Məhkəmə qərarları › İş №2-2(3-6)-123/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-123/2026

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-123/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Səlimoğlu İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar söz: alqı-satqı müqaviləsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 7686/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:

1. İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli 73/2024 saylı müqavilə bağlanmışdır.

2. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər tsdiq edirlər ki, sifarişçi tikinti materiallarının satınalınması üçün icraçının razılaşdırma protokolunda göstərilmiş məbləğində təklifini qəbul etmişdir.

3. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan tikinti materiallarının çatdırılmasını öhdəsinə götürür.

4. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

5. Tərəflər xx.xx.2024-cü il tarixli 1 saylı Əlavə ilə təsdiq edilən Qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri 148.151,74 manat məbləğində olan malların adı, ölçü vahidi, miqdarı, qiyməti barədə razılığa gəlmişlər.

6. Müqavilə və Qiymətlərin razılaşdırılması protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. xx.xx.2024-cü il tarixli aktla tərəflər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 148.151,74 manat məbləğində malların verildiyini öz imza və möhürü ilə təsdiq etmişlər.

8. xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə ƏDV daxil 148.151,74 manat məbləğində borcu olduğunu öz imza və möhürü ilə təsdiq etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 73/2024 saylı Müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən 148.151,74 manat məbləğində pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 439 manat rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli 73/2024 saylı müqavilə bağlanmış, malların qiyməti razılaşdırılmış, daha sonra təhvil-təslim aktı imzalanmışdır və xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 148.151,74 borcu vardır (ədv daxil). Dəfələrlə borcun istənilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etsək də, bütün müraciətlər nəticəsiz qalmaqdadır.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7686/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2024-cü il tarixli 73/2024 saylı mallar üzrə satınalma müqaviləsinin ləğv edilmiş hesab edilməsi, xx.xx.2024-cü il tarixli 73/2024 saylı müqavilə üzrə 148.151,74 manat məbləğində pulun Cavabdehndən tutularaq "Səlimoğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 439 manat məbləğində pulun Cavabdehndən tutularaq "Səlimoğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, ilk növbədə alqısatqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan, İddiaçı üzərinə düşür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktla tərəflər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 148.151,74 manat məbləğində malların verildiyini öz imza və möhürü ilə təsdiq etmişlər. Bundan başqa, tərəflər xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə ƏDV daxil 148.151,74 manat məbləğində borcu olduğunu öz imza və möhürü ilə təsdiq etmişdir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. Cavabdeh tərəf məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir. Ona görə də, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, əsas borc üzrə 148.151,74 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

13. Məhkəmə xx.xx.2024-cü il tarixli 73/2024 saylı mallar üzrə satınalma müqaviləsinin ləğv edilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəf müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini ifadə etmişdir və cavabdeh tərəfindən də, müqavilə üzrə öhdəlik icra edilməmişdir. Belə olan halda, icarə müqaviləsi üzrə Cavabdeh MMC öz üzərinə düşən öhdəliyi icra etmədiyindən xx.xx.2024-cü il tarixli müqavilə ləğv edilmiş hesab edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 567 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin cavabdeh "Azkond” MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləği ilə razı deyillər, borc məbləği iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. İddiaçı Cavabdeh MMC-nin məhkəmədə iştirakının təmin edilməməsindən sui-istifadə edərək məbləğləri məhkəməyə olduğundan yüksək məbləğdə təqdim etmiş, məhkəmə isə obyektiv araşdırma etmədən borc məbləğini elə o formada da qəbul etmişdir. Sübutetmə yükünün düzgün bölüşdürülməməsi ilə bağlı bildirirlər ki, hər bir tərəf öz tələblərini və etirazlarını əsaslandıran halları sübut etməli olduğu halda, iddiaçı tərəfindən hər hansı bir maliyyə sənədi, e-qaimə, bank çıxarışı və ya digər sübut məhkəməyə təqdim olunmamışdır. Tələblərini şişirdən iddiaçının borc məbləğinə dair iddiasının reallığa uyğun gəlməsi məsələsi şübhəlidir. Məhkəmənin istinad etdiyi malların qiymətinin razılaşdırılması protokuluna və üzləşmə aktına mahiyyəti üzrə əsas sübut kimi istinad edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, işlə bağlı təhvil-təslim aktları və e-qaimələrin mövcudluğunun araşdırılması mütləqdir. Məhkəmənin əsas sübut olaraq istinad etdiyi protokol və üzləşmə aktları əsasında qətnamə qəbul etməsi əsassızdır. Məhkəmə yekun qərar verib qətnamə çıxarmazdan öncə mühasibatlıq ekspertizası keçirilməsi barədə qərar qəbul edib e-qaimə və təhvil-təslim aktlarının mövcudluğuna, onların həqiqətə uyğun olub-olmamasına dair dəlil və məlumatlara sahib olmalı, xəttşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizalarını keçirərək üzləşdirmə aktındakı imzanın təşkilatın direktoruna və möhürün təşkilata aid olub-olmamasını araşdırmalı, yalnız bundan sonra daxili inama və qanunvericiliyə əsaslanan qətnamə qəbul edilməli idi. Burada diqqət yetirilməli məqam təhvil-təslim aktlarının işdə mövcudluğunun, onun həqiqiliyinin, aktda qeyd olunanların müəyyən olunmasıdır. Birbaşa üzləşmə aktlarına və hər hansı protokola istinadən qərar qəbul etmək əsassız və qanunsuzdur. Məhkəmə sadəcə üzləşmə aktına istinad etmiş, borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası belə keçirməmişdir. Üzləşdirmə aktında və protokolunda imzalar Cavabdeh MMC-nin direktoruna məxsus deyil, həmin imzalar faks və ya elektron poçt vasitəsilə göndərilmiş sənəddən köçürülmə (basdırma) üsulu ilə sənədə yerləşdirilmişdir. Belə ki, sözügedən imzanın təbii imza xüsusiyyətlərini əks etdirməməsi, xətt qalınlığının və təziyiqinin qeyri-bərabər olmaması, sənədin digər mətn hissələri ilə texniki uyğunluq təşkil etməməsi imzanın mexaniki surətdə köçürüldüyünü göstərir. Qeyd olunan hallar üzləşmə aktının sübut kimi qəbul edilməsini şübhə altına alır. Bunu müəyyən etmək üçün xəttşünaslıq, sənədlərin texniki ekspertizası keçirilməlidir. Məhkəmə sübutları qiymətləndirmədən, ümumi və əsaslandırılmamış nəticəyə gəlmişdir. Belə olan halda, məhkəmənin yalnız subyektiv fərziyyə və iddiaçının mülahizəsinə əsaslanaraq iddia tələblərini qəbul etməsi sübuta deyil, ehtimala əsaslanan qərar qəbul edilməsi deməkdir ki, bu da prosessual qanunvericiliyin kobud pozuntusudur. Bu pozuntular isə apellyasiya qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Apellyasiya baxışızamanı mühasibatlıq ekspertizası keçirilib borcun olub-olmaması müəyyən edilməlidir.

Apellyasiya şikayətinə qarşı etiraz:

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışı, izahatlar:

18. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, Gəncə Apellyasiya Məhkəməsində digər məhkəmə işi olduğundan, hazırki məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -421.2-ci maddəsinə əsaəsn tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7686/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli, 73/2024 saylı müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan tikinti materiallarının çatdırılmasını, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.

27. İddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra edib malları cavabdehə təhvil versə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, təhvil verilmiş malların müqabilində 148.151,74 manat pul ödənilməmişdir.

28. Cavabdeh apellyasiya şikayətində borc məbləği ilə razı olmadığını və iddiaçı tərəfindən əsassız olaraq şişirdildiyini, iddiaçı tərəfindən hər hansı bir maliyyə sənədi, eqaimə, bank çıxarışı və ya digər sübutun məhkəməyə təqdim olunmadığını qeyd etmişdir.

29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin borcunun mövcudluğunu təsdiq edən sübutlar - hesab-faktura, təhvil-təslim aktı və üzləşmə aktı məhkəməyə təqdim olunmuşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC xx.xx.2024-cü il tarixli hesab-faktura ilə 148.151,74 manat məbləğində malları Cavabdeh MMC-yə göndərmiş, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə tərəflər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 148.151,74 manat məbləğində malların verildiyini öz imza və möhürü ilə təsdiq etmişlər. Bununla da, iddiaçı tərəfindən tikinti materiallarının cavabdehə çatdırılması faktı tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq olunur.

30. Həmçinin, xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə Cavabdeh MMC İddiaçı MMCyə xx.xx.2024-cü il tarixinə ƏDV daxil 148.151,74 manat məbləğində borcu olduğunu öz imza və möhürü ilə təsdiq etmişdir. Bu isə borcun etirafı kimi qiymətləndirilir və öhdəliyin mövcudluğunu sübut edən başlıca dəlildir. Belə ki, üzləşmə aktı tərəflər arasında qarşılıqlı hesablaşmaların nəticəsini əks etdirən və hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən imzalanan sənəddir və cavabdeh bu aktı imzalamaqla müqavilə üzrə borcun mövcudluğunu və məbləğini təsdiq etmiş sayılır.

31. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə cavabdehin vəsatətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan üzləşmə aktı və təhvil-təslim aktı borcun dəqiq məbləğini müəyyən edən sənədlərdir. Həmin sənədlərdə məbləğlər aydın göstərilmiş və tərəflərin qarşılıqlı imzası və möhürü ilə təsdiqlənmişdir. Bu məbləğin müəyyən edilməsi üçün xüsusi elmi və ya peşəkar mühasib biliyinə ehtiyac yoxdur. Bundan başqa, ekspertiza sənədlərin həqiqiliyini yoxlamır, o yalnız təqdim olunan sənədlər əsasında hesablama aparır. Sənədlər artıq mövcuddursa və məbləğ orada qeyd olunmuşdursa, iş üzrə ekspertiza təyin edilməsi üçün heç bir əsas yoxdur.

32. Cavabdeh borcun şişirdildiyini iddia etsə də, bu iddianı təsdiq edən hər hansı digər hesablamalar və ya ödəniş tapşırıqlarını məhkəməyə təqdim etməmişdir. Eləcə də, cavabdeh borcun şişirdildiyini sadəcə bəyan edir, lakin hansı malın dəyərinin artıq yazıldığını göstərmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübut etsə də, cavabdeh apellyasiya şikayətində istinad etdiyi halları sübut edə bilməmişdir.

33. Bundan başqa, cavabdeh üzləşmə aktındakı imzanın Cavabdeh MMC-nin direktoruna və möhürün də MMC-yə aid olmadığını, bununla əlaqədar məhkəmə xəttşünaslıq və sənədlərin texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab edərək qeyd edir ki, məhkəmə sənədləri işin digər halları ilə birgə qiymətləndirir. Tələb olunan borc məbləği ilkin sənədlərlə - tərəflər arasındakı hesab-fakturalar, malların təhvil-təslim aktları ilə sübut olunduğu halda, üzləşmə aktı da təsdiqedici xarakter daşıyır. Bundan başqa, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iddia ərizəsinə, o cümlədən üzləşmə aktına qarşı heç bir etiraz etməmiş, sənədin saxtalığı barədə vəsatət qaldırmamışdır. O, öz iddiasını şübhə doğuran faktlarla əsaslandırmalıdır. Apellyasiya mərhələsində cavabdehin heç bir mötəbər sübut təqdim etmədən ekspertiza təyin edilməsini xahiş etməsi məhkəmə prosesini lüzumsuz şəkildə uzatmaq cəhdi kimi qiymətləndirilir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-7686/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7686/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar