Məhkəmə qərarları › İş №2-2(3-6)-208/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-208/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-208/2026 17.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, pul öhdəliyinin icra edilməməsi) X1 sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6380/2025 saylı qətnaməsindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı (“İcraçı”) ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (“Sifarişçi”) arasında 1 sentyabr 2024-cü il tarixli, 067 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nin müəyyən etdiyi qaydada, keyfiyyətdə, vaxtda sifarişləri yerinə yetirməyi, “Sifarişçi” isə qiymət razılaşdırılması protokolunda qeyd olunmuş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə hesablaşmaların aralıq təhvil-təslim aktları əsasında aparılacağı müəyyən edilmişdir.

2. Tərəflərin imzaladığı müqaviləyə 1 saylı əlavəyə əsasən “X2” layihəsi üzrə icraçı tərəfindən geodeziya-topoqrafiya işlərinin yerinə yetirilməsi üçün xidmət haqqı 5 799,40 manat məbləğində müəyyən edilmişdir.

3. Tərəflərin imzaladığı təhvil-təslim aktları ilə 2024-cü ilin oktyabr ayından 2025-ci ilin aprel ayınadək görülmüş işlərin qəbul edildiyi və müvafiq olaraq hər ay üzrə 5 799,40 manat, aprel ayı üzrə isə 4907,10 manat olmaqla ümumilikdə 45 502,90 manat məbləğində işlərin görüldüyü təsdiq edilmişdir.

4. İddiaçı tərəfindən Cavabdeh QSC-yə göndərilmiş elektron qaimə-fakturalara əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üzrə görülmüş işlərin dəyəri hər ay üzrə 5 799,40 manat, sonuncu dövr üzrə isə 4907,10 manat təşkil etmiş və həmin qaimələrdə 1 sentyabr 2024-cü il tarixli, 067 nömrəli xidmət müqaviləsinə istinad edilmişdir.

5. 22.10.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr üzrə 5 ədəd ödəniş tapşırığına əsasən Cavabdeh QSC tərəfindən hər biri 5 799,40 manat olmaqla ümumilikdə 28 997 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 sentyabr 2024-cü il tarixli, 067 saylı müqavilə üzrə 16 505,90 manat borc, borcun gecikdirilməsinə görə 422,86 manat faiz borcu, həmçinin dövlət rüsumunun əvəzi qismində ödənilmiş 140 manat və hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında tərtib edilmiş 1 mart 2025-ci il, 1 aprel 2025-ci il və 5 may 2025-ci il tarixli təhvil-təslim aktlarından müəyyən olunur ki, icraçı tərəfindən müvafiq aylarda geodeziya-topoqrafiya işləri yerinə yetirilmiş və aktlar tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Buna baxmayaraq, cavabdeh həmin aktları imzalayaraq işləri qəbul etsə də, öhdəliyini yerinə yetirməmiş və mart və aprel ayları üzrə hər biri 5 799,40 manat, may ayı üzrə isə 4 907,10 manat olmaqla, ümumilikdə 16 505,90 manat məbləğində borcu yaranmışdır. Cavabdehin borcu həmçinin tərəflər arasında aparılmış telefon danışıqları və “WhatsApp” yazışmaları ilə də təsdiq olunur.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6380/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 16 505,90 manat borc, borcun gecikdirilməsinə görə 251,17 manat faiz borcu, həmçinin dövlət rüsumunun əvəzi qismində ödənilmiş 139,40 manat olmaqla, ümumilikdə 16 896,47 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə üç təhvil-təslim aktı üzrə ödənilməmiş xidmət haqqı ilə bağlıdır. Elektron qaimə-fakturalar üzrə xidmətlərin ümumi məbləği 45 502,90 manat, cavabdeh tərəfindən ödənilmiş məbləğ isə 28 997 manat olmuş, nəticədə 16 505,90 manat borc qalmışdır. Məhkəmə cavabdehin aktların səlahiyyətli şəxs tərəfindən imzalanmaması və aktlarda başqa müqaviləyə istinad edilməsi barədə dəlillərini əsassız hesab etmiş, əvvəlki dövrlərdə eyni qaydada imzalanmış aktlar üzrə ödənişlərin aparıldığını nəzərə almışdır. Borcun mövcudluğunu təsdiq edən səs yazıları da təqdim edilmişdir. Faiz tələbi üzrə məhkəmə gecikməni hər qaimənin təqdim olunduğu tarixdən 15 gün sonra hesablayaraq ümumilikdə 251,17 manat məbləğində faiz borcu müəyyən etmişdir.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6380/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli təhvil-təslim aktlarında xx.xx.2024-cü il tarixli, 058 saylı xidmət müqaviləsinə istinad edilmiş, halbuki iddia predmeti xx.xx.2024-cü il tarixli, 067 saylı müqavilədən irəli gəlir. 058 saylı müqavilə üzrə tərəflər arasında hüquqi münasibətlərin mövcudluğu sübut olunmamış, həmin müqavilə yalnız bir tərəfin imzaladığı layihə kimi təqdim edilmişdir. Bu səbəbdən aktların hansı hüquqi münasibət əsasında tərtib edildiyi qeyri-müəyyən qalır. Şikayətdə göstərilmişdir ki, aktların əslində 067 saylı müqaviləyə aid olması barədə məhkəmənin qənaəti ehtimala əsaslanır və yazılı sübutlarla təsdiqlənmir, bu isə sübutun məzmununun dəyişdirilməsi kimi yolverilməzdir. Həmçinin qeyd edilmişdir ki, mübahisəli aktlar cavabdeh adından həmin müqavilə üzrə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış, birinci instansiya məhkəməsi isə bu halı əvvəlki dövrlərdə oxşar aktlar üzrə ödənişlərin aparılması ilə əsaslandıraraq düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, əvvəlki dövrlərdə eyni şəxs tərəfindən imzalanmış analoji aktlar əsasında cavabdeh tərəfindən müntəzəm ödənişlər edilmişdir, həmin aktlar cavabdeh tərəfindən mübahisələndirilməmiş və qəbul edilmişdir. Tərəflər arasında formalaşmış işgüzar münasibətlər çərçivəsində aktların məhz həmin şəxs tərəfindən imzalanması davamlı xarakter daşımışdır. Qeyd edilənlərlə yanaşı cavabdehin borcunu etiraf etməsini təsdiq edən səs yazıları məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilən bütün sübutlar birlikdə qiymətləndirilərək cavabdehin xx.xx.2024-cü il tarixli, 067 saylı müqavilə üzrə 16 505,90 manat məbləğində borcunun mövcudluğu sübuta yetirilmişdir. Odur ki, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ... Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması

78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-6380/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 1 sentyabr 2024-cü il tarixli, 067 nömrəli müqavilə podrat müqaviləsi xarakteri daşıyır. Bu müqavilə çərçivəsində iddiaçı geodeziya-topoqrafiya işlərini yerinə yetirməyi, cavabdeh isə həmin işlərin müqabilində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür.

22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsasını təşkil edən hallar, yəni işlərin vaxtında və müqaviləyə uyğun icra olunması iddiaçı tərəfindən sübuta yetirilməlidir.

23. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş işlər yerinə yetirilmiş, bu barədə təhvil-təslim aktları tərtib edilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir.

24. Həmin aktlara uyğun olaraq iddiaçı tərəfindən cavabdehə elektron qaiməfakturalar göndərilmiş, cavabdeh isə bu qaimələr üzrə ödənişləri həyata keçirmişdir. Hazırkı iş üzrə mübahisə 1 mart 2025-ci il, 1 aprel 2025-ci il və 5 may 2025-ci il tarixli təhvil-təslim aktları üzrə yaranmışdır.

25. Apellyasiya şikayətinin dəlillərində bu məsələ qaldırılmasa da, prosessual hüquq normalarının düzgün tətbiqinin yoxlanılması baxımından kollegiya ilk növbədə gecikmiş sübutun qəbul edilməsi məsələsinə toxunmağı zəruri hesab edir. MPM-in 372.7-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsi yoxlanılmalıdır.

26. İddiaçı digər iki aktla yanaşı, 5 may 2025-ci il tarixli təhvil-təslim aktı üzrə də borcun tutulmasını tələb etmiş, lakin iş materiallarından göründüyü kimi həmin akt sübut qismində məhkəmə baxışı mərhələsində məhkəməyə təqdim edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli qərardadla məhkəmə baxış iclası təyin edilmiş, təhvil-təslim aktı isə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmişdir.

27. Birinci instansiya məhkəməsi həmin akta, eləcə də onunla bir vaxtda təqdim edilmiş, tələbin birbaşa əsasını təşkil etməyən digər aktlar, qaimə-fakturalar və ödəniş sənədlərinə istinad etsə də, həmin sübutların qəbul edilib-edilməməsi məsələsini müzakirə etməmiş və bunu hər hansı formada əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun (MPM 387.1).

28. Kollegiya hesab edir ki, təhvil-təslim aktının məhkəmə baxışı mərhələsində təqdim edilməsi onun sübut kimi qəbul edilməsinə maneə yaratmır. Belə ki, iddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci il tarixli ərizə ilə əvvəl təqdim edilmiş sənədlərdə texniki səhv olduğunu, may ayı üzrə təhvil-təslim aktı əvəzinə səhvən aprel ayı üzrə aktın iki dəfə sistemə daxil edildiyini bildirmişdir. “Elektron məhkəmə” informasiya sisteminə daxil edilmiş sənədlər nəzərdən keçirildikdə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə birlikdə 1-ci və 6-cı sırada “Akt” başlığı altında xx.xx.2025-ci il tarixli təhvil-təslim aktının iki dəfə yerləşdirildiyi müəyyən edilmişdir. Bu hal iddiaçının nümayəndəsi tərəfindən məhkəmə baxışı zamanı dərhal açıqlanmış və düzəldilmişdir.

29. MPM-in 78.1-ci maddəsində nəzərdə tutulmuş qayda proses iştirakçılarını intizamlandırmaq, onların bir-birinin sübutlarından qabaqcadan məlumatlı olmaq və buna uyğun müdafiələrini hazırlamaq, habelə məhkəmənin hər dəfə yeni sübutlar əsasında yeni halları araşdırmaq məcburiyyətində qalmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Lakin bu prosessual qaydanın məqsədlərindən kənar formada tətbiqi məhkəməyə çatımlılığın və məhkəmə müdafiəsinin hədsiz sərt formallıqla məhdudlaşdırılmasına səbəb olmamalıdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə xx.xx.2025-ci il tarixli aktın məhkəmə baxışında təqdim edilməsi iddiaçının prosessual hüquqlardan sui-istifadəsi və ya səhlənkar davranışı kimi qiymətləndirilə bilməz və həmin sübut MPM-in 78.1-ci maddəsinin tələblərinə uyğun olaraq qəbul edilə bilər.

31. Həmin aktla eyni vaxtda təqdim edilmiş, tərəflər arasında eyni müqavilə üzrə əvvəllər tərtib edilmiş və ödənilmiş təhvil-təslim aktları, elektron qaimə-fakturalar və ödəniş tapşırıqlarına gəldikdə isə həmin sübutların qəbul edilməsinin hüquqi əsasları isə fərqli qiymətləndirilməlidir.

32. MPM-in 78.1-ci maddəsinin ikinci cümləsi müvafiq əsaslar məhkəmə baxışı gedişində əmələ gələrsə, sübutun məhkəmə baxışında təqdim edilməsinin mümkünlüyünü nəzərdə tutur. Qeyd edilən sübutlar 16 505,90 manat pul tələbinin birbaşa əsasını təşkil etmir. Bu sübutlar cavabdehin həmin aktların başqa müqaviləyə istinad etməsi və səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasına dair etirazlarını təkzib etmək üçün təqdim edilmişdir. Cavabdeh hazırlıq iclaslarında iştirak etməmiş, iddiaya yazılı etiraz verməmiş, bu məzmunda şifahi etirazı məhkəmə baxışında səsləndirmişdir. Odur ki, iddiaçının həmin etirazı təkzib etmək üçün əlavə sübutları məhkəmə baxışında təqdim etməsi MPM-in 78.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

33. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə kollegiya aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

34. Apellyasiya şikayətində göstərilir ki, tərəflər arasında 1 sentyabr 2024-cü il tarixli 067 saylı müqavilə bağlanmış olsa da, mübahisə predmeti olan təhvil-təslim aktlarında 10 avqust 2024-cü il tarixli müqaviləyə istinad edilmiş, həmçinin təhvil-təslim aktları cavabdehin adından həmin müqavilə üzrə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.

35. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, mübahisə predmeti olan təhvil-təslim aktlarında başqa bir müqaviləyə – xx.xx.2024-cü il tarixli, 058 saylı müqaviləyə istinad edilsə də, həmin aktlara uyğun olaraq cavabdehə təqdim edilmiş elektron qaimə-fakturalarda tərəflər arasında faktiki bağlanmış xx.xx.2024cü il tarixli, 067 saylı müqaviləyə istinad olunmuşdur və tərəflərin faktiki iradəsi onlar arasında bu müqavilə üzrə münasibətlərin mövcud olduğunu göstərir.

36. Təhvil-təslim aktlarında başqa müqaviləyə istinad olunması həmin sənədlərin hüquqi mahiyyətini avtomatik olaraq dəyişdirmir. Mübahisənin həlli zamanı əsas meyar sənədlərdə göstərilən formal rekvizitlər deyil, tərəflər arasında faktiki formalaşmış hüquq münasibətləridir. Müəyyən edilmişdir ki, ümumiyyətlə tərəflər arasında xx.xx.2024-cü il tarixli, 058 saylı müqavilə bağlanmamışdır.

37. Bu baxımdan təhvil-təslim aktlarında xx.xx.2024-cü il tarixli müqaviləyə istinad olunması tərəflərin faktiki iradəsinə uyğun gəlməyən texniki xarakterli uyğunsuzluq kimi qiymətləndirilməlidir.

38. Bundan başqa, iş materiallarından göründüyü kimi mübahisə predmeti olan təhvil-təslim aktları ilə yanaşı, tərəflər arasında əvvəlki aylar üzrə tərtib edilmiş, imzalanmış və dəyəri ödənilmiş təhvil-təslim aktları da eyni formada hazırlanmışdır. Bütün təhvil-təslim aktlarında xx.xx.2024-cü il tarixli, 058 saylı müqaviləyə istinad edilmiş və həmin aktlar cavabdehin adından eyni şəxs – Cavabdeh QSC-nin nümayəndəsi C.Nəbiyev tərəfindən imzalanmışdır.

39. Buna baxmayaraq, cavabdeh əvvəlki aylar üzrə imzalanmış təhvil-təslim aktlarını mübahisələndirməmiş və həmin aktlar əsasında hər dəfə 5 799,40 manat məbləğində ödəniş həyata keçirmişdir.

40. Hətta təhvil-təslim aktlarının cavabdehin adından səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı fərz edilsə belə, cavabdehin həmin aktlar əsasında ödənişlər həyata keçirməsi həmin hərəkətlərin sonradan təsdiq edilməsi (konkludent razılıq) kimi qiymətləndirilməlidir.

41. Kollegiya qeyd edir ki, faktiki görülmüş işlərə görə ödənişlərin elektron qaiməfakturalarda düzgün olaraq tərəflər arasında bağlanmış 067 saylı müqaviləyə istinad edilməklə həyata keçirilməsi təhvil-təslim aktlarında 058 saylı müqaviləyə istinadın yalnız texniki xarakter daşıdığını göstərir və bu hal ödənişlərin hüquqi əsasına təsir etmir. Odur ki, birinci instansiya məhkəməsi iddianı təhvil-təslim aktları üzrə ümumilikdə 16 505,90 manat məbləğində borcun tutulması hissəsində təmin etməkdə haqlı olmuşdur.

42. Kollegiya tələbin gecikdirilmiş borca görə faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin, yəni əsas borc məbləğinin ödənilmədiyi iş materialları ilə təsdiq olunmuşdur. Bu hal hüquqi nəticə olaraq faiz borcunun hesablanmasını zəruri etmişdir.

43. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən gecikdirilmiş məbləğə illik 5% dərəcəsi tətbiq edilməklə faizlərin hesablanması qanunvericiliyin tələblərinə və tərəflər arasında hüquq münasibətlərinin mahiyyətinə uyğun olmuşdur.

44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.

45. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

46. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan artıq olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6380/2025 nömrəli qətnaməsindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6380/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar