Məhkəmə qərarları › İş №2-2(119)-552/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-552/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-552/2021 06.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair idda ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdeh “Qara-çay” şirkətindən 110,014.05 manat məbləğində əsas borcun, 22,000 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, podratçı “Qara-çay” fərdi şirkəti ilə Subpodratçı İddiaçı MMC arasında 06 fevral 2018-ci il tarixli QAR 06/02.2018 saylı və 27 fevral 2018-ci il tarixli, QAR 17/02.2018 saylı “Podratçının Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalının yeni tikilən 9 mərtəbəli binasının dairəvi fasadının təsdiqlənmiş dizayn üzrə aqlay daşlarla üzlənməsi və karnizlərlə bəzədilməsi” barədə Subpodrat müqavilələri bağlanmışdır. Podratçı ilə bağlanmış 06.02.2018-ci il tarixli subpodrat müqaviləsində podratçının görülmüş işlərin dəyərini subpodratçıya ilkin avansla və hissə-hissə ödəməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında razılaşdırılmış həmin müqaviləyə “görülməli işlərin həcminə və qiymətlərin razılaşdırılmasına dair” əlavə ilə müəyyən edilmişdir ki, işlərin ümumi dəyəri ƏDV xaric -27 növ iş üzrə cəmi 244,666.00 manat təşkil edir. Həmçinin 27.02.2018-ci il tarixli subpodrat müqaviləsində də podratçının görülmüş işlərin dəyərini subpodratçıya ilkin avansla və hissə-hissə ödəməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə “görülməli işlərin həcminə və qiymətlərin razılaşdırılmasına dair” əlavə ilə müəyyən edilmişdir ki, işlərin ümumi dəyəri ƏDV xaric -3 növ iş üzrə cəmi 33,394.00 manat təşkiledir. Həmin müqavilələrin 2.1.1-ci bəndlərində subpodratçının təqdim etdiyi hesab-faktura əsasında və həmin müqavilənin şətlərinə müvafiq olaraq forma - 2 (təmir-tikinti işlərinin qəbulu aktı) arayışları ilə podratçıya təhvil verildikdən sonra onun tərəfindən 5 bank günü müddətində görülmüş işlərin dəyərinin İddiaçı MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilələr qüvvəyə mindikdən sonra hal-hazıradək hər iki müqavilə üzrə 2019-cu ilin dekabr ayına qədər subpodratçı tərəfindən müqavilələrnin şətlərinə müvafiq olaraq və “Qara-çay” fərdi şirkəti ilə əlavə razılşmaya əsasən 303,308.18 manat məbləğində pulun dəyərində aqlay işlərinin görüldüyü barədə forma - 2 (təmir-tikinti işlərinin qəbulu aktı) arayışları və hesab-fakturalar podratçıya təhvil verilmişdir. Təəssüf ki, “Qara-çay” fərdi şirkəti müqavilələrin şərtlərini pozaraq həmin müqavilər üzrə subpodratçı tərəfindən bütün işlərin vaxtında görülüb təhvil verilməsinə baxmayaraq, podratçı şirkət ona 303,308.18 manat məbləğində pul ödəməli olduğu halda onun yalnız 222,102.01 manatını ödəmişdir. Beləliklə, Podratçı “Qara-çay” fərdi şirkəti ilə Subpodratçı İddiaçı MMC arasında 06 fevral 2018-ci il tarixli QAR 06.02.2018 saylı və 27 fevral 2018-ci il tarixli, QAR 27.02.2018 saylı Subpodrat müqavilələrinə əsasən “Qara-çay” fərdi şirkətinin İddiaçı MMC – yə 81,206.00 manat məbləğində borcu qalmışdır. Bundan başqa podratçı “Qara-çay” fərdi şirkəti ilə subpodratçı İddiaçı MMC arasında 13 mart 2019-cu il tarixli QAR 06/03- 2019 saylı “Podratçının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının yeni tikilən korpusunun binasında aqlay daşları ilə işlərin görülməsi” barədə subpodrat müqaviləsi bağlanmışdır. Podratçı ilə iddiaçı arasında bağlanmış 13.03.2019-cu il tarixli subpodrat müqaviləsində də podratçının görülmüş işlərin dəyərini subpodratçıya ilkin avansla və hissə-hissə ödəməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında razılaşdırılmış həmin müqaviləyə “görülməli işlərin həcminə və qiymətlərin razılaşdırılmasına dair” 1 nömrəli əlavə ilə müəyyən edilmişdir ki, işlərin ümumi dəyəri ƏDV xaric -12 növ iş üzrə cəmi 144,701.65.00 manat təşkil edir. Həmin müqavilənin 2.1.1ci bəndində də Subpodratçının təqdim etdiyi hesab-faktura əsasında və həmin müqavilənin şətlərinə müvafiq olaraq forma - 2 (təmir-tikinti işlərinin qəbulu aktı) aryışları ilə Podratçıya təhvil verildikdən sonra onun tərəfindən 5 bank günü müddətində görülmüş işlərin dəyərinin İddiaçı MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə qüvvəyə mindikdən sonra hal-hazıradək müqavilə üzrə 2019-cu ilin oktyabr ayına qədər subpodratçı tərəfindən müqavilənin şətlərinə müvafiq olaraq 144,701.65.00 manat məbləğində pulun dəyərində işlərin görüldüyü barədə Forma - 2 (təmir-tikinti işlərinin qəbulu aktı) arayışları və hesab-fakturalar Podratçıya təhvil verilmişdir. “Qara-çay” fərdi şirkəti müqavilənin şərtlərini pozaraq həmin müqavilər üzrə subpodratçı tərəfindən bütün işlərin vaxtında görülüb təhvil verilməsinə baxmayaraq, podratçı şirkət ona 144,701.65 manat məbləğində pul ödəməli olduğu halda onun yalnız 115,767.61 manatını ödəmişdir. 13.03.2019-cu il tarixli subpodrat müqaviləsinə əsasən “Qara-çay” fərdi şirkətinin İddiaçı MMC – yə 28,934.05 manat məbləğində borcu qalmışdır. Müqavilələrin 2.1.1-ci bəndlərində subpodratçının təqdim etdiyi hesab-faktura əsasında və həmin müqavilənin şərtlərinə müvafiq olaraq forma - 2 (təmir-tikinti işlərinin qəbulu aktı) arayışları ilə işlər Podratçıya təhvil verildikdən sonra onun tərəfindən 5 bank günü müddətində görülmüş işlərin dəyərinin İddiaçı MMC-yə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Beləliklə “Qara-çay” fərdi şirkətinin 06.02.2018-ci il tarixli və 27.02.2018-ci il tarixli “Podratçının Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalının yeni tikilən 9 mərtəbəli binasının dairəvi fasadının təsdiqlənmiş dizayn üzrə aqlay daşlarla üzlənməsi və karnizlərlə bəzədilməsi” barədə subpodrat müqavilələri üzrə 81,206.00 manat məbləğində, 13.03.2019-cu il tarixli “Podratçının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının yeni tikilən korpusunun binasında aqlay daşları ilə işlərin görülməsi” barədə Subpodrat müqaviləsi üzrə 28,934.05 manat məbləğində - cəmi 81,206.00 manat+28,934.05 manat=110.014.05 manat borcu qalmışdır. Cavabdeh ilə bağlanmış müqavilələrin şətlərinə müvafiq olaraq görülmüş işlər Forma - 2 (təmir-tikinti işlərinin qəbulu aktı) aktları ilə podratçıya təhvil verilmiş və 01 iyun 2020-ci il tarixdə həmin borcların qarşılıqlı üzləşdirilməsinə dair “Qara-çay” fərdi şirkəti ilə akt tərtib edilmişdir. Borcun qaytarılması ilə bağlı podratçı ilə aparılmış çoxsaylı danışıqlar nəticə vermədiyinə görə ona pretenziya məktubu göndərildiyinə baxmayaraq “Qara-çay” fərdi şirkətindən borcun qısa müddət ərzində ödəniləcyi bildirsə də, borc qaytarmamış və Müqavilənin şərtləri pozulmuşdur. Bundan başqa “Qara-çay” fərdi şirkəti tərəfindənmüqavilə ilə müəyyənləşdirilən, öhdəlik lazımınca icra edilmədiyinə görə həmin şirkətdən iddiaçının xeyrinə 110.014,05 manat borcun iyirmin faizi miqdarında, yəni 22,000 manat məbləğində dəbbə pulu da tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Səmədov təmsil etdiyi hüquqi şəxsin iddiaçıya 110.014,05 manat məbləğində olan borcu etiraf etdiyini bilidirərək bu barədə “Qara-çay” fərdi şirkətinin direktoru tərəfindən imzalanmış ərizəni məhkəməyə təqdim etmiş, borcun ödənilməməsinin cavabdehin maliyyə vəziyyətinin çətinliyindən irəli gəldiyini, yerinə yetirilmiş dövlət sifarişlərinə görə yaxın zamanlarda dövlət büdcəsindən müvafiq vəsait köçürüldükdən sonra həmin borcun ödəniləcəyini bildirmiş, iddia tələbinin 22000 manat məbləğində dəbbə puluna dair hissədə isə təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarında olan “Podratçı” “Qara-çay” fərdi şirkəti ilə “Subpodratçı” İddiaçı MMC arasında bağlanmış 06.02.2018-ci il tarixli №QAR-06/02-2018 saylı subpodrat müqaviləsinə əsasən ümumi dəyəri 27 növ iş üzrə cəmi 244666 manat (ƏDV xaric) təşkil edən “Subpodratçı” bu müqaviləyə əlavə ilə müəyyən edilmiş “Podratçı”nın Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən AR DSX-nin Hərbi Hospitalının yeni tikilən 9 mərtəbəli binasının dairəvi fasadını təsdiqlənmiş dizayn üzrə aqlay daşlarla üzləməsi, “Podratçı” isə görülmüş işlərin dəyərini “Subpodratçı”ya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürür. Bundan əlavə, “Podratçı” “Qara-çay” fərdi şirkəti ilə “Subpodratçı” İddiaçı MMC arasında bağlanmış 27.02.2018-ci il tarixli №QAR-17/02-2018 saylı subpodrat müqaviləsinə əsasən ümumi dəyəri 3 növ iş üzrə cəmi 33394 manat (ƏDV xaric) manat təşkil edən “Subpodratçı” bu müqaviləyə əlavə ilə müəyyən edilmiş “Podratçı”nın Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən AR DSX-nin Hərbi Hospitalının yeni tikilən 9 mərtəbəli binasının dairəvi fasadını təsdiqlənmiş dizayn üzrə aqlay daşlarla üzləməsi və karnizlərlə bəzənməsi, “Podratçı” isə görülmüş işlərin dəyərini “Subpodratçı”ya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürür. Daha sonra tərəflər arasında bağlaılmış 1303.2019-cu il tarixli subpodrat müqaviləsindən görünür ki, həmin müqavilə podratçının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının yeni tikilən korpusunun binasında aqlay daşları ilə işlərin görülməsi barədə bağlanılmış və podratçının görülmüş işlərin dəyərini subpodratçıya ilkin avansla və hissə-hissə ödəməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında razılaşdırılmış həmin müqaviləyə “görülməli işlərin həcminə və qiymətlərin razılaşdırılmasına dair” 1 nömrəli əlavə ilə müəyyən edilmişdir ki, işlərin ümumi dəyəri ƏDV xaric -12 növ iş üzrə cəmi 144,701.65.00 manat təşkil edir. Hər üç müqavilənin 2.1-ci bəndinə əsasən “Subpodratçı” təqdim etdiyi hesab-faktura əsasında bu müqavilənin şərtlərinə müvafiq işlərin tam icra edilib layihəyə və texniki şərtlərə uyğun “Podratçı”ya işlərin ümumi dəyərini 5 (beş) bank günü müddətində, görülmüş işlərin dəyərini “Subpodratçı”ya ödəyir. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən “Subpodratçı” bu müqavlədə nəzərdə tutulan işləri vaxtında icra edib təhvil verməzsə “Podratçı”ya müqavilənin dəyərinin 10 faizi qədər dəbbə pulu ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 01.06.2021-ci il tarixli 011 nömrəli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının yeni tikilən 9 mərtəbəli binasının dairəvi fasadının təsdiqlənmiş dizayn üzrə aqlay daşlarla üzlənməsi və karnizlə bəzədilməsi işləri üzrə ümumi dəyəri 303308.18 manat olan yerinə yetirilmiş işlərə görə 222102,01 manat pul vəsaiti ödənilmiş, qalıq borc kimi 81206.17 manat pul vəsaiti qalmışdır. Həmçinin, Azərbaycan Respublikası Dövlət sərhəd Xidmətinin Akademiyasının yeni tikilən korpusunun binasında aqlay daşları ilə işlərin görülməsi üzrə 144701.65 manat olan yerinə yetirilmiş işlərə görə 115767.61 manat pul vəsaiti ödənilmiş qalıq borc kimi 28934.05 manat pul vəsaiti qalmışdır. İddiaçı tərəfindən yuxarıda qeyd edilən subpodrat müqavilələri üzrə görülmüş işlərə dair müxtəlif təsdiqedici sənədlər, habelə cavabdehin baş mühasibi tərəfindən imzalanmış borcların qarşılıqlı üzləşdirilməsinə dair 01.06.2020-ci il tarixli akt yazılı sübut kimi məhkəməyə təqdim edilmiş, cavabdehin nümayəndəsi qeyd edilən sübutların mötəbərliyini mübahisələndirməmişdir. Əksinə, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 31.05.2021-ci il tarixli “Qaraçay” fərdi şirkətinin direktoru F.Əmircanov tərəfindən imzalanmış məktubda “Qara-çay” fərdi şirkəti ilə İddiaçı MMC arasında bağlanmış subpodrat müqavilələri üzrə 81206,17 manat və 28934,05 manat borcu qaldığı, borcun ödənilməməsinin maliyyə vəziyyətinin çətinliyindən irəli gəldiyi, hazırda şirkətin maliyyə durumunun qənaətbəxş olmadığı, bu barədə iddiaçıya dəfələrlə məlumat verildiyi göstərilmiş, nəzərə alınması xahiş olunmuşdur. Mülki Məcəlinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Eyni zamanda Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin yuxarıda qeyd edilən hallarına və istinad edilən normanın tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı subpodrat müqavilələri üzrə cəmi 110.014,05 (yüz on min on dörd manat 05 qəpik) manat əsas borcunun olması iş materialları ilə sübuta yetirildiyindən və cavabdeh iddianı həmin hissədə etiraf edtdiyindən iddia qeyd edilən hissədə təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın 22.000 manat məbləğində dəbbə pulun tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla həmin məbləğ azaldılaraq Cavabdehndən cəmi 1000 (min) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edilən dəbbə pulu məbləğini müəyyənləşdirərkən işin hallarını, cavabdehin müvafiq müqavilələr üzrə görülmüş işlərin dəyərinin əhəmiyyətli hissəsini ödəməsini, habelə hazırda maliyyə vəziyyətinin çətinləşməsi səbəbəbindən borcun qalan məbləğinin ödənilməməsi barədə dəlillərini nəzərə alır. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehndən 110.014,05 (yüz on min on dörd manat 05 qəpik) manat əsas borc, 1000 (min) manat dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumulikdə 111044,05 (yüz on bir min qırx dörd manat 05 qəpik) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (ay) müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar