Məhkəmə qərarları › İş №2-2(123)-70/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-70/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-70/2021 02.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Salmanov Elşən Fizuli oğlu, İddiaçı Cavabdeh qarşı kirayə haqqı və gecikdirməyə görə peniyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçının nümayəndəsi Nümayəndə 01 noyabr 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, müqaviləyə xitam verilənə qədər kirayə haqqının və gecikdirilməyə görə 10% miqdarında peniya ilə birlikdə 1220 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş tələblərə riayət etmədiyindən aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 150.1 və 150.1.2-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 150.1 və 150.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 150.1 və 150.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.1 və 150.1.7-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.10-cu maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Buna baxmayaraq hazırda qanunvericiliyin qeyd olunan tələbi pozularaq sənədlərin surəti məhkəməyə təqdim olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbləri pozularaq olduğu halda – elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) ərizədə göstərilməli olduğu halda göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən kommersiya mübahisəsi üzrə məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə poçt vasitəsilə göndərilmiş iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyindən, həmçinin iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd və tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakına riayət edilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, işin baxılmasına mane olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması iddiaçıya izah olunmalıdır. Həmçinin iddiaçıya izah edilir ki, iddiasında iddiasının kirayə müqaviləsi və ya icarə müqaviləsi əsasında tərtib edilməsi dəqiqləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 150-152, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı kirayə haqqı və gecikdirməyə görə peniyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar