Məhkəmə qərarları › İş №2-2(121)-1214/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1214/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-1214/2020 14.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, iddiaçı Masallı rayonu Qəriblər Bələdiyyəsinin cavabdeh “xxxxxxxxxxxx” MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və dəyiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı Masallı rayonu Qəriblər Bələdiyyəsi cavabdehlər X4, X2 və X1 qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və dəyiş maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehlər X6, X5 və X3 əsl cavabdeh “xxxxxxxxxxxx” MMC ilə əvəz edilmişdir. Daha sonra Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-1228/2020 saylı qərardadı ilə mülki işin baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hazırki işin kommersiya mübahisəsi olması ilə bağlı Masallı Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmadığından hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi tərəfindən məsələyə münasibət bildirilməsi zəruridir. Belə ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-1228/2020 saylı Qərardadı onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxxx” MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyatdadır, yəni o, kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. “xxxxxxxxxxxx” MMC-nin istifadəsində 36 hektar torpaq sahəsi vardır. Tərəflərin subyektiv tərkibi baxımından tərəflər arasında olan mübahisə kommersiya mübahisəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 25-ci bəndində qeyd olunur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrıayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. İddia ərizəsində qeyd olunmuşdur ki, bələdiyyə mülkiyyətində olan 36 hektar ümumi istifadədə olan örüş sahəsi zəbt edilmiş, həmin torpaq sahəsinin 11 hektar hissəsi ayrı-ayrı vətəndaşlara fərdi yaşayı evi tikmək məqsədilə həyətyanı torpaq sahəsi adı ilə satılmışdır. Qalan 25 hektar torpaq sahəsi isə özbaşına olaraq çəpərə alaraq qanunsuz istifadə edilir və nəticədə kənd sakinləri həmin örüş torpaq sahəsindən istifadə edə bilmirlər. Həmçinin torpaq sahəsi yararsız hala salınmış və bununla da bələdiyyəyə maddi ziyan vurulmuşdur. Göründüyü kimi, əsl cavabdeh “xxxxxxxxxxxx” MMC hüquqi şəxsdir və vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, lakin hazırki mübahisə onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmamışdır. İddiaçı Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə cavabdeh “xxxxxxxxxxxx” MMC arasında hər-hansı müqavilə bağlanılması iş materialları ilə müəyyən olunmur. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olmasımüəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətlərinə aidiyyəti olmadığından, hazırki iş üzrə 3-cü meyar olan “hüquq münasibətlərinin xarakteri” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Məhkəmə həmçinin hesab edir ki, yalnız işdə iştirak edən şəxslərin subyektiv tərkibinə görə mülki iş kommersiya mübahisəsi kimi qəbul edilə bilməz. Yəni, “subyektiv tərkib” işin kommersiya mübahisəsi kimi qəbul olunması üçün yeganə şərt deyildir. “xxxxxxxxxxxx” MMC-nin vergi ödəyicisi olması, hazırki mübahisənin məhz onun sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə bağlı yarandığı qənaətinə gəlməyə əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinin tələblərinə əsasən isə bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Odur ki, məhkəmə iddiaçı Masallı rayonu Qəriblər Bələdiyyəsinin cavabdeh “xxxxxxxxxxxx” MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin, hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və dəyiş maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.2, 261, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Masallı rayonu Qəriblər Bələdiyyəsinin cavabdeh “xxxxxxxxxxxx” MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və dəyiş maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar