Məhkəmə qərarları › İş №2-2(121)-64/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-64/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-64/2021 03.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı, həmçinin digər iddia ərizəsi üzrə Cavabdeh, Cavabdeh, eyni zamanda digər iddia ərizəsi üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehlər İddiaçı MMC-yə və qeyrisinə qarşı – zərərin əvəzinin ödənilməsi barədə iddiasına; İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh (bundan sonra “iddiaçı”) cavabdehlər İddiaçı MMC-yə və “MKT- Sabirabad” filialına (bundan sonra “cavabdeh” və ya “cavabdehlər”) qarşı – cavabdehlərdən ona dəymiş zərərin əvəzi olaraq, ümumilikdə 25081 manat pul vəsaitinin və 30 manat məbləğində ödədiyi dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə xx.xx.2019-cu il tarixli iddia ərizəsi (və iddia ərizəsinə əlavə) ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, respublikada pambıqçılığın inkişafı barədə dövlət başçısının yürütdüyü siyasətə siravi bir vətəndaş kimi dəstək olmaq üçün pambıq əkini məqsədi ilə kənd caamatından icarə qaydasında götürdüyü torpaq sahəsinin 25 ha hissəsində MKT-Sabirabad filialı ilə bağlanmış xx.xx.2016-cı il tarixli 17279541 nömrəli müqavilə əsasında pambıq məhsulu əkmişdir. Lakin, qeyd olunan müqavilədə tərəf olaraq onun imza və təsdiqi olmamışdır. Yəni, müqavilə birtərəfli xarakter daşımışdır. Pambıq əkininə dair müqavilədə nəzərdə tutulan və ona aid bütün vəzifələrini yerinə yetirmişdir. Lakin, qarşı tərəf üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyindən və ya lazımi qaydada olmayan, keyfiyyətsiz yerinə yetirdiyindən ona külli miqdarda ziyan dəymişdir. Belə ki, MKT-Sabirabad filialı tərəfindən ona keyfiyyətsiz toxum verildiyindən təkrar səpin və əkin aparılmış, məhsulun yetişməsi gecikmiş və məhsuldarlıq aşağı düşmüşdür. Belə olan halda müqavilə üzrə onun MKT İK qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi mümkünsüz olmuşdur. Bu hallar Sabirabad rayonunun rəhbərliyinə, kənd təsərrüfatı idarəsinə, cavabdeh şəxslərə və MKT-nın Sabirabad rayon filialına məlum olmuşdur. Müraciəti əsasında Sabirabad rayon Kənd təsərrüfatı İdarəsinin təşəbbüsü ilə pambıq əkdiyi 25 ha sahəyə baxış keçirilmiş və baxışda Sabirabad rayonlararası Bioloji laboratoriyasının müdiri Elçin Əhmədov, Sabirabad rayon Qalaqayın KİƏD üzrə nümayəndəsi İsrafil Aslanov, Sabirabad rayon Qalaqayın kənd bələdiyyəsinin sədri Mirnəsiyyət Məmmədov və o özü iştirak etmişdir. Sahəyə baxış zamanı MKT-Sabirabad filialının Qalaqayın kəndi üzrə nümayəndəsi Məhərrəm Əliyevlə telefon əlaqəsi saxlanılmış və nümayəndə bildirmişdir ki, onun sahəsində 2017-ci ildə 2 dəfə çiyid səpini aparılmışdır. Bu hal tərtib edilən aktla da öz təsdiqini tapmışdır. Müayinə zamanı müəyyən edilmişdir ki, həqiqətən də bir çox digər mülkiyyətçilərdə olduğu kimi tərəfindən MKT-Sabirabad filialından götürdüyü və birinci səpin apardığı lifli toxum keyfiyyətsiz və yararsız olmuşdur. Bu səbəbdən çıxış alınmamışdır. Çıxış alınmadığından məcburiyyət qarşısında 2017-ci il may ayının ortalarında təkrar səpin aparılmışdır. Birinci səpinə və toxuma onun tərəfindən 796 manat xərclənmişdir. Vegetasiya suvarması ilə bağlı suvarma sistemlərinə 200 manat ödəsə də, əsassız olaraq adına 200 manat vəsait hesablanmışdır. Məcburiyyət qarşısında aparılan 2ci səpindən sonra çıxışın alınması və birinci kompleks becərmə işləri may ayının sonu, iyun ayının əvvəllərinə təsadüf etdiyindən bu zaman adətən alaq otlarının güclü inkişaf dövrü olduğundan hər hektara orta hesabla əlavə olaraq özü tərəfindən 50 manat vəsait xərclənmişdir. Bu səbəbdən ona dəymiş ziyan 1250 manat təşkil etmişdir. Qeyd olunduğu kimi məcburiyyət qarşısında aparılan 2-ci səpinin may ayının ortalarına təsadüf etməsi səbəbindən pambıq bitkisinin bar orqanlarının yetişməsinin 2017-ci ilin dekabr ayının sonlarına qədər uzanması, havaların soyuması nəticəsində təbii olaraq pambıq qozalarının yetişməməsi, çürüməsi, məhv olması, labüd xarakter daşımışdır. Müayinə zamanı pambıq bitkisinin üzərində orta hesabla 4 ədəd yetişməmiş məhv olmuş qozalar aydın görünmüşdür. Normalda əkdiyi 25 ha pambıq sahəsinin hər hektarından 20 sentner məhsul gözlənildiyi halda MKT-Sabirabad filialının təqsiri nəticəsində məhsuldarlıq cəmi 6,4 sentner olmuşdur. Ona hər hektar üçün 13, 6 sentner ziyan dəymişdir. Tərtib edilmiş rəy əsasında ona dəymiş ziyan bu qaydada hesablanmışdır: Birinci səpinə çəkilən xərc - 796 manat; Suvarma üçün hesablanmış borc - 200 manat; 25 ha x 13,6 ha = 340 sentner= 34 ton x 0,60 manat = 20400 manat; 25 ha x 50 manat = 1250 manat; cəmi – 22646 manat. Lakin buna baxmayaraq MKT-Sabirabad filialının direktoru Y.Ə.Gözəlov ona xəbərdarlıq məktubu göndərərək hər hektar üçün ondan 20 sentner pambıq məhsulu verməyi tələb etmişdir. Əks halda mücərrəd halda olan 20 sentnerin pulunu ondan almaq üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə baxışı zamanı rəyin tərtibində iştirak edən şəxslər şahid qismində məhkəmədə ifadə vermək üçün iştirak edə bilərlər. Odur ki, dəymiş ziyanın ödənilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, 2117,52 manat əsas borcun, 3621,50 manat cərimə məbləğinin, cəmi 5739,02 manat borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, “MKT-Sabirabad” filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh 25 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 senter məhsul əldə etməklə 50 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 8891,82 manat məbləğində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıq məhsulu ilə ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin son nəticədə cavabdeh 6654,70 manat məbləğində 13785,61 kq xam-pambığı təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Cavabdehin avans vəsaitə görə iddiaçıya 2117,52 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığı tədarükünü həyata keçirən “MKT-Sabirabad” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləriqeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambığı vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın birinci növ qiyməti ilə (1-ci növ xam-pambığı 1 tonun qiyməti 500 manatdır) 20% həcmində cərimə ödəməlidir. Həmin hesabla cərimənin məbləği 3621,50 manat təşkil edir. Belə ki, cavabdeh müqavilə üzrə 50 ton pambıq təhvil verilməli olduğu halda cəmi 13,785 ton pambıq vermişdir. (50 ton-13,785 ton) x 500 manat= 18107,50 x 20%= 3621,50 manat verilməmişdir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına da cavab verilməmişdir. Beləliklə cavabdeh 2117,52 manat əsas borcdan əlavə 3621,50 manat cərimə ödəməlidir. Ümumi ödəniləcək borcun məbləği 5739,02 manat təşkil edir. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1350/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh – cavabdehlər İddiaçı MMC-yə və “MKT-Sabirabad” Filialına qarşı “zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4385/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh – cavabdehlər İddiaçı MMC-yə və “MKT-Sabirabad” Filialına qarşı “zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair 2(005)-4385/2019 saylı iş Sabirabad Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul tələbi” barədə iddiaya dair 2(056)-1705/2019 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilərək, baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1705/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh - cavabdeh İddiaçı MMC-yə və “MKT-Sabirabad” Filialına qarşı “zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi; İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul tələbi” barədə iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)-1471/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1705/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı, həmçinin digər iddia ərizəsi üzrə Cavabdeh məhkəmə iclasında öz iddia tələbini müdafiə edərək, İddiaçı MMC-nin iddiasına etiraz etdi. Öz iddiasının təmin edilməsini, İddiaçı MMC-nin iddiasının isə rədd olunmasını xahiş etdi. Cavabdehlər İddiaçı MMC-nin və “MKT-Sabirabad” filialının, eyni zamanda digər iddia ərizəsi üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında İddiaçı MMCnin iddia tələbini müdafiə edərək, Cavabdeh iddiasına etiraz etdi. İddiaçı MMC-nin iddiasının təmin olunmasını, Cavabdeh iddiasının isə rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən əsaslıdır, Cavabdeh iddiası isə əsassızdır. Buna görə də, İddiaçı MMC-nin iddiası iddia qismən təmin edilməli, Cavabdeh iddiası isə rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC, “MKT-Sabirabad” filialı və Cavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2016-cı il tarixli “2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” müqavilə (qeyd edilən müqavilə həm iddiaçı, həm cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir) ilə müəyyən olunur ki, Cavabdeh 25 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul əldə etməklə 50 ton xam-pambıq məhsulu istehsal edib cavabdehə satmağı öhdəsinə götürmüşdür. Göstərilən müqavilə Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan aktlar və qaimələrdən görünür ki, istinad olunan “2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” müqavilə əsasında Cavabdeh tərəfindən 25.0 hektar sahədə pambıq əkməsi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul əldə etməklə 50 ton xam-pambıq məhsulu istehsal edib satması üçün “MKT-Sabirabad” filialı tərəfindən Cavabdeh çiyid, dərman və gübrə səpini, kültivasiya və digər avans xidmətlər göstərilmişdir. İş materiallarına əlavə olunmuş Sabirabad rayonlararası Bioloji laboratoriyasının müdiri Elçin Əhmədov, Sabirabad rayon Qalaqayın KİƏD üzrə nümayəndəsi İsrafil Aslanov, Sabirabad rayon Qalaqayın kənd bələdiyyəsinin sədri Mirnəsiyyət Məmmədov və Cavabdeh Hacə oğlu tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən Cavabdeh sifarişi ilə müqavilə əsasında əkin apardığı pambıq sahəsinə tərəflərindən baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 25 ha sahəni pay torpaq sahəsi olduğu üçün ayrı-ayrı mülkiyyətçilərdən icarəyə götürmüşdür. MKT-Sabirabad filialının Qalaqayın KİƏD üzrə nümayəndəsi Məhərrəm Əliyevlə telefonla əlaqə saxladıqda o, Cavabdeh sahəsində 2 dəfə səpin aparıldığını təsdiq etmişdir. Sahəyə baxış aparılan zaman pambıq bitkisinin üzərində orta hesabla 4 ədəd yetişməmiş və məhv olmuş qozalar aydın görünmüşdür. İş materiallarında olan Sabirabad rayonlararası Bioloji laboratoriyanın müdiri işləyən X1 tərəfindən verilmiş rəydən görünür ki, Cavabdeh 22646 manat miqdarında ziyan vurulmuşdur. İş materiallarında olan aktlar və qaimələrdə olan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasının iş üzrə əhəmiyyəti olduğundan, göstərilən aktlar və qaimələrin qanuniliyi isə Cavabdeh tərəfindən mübahisələndirildiyindən, həmin aktlar və qaimələrdə olan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi məqsədi ilə Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-926/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın 4/842 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli və ******* saylı xx.xx.2017-ci il tarixli qaimələrdə “Təhvil aldım” sözü qarşısında olan imza(lar); ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli; ******* saylı xx.xx.2017-ci il tarixli və ******* saylı xx.xx.2017-ci il tarixli aktlarda “Hacıyev” və “Cavabdeh” sözlərinin əvvəlində olan imza(lar) Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC, “MKT-Sabirabad” filialı və Cavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2016-cı il tarixli “2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” müqavilə Cavabdeh tərəfindən imzalanmasa da, həmin müqavilə əsasında Cavabdeh tərəfindən 25.0 hektar sahədə pambıq əkməsi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul əldə etməklə 50 ton xam-pambıq məhsulu istehsal edib satması üçün “MKT-Sabirabad” filialı tərəfindən Cavabdeh çiyid, dərman və gübrə səpini, kültivasiya və digər avans xidmətlər göstərilmişdir. Bu hal, qeyd edilən müqavilənin həm iddiaçı, həm cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi, həmiçinin Cavabdeh məhkəmə iclasında verdiyi izahatı və onun iddia ərizəsinin məzmunu ilə təsdiq edilir. Belə ki, Cavabdeh iddia ərizəsinin (Cavabdeh iddia ərizəsi ilə İddiaçı MMC-dən daha əvvəl məhkəməyə müraciət etmişdir) məzmunundan aşkar surətdə görünür ki, iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, respublikada pambıqçılığın inkişafı barədə dövlət başçısının yürütdüyü siyasətə siravi bir vətəndaş kimi dəstək olmaq üçün pambıq əkini məqsədi ilə kənd caamatından icarə qaydasında götürdüyü torpaq sahəsinin 25 ha hissəsində MKT-Sabirabad filialı ilə bağlanmış xx.xx.2016-cı il tarixli 17279541 nömrəli müqavilə əsasında pambıq məhsulu əkmişdir. Lakin, qeyd olunan müqavilədə tərəf olaraq onun imza və təsdiqi olmamışdır. Yəni, müqavilə birtərəfli xarakter daşımışdır. Pambıq əkininə dair müqavilədə nəzərdə tutulan və ona aid bütün vəzifələrini yerinə yetirmişdir. Lakin, qarşı tərəf üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyindən və ya lazımi qaydada olmayan, keyfiyyətsiz yerinə yetirdiyindən ona külli miqdarda ziyan dəymişdir. Belə ki, MKT-Sabirabad filialı tərəfindən ona keyfiyyətsiz toxum verildiyindən təkrar səpin və əkin aparılmış, məhsulun yetişməsi gecikmiş və məhsuldarlıq aşağı düşmüşdür. Göründüyü kimi, qeyd edilən müqavilə Cavabdeh tərəfindən imzalanmasa da, onlar arasında müqavilə faktiki olaraq bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə imzalanmasa da, müqavilənin şərtləri Cavabdeh tərəfindən qismən (müqavilədə nəzərdə tutulan miqdardan az xampambıq təhvil verilmişdir), cavabdeh tərəfindən isə tam (Cavabdeh çiyid, dərman və gübrə səpini, kültivasiya və digər avans xidmətlər göstərilmişdir) yerinə yetirildiyindən, tərəflər arasında müqavilə bağlanmış sayılır. Belə ki, iddiaçı ona maddi ziyan dəyməsini onunla müqavilənin bağlanmaması və ya çiyid, dərman və gübrə səpini, kültivasiya və digər avans xidmətlər göstərilməməsi ilə deyil, ona keyfiyyətsiz toxum verilməsi ilə əsaslandırmışdır. Digər tərəfdən, qeyd edilən müqavilə iddiaçı Cavabdeh tərəfindən imzalanmış olmasa belə, müqavilə iddiaçının qabaqcadan razılığı əsasında bağlandığından və iddiaçı tərəfindən sonradan bəyənildiyindən etibarlı sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Qeyd edilən Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Göstərilən Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC müqavilə öhdəliyini icra etmiş, bununla da İddiaçı MMC tərəfindən müqavilənin qanunla müəyyən olunmuş şərtlərinə riayət olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə bağlanmış sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə aktlar və qaimələrdə olan imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən edilsə də, cavabdeh tərəfindən Cavabdeh çiyid, dərman və gübrə səpini, kültivasiya və digər avans xidmətlər göstərildiyindən, bu hal Cavabdeh tərəfindən öz iddia ərizəsində də etiraf edildiyindən, həmin xidmətlərin Cavabdeh göstərilməsi ilə İddiaçı MMC ilə Cavabdeh arasında qeyd edilən müqavilə baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə hesab edir ki, bu cür müqavilənin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Məhkəmə, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla hesab edir ki, ekspert rəyi ilə aktlar və qaimələrdə olan imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən olunsa belə, İddiaçı MMC ilə Cavabdeh arasında qeyd edilən müqavilə baş tutmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan avans almaq hüququna malik olduğu kimi, eyni zamanda sahədə pambıq əkmək və hər hektardan məhsul əldə etməklə xam-pambıq istehsal edib cavabdehə satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. İddiaçı isə göstərilən müqavilə əsasında avans almasına dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, İddiaçı MMC göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, İddiaçı MMC-nin iddiası həmin hissədə təmin edilməlidir. Bundan əlavə, tərəflər arasında sadə yazılı şəkildə müqavilə bağlanmamış (imzalanmamış) olsa idi belə, İddiaçı MMC-nin göstərilən vəsaiti Cavabdeh tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia tələbi “əsas borcun ödənilməsi” hissəsində təmin edilərək, 2117,52 məbləğində əsas borc Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə eyni zamanda İddiaçı MMC-nin iddiasının cərimənin ödənilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 3621,5 manat məbləğində deyil, 30 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə, Cavabdeh iddiasının dəlillərini araşdıraraq, hesab edir ki, Cavabdeh iddiası əsassızdır. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, Cavabdeh iddia tələbini ona maddi zərər dəyməsi ilə əsaslandırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ona maddi zərər dəyməsi, dəymiş maddi zərərin 25081 manat olması barəsində tələbi üzrə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və ona maddi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun maddi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, maddi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, Cavabdeh iddiası bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin İddiaçı MMC-nin və Cavabdeh iddialarının dövlət rüsumunun alınmasına dair hissələrini də araşdıraraq hesab edir ki, İddiaçı MMC-nin iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, Cavabdeh İddiaçı MMC qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, İddiaçı MMC məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc Cavabdeh alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar İddiaçı MMC-nin dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, İddiaçı MMC-nin iddiası qismən təmin, Cavabdeh iddiası isə rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan İddiaçı MMC-nin ödəmiş olduğu dövlət rüsumunun 10 manatı İddiaçı MMC-yə, Cavabdeh ödəmiş olduğu 30 manat dövlət rüsumu isə özünə aid edilməli və buna görə də İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, Cavabdeh iddia tələbi isə dövlət rüsumuna aid hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci İddiaçı MMC-dən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, iş materiallarında olan aktlar və qaimələrdə olan imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən edilmişdir. Həmin rəydən həmçinin görünür ki, ekspertiza tədqiqatının dəyəri 120 manat məbləğində təşkil edir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, Cavabdeh iddiası rədd edilməli olsa da, ekspert rəyi ilə aktlar və qaimələrdə olan imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən olunduğundan, məhkəmə hesab edir ki, ekspertiza xərci İddiaçı MMCdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri olaraq 126 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən əsaslıdır, Cavabdeh iddiası isə əsassızdır. Buna görə də, İddiaçı MMC-nin iddiası iddia qismən təmin edilməli, Cavabdeh iddiası isə rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehlər İddiaçı MMC-yə və “MKT-Sabirabad” filialına qarşı – cavabdehlərdən ona dəymiş zərərin əvəzi olaraq, ümumilikdə 25081 manat pul vəsaitinin və 30 manat məbləğində ödədiyi dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. 2117,52 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə borcu, cəmi 2147,52 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 126 manat məbləğində pul vəsaiti İddiaçı MMCdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar