Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-49/2022 25.05.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı sığorta haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 23 may 2022-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən lizinqə verilmiş 62 baş inəyə görə sığorta ödənişi olaraq 50.000 (əlli min) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 149.2 və 149.2.1-ci maddələrinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı göstərilməlidir. 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 149.2 və 149.2.4-1-ci maddələrinə əsasən ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. 150.1 və 150.1.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.6-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.10-cu maddələrinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə mülki prosessual qanunvericiliyin hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, hər-hansı iddia tələbi üzrə məhkəməyə ərizə daxil olarkən hakim əvvəlcə mübahisənin kommersiya məhkəməsinə aid olub-olmamasını və eyni zamanda iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu mənada Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsi yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmasını nəzərdə tutur. Ərizə və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, iddiaçıların hüquqi və ya fiziki şəxs kimi qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçməsi barədə (müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa iddiaçılar iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət etməyərək ərizənin verildiyi məhkəmənin adını göstərməmiş, iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərməmiş, iddia ərizəsini cavabdeh tərəfin almasını təsdiq edən sənədi, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakları barədə müvafiq sənədi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmiş, eyni zamanda ərizədə iddiaçıların elektron poçt ünvanlarını, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN), öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Həmçinin iddia ərizəsindən o da görünür ki, cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1 Respublikası MPM-nin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 46-2-ci maddəsinin üçüncü hissəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. Qeyd olunmalıdır ki, sığorta ödənişinin "xxxx" ASC-dən hansı əsasla tələb edilməsi anlaşılan deyil. Həmçinin hazırkı iddia ərizəsi və ona əlavə edilmiş imzasız, formal olaraq tərtib olunmüş, natamam sənədlərdən işdə iştirak edən şəxslərin subyektiv təkibi və hüquq münasibətinin xarakterini təyin etmək mümkü deyil. Belə olan halda da mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti müəyyən edilmir. Şərh olunanlarla bağlı məhkəmə qeyd edir ki, rəsmi sənədin əsas şərtlərindən biri onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə onu da iddiaçıların diqqətinə çatdırmağı zəruri hesab edir ki, "xxxx" ASCnin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra ‒ Agentlik) keçir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı sığorta haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №2-2(123)-49/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-49/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver