC-nin "xxxx" MMC-yə ünvanladığı 09.12.2020-ci il tarixli 183 nömrəli Pretenziya məktubundan görünür ki, İddiaçı2 MMC "xxxx" MMC-yə verdiyi 60000 ton daşı qırmamasına görə ona öz etirazını bildirmişdir. Yəni, həmin məktubdan görünür ki, İddiaçı2 MMC Cavabdeh Firmasından 60000 ton malı aldığını dolayı yolla etiraf etmişdir. Bundan başqa, iş materallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Geologi Kəşfiyyat Xidməti tərəfindən aparılmış baxış və hesablama barədə arayışdan göründüyü kimi Abşeron rayon İcra Hakimiyyətinin 26.11.2019-cu il tarixli 1884 saylı razılıq məktubu ilə dolomit yatağından tikinti materiallarının çıxarılması və istehsalı məqsədilə ayrılmış 2 ha torpaq sahəsinin topoqrofik Plan xəritəsi ilə müəyyən edilmiş ərazidə (“Qələndərtəpə” dolomit yatağında) müxtəlif ölçülər üzrə doğranmış 17224 kubmetr və doğranması üçün yığılmiş 9044 kub metr həcmdə dolomit süxuru mövcuddur. İş materiallarında olan və İddiaçı2 MMC-nin mübahisələndirməyərək müqavilənin icrası zamanı qəbul etdiyi Azərbaycan Mühəndis və İnşaat Universitetinin nəzdində X3 Tədqiaqat və Sınaq Laboratoriyasının 13.01.2020 - 14.01.2020-ci il tarixli sınaq nəticələrinə əsasən dolomit süxurunun orta sıxlıq əmsalı 2700 kq/m3 ((2700+2685+2710)/3=2700) olmuşdur. Nəticədə, AR ETSN GKX-nin təqdim etdiyi arayışa uyğun olaraq Cavabdeh Firmasının istifadəsində olan dolomit yatağının ərazisində "xxxx" MMC tərəfindən doğranmış, lakin İddiaçı2 MMC-nin aparmadığı 17224*2,7=46504 ton və doğranması üçün yığılmış 9044*2,7=24418 ton dolomit süxurunun mövcud olduğu sübut edilir. İddiaçı2 MMC-nin iddia ərizəsindən və nümayəndəsinin məhkəmə zamanı verdiyi izahatlarından göründüyü kimi İddiaçı2 MMC 13369,2 ton malı birbaşa olaraq tərəzi yerləşən ərazıyə apararaq qəbul etdiyini etiraf edir. Eyni zamanda, İddiaçı2 MMC-nin "xxxx" MMC-yə ünvanladığı pretenziya məktubundan göründüyü kimi iddiaçı 13369 ton qırılmış dolomitin aparıldığını etiraf edir. Yəni, İddiaçı2 MMC 46800 ton malın qiymətini ödədiyi halda, Cavabdeh Firmasından 73369 ton mal qəbul edildiyi müəyyən edilir. Yəni, İddiaçı2 MMC 73369-46800=26422 ton artıq mal apararaq, əvəzini ödəmədən əsassız varlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavəyə əsasən Alıcı Satıcıya malın hər tonuna görə 3,07 manat ödəməlidir. Bu isə 26422 ton üçün 81179 manat (ƏDV daxil olmadan) vəsait deməkdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən birinci tranş üzrə malın qəbulu həyata keçirildikdən sonra Alıcı malın 30 faizi həcmində ikinci tranşı ödədikdən sonra malı apara bilərdi. Beləliklə də, İddiaçı2 MMC ödənişdən əlavə olaraq təhvil aldığı 26422 ton mala görə də 81179 manat (ƏDV daxil olmadan) dəyərində malın əvəzini ödəməyərək, əsassız varlanması həm faktiki, həm də hüquqi əsasla sübut edilir. Həmin kommersiya işi üzrə İddiaçı2 tərəfindən 17 avqust 2021-ci ildə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdeh Firmasından köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğinin qalan 18473,77 manat hissəsinin, 30000 manat məbləğində dəymiş maddi ziyanın, 169537,68 manat məbləğində cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı2 MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsində Cavabdeh Firmasından köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsi tələb edilsə də, həmin məbləğin ƏDV hissəsi tələb edilməmişdir. İddiaçı2 MMC tərəfindən təqdim edilmiş arayışa əsasən müəyyən edilir ki, İddiaçı2 MMC ilə Cavabdeh Firması arasında bağlanılmış 26 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən ümumi həcmi 156 min ton bərk dağ suxurunun alqısatqısı ilə əlaqədar ümumilikdə ƏDV daxil 565125,60 manat dəyərində işlərin görülməsi öhdəliyi götürülmüşdür. İlkin olaraq 30% avans şəklində 46 min 800 ton həcmində işlərin təhvil verilməsinə görə 30% avans olaraq əsas məbləğdən 143676 (yüz qırx üç min altı yüz yetmiş altı) manat və ƏDV məbləğindən isə 25861,68 (iyirmi beş min səkkiz yüz altmış bir manat 68 qəpik) manat göndərilən elektron qaiməyə əsasən 03 dekabr 2019-cu ildə ödənilmişdir. Cavabdeh Firması ilkin görülməli olan işin həmcindən 13369,2 ton miqdarında, yəni əsas məbləğdən 41043,34 manatlıq və ƏDV məbləğdən isə 7387,91 manatlıq işləri görmüş və tərəzi-çəki qəbzi vasitəsilə təhvil vermişdir. Cavabdeh Firması görülməyən işlərə görə əsas məbləğdən 102632,66 manat ödəməli və ƏDV məbləğdən isə 18473,77 manat depozit hesaba geri qaytarma etməlidir. Bu səbəbdən geri qaytarılmalı olan ƏDV hissəsində iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır və Cavabdeh Firmasından köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğinin qalan 18473,77 manat hissəsinin, 30000 manat məbləğində dəymiş maddi ziyanın, 169537,68 manat məbləğində cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı2 MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 MMC-nin nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirərək, iddia ərizəsində, “iddia tələbinin həcminin artırılması” və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələrdə yazılanlara uyğun izahat verib, ilkin iddianın təmin edilərək, Cavabdeh Firmasından köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğinin qalan 18473,77 manat hissəsinin, 30000 manat məbləğində dəymiş maddi ziyanın, 169537,68 manat məbləğində cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı2 MMCnə ödənilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firmasının “pul tələbi” barədə qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firmasının nümayəndəsi X4 qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbini isə qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsində və “qarşılıqlı iddia tələbinin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verib, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firmasının “pul tələbi” barədə qarşılıqlı iddia tələbinin təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-dən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firmasının xeyrinə müqavilədən irəli gələn 25861,68 manat ƏDV daxil olmaqla 169537,68 manat məbləğində cərimənin, əsassız varlanmaya görə ƏDV daxil olmadan 81179 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu qismində 30 manat vəsaitin tutulması və “borcun tutulması” tələbinə dair ilkin iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını və şahid ifadəsini, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələri, qarşılıqlı iddia ərizəsini və “qarşılıqlı iddia tələbinin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “borcun tutulması” barədə ilkin iddia tələbi və “pul tələbi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Ali Bayram bildirdi ki, onun rəhbəri və təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə sifarişçi İddiaçı2 arasında daşların qırılması ilə əlaqədar 18 noyabr 2019-cu il tarixli Podrat Müqaviləsi bağlanmış və həmin Müqaviləyə əsasən o, 60000 ton miqdarında daşların qırılmasını, İddiaçı2 MMC isə bu işin əvəzində ona ƏDV xaric cəmi 180000 manat məbləğində pul ödəməyi öhdələrinə götürmüşlər. Buna görə də, o, İddiaçı2 MMC-nin sifarişi əsasında “Qələndərtəpə” adlanan ərazdə daşqıran avadanlıq quraşdırmış və müqavilə üzrə nəzərdə tutulan sifarişi yerinə yetirmişdir. Bunun üçün də İddiaçı2 MMC-nin maşınları təxminən 300 metr məsafədə yerləşən dağdan böyük daşları gətirir, o, isə həmin ərazidə quraşdırılmış daşqıran avadanlıq vasitəsi ilə həmin daşları sındırırdı. İddiaçı2 MMC qırılan daşların təxminən 14000 tonunu aparmış, qalan hissəsi isə daşınmamış və həmin ərazidə qalmışdı. Hazırda onun daşları sındırdığı ərazidə təxminən 46000 ton mal qalıb. Ona tərəzi sənədləri verilməsə də, o, daşınan malların həcmini maşın sayına görə təxmini hesablamışdır. Belə ki, 1 kub/metr 2600 kiloqramdır və bir maşına təxminən 20 kub/metr yüklənir. Müqaviləyə əsasən daş qırılmasına görə İddiaçı2 MMC ona 60000 ton malın pulunu, yəni ƏDV xaric 180000 manat pul ödəməli idi. Lakin, İddiaçı2 MMC tam ödəniş etməmişdi. Yəni, İddiaçı2 MMC müqavilə üzrə ona ödənilməli olan məbləğdən 85000 manat məbləğində ödəniş etsə də, qalan 95000 manat məbləğində pulu ödəməmişdi. Buna görə də, o, işi dayandırıb və İddiaçı2 MMC-ni məhkəməyə veribdi. O, Müqavilə üzrə İddiaçı2 MMC üçün 60000 tondan çox daş sındırmışdır və həmin ərazidə sındırılmayan daşlar da vardır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, satıcı Cavabdeh Firması ilə alıcı İddiaçı2 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alqı- Satqı Müqaviləsinə əsasən Satıcı Alıcıya “X2” layihəsi çərçivəsində “X1” layihəsində kessonun bərpa edilməsi üçün istifadə olunmağı məqsədilə sıxlığı 2,2qr/kub sm-dan az olmayan bərk dağ suxurunu (bundan sonra “Mal”) satır, Alıcı isə həmin malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəyir (Müqavilənin 1.1-ci bəndi). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, malın növü, həcmi, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri 1 saylı Əlavə ilə müəyyən olunur. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Malın dəyəri Müqavilənin 1 saylı Əlavəsi ilə müəyyən olunur. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, müqaviləyə əsasən Alıcı sifariş olunan malın dəyərinin 30% həcmində ilkin avans ödənişini Müqavilə imzalandığı gündən 10 gün ərzində Satıcının təqdim etdiyi hesab əsasında bank köçürməsi ilə həyata keçirir. Ödənilmiş avans dəyərində mallar təhvil verildikdən sonra Alıcı növbəti 30% ödənişi həyata keçirir. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən, ikinci tranş üzrə ödənilmiş məbləğin 100% dəyərində mal verildikdən sonra Alıcı üçüncü tranşla müqavilə dəyərinin 30%-ni ödəyir. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən, müqavilədə göstərilən ümumi həcmdə mal təhvil verildikdən sonra 10 iş günü ərzində qalan 10%-i də Alıcı Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək Satıcının hüququdur. Həmin Müqavilənin 3.2.2-ci bəndinə əsasən, Satıcı Alıcıya iş davam edən dövrün tələbinə uyğun ölçülərdə, gündəlik minimum 1000 m3-dən az olmamaqla bu Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq Malları təmin etməlidir. Həmin Müqavilənin 3.2.3-ci bəndinə əsasən, Satıcı malın əvvəlcədən Alıcı ilə razılaşdırılmış və avtomobil yollarına normal çıxışı olan daşıma məntəqələrinə (bundan sonra “Daşıma Məntəqəsi”) çatdırılmasını təmin etməlidir. Çeşidləmə məntəqəsindən qırıcıya qədər daşıma Alıcının cəlb etdiyi avtomaşınlar tərəfindən yerinə yetirilir. Bu vaxt sərf olunan yanacağı Satıcı təmin edir. Həmin Müqavilənin 3.2.4-cü bəndinə əsasən, Satıcı Daşıma fəaliyyətini həyata keçirən texnikaların Daşıma Məntəqələrinə problemsiz çatmasını təmin etməlidir. Həmin Müqavilənin 3.2.5-ci bəndinə əsasən, təhkim olunan texnika və avadanlıqların yanacaq ilə təmin olunması Satıcının öhdəliyidir. Həmin Müqavilənin 3.2.6-cı bəndinə əsasən, layihəyə təhkim edilmiş texnikanın idarə edilməsi üçün ayrılan operatorların xidmət haqlarının qarşılanması Satıcının öhdəliyidir. Həmin Müqavilənin 3.2.7-ci bəndinə əsasən, Satıcı malların gecikdirildiyi hər gün üçün gecikdirilən malların 1%-i həcmində dəbbə pulunu alıcıya ödəməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinin tələblərinə görə, Satıcı Müqaviləni pozaraq Alıcıya Müqavilədə müəyyənləşdirildiyindən az miqdarda mal verdikdə, çatışmayan miqdarda malın verilməsini tələb etmək və ya verilmiş əşyadan və onu ödəməkdən imtina etmək, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək (3.3.1) və Müqavilənin tələblərinə uyğun gələn malları qəbul etmək (3.3.1) – Alıcının hüquqları kimi müəyyən edilmişdir. Həmin Müqavilənin 3.4.1-ci bəndinə əsasən, müqavilənin tələblərinə cavab verən Malları qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini vaxtında ödəmək Alıcının vəzifəsidir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, əgər Alıcı və ya Satıcı müqavilədən heç bir səbəb olmadan imtina edərsə, müqavilə dəyərinin 30%-i həcmində cərimə ödəyir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Satıcı Müqaviləyə uyğun olaraq Alıcı tərəfindən bu Müqavilənin 2.2-ci bəndinə əsasən hər bir ödəniş həyata keçirildikdən sonra 30 (otuz) gün ərzində gündəlik minimum 1000 m3-dən az olmamaqla Malı Alıcıya təhvil verməlidir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, satıcı Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, mal son tədarük məntəqəsinə təhvil verilərkən, mal tərəzidə çəkiləndə Satıcının nümayəndəsinin iştirakı təmin olunur. Alıcı rəsmi tərəzi qaimələrini Mallar təqdim edildikdən sonra Satıcıya təqdim edir və təqdim edilən Malların həcmini təsdiq edən sənəd bu tərəzi qaimələri hesab edilir. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. İş materiallarında olan 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alqı-Satqı Müqaviləsi əsasında satıcı Cavabdeh Firması ilə alıcı İddiaçı2 arasında imzalanmış 1 saylı Əlavə ilə müəyyən olunur ki, Satıcı hər tonu 3,07 manatdan olmaqla cəmi 478920 manat dəyərində 156000 ton miqdarında bərk dağ suxurunu Alıcıya satmalı, Alıcı isə öz növbəsində həmin alqı-satqı üzrə 478920 manat məbləğində almış olduğu malın dəyəri və 86205,60 manat məbləğində ƏDV olmaqla, ümumilkdə cəmi 565125,60 manat məbləğində pul vəsaitini Satıcıya ödəməlidir. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli EBAD 596049 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, 001/19 №-li hesab-faktura üzrə satıcı Cavabdeh Firması tərəfindən alıcı İddiaçı2nə hər tonu 3,07 manat olmaqla, cəmi 46800 ton miqdarında dağ suxurunun dəyəri olaraq cəmi 143676 manat və ƏDV olaraq 25861,68 manat olmaqla, ümumilikdə ƏDV daxil cəmi 169537,68 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, sifarişçi İddiaçı2 MMC ilə podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 1733- A.Bay-001 nömrəli Podrat Müqaviləsi və həmin Müqavilə üzrə imzalanmış 18 noyabr 2019-сu il tarixli 1 saylı Əlavəyə əsasən Podratçı cəmi 60000 ton miqdarında bərk dağ suxurunun-daşların qırılmasını, Sifarişçi isə bununla əlaqədar Podratçıya 180000 manat görüləcək həmin işin dəyəri və 32400 manat ƏDV olmaqla, ümumilikdə cəmi 212400 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən Cavabdeh Firmasına ünvanlanmış 13 iyul 2021-ci il tarixli 18/270 nömrəli məktubda və həmin məktuba əlavə edilmiş “Qələndərtəpə” dolomit yatağında istismar olunmuş xammalın hesablanması haqqında Arayışda göstərilir ki, 21 iyun 2021-ci il və 25 iyun 2021-ci il tarixlərində Xidmətin mütəxəssisləri və "xxxx" MMC-nin direktoru Ali Bayram ilə birlikdə “Qələndərtəpə” dolomit yatağına mütəxəssis baxışı keçirilmiş, ərazidə doğrayıcı dəyirmandan sonra və ondan əvvəl hazırlanmış xammal ehtiyatlarının həcmi ayrı-ayrılıqda ölçmələr aparmaqla hesablanmışdır. Hesablanan dolomit xammalının qlonimetrik parametrlərinin ekstropolyasiya üsulu ilə icra edilmişdir. Əraziyə baxış keçirilən zaman Cavabdeh MMC-yə məxsus olan emal sahəsində iki çeşitdə doğranmış dolomit qırıntıları müşahidə olunmuşdur. 1-ci çeşid, içərisində orta dənəli qum qarışığı olan, qronometrik tərkibi 2-4 sm ölçüsündə, doğranmış dolomit qırıntıları emal sahəsində 4 hissədə toplanmışdır. 2-ci çeşid, qronometrik tərkibi 3-7 sm ölçüsündə doğranmış dolomit qırıntıları. İçərsində orta dənəli qum qarışığı olan 2-4 sm ölçüsündə dolomit qarışığının həcmi aşağdakı kimidir: 1ci çeşid: 1. Orta uzunluq 25m, orta eni 9m, dərinliyi 20m; 25m x 9m =225m2 x 20m =4500m3. 2. Orta uzunluq 26m, orta eni 6m, dərinliyi 22m; 26m x 6m =156m2 x 22m =3432m3. 3. Orta uzunluq 26m, orta eni 6m, dərinliyi 17m; 26m x 6m =156m2 x 17m = 2652m3. 4. Orta uzunluq 8m, orta eni 4m, orta dərinliyi 5m; 8m x 4m =32m2 x 5m =160m3; 2-ci çeşid: Orta uzunluq 30m, orta eni 27m, dərinliyi 8m; 30m x 27m =810m2 x 8m =6480m3. Beləliklə, sahədə ümumilikdə 17224 m3 həcmində doğranılmış dolomit suxurları müşahidə olunur. Sahədə doğranmamış, doğranması üçün yığılan dolomit qarışığının həcmi isə 9044m3–dir: orta uzunluğu 38m, orta eni 34m, orta qalınlığı 7m; 38 m x 34 m =1292 m2 x 7 m = 9044 m3. Məhkəmə araşdırması zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə nəzərdə tutulan işlərin görülməsi üçün satıcı Cavabdeh Firması və alıcı İddiaçı2 tərəfindən qarşılıqlı olaraq müəyyən hərəkətlər edilmişdir. Belə ki, həmin Müqavilə və Müqavilə əsasında imzalanmış 1 saylı Əlavənin şərtlərinə uyğun olaraq cəmi 478920 (ƏDV xaric) manat dəyərində 156000 ton bərk dağ suxurunun alqı-satqısı ilə əlaqədar ödənilməli olan ümumi pul vəsaitinin ilkin olaraq alınacaq 46800 ton həcmində malın verilməsi üçün ümumi sifariş olunan malın dəyərinin 30% ilkin avans ödənişi olaraq 143676 manat və 25861,68 manat ƏDV olmaqla, ümumilikdə ƏDV daxil cəmi 169537,68 manat məbləğində pul vəsaiti alıcı İddiaçı2 MMC tərəfindən satıcı Cavabdeh Firmasına ödənilmişdir (Müqavilənin 2.2.1-ci bəndinə əsasən). Satıcı Cavabdeh Firması tərəfindən isə Abşeron rayonu ərazisində yerləşən “Qələndərtəpə” dolomit yatağında müvafiq üsullarla əldə edilən bərk dağ suxuru (daşlar) qırılması üçün sifarişçi İddiaçı2 MMC ilə bağlanmış 18 noyabr 2019-cu il tarixli 1733-A.Bay-001 nömrəli Podrat Müqaviləsində nəzərdə tutulan daşın qırılması işlərini görən podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müvafiq avadanlıqların yerləşdiyi əraziyə daşınmışdır. Lakin, satıcı Cavabdeh Firması ilə alıcı İddiaçı2 MMC arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alqı- Satqı Müqaviləsində nəzərdə tutulan öhdəliklər həmin müqavilə iştirakçıları olan Satıcı və Alıcı tərəfindən sonadək icra olunmayaraq, həmin tərəflər arasında müqavilə öhdəliklərinin icrası ilə bağlı mübahisə yaranmış və həmin mübahisə üzrə hər bir tərəf digər tərəfi müqavilə öhdəliklərini müqavilə şərtlərinə uyğun yerinə yetirməməkdə və müqavilə şərtlərini pozmaqda təqsirləndirmişdir. Ancaq məhkəmə araşdırması zamanı həmin tərəflər Müqavilə şərtləri ilə nəzərdə tutulan qaydada işlərin görülməsini və malların təhvil verilməsini təsdiq edən rəsmi sənədləri, yəni müqavilə öhdəliklərinin məlum Müqavilədə müəyyən edilmiş qaydada yerinə yetirilməsini təsdiq edən və mötəbər sübut kimi qiymətləndirilməsi mümkün olan rəsmi sənədləri məhkəməyə təqdim etməmişlər. Bununla belə, işin konkret halları ilə müəyyən olunur ki, alıcı İddiaçı2 MMC tərəfindən satıcı Cavabdeh Firmasına 46800 ton həcmində malın verilməsi üçün məlum Müqavilənin 2.2.1ci bəndinin tələblərinə uyğun olaraq 143676 manat məbləğində pul vəsaiti (ƏDV xaric) ödənilmiş olsa da, həmin ödəniş üzrə nəzərdə tutulan mal həmin Müqavilənin 4.1-ci bəndinin tələblərinə uyğun olaraq məlum ödəniş həyata keçirildikdən sonra 30 gün ərzində yuxarıda qeyd olunan pul vəsaitinə görə Alıcıya hər hansı bir miqdarda mal təhvil verilməmişdir. Lakin, alıcı İddiaçı2 MMC-nin etirafına görə Müqavilədə qeyd olunan pul ödənişindən hesablanan 30 günlük icra müddəti başa çatdıqdan sonra satıcı Cavabdeh Firması tərəfindən 2020-ci ilin mart ayından iyun ayınadək olan müddətdə təhvil verilən cəmi 13369,2 ton həcmində (41043,44 manat dəyərində) mal qəbul edilmişdir. Yəni, mal müqavilədə nəzərdə tutulan müddətdə təhvil verilmədikdə, Alıcı ödəmiş olduğu pul vəsaitini tələb etməmiş və müqavilə öhdəliyi üzrə gecikdirilmiş icranı faktiki olaraq qəbul etmişdir. Lakin, gecikdirilmiş icra üzrə 13369,2 ton həcmində malı qəbul etdikdən sonra sonra Alıcı Satıcı tərəfindən tədarük edilərək daşqırıcı avadanlıqların yerləşdiyi əraziyə daşınmış malların qalan hissəsini qəbul etməkdən birtərəfli qaydada imtina etmiş və ilkin ödəniş olaraq ödəmiş olduğu pulun qalan hissəsini Satıcıdan geri tələb etmişdir. Satıcı isə ilkin ödənişə görə təhvil verməli olduğu 46800 ton maldan da daha artıq miqdarda malın qırıcı avadanlığın yerləşdiyi yerə daşındığına əsaslanaraq, malın qəbul edilməməsində Alıcının özünü təqsirləndirərək, ilkin olaraq ödənilmiş məlum məbləğin tələb olunan hissəsini qaytarmaqdan imtina etmişdir. Alıcı tərəf isə malın qırıcı avadanlığın yerləşdiyi ərazidə olub-olmamasını mübahisələndirməyərək, malları Müqavilə şərtlərində nəzərdə tutulan vaxtda təhvil verməməklə, Satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğuna görə icra edilməyən hissəsində ilkin ödənişin qalığının qaytarılmalı olduğunu bildirmiş və bununla əlaqədar köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğinin qalan 18473,77 manat hissəsinin, 30000 manat məbləğində dəymiş maddi ziyanın və 169537,68 manat məbləğində cərimənin Cavabdeh Firmasından İddiaçı2 MMC-nin xeyrinə tutulması barədə iddia tələbini müdafiə etmişdir. Satıcı Cavabdeh Firması isə elə həmin Müqavilənin şərtlərinin alıcı İddiaçı2 MMC tərəfindən pozulduğunu qeyd edərək, satıcı Cavabdeh Firmasının xeyrinə müqavilədən irəli gələn 25861,68 manat ƏDV daxil olmaqla 169537,68 manat məbləğində cərimənin və Alıcı ilə bağlanmış Podrat Müqaviləsinə əsasən podratçı "xxxx" MMC-nə məxsus daş qırıcı avadanlıqların yerləşdiyi əraziyə daşınaraq müəyyən hissəsi qırılmış və müəyyən hissəsi isə qırılmamış olan alqı-satqının predmeti olan bərk dağ suxurunun real miqdarına görə hesablanan əsassız varlanma kimi 81179 manat məbləğində pulun alıcı İddiaçı2 MMC-dən tutulmasını tələb etmişdir. Göründüyü kimi, hər iki tərəf öz tələbini məlum Müqavilənin şərtlərinin pozulması ilə əsaslandırmışdır. Buna görə də, iddianın və qarşılıqlı iddianın əsaslılığının müəyyən edilməsi baxımından ilk növbədə məlum Müqavilədə alqı-satqının xüsusatları və qaydaları üzrə nəzərdə tutulan şərtlərin Satıcı və Alıcı tərəfindən icra edilməsi vəziyyəti nəzərdən keçirilməlidir: - 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alqı-Satqı Müqaviləsinin 2.2.1-ci bəndinin tələblərinə görə Alıcı sifariş olunan malın dəyərinin 30% həcmində ilkin avans ödənişini Müqavilə imzalandığı gündən 10 gün ərzində Satıcının təqdim etdiyi hesab əsasında bank köçürməsi ilə həyata keçirir. Ödənilmiş avans dəyərində mallar təhvil verildikdən sonra Alıcı növbəti 30% ödənişi həyata keçirir. Həmin şərt üzrə Alıcı tərəfindən 2019-cu ilin dekabr ayında 478920 manat məbləğində müqavilə qiymətinin 30 % olan 143676 manat hissəsi (ƏDV xaric) Satıcının hesabına ödənmişdir. Lakin, həmin vəsait üzrə Müqavilədə nəzərdə tutulan 30 gün müddətində sifariş olunan mal təhvil verilməsə də, sonradan həmin vəsaitə görə Satıcı tərəfindən müəyyən miqdarda mal verilmiş və Alıcı bu gecikdirilmiş icranı qəbul edərək verilən malı (malların təhvil verilməsinin sənədləşdirmə qaydasını nəzərdə tutan müqavilə şərtlərinə uyğun tərtib edilmiş sənədlər olmasa da, Alıcı həmin miqdarda malı 2020-ci ilin mart ayından iyun ayınadək təhvil aldığını etiraf etmişdir) qəbul etsə də, daha sonra malın tədarük edilmiş qalan hissəsini gecikdirilmə səbəbindən qəbul etməkdən imtina etmişdir; - Məlum Müqavilənin 4.1-ci bəndinin tələblərinə görə Satıcı Müqaviləyə uyğun olaraq Alıcı tərəfindən bu Müqavilənin 2.2-ci bəndinə əsasən hər bir ödəniş həyata keçirildikdən sonra 30 gün ərzində gündəlik minimum 1000 m3-dən az olmamaqla Malı Alıcıya təhvil verməli, həmin Müqavilənin 4.3-cü bəndinə əsasən satıcı Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməli və eləcə də, həmin Müqavilənin 4.4-cü bəndinin tələblərinə görə mal son tədarük məntəqəsinə təhvil verilərkən, mal tərəzidə çəkiləndə Satıcının nümayəndəsinin iştirakı təmin olunur, Alıcı rəsmi tərəzi qaimələrini Mallar təqdim edildikdən sonra Satıcıya təqdim edir və təqdim edilən Malların həcmini təsdiq edən sənəd bu tərəzi qaimələri hesab edilir. Lakin, məhkəmə araşdırması zamanı qeyd olunan həmin Müqavilə şərtlərini nəzərdə tutulan qaydada yerinə yetirilməsini təsdiq edən və mötəbər sübut kimi qiymətləndirilə bilən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Qeyd etmək lazımdır ki, Alıcı tərəfindən məhkəməyə 13369,2 ton həcmində malın qəbul edilməsini təsdiq edən tərəzi sənədləri təqdim olunsa da, həmin sənədlərlə qeyd olunan miqdarda malın tərəzidə çəkilərək qəbul edilməsində Satıcının nümayəndəsinin iştirakının təmin olunması müəyyən olunmur. Halbuki, Müqavilənin 4.4-cü bəndində nəzərdə tutulan müqavilə şərtinə görə mal tərəzidə çəkiləndə Satıcının nümayəndəsinin iştirakı təmin olunmalı və təqdim edilən Malların həcmini təsdiq edən sənəd tərəzi qaimələridir; - Məlum Müqavilənin 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü bəndlərinin tələblərinə görə Satıcı ilkin ödənilmiş 30%-lik avans dəyərində malları təhvil verdikdən sonra Alıcı növbəti 30% ödənişi həyata keçirir və ikinci tranş üzrə ödənilmiş məbləğə görə 100% dəyərində mal verildikdən sonra Alıcı üçüncü tranşla müqavilə dəyərinin 30%-ni ödəyir. Bundan sonra isə Müqavilədə göstərilən ümumi həcmdə mal təhvil verildikdən sonra 10 iş günü ərzində qalan 10%-i də Alıcı Satıcıya ödəməlidir. Göründüyü kimi, Müqavilə üzrə pul vəsaiti Alıcı tərəfindən 30 % - 30 % - 30 % - 10 % olmaqla ayrı-ayrılıqda ödənilir və hər bir tranş üzrə nəzərdə tutulan miqdarda mal təhvil verildikdən sonra edilən müvafiq ödəniş üzrə növbəti mal tədarük edilərək Alıcıya verilir. Bu halda isə birinci tranş üzrə, yəni ilkin avans olaraq ödənilmiş pul müqabilində mallar təhvil alınmadan, növbəti tranş üzrə qəbul edilməyən malların hazırlanmasına görə Alıcı tərəf heç bir məsuliyyət daşıya bilməz. Eyni zamanda, həmin mallar müvafiq qaydada Alıcının mülkiyyətinə, yəni sahibliyinə, istifadəsinə və yaxud sərəncamına verilmirsə, bunun üçün də Alıcı hər hansı bir pul öhdəliyi daşımamalıdır. Beləliklə də, bu qeyd olunanlara əsasən müəyyən olunur ki, satıcı Cavabdeh Firması ilkin avans ödənişinə görə tədarük etdiyi malları Alıcıya təhvil vermədən, Müqavilə şərtlərindən kənara çıxararq artıq miqdarda mal tədarük edirsə və bu malı Alıcı qəbul etmirsə, qarşılıqlı iddia tələbində tələb olunan 81179 manat dəyərində mala görə alıcı İddiaçı2 MMC-nin hər hansı bir məsuliyyəti, o cümlədən də əsassız varlanmaya görə məsuliyyəti yarana bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, Satıcı və Alıcı alqı-satqı prosesinin məlum Müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirilməsi və rəsmiləşdirilməsi üçün müəyyən edilmiş əhəmiyyətli müqavilə şərtlərini yerinə yetirməmiş və onlar müqavilə tərəfləri olaraq məlum Müqavilədə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi və icra olunması prosesində birlikdə hərəkət etməmişlər. Müqavilə şərtlərinin yerinə yetirilməməsi isə hər bir tərəfin özünəməxsus müvafiq hərəkətləri lazımi qaydada icra etməməsi nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə əsasən, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən olunur ki, 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı Cavabdeh Firması və alıcı İddiaçı2 MMC müavilədə nəzərdə tutulan hüquq və vəzifələrini müvafiq qaydada yerinə yetirməyərək, qarşılıqlı olaraq öhdəliklərini də müqavilə ilə müəyyən edilmiş lazımi həddə icra etməmiş və bununla da, hər iki tərəf müqavilə şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, satıcı Cavabdeh Firması ilə alıcı İddiaçı2 MMC arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə əsasında tərtib edilərək imzalanmış 1 saylı Əlavədə nəzərdə tutulan malların satılması üçün müəyyən edilmiş müqavilə şərtləri hər iki tərəfin hərəkətləri nəticəsində lazımi qaydada icra edilməməsi səbəbindən yaranan vəziyyətdə tərəflərin bir-birlərinə qarşı vermiş olduqları iddia və qarşılıqlı iddia tələblərinin əsaslılığı, yəni “Cavabdeh Firmasından köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğinin qalan 18473,77 manat hissəsinin, 30000 manat məbləğində dəymiş maddi ziyanın və 169537,68 manat məbləğində cərimənin alınaraq İddiaçı2 MMC-nə ödənilməsi” barədə ilkin iddia tələbinin və eləcə də, “qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-dən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firmasının xeyrinə müqavilədən irəli gələn 25861,68 manat ƏDV daxil olmaqla 169537,68 manat məbləğində cərimənin və əsassız varlanmaya görə ƏDV daxil olmadan 81179 manat məbləğində pulun tutulması” barədə qarşılıqlı iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı müəyyən olunmamış və sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə İddiaçı2 MMC tərəfindən Cavabdeh Firmasına qarşı verilmiş "borcun tutulması" barədə iddia tələbi, yəni “Cavabdeh Firmasından köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğinin qalan 18473,77 manat hissəsinin, 30000 manat məbləğində dəymiş maddi ziyanın və 169537,68 manat məbləğində cərimənin alınaraq İddiaçı2nə ödənilməsi” barədə ilkin iddia tələbi, eyni zamanda Cavabdeh Firması tərəfindən İddiaçı2 MMC-yə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia tələbi, yəni “qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2ndən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firmasının xeyrinə müqavilədən irəli gələn 25861,68 manat ƏDV daxil olmaqla 169537,68 manat məbləğində cərimənin və əsassız varlanmaya görə ƏDV daxil olmadan 81179 manat məbləğində pulun tutulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Eləcə də, iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilmədiyinə görə iddia tələbi üzrə məhkəmə xərcləri İddiaçı2nə, qarşılıqlı iddia tələbi üzrə məhkəmə xərcləri isə Cavabdeh Firmasına aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 tərəfindən Cavabdeh Firmasına qarşı verilmiş "borcun tutulması" barədə iddia tələbi təmin edilməsin. İddia tələbi üzrə məhkəmə xərcləri İddiaçı2nə aid edilsin. Cavabdeh Firması tərəfindən İddiaçı2nə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə məhkəmə xərcləri Cavabdeh Firmasına aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar