Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-324/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə) hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış ## ###### 2021-ci il tarixli, ** saylı alqısatqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə dondurulmuş balıq və ət məhsulunu təhvil verməyi, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.
2. Müqavilənin 4.1-ci bəndinə əsasən malın qiyməti bir ton üçün (18% ƏDV daxil olmaqla) hesablanır.
3. Müqavilənin 5-ci bəndinə əsasən malın alıcıya çatdırılması tərəflərin razılığı ilə satıcı və ya alıcının özü tərəfindən həyata keçirilir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. . İddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış # ###### 2021-ci il tarixli ** saylı müqavilə üzrə 1560 manat məbləğində əsas borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 36 manat dövlət rüsumunun, ümumilikdə 1595.6 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında məhsulların alqı-satqısına dair # ###### 2021-ci il tarixli ** saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən İddiaçı MMC malları “xxxx” MMCyə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən isə cavabdeh qeyd olunan malların dəyərini 15-20 gün ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilədən əmələ gələn öhdəliklərini tam yerinə yetirərək müxtəlif vaxtlarda cavabdehə yüksək keyfiyyətdə məhsulları təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə və vaxtında icra etməmiş və ümumilikdə müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Nəticədə, “xxxx” MMC-nin İddiaçı MMC-yə ümumilikdə təhvil verilmiş mallar üzrə 1595.6 manat borcu yaranmışdır. Tərəfimizdən qeyd olunan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq borc indiyədək ödənilməmişdir. Bununla əlaqədar cavabdehə sonuncu dəfə xəbərdarlıq ünvanlanmışdır. Lakin hər hansı ödəniş edilməmişdir.
6. İddiaçının nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
7. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
8. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
İddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız ## ###### 2021-ci il tarixli, ** saylı alqı-satqı müqaviləsi və iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş “göndərilən qaimələrin siyahısı” adlı sənəd əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin siyahı ## ###### 2021-ci il tarixli, ** saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 1560 manat dəyərində malların təhvil verilməsini, habelə cavabdehin borcunu təsdiq edən mötəbər sübut hesab edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş həmin siyahıda ümumiyyətlə alqı-satqının predmetinin nədən ibarət olması, cavabdehə hansı həcmdə, hansı dəyərdə, hansı malların verilməsi və sairə ümumiyyətlə müəyyən edilmir. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia ərizəsində tələb edilən 1560 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehə 1560 manat məbləğində malların təhvil verildiyini təsdiq edən) hər hansı mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir
10. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 567, 598.1, 598.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # ###### 2007-ci il tarixli Qərarı, Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ####### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ##.##.2007-ci il tarixli Qərarı, Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə ##.##.2008-ci il tarixli Qərarı, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli Qərarına istinad etmişdir.
11. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, elektron qaimələrin siyahısında qaimələrin tarixi, seriyası, tipi, cari icra vəziyyəti və s. qeyd edilməsinə baxmayaraq nəzərə alınmamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
13. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
20. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
31. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
33. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
34. Kollegiya qeyd edir ki, sübutetmə yükünün bölüşdürülməsinə əsasən, malların təhvil verilməsi halını satıcı (hazırki halda iddiaçı), həmin mallarının dəyərinin ödənilməsini isə alıcı (hazırki halda cavabdeh) sübut etməlidir.
35. Kollegiya qeyd edir ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız ## ###### 2021-ci il tarixli, ** saylı alqı-satqı müqaviləsi və iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş qaimələr adlı sənəd əlavə edilmişdir.
36. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin siyahı ## ###### 2021-ci il tarixli, ** saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 1560 manat dəyərində malların təhvil verilməsini, habelə cavabdehin borcunu təsdiq edən mötəbər sübut hesab edilə bilməz.
37. Xüsusilə nəzərə alınmalıdır ki, təqdim edilmiş sənədlər elektron qaimə kimi hüquqi qüvvəyə malik deyil, həmin sənədlərdə elektron imza, təsdiqedici rekvizitlər və ya qəbul faktını əks etdirən qeyd mövcud deyil.
38. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisələrə baxılarkən sübutların qiymətləndirilməsi zamanı onların mötəbərliyi, yol verilənliyi və əlaqəliliyi əsas meyar kimi çıxış edir. Bu baxımdan, yalnız qanunvericiliyin tələblərinə uyğun qaydada əldə edilmiş, tərəflərin hüquq və vəzifələri ilə birbaşa əlaqəli olan və həqiqəti obyektiv şəkildə əks etdirən sübutlar mötəbər sübut kimi qəbul edilə bilər.
39. Mötəbər sübut dedikdə, öz məzmunu və forması etibarilə mübahisəli halı dəqiq və etibarlı şəkildə təsdiq edən, şübhə doğurmayan və yoxlanılması mümkün olan sübutlar nəzərdə tutulur.
40. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər isə qeyd olunan meyarlara cavab vermir.
41. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli qərarı)
42. Məhkəmə kollegiyası iş üzrə sübutların məcmusunu və sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi qaydalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən malların cavabdehə faktiki təhvil verilməsi mötəbər sübutlarla təsdiq edilməmişdir.
43. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığını təsdiq etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
45. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.