Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-254/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: xidmət müqaviləsi, təhvil-təslim aktı, öhdəliyin icrası, pulun tutulması, sübutların qiymətləndirilməsi) Hakim sədrliyi ilə, hakimlər X5 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialın tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. (“Icraçı”) ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Sifarişçi”) arasında bağlanmış ##.##.2022-ci il tarixli, L-XM-***/**-* nömrəli xidmət müqaviləsinə əsasən, icraçı Daşkəsən rayonunda yerləşən “Çovdar” inşaat sahəsində sifarişçinin sifarişi əsasında xidmətlərin göstərilməsini, sifarişçi isə göstərilmiş xidmətlərin qəbulundan sonra onların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə görə xidmətlərin icra müddəti aylıq 26 iş günü, gündəlik isə 10 saat müəyyən edilmişdir. Xidmət haqqının ödənilməsi hər ay üzrə göstərilmiş faktiki xidmətlərə uyğun olaraq, növbəti ayın 6-dan gec olmayaraq, tərəflərin imzaladıqları təhvil-təslim aktı və elektron qaimə-faktura əsasında 10 iş günü müddətində sifarişçinin bank hesabından köçürmə yolu ilə həyata keçirilir. Təhvil-təslim aktı icraçı tərəfindən tərtib edilərək imzalanması üçün sifarişçiyə təqdim olunur və 10 iş günü ərzində irad bildirilmədiyi və imzalanaraq geri qaytarılmadığı halda təsdiq edilmiş hesab edilir. Müqaviləyə əsasən, texniki nasazlıq səbəbindən yaranan dayanma vaxtlarına görə ödəniş hesablanmır.
2. Tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli, L-XM-***/**-* nömrəli xidmət müqaviləsinə * nömrəli əlavə (qiymətlərin razılaşdırılması protokolu) ilə xidmətlərin tarifləri müəyyən edilmişdir. Həmin əlavəyə əsasən, məxsus və dövlət qeydiyyat nişanları ** BA ***, *** FY ***, *** FY *** və ** BC *** olan buldozer, ekskavator və digər tikinti texnikalarının cəlb edilməsi ilə inşaat sahəsində yerinə yetirilən qazma işləri üzrə xidmət haqqı 12 000 manat, torpaq bərkitmə işləri üzrə 6 000 manat, torpağın yayılması və dolğuya verilməsi işləri üzrə isə 13 000 manat məbləğində müəyyən edilmiş və tərəflər arasında razılaşdırılmışdır.
3. ##.##.2023-cü il tarixli aktda ##.##.2023-##.##.2023-cü il tarixləri ərzində ümumi dəyəri ƏDV daxil 41 595 manat olan xidmətlərin tərəfindən “xxxx” MMC-yə təhvil verildiyi göstərilmişdir. Akt sifarişçi qismində “xxxx” MMC adından texniki dəstək müdiri və icraçı qismində X1 tərəfindən imzalanmışdır.
4. ##.##.2023-cü il tarixli eyni məzmunlu digər aktda sifarişçi qismində “xxxx” MMC adından texniki dəstək müdiri və icraçı qismində X1 tərəfindən imzalandığı göstərilmiş, tərəflərin möhür əksləri aktda mövcuddur.
5. ##.##.2025-ci il tarixli, */*** nömrəli ekspert rəyinə əsasən, ##.##.2023-cü il tarixli aktda adının altında olan möhür əksi və ##.##.2023-cü il tarixli aktda “Azərbaycan Respublikasındakı Filialı X4 Məsuliyyətli Cəmiyyətinin” məzmunlu möhür əksi relyef klişe vasitəsilə sənədlərin üzərinə birbaşa vurulmuş, ##.##.2023-cü il tarixli aktda “Azərbaycan Respublikasındakı Filialı X4 Məsuliyyətli Cəmiyyətinin” məzmunlu möhür əksi və ##.##.2023-cü il tarixli aktda adının altında olan möhür əksi isə elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə tətbiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. Iddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə göstərilmiş xidmətlərə görə 41 595 manat, hava şəraiti ilə əlaqədar kəsintilər üzrə 22 362,18 manat olmaqla cəmi 63 957,18 manat borcun, habelə hüquqi yardım və dövlət rüsumu xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməmiş, 2023-cü ilin iyun ayı üçün göstərilmiş xidmətlərə görə ödənişlər edilməmişdir. Mühasibatlıq bölməsi ilə əlaqə zamanı ödənişlərin edilməməsi üçün bütün bölmələrə e-poçt göndərildiyi məlum olmuş, sonradan məsələ ilə bağlı məlumat olmadığı bildirildiyi üçün ödənişlərin həyata keçirilməsi məqsədilə məhkəməyə müraciət edilmişdir. Görülən işlərə dair ##.##.2023-cü il tarixli akta əsasən cavabdeh 41 595 manat və hava şəraitinə görə edilmiş kəsintilər üzrə 22 362,18 manat olmaqla cəmi 63 957,18 manat ödəniş etməlidir.
7. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli təhvil-təslim aktı mötəbər sübut hesab edilə bilməz. Belə ki, aktda qeyd olunan xidmətlərin faktiki göstərilməsi sübuta yetirilməmiş, sənəddə müqaviləyə istinad edilməmiş, həmçinin akt cavabdehin möhürü ilə təsdiqlənməmişdir. Cavabdehin mövqeyinə görə, aktı imzalamış belə sənədləri təsdiq etmək səlahiyyəti olmamışdır. Bundan əlavə, hava şəraiti ilə bağlı tələb olunan 22 362,18 manat məbləğin hüquqi və faktiki əsasları, eləcə də müqavilə və ya qanunvericiliyə uyğunluğu iddia ərizəsində əsaslandırılmamışdır. Bu səbəblərlə cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 41 595 manat borc və ödənilmiş 183,30 manat dövlət rüsumu olmaqla cəmi 41 778,30 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisə yalnız 2023-cü ilin iyun ayında xidmətlərin göstərilib-göstərilməməsi ilə bağlıdır. Məhkəmənin qənaətinə görə, ##.##.2023-cü il tarixli akt üzrə möhürün elektrofotoqrafik üsulla vurulması müəyyən edilsə də, aktdakı imzanın cavabdehin texniki dəstək müdiri məxsus olması və onun şahid qismində iddiaçıya məxsus texnikaların iyun ayının sonunadək sahədə fəaliyyət göstərdiyini təsdiqləməsi xidmətlərin göstərildiyini sübut edir. Məhkəmə həmçinin aktın müqavilədə nəzərdə tutulmuş müddətdə mübahisələndirilmədiyini, cavabdehin isə işlərin daha az həcmdə görüldüyünə dair sübut təqdim etmədiyini nəzərə alaraq 41 595 manat məbləğində tələbi təmin etmişdir. Hava şəraitinə görə edilmiş kəsintilərə görə 22 362,18 manat pulun tutulması tələbinə münasibətdə isə, həmin tələb sübut olunmadığından rədd edilmişdir.
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış və möhürlənməmiş təhviltəslim aktını mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki iş materialları, şahid ifadələri və ekspert rəyi ilə həmin aktın əslinin mövcud olmadığı, məhkəməyə yalnız surətinin təqdim edildiyi müəyyən edilmişdir. Həmçinin aktdakı imzalardan birinin mənsubiyyəti müəyyən edilməmiş, cavabdeh həmin imzanı çəkən şəxsin sənədin tərtib edildiyi dövrdə şirkətdə işləmədiyini və səlahiyyətli şəxs olmadığını sübut etmişdir. Müqavilənin 3.2-ci maddəsinə əsasən ödəniş yalnız hər iki tərəfin imzaladığı təhvil-təslim aktı və elektron qaimə-faktura əsasında həyata keçirilə bilər. Lakin iddiaçı elektron qaimə-fakturanı müqavilədə nəzərdə tutulmuş müddətdən xeyli sonra təqdim etmiş, təqdim edilən sənədlər isə faktiki işlərin icrasını təsdiqləmədiyindən cavabdeh tərəfindən geri qaytarılmışdır. Məhkəmə şahid ifadələrini də düzgün qiymətləndirməmişdir. Belə ki, şahid işlərin faktiki görülüb-görülmədiyini bilmədiyini və aktları yoxlamadan formal qaydada imzaladığını bildirsə də, məhkəmə bu ifadəni işlərin icrasını təsdiq edən sübut kimi qəbul etmişdir. Eyni zamanda texnikaların sahədə olmasını işlərin faktiki görülməsi ilə eyniləşdirmişdir. Beləliklə, məhkəmə etibarlılığı təsdiqlənməyən sənədləri və işlərin icrasını təsdiq etməyən sübutları əsas götürərək qətnamə qəbul etmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə (ayrıayrılıqda) apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Iddiaçı izahatında bildirdi ki, hər ay üzrə təhvil-təslim aktları cavabdeh tərəfindən hazırlanaraq imzalanması üçün “WhatsApp” tətbiqi vasitəsilə ona göndərilmişdir. ##.##.2023-cü il tarixli aktın tərəfindən göndərildiyini qeyd etdi. Tərəflər arasında eyni qaydada tərtib olunmuş və ödənişi həyata keçirilmiş çoxsaylı aktların mövcud olduğunu, bəzi sənədlərdə yaş imzadan, bəzilərində isə çap edilmiş imzadan istifadə edildiyini bildirdi. Həmçinin göstərdi ki, texnikalar cavabdehə icarəyə verilmiş, sürücülər isə onun işçiləri olmuşdur. Texniki nasazlıq səbəbindən yaranan dayanmalara görə məsuliyyət daşıdığını, lakin cavabdehin iş verməməsi, yanacaqla təmin etməməsi və ya digər səbəblərdən yaranan dayanma müddətlərinə görə ödəniş öhdəliyinin cavabdehə aid olduğunu qeyd etdi.
14. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, izahatında ##.##.2023-cü il tarixli aktda göstərilən iş həcminin faktiki vəziyyəti əks etdirmədiyini bildirmişdir. Qeyd etmişdir ki, görülmüş işlərin həcmi sahədə aparılan uçot məlumatları və texniki göstəricilər, o cümlədən yanacaq paylama cədvəlləri və motor-saat göstəriciləri əsasında müəyyən edilməli olduğu halda, iddiaçı tərəfindən təqdim olunmuş aktdakı məlumatlar həmin göstəricilərlə uzlaşmır. Nümayəndənin izahatına görə, tərəflər arasında tətbiq olunan hesablama mexanizmi faktiki yanacaq sərfiyyatı və texnikaların işləmə göstəricilərinə əsaslanmış, bu məlumatlar sahədə fəaliyyət göstərən əməkdaşlar tərəfindən aparılan uçot sənədləri ilə yoxlanılmışdır. Bu səbəbdən, ##.##.2023-cü il tarixli aktda göstərilən iş həcmi müvafiq texniki uçot məlumatları ilə təsdiq edilmədiyindən əsassız hesab olunmalıdır.
15. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirmiş və buna görə də məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 389. Müqavilə anlayışı
389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
Maddə 390. Müqavilə azadlığı
390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq
425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Maddə 427. Öhdəliyin icrası müddəti
427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi ... 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. ... Maddə 24. Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. 24.2. Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm də onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. ...
20. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, **/**** nömrəli Qərarı: ... 5.8. Mübahisə tərəfləri yazılı ifadə olunmuş razılaşmada aralarında yaranan konkret mübahisənin hər hansı xarici ölkənin maddi hüququ əsasında həllini nəzərdə tutmuşlarsa, həmin ölkənin qanunu tətbiq edilməlidir (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi). 5.9. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. 5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir. ...
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. ... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. ... Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: ... 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; ... Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin tələbin təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə tələbin təmin edilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı cavabdeh tərəfindən mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- ***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar kimi fəaliyyət göstərir, cavabdeh isə xarici hüquqi şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialıdır. Bu baxımdan, hazırkı mübahisə xarici elementli kommersiya mübahisəsidir. Odur ki, ilkin olaraq Azərbaycan Respublikası məhkəmələrinin mübahisəyə baxmaq səlahiyyəti və tətbiq edilməli maddi hüquq normaları müəyyən edilməlidir.
27. Tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli xidmət müqaviləsi üzrə tərəflər arasında yaranmış mübahisəyə hansı ölkənin məhkəmələri tərəfindən və hansı qanunvericiliyin tətbiqi ilə baxılmalı olması barədə müddəa nəzərdə tutulmamışdır.
28. Kollegiya qeyd edir ki, müqavilə üzrə xidmətlər Azərbaycan Respublikasının ərazisində, Daşkəsən rayonunda yerləşən “Çovdar” inşaat sahəsində göstərilmişdir. Buna görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmağa səlahiyyətlidir.
29. Tətbiq edilməli maddi hüquq normalarına münasibətdə kollegiya qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2 və 24.1-ci maddələrinə əsasən, xarici elementli müqavilə münasibətlərinə tətbiq ediləcək hüquq ilk növbədə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 1.3 və 24.3-cü maddələrinə əsasən isə hüququn seçilməsi müqavilənin bağlanması zamanı və ya sonradan həyata keçirilə və dəyişdirilə bilər.
30. Ali Məhkəmə Plenumunun **/**** nömrəli Qərarının 5.9-cu bəndinə görə, tərəflər tətbiq edilməli hüququ müqavilədən sonra da müəyyən edə və ya dəyişdirə bilərlər. Eyni zamanda həmin Qərarın 5.10-cu bəndində vurğulanır ki, xarici hüququn tətbiqi barədə müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqini məhkəmədən xahiş edir və qarşı tərəf buna etiraz etmirsə, mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
31. Iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının qanunvericiliyinə istinad etməklə mübahisəyə həmin normaların tətbiqini xahiş etmiş, cavabdeh isə buna etiraz etməmişdir.
32. Bu səbəbdən kollegiya hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməli və mübahisə həmin hüquq normalarına uyğun həll olunmalıdır.
33. Işin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında ##.##.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı özünə məxsus tikinti texnikalarını onları idarə edən sürücülərlə birlikdə cavabdehin inşaat sahəsində istifadə üçün təqdim etməyi, cavabdeh isə bunun müqabilində müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür.
34. Müqavilədə texnikaların aylıq iş rejimi 26 iş günü və gündə 10 saat müəyyən edilmiş, hesablaşmaların aylıq təhvil-təslim aktları əsasında aparılması, habelə texnikaların iddiaçıdan asılı səbəblərdən işləyə bilmədiyi müddətlərə görə ödəniş hesablanmaması nəzərdə tutulmuşdur.
35. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə Mülki Məcəllədə ayrıca tənzimlənmiş podrat, əmlak icarəsi və ya digər adlı müqavilələrin hər hansı biri ilə tam əhatə olunmur.
36. Belə ki, podrat müqaviləsinin əsas əlaməti sifarişçi üçün müəyyən iş nəticəsinin yaradılması və həmin nəticənin sifarişçiyə təhvil verilməsidir. Hazırkı müqavilədə isə görülməli işlərin konkret həcmi, keyfiyyət göstəriciləri, təhvil verilməli iş nəticəsi və onun qəbul edilmə qaydası müəyyən edilməmiş, əvəzində tərəflər xidmət haqqının aylıq aktlar əsasında hesablanmasını və aylıq iş rejimini razılaşdırmışlar.
37. Müqavilədə torpaq bərkitmə, torpağın yayılması və qazıntı işlərinin görülməsi nəzərdə tutulsa da, tərəflər arasında yaranmış münasibətin hüquqi mahiyyəti müəyyən iş nəticəsinin əldə edilməsinə yönəlmiş podrat münasibəti kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının öhdəliyi ona məxsus texnikaların sürücüləri ilə birlikdə və cavabdehin göstərişlərinə uyğun istifadəyə hazır vəziyyətdə cavabdehin inşaat sahəsində saxlanılmasını təmin etməkdən ibarət olmuşdur.
38. Digər tərəfdən, müqavilə klassik əmlak icarəsi münasibətlərinə də uyğun gəlmir. Belə ki, texnikalar cavabdehə müstəqil istifadə üçün verilməmiş, onların idarə olunması iddiaçının işçiləri tərəfindən həyata keçirilmiş, texnikaların saz vəziyyətdə saxlanılması, nasazlıqların aradan qaldırılması və istismara yararlı vəziyyətinin təmin olunması öhdəliyi də iddiaçının üzərində qalmışdır.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən tərəflər Mülki Məcəllədə nəzərdə tutulmayan müqavilələr də bağlaya bilərlər. Belə müqavilələrdən irəli gələn münasibətlərə öhdəlik hüququnun ümumi müddəaları tətbiq edilir.
40. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtləri təfsir edilərkən təkcə müqavilədə işlədilmiş söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradəsinin həqiqi məzmunu, müqavilənin icrası zamanı formalaşmış praktika, tərəflərin sonrakı davranışları və digər müvafiq hallar nəzərə alınmalıdır.
41. Buna görə də kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə Mülki Məcəllənin 390.1-ci maddəsində nəzərdə tutulmuş adsız müqavilə olmaqla, hazırkı mübahisə Mülki Məcəllənin 389.3-cü maddəsinə uyğun olaraq həmin Məcəllənin öhdəlik hüququnun ümumi müddəaları əsasında həll edilməlidir.
42. Tərəflər arasındakı mübahisə görülmüş işlərin növü, müqavilədə nəzərdə tutulmuş tariflər və ya iddiaçıya məxsus texnikaların mübahisəli dövrdə iş sahəsində olması ilə bağlı deyil. Mübahisə ödəniş öhdəliyinin müəyyən edilməsi zamanı əsas götürülməli olan meyarın hansı olması, yəni ödənişin yalnız texnikaların faktiki işlədiyi motor-saatlara görə, yoxsa onların cavabdehin sərəncamında və istifadəyə hazır vəziyyətdə olduğu müddət nəzərə alınmaqla aparılmalı olması ilə bağlıdır.
43. Iddiaçı tərəfindən 2023-cü ilin iyun ayı üzrə katok vasitəsilə düzləmə xidməti üzrə 252 saat üçün 23,81 manat tariflə 6 000 manat, buldozer vasitəsilə düzləmə xidməti üzrə 63 saat üçün 51,59 manat tariflə 3 250 manat, ekskavator vasitəsilə düzləmə xidməti üzrə 252 saat üçün 47,62 manat tariflə 12 000 manat və qreyder vasitəsilə düzləmə xidməti üzrə 252 saat üçün 55,55 manat tariflə 14 000 manat olmaqla, ümumilikdə ƏDV daxil 41 595 manat məbləğində xidmətlər göstərilmiş və bu barədə ##.##.2023-cü il tarixli akt tərtib edilmişdir.
44. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi əslinin mövcudluğu təsdiq edilməyən və cavabdeh tərəfindən imzalanmadığı iddia olunan təhvil-təslim aktını mötəbər sübut kimi qəbul etmiş, həmin aktda göstərilən saatların yanacaq paylama cədvəllərində əks olunmuş motor-saat göstəriciləri ilə uyğun gəlməməsinə lazımi hüquqi qiymət verməmişdir.
45. Kollegiya hesab edir ki, tərəflər arasında xidmət haqqının hesablanma qaydası ilk növbədə müqavilənin öz şərtləri nəzərə alınmaqla müəyyən edilməlidir. Müqaviləyə əsasən xidmətlərin icra müddəti aylıq 26 iş günü, gündəlik isə 10 saat olmaqla aylıq normal iş müddəti 260 saat müəyyən edilmiş, hesablaşmaların hər ay üzrə göstərilmiş faktiki xidmətlərə uyğun olaraq təhvil-təslim aktı əsasında aparılması, yalnız texniki nasazlıq səbəbindən yaranan dayanma vaxtlarına görə ödəniş hesablanmaması, habelə sifarişçinin akta 10 iş günü ərzində irad bildirmədiyi halda onun təsdiq edilmiş hesab edilməsi razılaşdırılmışdır.
46. Müqavilənin sistemli təhlili göstərir ki, tərəflər xidmət haqqının müəyyən edilməsində texnikaların normal aylıq iş rejimini əsas götürmüş, yalnız texniki nasazlıq səbəbindən yaranan dayanma vaxtlarının ödənişdən çıxılacağını ayrıca razılaşdırmışlar. Əgər hesablaşmanın yalnız texnikaların faktiki işlədiyi motor-saatlara görə aparılması nəzərdə tutulsaydı, texniki nasazlıq səbəbindən yaranan dayanma vaxtlarının çıxılmasının ayrıca müqavilə şərti kimi müəyyən edilməsinə ehtiyac qalmazdı. Bu hal xidmət haqqının texnikaların cavabdehin sərəncamında və istifadəyə hazır vəziyyətdə olduğu müddət nəzərə alınmaqla hesablandığını göstərən mühüm müqavilə şərtidir.
47. Müqavilədə müəyyən edilmiş aylıq iş rejiminə əsasən hər bir texnika üzrə normal xidmət müddəti 26 iş günü və gündə 10 saat olmaqla aylıq 260 saat təşkil edir. Hazırkı iş üzrə iddia tələbi də həmin müqavilə mexanizminə uyğun hesablanmışdır. Belə ki, iddiaçı hər hansı texnika üzrə 260 saat üçün deyil, maksimum 252 saat üçün xidmət haqqı tələb etmiş, bəzi texnikalar üzrə isə bundan da az müddəti hesablamaya daxil etmişdir. Bu isə müqavilədə nəzərdə tutulmuş qaydaya uyğun olaraq iddiaçıdan asılı səbəblərlə texnikaların istifadəyə hazır olmadığı müddətlərin hesablaşmadan çıxıldığını göstərir.
48. Cavabdeh ##.##.2023-cü il tarixli aktda göstərilmiş müddətlərin faktiki işlənmiş motor-saatlara uyğun gəlmədiyini bildirərək hesablaşmanın yanacaq paylama cədvəllərində əks olunmuş göstəricilər əsasında aparılmalı olduğunu iddia etmişdir. Lakin həmin dövr üzrə yanacaq paylama cədvəlləri ilə ##.##.2023-cü il tarixli akt müqayisəli təhlil edildikdə, həmin sənədlər arasında uyğunsuzluq müəyyən edilir.
49. Kollegiya cavabdehin irəli sürdüyü hesablaşma metodunun tərəflər arasında formalaşmış faktiki praktikaya uyğun olub-olmadığını yoxlamaq məqsədilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və həqiqiliyi tərəflər arasında mübahisə doğurmayan ##.##.2023-cü il tarixli aktı müvafiq dövrün yanacaq paylama cədvəlləri ilə müqayisəli təhlil etmişdir. Müqayisə nəticəsində müəyyən edilmişdir ki, sözügedən aktla texnikaların motorsaatlarına dair göstəricilər arasında uyğunsuzluq mövcuddur.
50. Belə ki, fevral ayına aid yanacaq paylama cədvəllərinə əsasən, iddiaçıya məxsus texnikalar, məsələn ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə 16 113 motor-saat göstəricisi ilə yanacaq almış, ##.##.2023-cü il tarixdə isə 16 149 motor-saat göstəricisi ilə təkrar yanacaq doldurulmuşdur. Həmin göstəricilər arasında fərq 36 motor-saat təşkil edir. ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə 16 985 motor-saat göstəricisi ilə yanacaq almış, ##.##.2023-cü il tarixdə isə 17 018 motor-saat göstəricisi ilə təkrar yanacaq doldurulmuşdur. Həmin göstəricilər arasında fərq 33 motor-saat təşkil edir. *** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə 8 534 motor-saat göstəricisi ilə yanacaq almış, ##.##.2023-cü il tarixdə isə 8 666 motor-saat göstəricisi ilə təkrar yanacaq doldurulmuşdur. Həmin göstəricilər arasında fərq 132 motor-saat təşkil edir. Həmçinin, qiymətlərin razılaşdırılması protokolunda göstərilməyən, lakin ##.##.2023-cü il tarixli aktda qeyd edilmiş ** BA *** (Greyder GD55) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə 10 759 motor-saat göstəricisi ilə yanacaq almış, ##.##.2023-cü il tarixdə 10 778 motor-saat göstəricisi və ##.##.2023-cü il tarixdə isə 10 853 motor-saat göstəricisi ilə təkrar yanacaq doldurulmuşdur. Həmin göstəricilər arasındakı fərq isə 94 motor-saat təşkil edir.
51. Bununla belə, ##.##.2023-cü il tarixli görülmüş işlərin aktında həmin nəqliyyat vasitələrinin sözügedən dövr ərzində müvafiq olaraq 44,5 saat, 157 saat, 159 saat və 156 saat işlədiyi qeyd olunmuşdur ki, bu da yanacaq paylama cədvəllərində əks olunan məlumatlardan əhəmiyyətli dərəcədə fərqlənir.
52. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, həmin dövr üzrə tərtib edilmiş akt əsasında hesablanmış ödəniş cavabdeh tərəfindən icra edilmiş və bu hal mübahisə predmeti olmamışdır. Bu isə tərəflər arasında formalaşmış faktiki hesablaşma meyarının yanacaq paylama cədvəllərindəki motor-saat göstəricilərinə bağlı olmadığını göstərir. Cavabdeh isə əvvəlki dövr üzrə hesablaşmanın yanacaq paylama cədvəlləri ilə uyğun gəlməməsinə baxmayaraq hansı əsasla qəbul edilərək ödənildiyini izah edə bilməmişdir.
