Məhkəmə qərarları › İş №2-2(121)-1004/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1004/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-1004/2021 28.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və.s tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 21.05.2019-cu il tarixində bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, ona vurulmuş 480.000 (dörd yüz səksən min) manat maddi ziyanın, 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumunun, 10.000 (on min) manat məbləğində mənəvi ziyanın, cəmi 490.030.40 (dörd yüz doxsan min otuz manat qırx qəpik) həcmində məbləğin ona ödənilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında 21.05.2019-cu il tarixində icarə müqaviləsi bağlanılmışdır. Müqaviləyə görə, ona məxsus ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 825.7 kv. m. olan qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. Həmin qeyri-yaşayış sahəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 25.05.2017-ci il tarixli, **********76-06301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətinə daxildir. Müqavilənin məzmununa görə, müqavilənin ümumi dəyəri aylıq 10.000 (on min) manat təşkil edir. Aylıq məbləğ 5 (beş) il müddətinə dəyişməz olaraq qalır, həmin müddət bitdikdən sonra isə həmin məbləğə yenidən baxıla bilər. Müqavilənin 5-ci maddəsinin tələbinə görə, tərəflərdən hansısa biri ilk 5 (beş) il müddətində icarə müqaviləsinin şərtlərini pozarsa, 3 (üç) illik icarə haqqını təzminat olaraq qarşı tərəfə ödəməyi öz öhdəsinə götürür. Cavabdeh müqavilənin şərtlərini birtərəfli qaydada pozaraq, aylıq icarə haqqını 1 (bir) il ərzində ödəməmişdir. Konkret olaraq, 01.02.2021-ci il tarixindən bugunkü tarixədək cavabdeh tərəfindən həmin icarə müqaviləsinin qeyd edilən şərti pozularaq hər hansı vəsait ödənilməmişdir. Qeyd edilən icarə müqaviləsinin 5-ci bəndinə əsasən, tərəflərdən hər hansı biri ilk 5 (beş) il müddətində icarə müqaviləsinin şərtini pozaraq ləğv edərsə, 3 (üç) illik icarə haqqını təzminat olaraq qarşı tərəfə ödəməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndinə əsasən isə, müqavilənin ləğv edilməsi tərəflərdən birinin 1 (bir) ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi qeyd edilmişdir. Nəticədə ona vurulan illik ziyanın həcmi aylıq 10.000 (on min) manat hesablanmaqla, illik 120.000 (bir yüz iyirmi min) manatdır. Müqavilə şərtlərinə əməl edilməzsə, 3 (üç) illik icarə haqqının birdəfəlik ödənilməsinə dair müqavilə tələbini rəhbər tutaraq, illik 120.000 (bir yüz iyirmi min) manat icarə haqqını 3 (üç) ilə vurmaqla, 360.000 (üç yüz altmış min) manat təzminat olmaqla, yekunda ona vurulan maddi ziyanın həcmi 480.000 (dörd yüz səksən min) manatdır. Həmçinin cavabdeh həmin qeyri-yaşayış sahəsini də boşaltmaqdan qərəzli olaraq boyun qaçırmaqdadır. Yuxarıda göstərilən arqumentləri ümumiləşdirsək, cavabdehin ödəməli olduğu ümumi məbləği aşağıdakı kimi əsaslandırmaq olar: Cavabdeh icarə müqaviləsi üzrə 2020-ci ilin fevral ayından bu günə kimi, yəni 1 (bir) il müddətində heç bir icarə haqqı ödəmədiyindən, aylıq 10000 (on min) manat olmaqla, 12 (on iki) ay üçün cəmi 120000 (bir yüz iyirmi min) manat icarə haqqı, eyni zamanda icarə müqaviləsinin 5-ci bəndinə əsasən, ilk 5 (beş) il müddətində icarə müqaviləsinin şərtləri pozulduğuna görə müqavilənin ləğv edilməsi ilə əlaqədar, 3 (üç) illik icarə haqqı olan 360000 (üç yüz altmış min) manat (3x12x10000) təzminat olmaqla, ümumilikdə 480000 (dörd yüz səksən min) manat vəsaiti ödəməlidir. Və həmin qeyriyaşayış sahəsini heç bir ilkin şərt irəli sürmədən boşaltmalıdır. Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə, icarə müqaviləsindən irəli gələn öhdəliklərə kirayə münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq olunur. Həmçinin əgər icarəyə götürən icarə haqqını 2 (iki) ay ərzində ödəməzsə, icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur. Məcəllənin tələbinə görə, əgər kirayəyə götürən 2 (iki) ardıcıl ay üçün kirayə haqqını ödəməzsə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Hazırki situasiyada müqavilənin ləğvi üçün məhkəmədə iddia qaldırmaq zərurəti meydana gəlmişdir. Qeyd etməliyəm ki, cavabdehin mənə vurduğu maddi ziyanı bu illər ərzində geri ödəməməsi onda dərin narahatçılığa səbəb olmuş, qeyd edilən icarə obyektindən başqa gəlir yeri olmadığından ayrı-ayrı dost-tanışlarından borc pul almaqla, psixoloji stress keçirməyi ilə nəticələnmişdir. İşi məhkəmədə mübahisələndirənə qədərki mərhələdə ona vurulan mənəvi ziyanın həcmini 10000 (on min) manat məbləğində dəyərləndirir. Hazırda sərt karantin rejiminin hökm sürdüyü ölkədə iqtisadi fürsətlərin daralması onun arqumentlərini təsdiq edir. Buna görə də hesab edir ki, aralarında bağlanmış 21.05.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməli, ona vurulan maddi ziyan ödənilməli və cavabdeh həmin qeyriyaşayış sahəsindən məcburi çıxarılmalıdır. Lerik Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(048)-281/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, maddi ziyanın ödənilməsi və məcburi çıxarılmaya tələbinə dair 2(048)-281/2021 saylı mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş və şikayət təmin edilmədiyindən mülki işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının 26.04.2021-ci il tarixli, 2(102)-3339/2021 saylı qərarı ilə, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Lerik Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-2(121)-1004/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və.s tələbinə dair kommersiya mübahisəsi ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2-2(113)-3575/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 21.05.2019-cu il tarixində bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, iddiaçıya vurulmuş 480.000 manat ziyanın, 30,40 manat dövlət rüsumunun, 10.000 manat məbləğində mənəvi ziyanın, cəmi 490.030,40 manat həcmində məbləğin iddiaçıya ödənilməsi, cavabdehin ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsindən məcburi çıxarılması barədə iddia ərizəsinin ərazi aidiyyətinin müəyyən olunması üçün 2-2(113)-3575/2021 saylı kommersiya işi Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 27.07.2021-ci il tarixli, 2- 2(103)-916/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, ziyanın ödənilməsi, qeyri-yaşayış sahəsindən məcburi çıxarılma tələbinə dair kommersiya mübahisəsi üzrə iş materialları ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Şirvan Kommersiya Məhkəməsinə “iddia tələbinin dəyişdirilməsi (artırılması) barədə” ərizə ilə müraciət edərək, onunla Cavabdeh arasında 21.05.2019-cu il tarixində bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, ona vurulmuş 530.000 (beş yüz otuz min) manat maddi ziyanın, 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumunun, 10.000 (on min) manat məbləğində mənəvi ziyanın, cəmi 540.030.40 (beş yüz qırx min otuz manat qırx qəpik) həcmində məbləğin cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması və həmin obyektə quraşdırılmış nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması və təsərrüfat subyektinin ləğv edilməsi üçün vergi xidməti orqanına müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinin dəyişdirilməsi (artırılması) barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icarəyə götürülən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 10.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5-ci bəndində qeyd edilir ki, icarəyə götürən icarəyə götürülən obyektdə öz tərəfindən gətirilən əşyaları obyektdən çıxdıqdan sonra özü ilə aparacaq. Aylıq icarə haqqı 10.000 (on min) müəyyən edilir və 5 il müddətinə sabit olaraq qalacaq (lakin infilyasiya dərəcəsi nəzərə alınacaq). İlk 5 ildən sonra icarə haqqına yenidən baxıla bilər. Tərəflərdə hər hansı biri ilk 5 il müddətində icarə müqaviləsinin şərtini pozaraq ləğv edərsə 3 (üç) illik icarə haqqını təzminat olaraq qarşı tərəfə ödəməyi öz üzərinə götürür. İş materiallarında olan 21 may 2019-cu il tarixli Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icarəyə götürülən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 3.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5-ci bəndində qeyd edilir ki, icarəyə götürən icarəyə götürülən obyektdə öz tərəfindən gətirilən əşyaları obyektdən çıxdıqdan sonra özü ilə aparacaq. Aylıq icarə haqqı 3.000 (üç min) müəyyən edilir və 5 il müddətinə sabit olaraq qalacaq (lakin infilyasiya dərəcəsi nəzərə alınacaq). İlk 5 ildən sonra icarə haqqına yenidən baxıla bilər. Tərəflərdə hər hansı biri ilk 5 il müddətində icarə müqaviləsinin şərtini pozaraq ləğv edərsə 3 (üç) illik icarə haqqını təzminat olaraq qarşı tərəfə ödəməyi öz üzərinə götürür. İş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 21 may 2019-cu il tarixli icarə müqaviləsi ilə icarəyə verilən ünvan 3 ünvanın yerləşən, ümumi sahəsi 825.7 m2 olan qeyr-yaşayış binası tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 10.02.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh xəbərdarlıq məktubu ünvanlayaraq icarə müqaviləsi üzrə 2020-ci ilin fevral ayından bu günə kimi, yəni bir il müddətində heç bir icarə haqqı ödənilmədiyindən, aylıq 10000 (on) min manat olmaqla 12 ay üçün cəmi 120000 (yüz iyirmi min manat) icarə haqqı, eyni zamanda icarə müqaviləsinin 5-ci bəndinə əsasən tərəfinizdən ilk 5 (beş) il müddətində icarə müqaviləsinin şərti pozulduğuna görə, müqavilənin ləğv ediləməsi ilə əlaqədar 3 (üç) illik icarə haqqı olan 360000 (üç yüz altmış min) (3x12x10000) manata təzminat olmaqla, ümumilikdə 480000 (dörd yüz səksən min) manat vəsaiti 1 (bir) ay müddətində ödəyərək, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təvil verməyiniz tələb olunur. Əks halda yuxarıda qeyd edilən vəsaitin, habelə əlavə yaranmış digər zəruri xərclərin sizdən tutularaq ona ödənilməsi, müqavilənin ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, e-2-2(121)-1004/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və s. tələbinə dair iş üzrə iddia tələbi “icarə müqaviləsinin ləğv edilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia ərizəsinin hər bir tələbinə ayrı-ayrılıqda hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə ilk öncə iddia tələbinin “170.000 manat icarə haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 825.7 m2 olan qeyri-yaşayış binasının icarəyə verilməsinə dair 21 may 2019-cu il tarixində sadə yazılı formada icarə haqqı məbləği 10.000 manat olan və 21 may 2019-cu il tarixində notarial qaydada təsdiq edilmiş icarə haqqı məbləği 3.000 manat olan iki icarə müqaviləsi bağlanılmışdır. Sadə yazılı formada bağlanılmış icarə müqaviləsində icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 10.000 (on min) manat icarə haqqı ödəməyi, notarial qaydada təsdiq edilmiş 21 may 2019cu il tarixli digər icarə müqaviləsində isə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 3.000 (üç min) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 21 may 2019-cu il tarixində icarə məbləğləri fərqli iki ayrı icarə müqaviləsi bağlansa da cavabdehin nümayəndəsi və vəkili, o cümlədən Cavabdeh məhkəmə iclasında verdikləri izahatlarında bağladıqları hər iki icarə müqaviləsinin doğruluğunu təsdiq etmiş, həmçinin icarə haqqının müqavilənin 5 (beş) ili ərzində 10.000 (on min) manat olmasına dair qarşılıqlı razılaşdıqlarını və 21 may 2019-cu ildən 21 fevral 2020-ci ilədək hər ay iddiaçıya 10.000 manat məbləğində icarə haqqı ödədiklərini bildirmişdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Məhkəmə eyni zamanda tərəflər arasında sadə yazılı formada bağlanılmış aylıq icarə haqqı məbləği 10.000 manat olan 21 may 2019-cu il tarixli icarə müqaviləsinin formasına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində icarə müqaviləsinin bağlanması üçün hər hansı müəyyən forma təyin edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəflər arasında yazılı formada bağlanılmış 21 may 2019-cu il tarixli icarə müqaviləsini qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Sadalanan qanunvericilk normalarına əsasən, həmçinin cavabdehin nümayəndəsi və vəkilinin, o cümlədən Cavabdeh məhkəmə iclasında verdiyi izahatları ilə müəyyən edilir ki, cavabdeh iddiaçı qarşısında olan icarə müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi “vurulmuş 530.000 manat maddi ziyanın ödənilməsi” hissəsinin 170.000 manat icarə haqqının ödənilməsi hissəsində əsaslı olduğundan, iddia 170.000 manat icarə haqqının ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “icarə müqaviləsinin 5-ci bəndinə əsasən, ilk 5 il müddətində icarə müqaviləsinin şərtləri pozulduğuna görə müqavilənin ləğv edilməsi ilə əlaqədar, 3 illik icarə haqqı olan 360.000 manat (3x12x10000) təzminatın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zaman müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında qarşılıqlı razılaşma ilə aralarında olan münasibətlərin tənzimlənməsi üçün əsas götürülmüş sadə yazılı formada bağlanılmış 21 may 2019-cu il tarixli icarə müqaviləsinin 5-ci bəndində qeyd edilir ki, tərəflərdən hər hansı biri ilk 5 il müddətində icarə müqaviləsinin şərtini pozaraq ləğv edərsə, 3 illik icarə haqqını təzminat olaraq qarşı tərəfə ödəməyi öz üzərinə götürür. Lakin, tərəflər arasında bağlanmış 21 may 2019-cu il tarixli icarə müqaviləsinin cavabdeh tərəfindən ləğv edilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin, iddiaçının verdiyi iddia ərizəsində “icarə müqaviləsinin ləğv edilməsi” tələbi, bununla yanaşı məhkəmə iclasında tərəflərin icarə müqaviləsinin ləğv edilmədiyini öz izahatlarında qeyd etmələri icarə müqaviləsinin ləğv edilmədiyini təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin 21 may 2019-cu il tarixli icarə müqaviləsinin 5-ci bəndinə uyğun olaraq icarə müqaviləsinin şərtini pozaraq ləğv etməsi iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “10.000 manat mənəvi ziyanın ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, mənəvi ziyanla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən fiziki və mənəvi sarsıntıların keçirilməsini, cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının iddia etdiyi mənəvi ziyan arasında səbəbli əlaqənin olmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və ona cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun “mənəvi ziyan dəyməsinə dair” tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddiaçının iddiası bu hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iddia tələbinin “cavabdehin ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb əsassızdır. Belə ki, məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianın yuxarıda göstərilən hissəsi ilə bağlı artıq hər hansı bir tələbinin olmadığını, cavabdeh X2 da öz növbəsində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxdığını bildirmişdir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “obyektə quraşdırılmış nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.24-cü maddəsinə əsasən, nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləridir. Həmin Məcəllənin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. "Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarının 8.3.6-cı bəndinə əsasən, X4 vergi orqanlarında qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını təmin etmək istifadəçinin vəzifəsidir. Həmin Qərarın 1.4.6-cı maddəsinə əsasən, istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektində cavabdeh X2 tərəfindən quraşdırılmış nəzarət kassa aparatının çıxarılması istifadəçi olan X1 qanunvericiliklə müəyyən edilmiş vəzifəsidir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “təsərrüfat subyektinin ləğv edilməsi üçün vergi xidməti orqanına müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən icarəyə götürülmüş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olması işin mübahisəsiz halını təşkil etdiyindən, həmin icarə obyektinin X2 tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq təsərrüfat subyektinin vergi uçotuna alınmasını özündə ehtiva edir. Bu səbəbdən Cavabdeh tərəfindən icarəyə götürülmüş İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektinin təsərrüfat subyekti olaraq ləğv edilməsi üçün vergi orqanına müraciət edilməsi öhdəliyi Cavabdeh məxsus olduğundan, iddia həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin, iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumunun 20,40 manatı iddiaçıya aid edilməli, 10 manatı isə Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat olmaqla, ümumilikdə 170.010 (bir yüz yetmiş min on) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 825.7 kv.m olan qeyri-yaşayış sahəsinə quraşdırılmış nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması və təsərrüfat subyektinin (obyektinin) uçot kodunun ləğv edilməsi üçün aidiyyəti vergi orqanına müraciət edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar