Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-157/2026 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, hakimlər Elnur Məmmədsaat oğlu Həsənov və Səməd Fəxrəddin oğlu Cəfərovdan ibarət tərkibdə, İddiaçı Gullu Asım İlkerin cavabdeh “Maqro Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə ərizənin təmin edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, e-2-2(113)-213/2025 saylı qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Gullu Asım İlker cavabdeh “Maqro Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ümumilikdə 63 957,18 manat ödənilməmiş borc, həmçinin hüquqi yardıma və dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 5 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-213/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 41 595 manat borc və ödənilmiş 183,30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 41 778,30 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, qətnamə xx.xx.2025-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir.
3. Cavabdeh “Maqro Construction" MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən qətnamədən apellyasiya şikayəti ilk dəfə elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-1274/2025 saylı qərardadı ilə xx.xx.2025-ci il tarixli, e-2-2(113)-213/2025 nömrəli qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün qeyri-mümkün hesab edilərək, şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-213/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, qərardad xx.xx.2025-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir.
6. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti növbəti dəfə 16 dekabr 2025-ci il tarixdə verilmiş, şikayətə həmçinin, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir.
7. Ərizədə müddətin buraxılmasının üzrlü səbəbləri kimi qeyd edilmişdir ki, dövlət rüsumu ilkin mərhələdə natamam ödənilmiş olsa da, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə müvafiq qərardad elektron sistemə yerləşdirilən kimi dərhal dövlət rüsumunun qalan hissəsi ödənilmişdir. Bu hal cavabdehin apellyasiya şikayətini vermək niyyətindən imtina etmədiyini, əksinə rüsumun natamam ödənilməsinin texniki xarakter daşıdığını açıq şəkildə təsdiq edir.
8. İddiaçının nümayəndəsi (vəkili) elektron kabinet vasitəsilə prosessual müddətin bərpasına dair ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, hüquqi şəxs olan cavabdeh qətnamədən apellyasiya şikayətini prosessual müddəti ötürməklə vermişdir. Prosessual hərəkətin vaxtında yerinə yetirilməməsi cavabdehin dövlət rüsumunu ödəməməsi və şikayəti təkrarən elektron kabinet vasitəsilə təqdim etməsi ilə bağlı olmuşdur. Məhkəmə cavabdehin hüquqi şəxs olmasını nəzərə almalıdır. Bundan əlavə, cavabdehin prosessual müddətin son gününü gözləməklə hərəkət etməsi məhkəmə tərəfindən hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir. Cavabdehin prosessual hərəkəti vaxtında həyata keçirməsini qeyri-mümkün edən hər hansı üzrlü hal mövcud deyil və müddətin bərpası üçün qanuni əsaslar müəyyən edilmir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-213/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilən ərizənin təmin edilməsi və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ilkin olaraq apellyasiya şikayəti vaxtında verilmiş, şikayət qaytarıldıqdan sonra qısa müddət ərzində nöqsanlar aradan qaldırılaraq, apellyasiya şikayəti yenidən verilmişdir. İddiaçının etiraz ərizəsində qeyd edilənlər fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz.
11. İddiaçının nümayəndəsi (vəkili) həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsini xahiş etmişdir.
12. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh dövlət rüsumunu ödədikdən sonra apellyasiya şikayətini şəxsi kabinet vasitəsilə təkrar təqdim etdiyindən prosessual hərəkəti qanunla müəyyən edilmiş müddətdə həyata keçirməmişdir. Həmin prosessual hərəkətin vaxtında yerinə yetirilməsini qeyri-mümkün edən hər hansı üzrlü hal müəyyən edilməmişdir. Bu səbəbdən buraxılmış prosessual müddətin bərpası üçün qanuni əsaslar mövcud deyildir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-213/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilən şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, e-2-2(113)- 213/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. ... Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ... Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ... Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363. Apellyasiya şikayətinin qaytarılması
363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: ... 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; ... 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...
16. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, qanunverici prosessual müddətin buraxılmasının üzrlü hesab edildiyi hallarda onun bərpası mexanizmini müəyyən etsə də, konkret hansı səbəblərin üzrlü sayılmasının qiymətləndirilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bununla belə, məhkəmə təcrübəsinə əsasən prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblər prosessual hüquq və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun tərəfindən dəf edilməsi mümkün olmasın, müvafiq prosessual hərəkətin vaxtında həyata keçirilməsinə real maneə yaratsın və ya bu imkanı əhəmiyyətli dərəcədə məhdudlaşdırsın.
17. İşin hallarından görünür ki, məhkəmə qətnaməsi cavabdehə məxsus elektron kabinetə yerləşdirilmiş, cavabdeh isə qanunvericiliklə müəyyən edilmiş bir aylıq prosessual müddət ərzində apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Lakin, təqdim edilmiş apellyasiya şikayəti prosessual tələblərə tam riayət edilmədən, yəni qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi səbəbindən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilmiş, bundan sonra birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır.
18. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə uyğun olaraq, şikayəti vermiş şəxs dövlət rüsumunun ödənilməsi ilə bağlı nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququna malikdir. Prosessual müddətin bərpasına dair ərizəyə qiymət verilərkən qeyd olunan normanın tələbi mütləq olaraq nəzərə alınmalıdır.
19. Şikayət verən şəxsin qanunla müəyyən edilmiş bu hüququnu ağlabatan müddət ərzində həyata keçirib-keçirməməsi prosessual müddətin bərpası məsələsinə qiymət verilməsi zamanı mühüm əhəmiyyət kəsb edir.
20. İş materiallarından görünür ki, cavabdeh tərəfindən ilkin apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş, dövlət rüsumunun natamam ödənilməsi ilə bağlı nöqsan qısa müddət ərzində aradan qaldırılmış və şikayət yenidən təqdim edilmişdir. Göstərilən hallar prosessual müddətin buraxılmasının cavabdehin hüquqdan sui-istifadə etməsi ilə bağlı olmadığını göstərir və müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilə bilər.
21. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Buna görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır.
22. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Gullu Asım İlkerin nümayəndəsi (vəkili) tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, e-2-2(113)-213/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Tural Qocayev Hakimlər: Səməd Cəfərov Elnur Həsənov