53. Iddiaçı tərəfindən verilmiş izahata görə, texnikalar sürücüləri ilə birlikdə cavabdehin sərəncamına verilmiş və xidmət haqqı texnikaların cavabdehin sərəncamında olduğu müddət nəzərə alınmaqla hesablanmışdır. Təhvil-təslim aktları tərtib edilərkən texniki nasazlıq və ya iddiaçıdan asılı olan digər səbəblərlə xidmət göstərə bilməyən dövrlər üzrə məbləğlər ümumi hesablamadan çıxılmışdır. Bununla yanaşı, cavabdehin iş verməməsi, yanacaqla təmin etməməsi və ya ondan asılı digər səbəblərdən yaranan dayanma müddətləri üzrə ödəniş öhdəliyinin cavabdehə aid olduğu göstərilmişdir.
54. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş bu hesablaşma mexanizmini təsdiq etmişdir. Şahid ifadəsində bildirmişdir ki, 2022ci ilin mart ayından 2023-cü ilin noyabr ayınadək cavabdeh müəssisədə çalışmış, “Azərgold” layihəsi üzrə texnikalara gündəlik nəzarət və qeydlərin (puantaj) aparılması ilə məşğul olmuşdur. Şahidin ifadəsinə görə, texnikalar aylıq əsasda cəlb edilmiş, texnikaların gündəlik işləyib-işləməməsi sahədə olan qeydiyyatçılar (puantorlar) tərəfindən qeydə alınmış, texnika nasaz olduqda və ya onun sahibindən asılı səbəblərlə işləmədikdə həmin vaxtlar hesablamadan çıxılmışdır. Eyni zamanda, texnikaya yanacaq verilməməsi, layihə üzrə iş həcminin olmaması və ya sifarişçidən qaynaqlanan digər səbəblərlə texnikanın işləməməsi halları texnika sahibinin məsuliyyətinə aid edilməmiş və belə hallarda xidmət haqqı ümumi qaydada hesablanmışdır.
55. Şahid həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən uçot yanacaq sərfiyyatı əsasında aparılmamış, yanacaq göstəricilərindən yalnız yanacaqdan düzgün istifadə olunmasına və texnikaların normal istismarına nəzarət məqsədilə istifadə olunmuşdur. Onun sözlərinə görə, puantajlar əsasında aylıq aktlar tərtib edilmiş, aidiyyəti şəxslər tərəfindən imzalanmış, texnika sahiblərinə göndərilmiş və həmin aktlar üzrə hesablaşmalar aparılmışdır. Şahid ##.##.2023-cü il tarixli möhürsüz aktdakı imzanın ona məxsus olduğunu, iddiaçıya məxsus texnikaların mübahisəli dövrdə iş sahəsində olduğunu və həmin aktı şəxsən imzaladığını təsdiq etmişdir. Bundan əlavə, şahid bildirmişdir ki, ödənişlər texnikaların faktiki işlədiyi motor-saatlara görə deyil, onların işləyə biləcəyi və sifarişçinin sərəncamında olduğu müddət nəzərə alınmaqla hesablanmışdır.
56. Kollegiya qeyd edir ki, şahidin ifadəsi iş materiallarında olan digər sübutlarla uzlaşaraq tərəflər arasında formalaşmış hesablaşma mexanizminin yanacaq paylama cədvəllərində əks olunan motor-saat göstəricilərinə əsaslanmadığını, hesablaşmaların texnikaların cavabdehin sərəncamında olduğu və istifadəyə hazır saxlanıldığı müddət nəzərə alınmaqla aparıldığını bir daha təsdiq edir.
57. Bu müəyyən edilmiş hallar fonunda kollegiya qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh mübahisəli dövr üzrə aktda göstərilən müddətdən daha az müddət üçün ödəniş edilməli olduğunu iddia edirdisə, texnikaların həmin dövrdə iddiaçıdan asılı səbəblərlə işləyə bilmədiyini, yaxud aktda nəzərə alınmamalı olan əlavə dayanma vaxtlarının mövcudluğunu konkret və mötəbər sübutlarla təsdiq etməli idi. Belə sübutlara texnikanın nasazlığı barədə aktlar, sürücünün işə çıxmaması, texnikanın sahədə olmaması, texniki baxış sənədləri, gündəlik qeydlər, yazılı bildirişlər, tələbnamələr və digər sənədlər aid ola bilərdi.
58. Cavabdeh belə halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. O, texnikaların mübahisəli dövrdə iş sahəsində olduğunu inkar etməmiş, yalnız onların faktiki işlədiyi motor-saatlar üzrə ödəniş edilməli olduğunu bildirmişdir. Halbuki tədqiq edilmiş sübutların məcmusu tərəflər arasında ödəniş mexanizminin motor-saat göstəricilərinə əsaslanmadığını göstərir.
59. Yuxarıda göstərilən sübutların məcmusundan müəyyən edilir ki, tərəflər arasında əvvəlki hesablaşmalar texnikaların cavabdehin sərəncamında və istifadəyə hazır vəziyyətdə olduğu müddət əsas götürülməklə aparılmışdır. Bu zaman yalnız texnikaların iddiaçıdan asılı səbəblərlə istifadəyə yararsız olduğu müddətlər ümumi hesablaşmadan çıxılmışdır.
60. Mübahisəli ##.##.2023-cü il tarixli aktda da hesablaşma həmin mexanizmə uyğun aparılmışdır. Belə ki, müqavilə üzrə aylıq iş rejimi bəzi texnikalar üzrə tam həcmdə nəzərə alınmış, buldozer üzrə isə iddiaçı tərəfindən texnikanın müəyyən müddət işləyə bilmədiyi nəzərə alınaraq yalnız 63 saat üçün ödəniş tələb edilmişdir. Cavabdeh həmin çıxılmalardan əlavə iddiaçıdan asılı digər dayanma müddətlərinin mövcud olduğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
61. Kollegiya apellyasiya şikayətinin ##.##.2023-cü il tarixli aktın əslinin təqdim edilməməsi, aktın cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaması və möhürlənməməsi ilə bağlı dəlillərini də əsassız hesab edir.
62. Iş materiallarında ##.##.2023-cü il tarixli iki təhvil-təslim aktı mövcuddur. Həmin aktlardan biri möhürlü, digəri isə möhürsüzdür. Hər iki aktda sifarişçi tərəfdən imza edən şəxs kimi texniki dəstək müdiri Sait Yağmurun adı göstərilsə də, onlardakı imzaların ayrı-ayrı şəxslər tərəfindən edildiyi müəyyən edilir. X2 ifadəsindən, elektron sənəd dövriyyəsinə dair sübutlardan və tərəflər arasında formalaşmış sənəd rəsmiləşdirilməsi qaydasından müəyyən olunur ki, Sait Yağmur tərəfindən imzalanmış möhürsüz akt iş sahəsində tərtib edilən ilkin akt olmuş, möhürlü akt isə həmin ilkin akt əsasında sonradan rəsmiləşdirilən yekun hesablaşma aktı kimi nəzərdə tutulmuşdur.
63. Doğrudur, hazırkı iş üzrə tərəflərin imzalarını və möhürlərini tam şəkildə özündə əks etdirən yekun aktın əsli iş materiallarında mövcud deyildir. Eyni zamanda, eyni tarixli ilkin aktdan fərqli olaraq, həmin aktın bu məzmunda tərtib edilərək iddiaçıya elektron və ya başqa üsulla göndərildiyi də təsdiq olunmur. Belə olan halda həmin akta mötəbər sübut kimi qiymət verilə bilməz. Lakin yekun aktın mötəbər sübut kimi qəbul edilməməsi özlüyündə ilkin aktda əks olunmuş məlumatların etibarsız hesab edilməsi və ya həmin məlumatların iş üzrə toplanmış digər sübutlarla birlikdə qiymətləndirilməsinin istisna edilməsi üçün əsas yaratmır.
64. Kollegiya cavabdehin ##.##.2023-cü il tarixli ilkin (möhürsüz) aktın cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmadığına dair dəlilini əsaslı hesab etmir. X2 ifadəsindən müəyyən olunur ki, o, mübahisəli dövrdə cavabdehin işçisi olmuş, məhz iddiaçıya məxsus texnikalar üzrə gündəlik puantajların aparılması, ilkin aktların hazırlanması və imzalanması onun əmək funksiyalarına daxil olmuşdur. Iş materialları ilə də müəyyən edilir ki, əvvəlki dövrlər üzrə hesablaşmalar da eyni qaydada tərtib edilmiş aktlar əsasında aparılmışdır. Hətta ##.##.2023-cü il tarixli aktda da imza hissəsində onun adı göstərilmişdir. Belə olan halda cavabdeh həmin şəxsin uzun müddət ərzində bu funksiyanı icra etməsinə və onun imzaladığı ilkin aktlar üzrə hesablaşmalar aparmasına baxmayaraq, yalnız hazırkı mübahisə yarandıqdan sonra onun bu aktları imzalamaq səlahiyyətinin olmadığını irəli sürə bilməz.
65. Bu hallar birlikdə qiymətləndirildikdə, ##.##.2023-cü il tarixli ilkin aktın cavabdehin müvafiq əməkdaşının iştirakı ilə tərtib və imza edildiyi, cavabdehin isə həmin sənəd dövriyyəsindən xəbərdar olduğu müəyyən edilir.
66. Bundan başqa, kollegiya nəzərə alır ki, hazırkı halda söhbət hüquqi şəxsin adından əqd bağlanmasından və ya onun adından yeni hüquq və vəzifələr yaradan iradə ifadəsinin verilməsindən getmir. Mübahisəli akt artıq tərəflər arasında bağlanmış müqavilənin icrası prosesində göstərilmiş xidmətlərin həcminin ilkin uçotunu əks etdirən sənəd olmaqla, onun tərtib edilməsi cavabdehin istehsalat prosesində bu funksiyanı yerinə yetirən əməkdaşları tərəfindən həyata keçirilmişdir. Buna görə də iddiaçıdan həmin şəxsin ayrıca etibarnamə və ya digər xüsusi səlahiyyət sənədini tələb etməsi gözlənilə bilməzdi.
67. Iş materiallarından görünür ki, tərəflər arasında sənəd dövriyyəsi yalnız kağız daşıyıcılar üzərində qarşılıqlı imzalanmış sənədlərin fiziki mübadiləsi yolu ilə deyil, faktiki olaraq “WhatsApp” tətbiqi üzərindən də həyata keçirilmişdir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “WhatsApp” yazışmalarından müəyyən olunur ki, aylıq puantajlar və həmin puantajlar əsasında tərtib edilən aktlar cavabdehin əməkdaşları tərəfindən hazırlanaraq iddiaçıya elektron qaydada göndərilmiş, iddiaçı tərəfindən nəzərdən keçirilmiş, zəruri hallarda düzəliş edilmiş və yenidən cavabdehə göndərilmişdir.
68. Bu səbəbdən, tərəflər arasında aktların kağız üzərində qarşılıqlı imzalanmış əsillərinin hər ay fiziki formada mübadilə edilməməsi aktların etibarsızlığına dəlalət etmir. Əksinə, elektron yazışmalar, əvvəlki dövrlər üzrə eyni qaydada tərtib olunmuş və cavabdeh tərəfindən qəbul edilərək ödənilmiş aktlar, habelə şahid ifadəsi tərəflər arasında məhz bu cür sənəd dövriyyəsi praktikasının formalaşdığını göstərir.
69. Tərəflər arasında formalaşmış elektron sənəd dövriyyəsini təsdiq edən digər sübut ##.##.2025-ci il tarixli, */*** nömrəli ekspert rəyidir. Həmin rəylə cavabdeh tərəfindən təqdim edilmiş və tərəflər arasında mübahisə doğurmayan ##.##.2023-cü il tarixli aktda iddiaçıya məxsus “X1” möhür əksinin elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə tətbiq edildiyi müəyyən edilmişdir. Halbuki həmin aktda cavabdehə məxsus möhür əksi birbaşa vurulmuşdur. Bu hal, əvvəlki bənddə göstərilən elektron yazışmalarla birlikdə qiymətləndirildikdə, tərəflərin eyni sənədin hər birinin özündə qalan nüsxəsini ayrıca imzalayıb və möhürləyərək elektron formada qarşı tərəfə göndərməsi barədə iddiaçının izahatı ilə uzlaşır.
70. X2 da ##.##.2023-cü il tarixli möhürsüz aktdakı imzanın ona məxsus olduğunu, həmin aktı şəxsən imzaladığını, iddiaçıya məxsus texnikalar üzrə uçotun cavabdehin əməkdaşı Emin Məmmədov tərəfindən aparıldığını, həmin uçot əsasında akt tərtib edilərək iddiaçıya “WhatsApp” vasitəsilə göndərildiyini bildirmişdir. Şahid həmçinin izah etmişdir ki, son mərhələdə həmin sənədlər cavabdehin Bakı şəhərində yerləşən mərkəzi ofisinə göndərilmiş və onların əsasında yekun aktlar rəsmiləşdirilmişdir.
71. Kollegiya nəzərə alır ki, müqavilə üzrə yekun hesablaşma aktı tərəflərin qarşılıqlı iştirakı ilə rəsmiləşdirilməli olan sənəd olmuşdur. Buna görə həmin sənədin əslinin iş materiallarında olmaması, iş sahəsində tərtib edilmiş ilkin aktın, puantajların, elektron yazışmaların və əvvəlki hesablaşma praktikasının sübut əhəmiyyətini aradan qaldırmır.
72. Iş materialları ilə müəyyən edilmiş hallar göstərir ki, mübahisəli dövr üzrə iş sahəsində ilkin akt tərtib edilmiş, cavabdehin səlahiyyətli əməkdaşı tərəfindən imzalanmış, sonrakı yekun hesablaşmaların da həmin ilkin sənədlər əsasında aparılması tərəflər arasında formalaşmış praktikaya uyğun olmuşdur. Cavabdeh yekun aktın ilkin aktdan fərqli məzmunda tərtib edilməli olduğunu və ya həmin aktda əks olunan göstəricilərin dəyişdirildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
73. Belə olan halda yalnız yekun aktın mötəbər əslinin iş materiallarında olmamasına istinad etməklə iddiaçının göstərdiyi xidmətlərin dəyərini tələb etmək hüququnun inkar edilməsi müqavilə münasibətlərinin mahiyyətinə və öhdəlik hüququnun ümumi prinsiplərinə uyğun olmazdı. Əks yanaşma müqavilənin icrasının son mərhələsində yekun aktın rəsmiləşdirilməməsi və ya təqdim edilməməsi yolu ilə qarşı tərəfin xidmət haqqını tələb etmək imkanının aradan qaldırılmasına şərait yaratmış olardı ki, bu da hüquqi müəyyənlik və vicdanlı davranış prinsipləri ilə uzlaşmır.
74. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.
75. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
76. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.