Məhkəmə qərarları › İş №2-2(3-6)-233/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-233/2026

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-233/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçı iddiaçı1 iştirakı ilə, Iddiaçı iddiaçı1 cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin Halları

1. “Iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli, UNI/****/*** saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilə (bundan sonra – Müqavilə) bağlanmışdır.

2. Həmin Müqavilənin: 2.1. 1.1-ci bəndinə görə bu Müqavilənin şərtlərinə uyğun olaraq Icraçı (iddiaçı) Sifarişçinin (cavabdehin) tapşırıqlarına əsasən onun xidmət göstərdiyi və (və ya) GPON texnologiyası üzrə şəbəkə qurduğu ünvanlarda yaşayan abunəçilərin ünvanlarına kabel çəkilməsi, rabitə avadanlıqları quraşdırılması və konfiqurasiyası, onlara baxış keçirilməsi, təmiri, bərpası, texniki bağlantının yaradılması və digər texniki işlərlə bağlı xidmətləri yerinə yetirir, Sifarişçi isə göstərilmiş xidmətlərin müqabilində Icraçıya bu Müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında xidmət haqqı ödəyir;

3. 1.2-ci bəndinə görə tərəflər arasında təhvil-təslim aktının (bundan sonra “Təhviltəslim aktı” adlanacaq) təsdiq olunması (yazılı formada imza ilə və ya müvafiq elektron sistem - Jira tətbiqi vasitəsilə) müvafiq Xidmətlərin Sifarişçiyə təhvil verilməsi deməkdir; 2.3. 3.2.1-ci bəndinə görə müvafiq xidmətlər göstərildikdən və müvafiq Təhviltəslim aktı ilə qəbul edildikdən sonra Sifarişçinin ödəniş öhdəliklərinin yerinə yetirilməsini Sifarişçidən tələb etmək Icraçının hüququdur;

4. 4.1.3-cü bəndinə görə göstərilmiş və təhvil alınmış xidmətlərə görə ödənişləri lazımi qaydada və vaxtında yerinə yetirmək Sifarişçinin öhdəliyidir;

5. 6.1-ci bəndinə görə Xidmət haqqı aşağıdakı cədvələ uyğun olaraq hesablanır və ödənilir: - Internet xidmətinə qoşulmaya görə: ay ərzində Icraçı tərəfindən qoşulmuş və aktiv statusda olan müştərilərin sayı - 500-dək olduqda: Bakı şəhərində yeni qoşulmuş hər aktiv müştəri üçün birdəfəlik (ƏDV xaric) 15 manat, Bakı şəhərindən kənarda (Regionlarda) yeni qoşulmuş hər aktiv müştəri üçün birdəfəlik (ƏDV xaric) – 20 manat; 5

6. 500 və daha artıq olduqda: Bakı şəhərində yeni qoşulmuş hər aktiv müştəri üçün birdəfəlik (ƏDV xaric) 20 manat, Bakı şəhərindən kənarda (Regionlarda) yeni qoşulmuş hər aktiv müştəri üçün birdəfəlik (ƏDV xaric) – 25 manat;

7. - IP TV xidmətinə qoşulmaya görə: icraçı tərəfindən IP TV xidmətinə qoşulmuş hər bir aktiv statusda olan müştər üçün birdəfəlik 10 manat (ƏDV xaric);

8. Hər bir müvafiq Xidmət sifarişində müəyyən edilmiş Xidmət haqqı (bundan sonra “Xidmət haqqı" adlanacaq) Sifarişçi tərəfindən Icraçının bank hesabına bank köçürməsi yolu ilə ödənilir. Xidmət haqqı Işlərin Sifarişçi tərəfindən təhvil alınmasını təsdiq edən təhviltəslim aktı hər iki tərəfdən imzalandıqdan sonra, imzalanmış təhvil-təslim aktı, hesabfaktura və elektron qaimə-faktura əsasında bu sənədlərdən sonuncusu Sifarişçiyə təqdim edildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində Icraçının bank hesabına ödənilir.

9. 13.15-ci bəndinə görə sorğu və müraciətlərin alınması, cavablandırılması və sorğu və müraciətlərlə bağlı bütün digər hərəkətlər yalnız Sifarişçinin müvafiq elektron sistemi (Jira tətbiqi) üzərindən həyata keçirilir və izlənilir. Digər hər hansı bir formada edilən sorğu və müraciətlər nəzərə alınmır. Icraçı bununla bağlı Sifarişçinin müvafiq qaydaları və təlimatları ilə tanış olduğunu və onlara əməl edəcəyini bəyan edir. Icraçı həmin qayda və təlimatlara zidd hərəkətləri nəticəsində Sifarişçiyə vurduğu zərərə görə məsuliyyət daşıyır.

Birinci instansiya məhkəməsindəki icraat

10. Iddiaçı 41105 manat əsas borc, 4600 manat faiz borcu (penya 1% günlük) və 230 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. Iddia tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2024-cü il tarixdə UNI/****/*** saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmeti sifarişçi cavabdeh tərəfindən GPON texnologiyası üzrə şəbəkə qurduğu ünvanlarda yaşayan abunəçilərin ünvanlarına kabel çəkilməsi, rabitə avadanlıqlarının quraşdırılması və konfiqurasiyası, onlara baxış keçirilməsi, təmiri, bərpası, texniki bağlantının yaradılması və digər texniki işlərlə bağlı xidmətlərin icraçı tərəfindən yerinə yetirilməsindən və müqavilədə qeyd olunan cədvələ əsasən icraçıya xidmət haqqı ödəməkdən ibarət olub. Cavabdeh tərəfindən müqavilə şərtləri pozulub və nəticədə göstərdiyi xidmətlərə görə nəzərdə tutulmuş işləri təhvil versə də və dəfələrlə cavbdehin yerləşdiyi ofisdə görüşlər keçirsələr də, xidmət haqqını cavbdehdən ala bilmir. Cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə təklifə münasibət bildirməmişdir. Yaranmış borcla bağlı cavbdehə elektron qaimələr də göndərilmişdir. Aralarında bağlanmış Müqaviləyə əsasən cavbdehin əsas borcu 41105 manat təşkil edir. Bu barədə cavabdehə göndərilən pritenziya məktubunda bildirilib. Əlavə olaraq həmin məktubda cavbdehə bildirilib ki, pritenziya məktubuna əsasən əsas borcu 10 gün müddətində könüllü olaraq ödəməsə, yaranmış borca 1% əlavə hesablanaraq tələb olunması üçün Məhkəməyə müraciət ediləcəkdir. Hesablamalara görə 2024-cü ilin dekabr ayından bugünədək aylar üzrə yaranmış əsas borcun 1% dəymiş zərərə görə cəriməsi 4600 manat təşkil edir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün maddi zərərlə üzləşmişdir. Zərər dedikdə işçilərə əmək haqqını vaxtında verə bilməməyi, vergi və digər məcburi öhdəliklərim və əldən çıxmış faydanı (həmin tarixlər üçün nəzərdə tutulan mənfəəti və ya qazancı) nəzərdə tutur.

12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

13. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdiş

14. Cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etmərək iddia ərizəinin rədd edilməsini məhkəmədən xahiş etdi.

15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 41105 manat əsas borc, 2000 manat dəbbə pulu və ödənilmiş 230 manat dövlət rüsumu tutularaq iddiaçı iddiaçı1 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Cavabdeh “xxxx” MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/** saylı qətnaməsinin ləğv edilməsi iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında yuxarıda göstərilən müqavilə imzalanmış və xidmət münasibətləri olmuşdur. Lakin iddiaçının iddia ərizəsində tələb etdiyi dövrlə bağlı heç bir xidmət göstərilməmiş və ya bu xidmətlərin göstərilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Ilk növbədə bildirmək istəyirik ki, müqavilənin 1.2-ci bəndinə görə tərəflər arasında təhvil təslim aktının təsdiq olunması (yazılı və ya elektron qaydada jira proqramı vasitəsi ilə) müvafiq xidmətlərin sifarişçiyə təqdim edilməsi deməkdir. Hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsində göstərilən dövrün nə yazılı təhvil-təslim aktları, nə də jira proqramı vaistəsi ilə təsdiq olunma barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Iddiaçı bunu artıq Jira proqramına giriş icazəsinin ləğv olunması ilə əlaqələndirsə də, bildiririk ki, 2025-ci ilin may ayına qədər iddiaçının həmin sistemə giriş icazəsi olub və sistemdən çıxarışlar edə və e-mail yazışmalarını iddia ərizəsinə əlavə edə bilərdi. Lakin cavabdeh bu sübutları iş materiallarına əlavə etmədən müvafiq xidmətlərin göstərildiyini iddia etmiş, məhkəmə də bunu qəbul etmişdir. Bundan başqa, əgər göstərilən işlər həqiqətən də işlər iddiaçı tərəfindən görülsəydi bu barədə müvafiq elektron qaimələr də göndərilməli idi. Lakin iddiaçı elektron qaimələri yalnız ##.##.2025-ci il tarixdə göndərmişdir. Halbuki, elektron qaimə işlər görülən vaxtdan sonrakı ay göndərilir. Iddiaçı tərəfindən işlərin görülməsi üçün qəbul edilmiş mal-materialların təqdim istifadə edilməməsi və istifadə edilməyən malmaterialların cavabdehə geri qaytarılmaması ilə bağlı iddiaçıya ##.##.2025-ci il tarixdə pretenziya göndərilmiş və daha sonra iddia da qaldırılmışdır. Həmin işə Bakı Kommersiya Məhkəməsində baxılır. Hesab edirik ki, bu fakt da iddiaçı tərəfindən müvafiq xidmətlərin göstərilmədiyini təsdiq edən fakt kimi qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

19. Etiraz onunla əsaslandırılmamışdır ki, ”xxxx”MMC tərəfindən məhkəməyə JIRA proqramından çıxarış təqdim edilməyib və verilməməsi üçün hər-dəfə yayınıb. Müqavilə şərtlərində də göstərilib ki, görülən işlər “ xxxx”MMC tərəfindən yaradılan və birbaşa nəzarəti həyata keçirdikləri JIRA proqramı üzərindən yoxlanıb sonradan xidmət haqqı ödənilirdi. JIRA proqramından çıxarışların onda olan hissəsini Məhkəməyə təqdim etmiş və iş materiallarına əlavə olunmuşdur. ”xxxx” MMC-yə dəfələrlə elektron qaimələr göndərmişik. Bəzən özləri xahiş edib ki, geri götürün pul olanda xidmət haqqı ödəniləcək. Bəzən ”xxxx”MMC elektron qaimələrin hamısının bir yerdə olduğunu əsas gətirərək ləğv edirdi. Sonda elektron qaimələr aylar üzrə ”xxxx” MMC-yə göndərilib. Bundan əlavə, iddiaçı tərəfindən işlərin görülməsi üçün qəbul edilmiş mal-materialların təqdim istifadə edilməməsi və istifadə edilməyən malmaterialların cavabdehə geri qaytarılmaması ilə bağlı iddiaçıya ##.##.2025-ci il tarixdə pretenziya göndərilmiş və daha sonra iddia da qaldırılmışdır. Həmin işə Bakı Kommersiya Məhkəməsində baxılır. Hesab edirik ki, bu fakt da iddiaçı tərəfindən müvafiq xidmətlərin göstərilmədiyini təsdiq edən fakt kimi qəbul edilməlidir. Hazırki son tələb üzrə işə Bakı Kommersiya Məhkəməsində baxılır və iş üzrə əsaslandırılmış etirazını bildirmişdir. Həmin məsələyə aydınlıq gətirərək qeyd etmişdir ki, ”xxxx” MMC bugünədək istifadə edilməyən mal materialların geri qaytarılması iddiasını irəli sürməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

21. Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

25. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. . Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

28. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

29. . Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

30. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

31. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilmədirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. . Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

40. Kollegiya qeyd edir ki, tərərflər arasında izmalanmış müqavilə xidmət adalandırılsada birinci instansiya məhkəməsi haqlı olaraq münasibətləri podrat müqaviləsindən irəli gələn münasibətlər olaraq qiymətləndirmişdir.

41. Belə ki, Müqavilənin 1.1-ci maddəsində digər xidmətlərin yerinə yetirilməsi göstərilsə də, əslində tərəflər arasında podrat müqaviləsi bağlanmış, sifarişi əsasında iddiaçı GPON texnologiyası üzrə cavabdehin şəbəkə qurduğu ünvanlarda yaşayan abunəçilərin ünvanlarına kabel çəkilməsi, rabitə avadanlıqları quraşdırılması və konfiqurasiyası işlərini yerinə yetirərək cavabdehə təhvil verməyi, cavabdehə “Jira” proqramı (əsasən IT proqlaşdırma üzrə layihə idarə etmə və izləmə proqramıdır) vasitəsi ilə təhvil verilməsi, cavabdehin öhdəliyi isə işləri müqavilə şərtlərlərinə uyğun qəbul edərək müəyyən edilmiş haqqı vaxtında ödəməkdən ibarət olmuşdur

42. Işin mübahisəsiz halıdır ki, tərəflər arasında ##.##.2024-cü il tarixli, UNI/****/*** saylı müqavilə əsasında öhdəlik hüquq münsibətləri yaranmışdır.

43. Məhkəmə kolelgiyası iddiaçının tələb etdiyi dövrlə bağlı heç bir xidmət göstərilməməsi və ya bu xidmətlərin göstərilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərərfindən ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli elektron qaimələr göndərilmiş, sistem tərəfindən təsdiqləndəsə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

44. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq işlərin təhvil-təslimi yalnız yazılı aktla deyil, həm də elektron sistem – “Jira” proqramı vasitəsilə həyata keçirilə bilər. Iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər arasında formalaşmış praktika üzrə işlərin qəbulu məhz həmin elektron sistem üzərindən həyata keçirilmişdir.

45. Eyni zamanda müəyyən edilmişdir ki, “Jira” sisteminin idarə olunması və həmin sistemdə olan məlumatlara çıxış cavabdehin nəzarətində olmuşdur. Müqavilənin 13.15-ci bəndində əsasən sorğu və müraciətlərin alınması, cavablandırılması və sorğu və müraciətlərlə bağlı bütün digər hərəkətlər yalnız Sifarişçinin müvafiq elektron sistemi (Jira tətbiqi) üzərindən həyata keçirilir və izlənilir Bu baxımdan, işlərin təhvil verilməsini təkzib edən əsas sübut vasitəsi məhz cavabdehin sərəncamında olmuşdur. Buna baxmayaraq, cavabdeh iddiaçının xidmətləri göstərmədiyini təsdiq edən hər hansı sistem çıxarışını və ya digər obyektiv sübutu məhkəməyə təqdim etməmişdir.

46. Məhkəmə hesab edir ki, sübutetmə imkanı olan tərəfin öz mövqeyini təsdiq edən sübutları təqdim etməməsi həmin tərəfin istinad etdiyi halların təsdiq olunmaması kimi qiymətləndirilməlidir.

47. Cavabdehin iddiaçının “Jira” sisteminə çıxış imkanının olması ilə bağlı arqumentləri də hüquqi əhəmiyyət daşımır. Belə ki, sistemin sahibinin cavabdeh olması nəzərə alınmaqla, məlumatların tam və etibarlı şəkildə təqdim edilməsi öhdəliyi məhz onun üzərinə düşür.

48. Bundan əlavə, elektron qaimələrin gec təqdim olunması faktı da xidmətlərin göstərilməməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Qaimələrin təqdim edilmə vaxtı vergi və mühasibat uçotu ilə bağlı olan texniki məsələ olub, xidmətlərin faktiki icrası faktını inkar etmir.

49. Həmçinin, iddiaçıya təqdim edilmiş mal-materiallardan istifadə olunmaması ilə bağlı cavabdeh tərəfindən başqa icraat qaydasında irəli sürülmüş iddialar hazırkı mübahisənin predmetinə daxil olmayıb, xidmətlərin göstərilib-göstərilməməsi məsələsinin qiymətləndirilməsinə birbaşa təsir etmir.

50. Beləliklə, cavabdehin xidmətlərin göstərilmədiyi və təhvil-təslimin baş vermədiyi barədə dəlilləri mötəbər sübutlarla təsdiq olunmadığından, həmin dəlillər əsassız hesab edilərək rədd edilir.

51. Kolelgiya qeyd etməyi zərurui hesab edir ki, apellyaisya icraatı zamanı cavabdehin nümayəndəsi təhvil təslim aktları təqdim edəcəyini bildirsə də, təqdim etməmişdir.

52. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

53. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab54.fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).

55. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsin dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar