Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-145/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilə azadlığı, podrat müqaviləsi, öhdəliyin natamam icrası) X1 sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7612/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı (“İcraçı”) ilə Cavabdeh (“Sifarişçi”) arasında 20 may 2025-ci il tarixli, XM 70-25 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “İcraçı” öz sürücüləri, texnika və avadanlıqları ilə müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edib “Sifarişçi”yə təhvil verməyi, “Sifarişçi” isə həmin işləri təhvil aldıqdan sonra onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə işlərin icrasının tərəflər arasında imzalanan təhvil-təslim aktları ilə təsdiq edilməsi, iş və xidmətlərin həcmi, miqdarı, vahid qiymətləri və ödəniş formalarının isə müqavilənin ayrılmaz hissəsi olan aktlar və ya əlavə razılaşmalarla müəyyən olunması nəzərdə tutulmuşdur.
2. 2025-ci ilin may, iyun və iyul aylarında tərtib edilmiş və tərəflər tərəfindən imzalanıb möhürlə təsdiq olunmuş təhvil-təslim aktlarına (Forma 2) əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə Buldozer Komatsu D85EX-15E0 ilə torpaq düzəlişi və basılması xidməti göstərilmiş və ƏDV daxil olmaqla müvafiq olaraq 1896,44 manat, 8533,97 manat və 5992,74 manat dəyərində xidmətlər təhvil verilmişdir.
3. İddiaçı MMC tərəfindən göstərilən xidmətlərlə bağlı Cavabdeh MMC-yə MT2507 seriyalı, 10551600 nömrəli, xx.xx.2025-ci il tarixli (8533,97 manat) və MT2508 seriyalı, 10460805 nömrəli, xx.xx.2025-ci il tarixli (1896,44 manat və 5992,74 manat) elektron qaimə-fakturalar göndərilmişdir.
4. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC-yə MT2506 seriyalı, 10309850 nömrəli elektron qaimə-faktura üzrə tam və MT2507 seriyalı, 10551600 nömrəli elektron qaimə-faktura üzrə qismən olmaqla ümumilikdə 3000 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, XM 70-25 nömrəli müqavilə üzrə 12 883,14 manat borcun, hüquqi yardıma görə 800 manatın və dövlət rüsumuna görə ödənilmiş 142 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin 12 883,14 manat ödənilməmiş borcu vardır. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, borc ödənilməmiş və pretenziyaya münasibət bildirilməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7612/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 12 883,14 manat borc, dövlət rüsumuna görə ödənilmiş 142 manat və hüquqi yardıma görə 500 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə üzrə xidmətlər iddiaçı tərəfindən göstərilmiş, lakin cavabdeh tərəfindən xidmət haqqı tam ödənilməmişdir. Bu hal iş materiallarında olan müqavilə, elektron qaimələr və təhvil-təslim aktları ilə təsdiq olunur, cavabdeh isə məhkəmə iclaslarından məlumatlı olsa da iddiaya etiraz etməmişdir.
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın 5 276,15 manat hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə üzrə iddiaçı tərəfindən xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli elektron qaimə-fakturalar üzrə ümumilikdə dəyəri əsas məbləğ 10 446,48 manat, ƏDV məbləği 1 880,37 manat təşkil etməklə işlər icra edilmiş və ümumi borc məbləğindən 4 720 manat cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənilmişdir. Borc məbləği 7606,85 manat təşkil edir. Üzrlü səbəblərə görə 4 720 manatın ödənilməsini təsdiq edən ödəniş sənədlərini məhkəməyə təqdim etmək mümkün olmamışdır. Məhkəmə isə qətnamə qəbul edərkən işi düzgün və ətraflı araşdırmamış, zəruri sübutların əldə edilməsi ilə bağlı heç bir tədbir görməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
15. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. ... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh apellyasiya şikayətində 7606,85 manat məbləğində borcu qəbul edir, qalan borcu isə mübahisələndirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən 12 883,14 manat borcun tutulması qət edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilən hissədə, yəni cavabdehdən tutulan borc məbləğinin 5 276,29 manat hissəsinin əsaslılığına dair hissədə yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-7612/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materiallarından görünür ki, tərəflər arasında 20 may 2025-ci il tarixli müqaviləyə əsasən iddiaçı öz texnika və avadanlıqları ilə torpaq düzəlişi və basılması işlərini yerinə yetirməyi, cavabdeh isə həmin işlərin müqabilində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Bu münasibətlər hüquqi mahiyyətinə görə podrat müqaviləsindən irəli gəlir.
23. MPM-in 77.1-ci maddəsinə əsasən, müqavilədən irəli gələn tələbin əsasını təşkil edən hal – işlərin vaxtında və müqaviləyə uyğun icra olunması – iddiaçı tərəfindən sübuta yetirilməlidir.
24. İş materiallarındakı təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş işlər yerinə yetirilmişdir. Cavabdeh tərəfindən görülmüş işlərin həcmi və keyfiyyəti mübahisələndirilmir.
25. İddiaçı tərəfindən yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi məqsədilə cavabdehə təhvil-təslim aktlarına müvafiq olaraq xx.xx.2025 və xx.xx.2025-ci il tarixli üç ədəd elektron qaimə-faktura təqdim edilmişdir. Cavabdeh isə xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən bir elektron qaimə-faktura üzrə tam, biri üzrə isə qismən olmaqla, iddiaçıya ümumilikdə üç min manat ödəniş həyata keçirmiş, həmin məbləğə uyğun olaraq 540 manat ƏDV ödəmişdir.
26. Apellyasiya şikayətində iddia edilir ki, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli elektron qaimə-fakturalar üzrə yaranmış ümumi borc məbləğindən (12326,85 manat) 4 720 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Lakin, birinci instansiya məhkəməsi həmin ödənişi nəzərə almadan, əsassız olaraq cavabdehdən 12 883,14 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul etmişdir.
27. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, şikayətin dəlilləri işin halları ilə uyğun gəlmir. İş materiallarında olan elektron qaiməfakturaların biri xx.xx.2025-ci il tarixli, ikisi isə xx.xx.2025-ci il tarixli olmaqla həmin qaiməfakturalar üzrə ödənilməli məbləğlərin cəmi 16 423,15 manat təşkil edir.
28. Cavabdehin ödədiyi 3 000 manat əsas borc, 540 manat ƏDV məbləği iddiaçı tərəfindən nəzərə alınmaqla, iddiaçı qalan 12 883,14 manat pulu tələb etmiş, birinci instansiya məhkəməsi də həmin tələbi təmin etmişdir. Cavabdehin ödədiyini iddia etdiyi əlavə 1180 manat pulun ödənilməsi isə məhkəmə baxışı yekunlaşdıqdan sonra – xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı və vergi uçotu sənədlərində görünür.
29. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə qəbul edildikdən sonra həyata keçirilmiş ödənişlər birinci instansiya məhkəməsində işə baxılan zaman mövcud olmuş faktiki və hüquqi vəziyyətə təsir göstərmir və həmin məhkəmə qətnaməsinin düzgünlüyünü şübhə altına almır.
30. Buna görə də cavabdeh tərəfindən qətnamədən sonra edilmiş ödənişlər birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsassız olduğunu təsdiq edən hal kimi qiymətləndirilə bilməz və apellyasiya şikayətinin bu hissədə irəli sürülmüş dəlilləri əsassızdır.
31. Həmin ödənişlər məhkəmə qətnaməsinin könüllü icrası kimi qiymətləndirilməli və icra mərhələsində nəzərə alınmalıdır.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.
33. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
34. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7612/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7612/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.