Məhkəmə qərarları › İş №2-2(119)-898/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-898/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-898/2023 16.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 26000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 6600 manat məbləğində olmaqla, cəmi 32600 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 188 manat pulun tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq “X1” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan icarə obyektinin 204,5 kv.m sahəsi cavabdehə icarəyə verilmişdir. Müqaviləyə görə icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 1100 (min yüz) manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən bankın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan icrarə obyektinin qalan 47,2 kv.m ərazisi cavabdehə icarəyə verilmişdir. Müqaviləyə görə icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 300 (üç yüz) manat müəyyən edilmişdir. İcarə müqavilələrinə əsasən “X1” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi cavabdehin tam istifadəsinə verilmişdir. Cavabdeh müqavilələrin şərtərini pozaraq ödənişləri lazımi qaydada icra etməmiş və öhdəliyi yerinə yetirmədiyi üçün “X1” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsini geri təhvil verməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər cəmi 26000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə isə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər cəmi 6600 manat məbləğində olmaqla, cəmi 32600 manat məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə müqavilə şərtlərinə uyğun olaraq 2 ay əvvəlcədən cavabdehə xəbərdarlıq edilmiş, öhdəliyin lazımı qaydada yerinə yetirilməməsi səbəbilə bankın müqaviləyə birtərəfli qaydada xitam verəcəyi və icarə obyektinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən tərəflər müqavilənin şərtlərinin pozulması və ya yerinə yetilrilməməsi nəticəsində bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “İcarəçi” icarə haqqını bu müqavilədə nəzərdə tutulmuş müddətə ödəmədikdə “İcarəyəverən” ödəmənin gecikdirildiyi hər gün üçün ödənilməsi gecikdirilən icarə haqqının 0,1 faizi miqdarında dəbbə pulunun ödənilməsini tələb edə bilər. Həmin müddəalar eynilə xx.xx.2019-cu il tarixli digər icarə müqaviləsində də öz əksini tapır. Zəngilan Rayon Məhkəməsinin 2(034)-488/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələri ləğv edilmiş, Cavabdeh ödənilməmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 26000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 6600 manat məbləğində olmaqla, cəmi 32600 manat məbləğində icarə haqqı və 188 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq “X1” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2023-cü il tarixli 2(105)-1122/2023 nömrəli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-488/2022 nömrəli 22 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 iyul 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edilərək “X1” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.m olan icrarə obyektinin Cavabdeh tərəfindən boşaldılması, “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh gecikdirilmiş 50800 manat icarə haqqının tutularaq “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 21 avqust 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edilərək “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 40300 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 10500 manat məbləğində olmaqla, cəmi 50800 manat məbləğində icarə haqqının, dövlət rüsumu kimi ödənilmiş 188 manat məbləğində və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun tutularaq “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251,7 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq “X1” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyəverən “X1” Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan icarə obyektinin 204,5 kv.m sahəsini icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndində görə hər təqvim ayı üçün icarə haqqının məbləği vergilər daxil omaqla, 1100 manat təşkil etmiş, hər təqvim ayı üçün icarə haqqının həmin ayın 5-dək köçürmə yolu ilə icarəyəverənə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251,7 kv.m ərazisi olan icarə obyektinin 47,2 kv.m sahəsini icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndində görə hər təqvim ayı üçün icarə haqqının məbləği vergilər daxil omaqla, 300 manat təşkil etmiş, hər təqvim ayı üçün icarə haqqı həmin ayın 5-dək köçürmə və ya nağd yolu ilə icarəyəverənə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi “X1” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 19228 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh ilə bağlanmış müqavilələr üzrə xx.xx.2021-ci ildə 1500 manat, xx.xx.2021-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə isə 5000 manat ödənişlər edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 16 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ümumilikdə 20200 manat, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ümumilikdə 3900 manat məbləğində ödənişlər etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 15 avqust 2023-cü il tarixli arayışından görünür ki, 15 avqust 2023-cü il tarixə Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 40300 manat, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 10500 manat olmaqla, icarə haqqı borcu cəmi 50800 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdalıqdan görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən cavabdehin öhdəliyi mövcuddur. Belə ki, cavabdeh bank ilə bağladığı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürməsinə baxmayaraq öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən icarə müqaviləsinə bank tərəfindən xitam verilməsi barədə xəbərdar edilmiş, buna müvafiq olaraq icarə obyektinin boşaldılması xahiş edilmiş, əks təqdirdə bankın müqaviləyə xitam verilməsi və icarə obyektinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdalıqdan görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən cavabdehin öhdəliyi mövcuddur. Belə ki, cavabdeh bank ilə bağladığı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürməsinə baxmayaraq öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən icarə müqaviləsinə bank tərəfindən xitam verilməsi barədə xəbərdar edilmiş, buna müvafiq olaraq icarə obyektinin boşaldılması xahiş edilmiş, əks təqdirdə bankın müqaviləyə xitam verilməsi və icarə obyektinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən dövlət büdəsinə 188 (yüz səksən səkkiz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh icarə müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdükləri öhdəliklərə tam əməl etməmiş və müqavilələrin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 701.2.4-ci maddəsinə əsasən icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İşin faktiki halları ilə təsdiq olunur ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, tərəflər arasında arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan icarə obyektinin 204.5 kv.m sahəsi icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 1100 manat müəyyən edilməklə, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən həmin icarə obyektinin qalan 47.2 kv.m ərazisi icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 300 manat müəyyən edilməklə cavabdehə icarəyə verilmişdir. Qeyd olunan icarə müqavilələrinə əsasən “X1” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi cavabdehin tam istifadəsinə verilmiş, cavabdeh tərəfindən mülkiyyətçiyə müəyyən məbləğlərdə aylıq pul vəsaitləri ödənilsə də, Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 40300 manat, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 10500 manat olmaqla, cəmi 50800 manat icarə haqqı borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 40300 manat və xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 10500 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi “iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq “X1” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi” hissəsində də tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələri ləğv edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 40300 manat və xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 10500 manat icarə haqqı borcu “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq “X1” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən dövlət büdəsinə ödənilmiş 188 (yüz səksən səkkiz) manat dövlət rüsumu da Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddia ərizəsinin verilməsi üçün hesablanmış 242,40 (iki yüz qırx iki manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 54,40 manat məbləğində (242,40 manat – 188 manat = 54,40 manat) pul vəsaiti dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələri ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 40300 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 10500 manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərci və 188 (yüz səksən səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 51393 (əlli bir min üç yüz doxsan üç) manat məbləğində pul vəsaiti “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq “X1” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Cavabdeh dövlət nəfinə 54,40 (əlli dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar