Məhkəmə qərarları › İş №2-2(3-7)-55/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-55/2026

14.04.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-55/2026 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Qəhrəman oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: əqd; etibarlı əqd Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil, cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı Qəhrəman oğlunun cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğvi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Qəhrəman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ## ####### 2023-cü il tarixli, AN-İ ****** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Qəhrəman oğlu Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 1,41 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini 5000 manata alıcı Cavabdeh satmışdır.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı Qəhrəman oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış Göygöl rayonu Qızılca kəndində yerləşən ümumi sahəsi 1,41 ha olan torpaq sahəsinə dair ## ####### 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3 Iddiaçı İddiaçı Qəhrəman oğlu tələbini onunla əsaslandırmışdır ki, özünün mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndində yerləşən ümumi sahəsi 1,41 ha olan torpaq sahəsi üzərində xırda və iri buynuzlu mal-qara saxlamaq üçün birgə təsərrüfat qurmaq və gəliri bölmək kimi şərtlər daxilində cavabdehlə razılaşmış və bu məqsədlə cavabdeh tərəfindən mal-heyvan alınması üçün xərclənəcək pul vəsaitinin sığortalanması məqsədilə mülkiyyətində olan yuxarıda göstərilən ünvanda yerləşən 1,41 ha olan torpaq sahəsini Gəncə şəhər * saylı notariat ofisində ## ####### 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirmişdir. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh birgə təsərrüfat qurmaq məqsədilə xərclənəcək pul vəsaitini xərcləməmiş, müxtəlif səbəblər söyləmiş və sonda cavabdeh öhdəçiliyini yerinə yetirməmişdir. Bu səbəbdən də aralarında bağlanmış ## ####### 2023-cü il tarixdə alqı-satqı müqaviləsinin könüllü olaraq ləğv edilməsini təklif etsə də, cavabdeh razılıq verməmiş, birgə fəaliyyət üçün əlavə vaxta ehtiyac olduğunu bildirmişdir. Həmin müqavilənin 17-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə müqavilə məhkəmə qaydasında ləğv edilə bilər. Cavabdeh alqı-satqı müqaviləsini icra etməmişdir. Belə ki, aralarında razılıq belə olmuşdur ki, torpaq sahəsini cavabdeh mülkiyyətinə keçirməməlidir.

4. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı Qəhrəman oğlunun cavabdeh Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin ## ###### 2025-ci il tarixli e-2(102)- ****/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qarşı tərəf iddiasını öz mülahizələri ilə əsaslandırıb. Şərik olmaq üçün tərəflər arasında yazışmalar, razılıq, tanışlıq olmalıdır. Lakin, bununla bağlı qarşı tərəf heç bir sübut təqdim etməyib. Tərəflər arasında heç bir şərikli münasibət olmayıb. Belə ki, Ismayılov Elnur və Cavabdeh əmi oğludurlar. Iddiaçı İddiaçı “YK” kreditdən pul götürüb, ona 52500 manat kredit verilib. Bu pul iş qurmaq üçün kifayət etmədiyindən həmin şəxs əlavə olaraq torpaq sahəsini də satıb. Həmin torpaq sahəsini Cavabdeh alıb. Lakin tamamilə yararsız bir torpaq sahəsidir.

7. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə sonrakı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehin əmisi oğlu X1 uzun illərdir ki, lombard fəaliyyəti ilə məşğuldur. 2023-cü ilin oktyabr aylarının əvvəlində iddiaçı İddiaçı lombarda müraciət etmiş və bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir bunun üçün ona 100000 manat kredit lazımdır. Ismayılov Elnur isə bildirir ki, 100000 manat yox, maksimum 52000 manat civarında kredit verə bilər. Belə olan halda İddiaçı bildirir ki, onun Göygöl rayonu Qızılca kəndində yerləşən torpaq sahəsi var və həmin torpaq sahəsini 50000 manata satır. Ismayılov Elnur bildirir ki, onun torpaq sahəsinə ehtiyacı yoxdur, ancaq onun əmisi uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi axtarır. Belə olan halda onlar razılaşırlar. Nəticədə iddiaçı İddiaçı torpaq sahəsini Elnurun əmisi oğlu olan Seymur Məmmədova satır. Əslində, torpağı Elnurun əmisi Əli Məmmədov öz oğlu olan cavabdeh Seymurun adına alıb. Əslində tərəflər öz aralarında torpağın satış qiymətini 50000 manat müəyyən ediblər. Lakin, İddiaçı təklif edib ki, rüsum az tutulsun deyə torpağın satış dəyəri müqavilədə 5000 manat göstərilsin. Əslində, torpaq 5000 manata deyil, 50000 manata satılıb. Eyni gündə onun üçün rəsmiləşdirmə olub ki, tərəflər razılaşıb ki, həm alqı-satqı eyni gündə rəsmiləşdirilsin, həm də kredit verilməsi eyni gündə həyata keçirilsin. Iddiaçı ilə cavabdeh arasında şəriklik müqaviləsi olmalı idi. Bu günki gündə tərəflərin şəriklilik münasibətlərində olmasını təsdiq edən heç bir sübut yoxdur. Burada İddiaçı tərəfindən 17851 manat məbləğində kredit borcundan ödəniş edildiyi görünür.

8. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ramiq Qələndərzadə) iddiaçı İddiaçı Qəhrəman oğlunun cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 567, 598.1, 646.1 və 646.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Iddiaçı İddiaçı Qəhrəman oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Iddiaçı İddiaçı Qəhrəman oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, torpaq sahəsi və üzərində olan tikililər (hazırda qiyməti 80000 - 100000 manatdır) cavabdehin əmisi oğlu X1 işlətdiyi lombaddan ## ####### 2023-cü il tarixli ***** saylı kredit müqaviləsi əsasında kredit kimi götürdüyü 52500 manat kreditin təminatı kimi girov qoyulmalı idi. Lakin, cavabdeh onun hüquqi cəhətdən savadsızlığından və ona olan etibarından sui-istifadə edərək torpaq sahəsi ilə əlaqədar öz adına alqı-satqı müqaviləsi rəsmiləşdirməyə nail olmuşdur. Onun hazırkı iddia tələbi üzrə işə Gəncə Kommersiya Məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi torpaq sahəsinin alqı-satqı müqaviləsində torpağın satış qiyməti kimi 5000 manat göstərilsə də, həmin torpaq sahəsini və üzərindəki fermanı ondan 50000 manata aldığını bildirmişdir. Lakin bununla əlaqədar yəni həmin məbləğin ona ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu faktın özü birbaşa sübut edir ki, torpağın alqı-satqısı formal şəkildə bağlanmışdır, həmin alqısatqı ilə əlaqədar ona heç bir pul vəsaiti ödənilməmişdir. Məhz yuxarıda qeyd olunan kredit müqaviləsi ilə eyni gündə bağlanmış və həmin kredit müqaviləsinin təminatı kimi girov qoyulmalı olan qeyd olunan torpaq sahəsi və üzərində olan ferma hazırkı iş üzrə Cavabdeh adına onların tələbi və onu aldatmaları yolu ilə alqı-satqı edilmişdir. Heç bir təminat almadan nəinki lombard təşkilatının, heç kredit təşkilatının belə, 52500 manatdan yuxarı qiymətli olan əmlakı və ya əşyanı girov qoymadan həmin məbləğdə pulu kiməsə verməsi mümkün deyildir. Buradan da görünür ki, torpaq sahəsi üzərində olan tikililərlə birlikdə verilmiş kreditin təminatı kimi girov qoyulmalı idi. Lakin cavabdeh onun həm əmlakını ələ keçirmək, həm də gələcəkdə əsassız yerə ondan pul tələb edilməsinə şərait yaratmaq məqsədilə onu aldadaraq (birgə iş görüləcəyinə inandıraraq) hazırda qiyməti 80000-100000 manat olan əmlakını öz adına alqı satqı yolu ilə rəsmləşdirməsinə nail olmuşdur. Torpağın alqı-satqısından ona heç bir pul ödənilməməsi həmin alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün tam kifayət edirdi. Müqavilədə torpağın qiymətinin 5000 manat göstərilməyinə baxmayaraq, cavabdeh torpağı ondan 50000 manata aldığını etiraf etmişir. Lakin, ona həmin 50000 manatın ödənilməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa cavabdeh ## ####### 2023-cü il tarixli ***** saylı kredir müqaviləsi bağlananadək torpaq sahəsiilə əlaqadar öz adına mülkiyyət sənədi almayacağına dair verdiyi şifahi vədi də yerinə yetirməmişdir. Həm torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, həm də cavabdehin əmisi oğlu ilə aralarında lombardda heç bir qiymətli əşya və ya əmlak girov qoyulmadan bağlanmış kredit müqaviləsinin eyni gündə rəsmiləşdirildiyi və bir-biri ilə tam bağlı və əlaqəli olduğu bildirildiyi halda, məhkəmə tərəfindən həmin halların araşdırılmasına heç bir təşəbbüs göstərilməmişdir. Qeyd olunanlarla bərabər hər iki müqavilənin qiymətinin bir-birinə demək olar ki, bərabər olması faktı da onu göstərir ki, onun torpaq sahəsi götürülmüş kreditin və birgə fəaliyyətin təminatı kimi girov qoyulmalı idi. Qeyd olunanlar da torpagın alqısatqımüqaviləsinin formal olduğunu, torpaq sahəsinin götürülmüş kreditin və birgə fəaliyyətin təminatı kimi girov qoyulmalı olduğunu və müqavilə bağlanarkən niyyətinin kreditin təminatı kimi girov müqaviləsini bağlamaq olduğunu birbaşa göstərir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti etiraz verərək qeyd etmişdir ki, tərəflər arasında birgə təsərrüfat aparıb gəliri bölmək kimi hər hansı razılaşma (müqavilə) olmamışdır. Məhkəmə iclaslarında da bildirdiyi kimi şərik olmaq, şərikli iş görmək üçün tərəflər arasında razılaşma, yazışmalar olmalıdır. Lakin bununla bağlı iddiaçı tərəf heç bir sübut təqdim edə bilmir. Çünki, tərəflər arasında heç bir şəriklik münasibətləri olmayıb. Əgər birgə iş qururdularsa, niyə iddiaçı kredit müqaviləsi üzrə ödənişlər edirdi? Belə ki, iddiaçı Elnur Ismayılovla (YK Kreditlə) aralarında bağlanmış ##.##.2023-cü il tarixli ***** nömrəli kredit müqaviləsi üzrə 2023-cü ilin noyabr ayı üçün 3036 manat, 2023-cü ilin dekabr ayında 3043 manat, 2024-cü ilin yanvar ayı üçün 3127 manat, 2024-cü ilin fevral ayı üçün 3286 manat, 2024-cü ilin mart ayı üçün 2608 manat, 2024-cü ilin aprel ayı üçün 2248 manat ödəniş etmişdir. Aldatmaya gəldikdə isə iddiaçı notariat ofisində, öz iradəsi ilə, fotoşəkil çəkdirərək, imza ataraq alqı-satqı müqaviləsi bağlamışdır. Halbuki, əgər iddiaçı torpaq sahəsini “birgə təsərrüfat qurmaq və gəliri bölmək” üçün vermiş olsaydı tərəflər arasında şəriklik müqaviləsi, “kreditin təminatı kimi” vermiş olsaydı girov müqaviləsi imzalanardı. Torpaq sahəsinə görə iddiaçıya 50000 manat pul ödənilməsi barədə tərəfimizdən sübut təqdim edilmədiyi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə onu qeyd etmək istəyir ki, əvvəla, hazırkı mübahisənin predmeti pul vəsaiti ilə bağlı deyil ki, bu barədə tərəflərindən hər hansı sübut təqdim edilsin. Ikincisi, bununla bağlı sübut təqdim etməyə ehtiyac belə yoxdur. Çünki torpaq sahəsinin dəyəri kimi tərəflərin razılaşdığı məbləği iddiaçı almışdır ki, alqı-satqı müqaviləsinə imza atmışdır. Həmçinin torpaq sahəsinin dəyərini almaması barədə iddiaçının hal-hazıradək hər hansı şikayəti və tələbi olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında mübahisəsi gedən 1,41 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə ## ####### 2023-cü il tarixdə bağlanıb. Müqavilə üzrə əmlakın alıcısı cavabdeh Cavabdehdur. Iddiaçının kredit götürdüyü lombard isə Əli Ismayılova məxsusdur. Həmin kredit borcunun təminatı olaraq torpaq sahəsi girov qoyulmuş, sadəcə olaraq girov müqaviləsi alqı-satqı müqaviləsi formasında rəsmiləşdirilmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, birgə fəaliyyətlə bağlı hər hansı rəsmi sübutları yoxdur. Torpaq sahəsi alqı-satqı müqaviləsi bağlandığı vaxtdan cavabdeh Cavabdeh sahiblik və istifadəsindədir. Iddiaçı İddiaçı lombarddan götürdüyü kredit vəsaiti üzrə 3 ay ödəniş etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ## ### 2025-ci il tarixdə iddiaçının kredit götürdüyü lombard tərəfindən iddiaçıya borcun ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Iddiaçı da həmin xəbərdarlıqla bağlı lombarda cavab məktubu ünvanlamışdır. Həmin cavabd mktubunu “Elektron məhkəmə informasiya sisteminə yerləşdirmişdir. Belə ki, iddiaçı İddiaçı lombarda ünvanladığını cavabdhe məktubunda kredit müqaviləsi üzrə kredit vəsaiti əldə etdiyini etiraf edir, sadəcə olaraq faizə görə lombardla razılaşmır və əlavə edir ki, faizləri ödəməyəcəm, lombarda 34000 manat borcu qalıb. Iddiaçı tərəf bir neçə mövqedən çıxış edir. Əvvəllər iddiaçı tərəf belə dəlillər irəli sürürdülər ki, guya tərəflər arasında ortaqlıq münasibətləri yaranmış, iddiaçı götürdüyü 52000 manat kredit borcu da məhz bu münasibətlər çərçivəsində ona ödənilmişdir. Hazırda isə iddiaçı tərəf iddia edir ki, guya torpaq sahəsi kredit vəsaitinin təminatı qismində girov qoyulmuşdur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, tərəflər arasında ortaq iş qurmaq barədə hər hansı razılaşma olmamışdır. Alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi iddiaçının kredit borcunun təminatı olmamışdır. Torpaq sahəsinə dair cavabdehin adına çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi alqı-satqı müqaviləsi bağlanan vaxtdan cavabdeh tərəfin istifadəsindədir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Onlar etibarnamə üzrə nümayəndə (vəkil) vasitəsilə məhkəmə iclasında təmsil edildiyindən kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

17. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

18. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

19. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

20. Maddə 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir.

21. Maddə 273. Girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır.

22. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

23. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

24. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

25. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

28. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

29. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

30. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

31. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

32. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 1,41 ha olan torpaq sahəsi İddiaçı Qəhrəman oğlunun mülkiyyətində olmuşdur. O, ## ####### 2023-cü il tarixli AN-İ ****** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi 5000 manat müqabilində alıcı Cavabdeh satılmışdır. Iddiaçı İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək iddia etmişdir ki, birgə təsərrüfat qurmaq və gəliri bölmək barədə cavabdehlə aralarında razılaşma olmuş, bu razılaşma çərçivəsində cavabdeh tərəfindən mal-heyvan alınması üçün xərclənəcək pul vəsaitinin sığortalanması məqsədilə mülkiyyətində olan 1,41 ha olan torpaq sahəsini ## ####### 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh birgə təsərrüfat qurmaq məqsədilə xərclənəcək pul vəsaitini xərcləməmişdir. Ona görə də pul vəsaitinin təminatı qismində çıxış edən torpaq sahəsinin alqı-satqısına dair müqavilənin ləğv edilməsi barədə iddia irəli sürmüşdür.

44. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

45. Belə ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

46. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

47. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

48. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il # ##### tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

49. Baxılan işdə iddiaçı İddiaçı alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar tələb irəli sürməsinə baxmayaraq, onun iddia tələbinin hüquqi əsasını əqdin etibarsızlığı ilə bağlı dəlillər təşkil edir.

50. Əqdin etibarlılığı, bununla da arzu olunan hüquqi nəticəyə səbəb olması barədə hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyinə və formasına dair şərtlərə əməl edilməsi zəruridir. Əks təqdirdə, yəni Mülki Məcəllənin müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

51. Bu baxımdan işin halları tədqiq edildikdə müəyyən olunur ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir.

52. Iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsini cavabdeh Cavabdeh satmadığını, əslində həmin torpaq sahəsinin birgə təsərrüfat qurmaq və gəliri bölmək barədə cavabdehlə aralarındakı razılaşmaya uyğun olaraq cavabdeh tərəfindən mal-heyvan alınması üçün xərclənəcək pul vəsaitinin təminatı qismində girov qoyduğunu, girov müqaviləsinin alqı-satqı müqaviləsi ilə pərdələndiyini əsas göstərərək alqı-satqı müqaviləsinin ləğv olunmalı olduğunu iddia etmiş; cavabdeh tərəf isə buna etiraz edərək, əmlakın hansısa öhdəliyin təminatı olmadığını, həmin torpaq sahəsinin dəyərini ödəyərək qanuni əsaslarla satın aldığını bildirmişdir.

53. Bir sözlə, iddiaçı İddiaçı mübahisələndirilən alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını iddia etmişdir.

54. Bu əsasla əqdin mübahisələndirilməsi isə Mülki Məcəllənin 340.2-ci maddəsinə nəzərdə tutulmuşdur. Həmin normaya görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

55. Normanın məzmunundan da göründüyü kimi, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir.

56. Hazırkı işin halları Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından tədqiq olunduqda görünür ki, tərəflərin aralarında ortaq iş qurmaq barədə münasibətlərinin olması, bu münasibətlər üzrə qoyulacaq kapitalın (pul vəsaitinin) yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına alınmış olması barədə nəticəyə gəlməyə əsas verən hallar mövcud deyildir. Belə ki, iddiaçı bu barədə sübutlarını məhkəməyə təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır.

57. Işin obyektiv həlli baxımından diqqət yetirilməli məqamlardan biri də odur ki, iddiaçı İddiaçı iddia ərizəsinin məzmununda - birgə təsərrüfat qurmaq və gəliri bölmək barədə cavabdehlə aralarında razılaşma olduğunu və məhz bu razılaşmaya əsasən cavabdeh tərəfindən mal-heyvan alınması üçün xərclənəcək pul vəsaitinin sığortalanması məqsədilə mübahisəsi gedən torpaq sahəsini onun adına rəsmiləşdirməsinə dair arqumentlər irəli sürmüşdür.

58. Apellyasiya şikayətinin məzmununda isə iddiaçı İddiaçı iddia ərizəsinin əsaslandırıldığı hallarla əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edən yeni dəlillər irəli sürərək cavabdehin əmisi oğlu Elnur adlı şəxsin işlətdiyi lombarddan ## ####### 2023-cü il tarixli ***** saylı kredit müqaviləsi əsasında 52500 manat kredit götürdüyünü və həmin kredit borcunun təminatı qismində torpaq sahəsinin girov qoyulduğunu bildirmişdir. Hərçənd ki, iddiaçı bu barədə sübutlarını da məhkəməyə təqdim etməmişdir.

59. Göründüyü kimi, alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olması barədə iddiaçı İddiaçı iddiası sübuta yetməməklə yanaşı, həm də həmin iddia ilə bağlı onun tərəfindən irəli sürülən dəlillər də bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunması üçün Mülki Məcəllənin 340.2-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir.

60. Apellyasiya şikayətində «alqı-satqı müqaviləsi üzrə əmlakın dəyərinin ödənilməməsi» barədə arqument irəli sürülmüş, cavabdeh tərəf isə birinci instansiya məhkəməsində icraat zamanı «əslində tərəflərin torpaq sahəsinin dəyərini 50000 manata razılaşmaları və həmin vəsaitin əmlakın satıcısı olan iddiaçıya ödənildiyini» bildirmişdir.

61. Işin bu halları ilə bağlı bağlı kollegiya qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə əsasən, pul məbləğlərinin və sənədli qiymətli kağızların depozitə qəbul edilməsi daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir.

62. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 160-1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir.

63. Lakin, baxılan işdə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə satılan əmlakın dəyəri 5000 manat olduğundan əmlakın dəyərinin notariusun bankda açılmış depozit hesabına köçürülməsi yolu ilə ödənilməsi imperativ xarakterli olmamışdır.

64. Bununla belə, işin müəyyən edilmiş və faktiki hallarına, xüsusən də tərəflər arasında yaranmış alqı-satqı münasibətləri üzrə iddiaçının (satıcının) hərəkətlərinə əsasən torpaq sahəsinin dəyərinin ona ödənilməmiş olması kimi bir qənaətə gəlmək mümkün deyildir.

65. Ona görə ki, torpaq sahəsinin alqı-satqı müqaviləsi ##.##.2023-cü il tarixdə bağlanmış, müqavilə bağlandıqdan 2 il müddət keçmiş, ötən bu müddət ərzində iddiaçı cavabdehdən (alıcıdan) torpaq sahəsinin dəyərinin ödənilməsini tələb etməmiş; bu barədə məhkəməyə və ya hüquq-mühafizə orqanına müraciəti olmamışdır. Halbuki, alqı-satqı müqaviləsi əsasında mülkiyyətindəki torpağı özgəninkiləşdirən şəxsin, əmlakın alıcının mülkiyyətinə keçdiyi vaxtdan ötən 2 il müddət ərzində alıcıdan tələb etməməsi real və ağlabatan deyildir.

66. Xüsusilə nəzərə almaq lazımdır ki, torpaq sahəsi alqı-satqı müqaviləsi bağlanan vaxtdan cavabdeh tərəfin sahiblik və istifadəsindədir. Bu hal həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin etibarnamə üzrə nümayəndəsinin (vəkil) apellyasiya məhkəməsinin iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır. Nəzərə alınsa ki, alqı-satqı müqaviləsinə görə bir tərəf (satıcı) əmlakı digər tərəfin (alıcı) mülkiyyətinə verir, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; bu halda iddiaçının torpaq sahəsini cavabdehə təhvil verməsi özlüyündə satıcının müqavilənin icrasına yönələn hərəkəti kimi qəbul edilməlidir. Yəni, alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan torpaq sahəsi satıcı İddiaçı deyil də, alıcı Cavabdeh sahiblik və istifadəsində olduğundan əmlakın dəyərinin iddiaçıya ödənilmiş olması inandırıcı və qəbul ediləndir.

67. Kollegiyanın qənaətinə görə, bütün bunlar mübahisəli torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin formal olaraq bağlanması barədə iddiaçının irəli sürdüyü faktiki halların təsdiqini tapmadığı qənaətinə gəlməyə əsas verir.

68. Qeyd edilməlidir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

69. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərdən keçirərək qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfin formal mülahizələrinə görə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mübahisəsi gedən əmlakı qanuni əsaslarla əldə edən alıcı Cavabdeh hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər. Mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olması barədə iddiaçının dəlilləri əsassızdır.

70. Müqavilənin ləğvi tələbinə gəldikdə isə qeyd edilməlidir ki, mülki qanunvericilik müqavilənin ləğv edilməsinin hüquqi əsaslarını müəyyən etmişdir və hazırkı işin halları baxımından müqavilənin ləğv edilməsinə əsas verə biləcək hal mövcud deyildir.

71. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı Qəhrəman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar