Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-754/2022 12.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi qarşı (3-cü şəxs Cavabdeh3) cavabdeh ƏMDX yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın və Cavabdeh2 ilə Cavabdeh3 arasında Masallı Şəhəri, Talışxanov küçəsində yerləşən 800 kv.m torpaq sahəsinin satılması barədə bağlanmış 28.03.2017-ci il tarixli, 141 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı "xxxx" ASC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi qarşı (3-cü şəxs Cavabdeh3) qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ƏMDX yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın və Cavabdeh2 ilə Cavabdeh3 arasında Masallı Şəhəri, Talışxanov küçəsində yerləşən 800 kv.m torpaq sahəsinin satılması barədə bağlanmış 28.03.2017-ci il tarixli, 141 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Masallı Avtonəqliyyat” ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 25 yanvar 2008-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən 1101.9 kv. metr qeyri-yaşayış sahəsi üzərində müvafiq qanuni prosedurları keçməklə mülkiyyət hüquqları əldə etmişdir. Cəmiyyətə məxsus həmin tikililər dövlətə məxsus olan 16919 kv.m torpaq sahəsində yerləşir, bina və tikililərin ümumi sahəsi 1101,09 kv.m təşkil edir, həmin tikililər 1977-1983cü illərdə tikilmişdir. Bu barədə cəmiyyətin adına Dövlət Əmlak Komitəsi tərəfindən 17.01.1998-ci il tarixli texniki pasport verilmiş və qeyd olunan texniki göstəricilər orada əksini tapmışdır. Buna baxmayaraq, ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinin bir hissəsi, guya Cavabdeh3 istifadəsində olan 30.6 kv.m daşınmaz əmlakın altında yerləşən 0.0033 ha torpaq sahəsi onun istifadəsinə verilmiş və bu barədə həmin şəxsin adına Serjya RX ******* nömrəli, 26.01.2017-ci il tarixli çıxarış verilmişdir. Halbuki, həmin ərazidə yalnız 1977-1983-cü illərdə tikilmiş tikililər mövcuddur ki, həmin tikililər də onların mülkiyyətinədir. Yəni sözügedən ərazidə Cavabdeh3 və onun ailəsinə məxsus faktiki olaraq əvvəllər heç bir tikili olmamış, bu hal məhkəmə mübahisəsi zamanı da qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti sözügedən çıxarışı təqdim etməklə Cavabdeh3 süni şəkildə satınalmada üstünlük yaradaraq cəmiyyətin istifadəsində olan daha artıq torpaq sahəsinin ona satılması üçün zəmin yaratmışdır. Belə ki, məhz həmin çıxarış alındıqdan 2 ay sonra cəmiyyətin istifadəsində olan torpaq sahəsinin daha 800 kv.m hissəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 28.03.2017-ci il tarixli, 141 saylı müqaviləyə əsasən qanunsuz olaraq Cavabdeh3 Farhad oğluna satılmışdır. Masallı Rayon Məhkəməsi hazırki işin ümumi məhkəməyə aid olmaması qənaətinə gələrək 02.03.2022-ci il tarixli e-2(050)-49/2022 nömrəli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, mübahisəli alqı-satqı müqaviləsi üzrə satılmış torpaq sahəsi əvvəllər maye qaz doldurma məntəqəsi üçün nəzərdə tutulmuş torpaq sahəsi olmuş, həmin torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektin tikintialtı sahəsi olmuşdur. Bundan başqa maraqlarına toxunan üçüncü şəxs Azər Nadirov sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir, iddiaçı isə kommersiya hüquqi şəxsidir. Bütün bunlar əsas verir ki, kommersiya xarakterlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1 və 31.1-ci maddələrinə istinad edərək, sözügedən qərardadı qəbul etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Masallı Rayon Məhkəməsi mülki işi baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. İşin aidiyyəti üzrə göndərilməsi barədə Masallı Rayon Məhkəməsinin qərardadı ilə razılaşmayan məhkəmə qeyd edir ki, hazırki tələbə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə baxılmalıdır. İlk öncə məhkəmə onu qeyd edir ki, iş üzrə iddiaçı "xxxx" ASC-nin kommersiya hüquqi şəxsi olması işin mübahisələndirilməyən halıdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçının tələb irəli sürdüyü cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi sahibkarlıq subyekti olmamaqla inzibati orqan, 3-cü şəxs Cavabdeh3 isə fərdi sahibkar deyildir. İlk öncə məhkəmə qeyd edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Cavabdeh3 3-cü şəxs qismində qeyd edilsə də, müqavilənin etibarsızlığı ilə bağlı tələb ona qarşı yönəlməmişdir. O, cavabdeh kimi qeyd olunmamışdır. Mübahisəli alqı-satqı müqaviləsi üzrə satılmış torpaq sahəsinin əvvəllər maye qaz doldurma məntəqəsi üçün nəzərdə tutulmuş torpaq sahəsi olması, həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektin tikintialtı sahəsi olması, bundan başqa maraqlarına toxunan üçüncü şəxs Azər Nadirov sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir qənaətinə münasibətdə məhkəmə hesab edir ki, Azər Nadirova qarşı ümumiyyətlə heç bir tələb irəli sürülməmiş, o, 3-cü şəxs qismində də cəlb olunmamışdır. (iş materiallarında onun 3-cü şəxs kimi cəlb olunmasına dair qərardad yoxdur) Torpaq sahəsinin əvvəllər maye qaz doldurma məntəqəsi üçün nəzərdə tutulmuş torpaq sahəsi, həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektin tikintialtı sahəsi olması isə mübahisənin kommersiya məhkəməsinə aid olması anlamına gəlmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 nömrəli qərarının 11-ci bəndində qeyd olunub: “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.” İş materiallarına əlavə edilmiş 10.11.2016-cı il tarixli, Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Ərazi Şöbəsinin məsləhətçiləri F.Qasımov, S.Nəsirov və E.Məmmədovun tərtib etdiyi aktdan görünür ki, Masallı şəhəri H.Əliyev prospektində (keçmiş M.Talışxanov küçəsi) yerləşən səhmləri 100% özəlləşmiş “Masalı Avtonəqliyyat “ ASC üçün özəlləşmə anında DƏK-si tərəfindən hazırlanan faktiki pasporta əsasən ümumi torpaq sahəsi 1,60 hektar olmuşdur. Lakin 2010-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları ilə birlikdə Səhmdar Cəmiyyətin ərazisinin Baş Planı hazırlanarkən ümumi torpaq sahəsi 1,93 hektar təşkil etmişdir. Masallı RİHB-nın 09.12.1999-cu il tarixli 649 saylı sərəncamı ilə "xxxx" ASC-nin ərazisindən 0,08 hektar torpaq sahəsi ayrılaraq maye qaz doldurma məntəqəsi tikmək üçün Masallı şəhər sakini X2 istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş maye qaz doldurma məntəqəsinə DTİ və MlHQİ-si tərəfindən 04.01.2005-ci il tarixli 260 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Həmin Qeydiyyat vəsiqəsini əsas götürən Masallı Regional “Asan Xidmət” Mərkəzində Dövlət Notariat Kontoru 20.10.2016-cı il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə (Reyestr nömrəsi 4Ə-77) obyekti Masallı şəhər sakini Cavabdeh3 satmışdır. Hal-hazırda maye qaz doldurma məntəqəsi tamamilə sökülsə də, sözügedən 0,08 hektar torpaq sahəsində digər tikili mövcuddur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı Rayon Şöbəsinin iddia ərizəsinə etirazından görünür ki, qeyri-yaşayış binasının altında və ətrafında olan 0.08 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət komitəsi tərəfindən 28 mart 2017-ci il tarixli 141 saylı müqavilə ilə Cavabdeh3 satılmış, Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən qeyri-yaşayış binası 0.08 ha torpaq sahəsi ilə birlikdə 16 may 2017-ci il tarixli **********18-06301 reyestr nömrəli çıxarış və texniki pasportla Cavabdeh3 adına rəsmiləşdirilmiş, əmlak məhv olduğu üçün yenidən Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən 0.08 ha torpaq sahəsinə Cavabdeh3 adına 18 may 2017-ci il tarixli **********18 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmiş, həmin torpaq sahəsi Masallı regional “Asan xidmət" mərkəzində fəaliyyət göstərən Notariat Kontorunun 24 dekabr 2017-cı il tarixli AN-0584051 nömrəli alqı-satqı müqaviləsi ilə X1 və X4 adına 15 yanvar 2018-ci il tarixli **********18 reyestr çıxarış və torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Yuxarıda qeyd olunan sənədlərə istinad edərək, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən çıxarış və müqavilədə qeyd olunan torpaq sahəsi Masallı RİHB-nın 09.12.1999-cu il tarixli 649 saylı sərəncamı ilə "xxxx" ASC-nin ərazisindən ayrılaraq maye qaz doldurma məntəqəsi tikmək üçün Masallı şəhər sakini X3 istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş maye qaz doldurma məntəqəsinə DTİ və MlHQİ-si tərəfindən 04.01.2005-ci il tarixli 260 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Göründüyü kimi ilkin qeydiyyatın aparılmasına əsas inzibati orqan tərəfindən qəbul olunmuş inzibati akt olmuşdur. Bundan başqa cavabdeh DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, sonuncu inzibati orqan olmaqla mübahisə predmeti olan çıxarış inzibati orqanın faktiki xarakterli hərəkətlərinin nəticəsidir. Lakin işin iddiaçı tərəfindən bildirilən faktiki hallarından müəyyən edilir ki, hüquqların dövlət qeydiyyatından çıxarış mülki-hüquqi əqdin, yəni alqı-satqı müqaviləsinin nəticəsidir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarına əsasən, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan qərarla formalaşmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, daşınmaz əmlakın alqı-satqısı və sair əqdlər nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Lakin ilkin qeydiyyat üçün əsas olan sənədlərə münasibətdə isə qeyd olunmalıdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətlərinə aidiyyəti olmadığından, hazırki iş üzrə 2-ci və 3-cü meyar olan “mübahisənin predmeti” və “hüquq münasibətlərinin xarakteri” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının və qanunverciliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından, məhkəmə hesab edir ki, hazırki mübahisəyə Masallı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi qarşı (3-cü şəxs Cavabdeh3) cavabdeh ƏMDX yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın və Cavabdeh2 ilə Cavabdeh3 arasında Masallı Şəhəri, Talışxanov küçəsində yerləşən 800 kv.m torpaq sahəsinin satılması barədə bağlanmış 28.03.2017-ci il tarixli, 141 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-2(121)-754/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-754/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver