Məhkəmə qərarları › İş №2-2(3-6)-204/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-204/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-204/2026 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(113)-9975/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə ƏDV daxil olmaqla 29105,49 manat əsas borc, 11001,88 manat cərimə məbləği və 211,12 manat dövlət rüsumu, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-9975/2025 nömrəli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-9975/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, eyni zamanda qərardaddan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(113)-9975/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 9975/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin və ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatətin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi şikayəti qaytararkən şikayət verilən qərardaddan Mülki Prosessual Məcəlləyə əsasən ayrıca şikayətin nəzərdə tutulmamasını və həmin qərardadın işin sonrakı hərəkətinə maneə yaratmadığın əsas götürmüşdür; hüquqi əsas kimi MPM-in 395, 151 və analoji qaydada 408-ci maddələrinə istinad etmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək sözügedən qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırkı mövqeyi cavabdehin mülki hüquqlarının, onun məhkəmə müdafiəsi hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı tərəfindən pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq cavabdehə təqdim edilməmiş, bununla da iddiaçının məhkəməyə müraciəti ilə bağlı prosessual qaydalar pozulmuşdur. Belə ki, iddiaçı pretenziya məktubunu yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdim etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsində nəzərdə tutulan tələblərə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Yəni mülki mübahisələr üzrə pretenziya məktublarının Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi və ya başqa elektron sistem və ya kabinetlər vasitəsilə göndərilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyə uyğun olaraq, iddiaçı tərəfindən pretenziya məktubu cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmalı idi. Pretenziya məktubu qanunvericilikdə nəzərdə tutulan qaydada təqdim olunmadığına görə cavabdeh firmanın pretenziya məktubuna cavab vermək və mübahisənin məhkəməyədək həlli üçün tədbirlər görmək imkanı olmamışdır. Hazırda MPM-in 10-1-ci maddəsində nəzərdə tutulan tələblər pozulduğuna görə iddia ərizəsinin təqdim olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılmalı idi. İddia ərizəsi prosessual pozuntulara yol verilməklə icraata götürüldüyü üçün Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-9975/2025 saylı xx.xx.2026cı il tarixli qərardadı ləğv edilməlidir. Məhkəmə tərəfindən prosessual pozuntulara yol verilərək iddia ərizəsi icraata götürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-9975/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(113)-9975/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 395.ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardaddan şikayət verilməsi MPM-də nəzərdə tutulmadığından, eləcə də həmin qərardad işin sonrakı hərəkətinə mane olmadığından MPM-nin 395.2-ci maddəsinin tələbləri baxımından həmin qərardaddan şikayət verilməsi istisna edilir. Beləliklə, cavabdehin iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardaddan şikayət vermək hüququ olmamış, işə baxan məhkəmə isə haqlı olaraq şikayətin verilməsi qanunla nəzərdə tutulmadığından onun geri qaytarılması barədə nəticəyə gəlmişdir. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin və şikayətin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(113)-9975/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar