Məhkəmə qərarları › İş №2(3-1)-108/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-108/2026

20.07.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-108/2026 20.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Məmmədov İlqar Əli oğlunun cavabdeh2 və cavabdeh1 qarşı pul tələbi (Açar sözlər: Alqı-satqı müqaviləsi, pul tələbi, əqdin etibarlılığı, üçüncü şəxsin xeyrinə müqavilə, avtomobilin qüsuru, sübutetmə yükü, müqavilə azadlığı) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, iddiaçı Məmmədov İlqar Əli oğlunun, cavabdeh cavabdeh1, onun nümayəndəsi Nümayəndə və vəkili vəkil1 iştirakı ilə, Məmmədov İlqar Əli oğlunun cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Məmmədov İlqar Əli oğlu “03” iyun 2025-ci ildə Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, hazırkı məzənnəyə uyğun olaraq 13000 (on üç min) ABŞ dolları məbləğində pulun, eyni zamanda ödədiyi 157 (bir yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-02).

b) İddia tələbinin əsaslandırılması.

2. İddiaçı tələbini onunla əsaslandırmışdı ki, o, 1973-cü ildə Şərur rayonu Mahmudkəndində kəndində doğulmuş, 90-cı illərin əvvəllərində yaxınları vasitəsilə Rusiya Federasiyasına getməklə orada məskunlaşmış və vətəndaşlıq da əldə etmişdir. Hal-hazırda da işləri ilə əlaqədar hər iki respublika ərazisində yaşayır. Cavabdeh cavabdeh2 uzun müddətdir həmkəndlisi kimi tanıyır. Digər cavabdeh cavabdeh1 isə onun nəvəsidir. Mülkiyyətində olan "BMW X-6" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmkəndlisi cavabdeh cavabdeh2 satılması ilə bağlı razılaşmışlar. Bu razılaşmaya görə cavabdeh avtomobilin ilkin 18000 (on səkkiz min) ABŞ dolları nağd, qalıq 15000 (on beş min) ABŞ dollarını isə bir il ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüş, bu zaman cavabdeh2 avtomobili nəvəsi cavabdeh cavabdeh1 adına rəsmiləşdirəcəyini, lakin pulunu özü ödəyəcəyini vəd etmişdir. Avtomobil rəsmiləşdirildikdən sonra ilk vaxtlarda cavabdehlər tərəfindən ona cəmi 2000 (iki min) ABŞ dolları ödənilsə də sonradan bu ödənişlər ümumiyyətlə dayandırılmışdır. Həmin hadisələrdən artıq üç ilə yaxın vaxt keçir ki, cavabdehlər bu günə kimi, ona borclu olduqları 13000 (on üç min) ABŞ dolları məbləğində pulu hələ də ödəməyiblər.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim Abil Orucəliyev) ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 16.000 (on altı min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Məmmədov İlqar Əli oğluna ödənilməsi, iddia tələbinin cavabdeh cavabdeh2 münasibətdə rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 157 (bir yüz əlli yeddi) manat dövlət rüsumunun 113,67 (yüz on üç manat, altmış yeddi qəpik) manat hissəsinin cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdi (mülki iş İ cild,iş vərəqə 169-184).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı avtomobili cavabdehə təhvil verməklə satıcı kimi öz öhdəliyini yerinə yetirmiş və Mülki Məcəllənin 570-ci maddəsinə əsasən öhdəlik icra olunmuş sayılır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli alqı-satqı müqaviləsində avtomobilin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, müqavilə azadlığı prinsipinə əsasən, müqavilədə göstərilmiş qiymətin bazar dəyərindən fərqlənməsi onun hüquqi qüvvəsinə təsir etmir və bu məbləğ tərəflərin iradəsinin hüquqi ifadəsi kimi qəbul edilməlidir. Cavabdehlər tərəfindən iddiaçıya ümumilikdə təxminən 34.000 manat (20.000 ABŞ dolları) ödəniş edildiyindən, müqavilə üzrə qalan ödənilməmiş məbləğ 16.000 manat təşkil edir və bu borc cavabdeh cavabdeh1 tutulmalıdır. Məhkəmə cavabdehlərin avtomobilin buraxılış ili və sürətlər qutusundakı nasazlıqla bağlı etirazlarını əsaslı hesab etməmişdir. Belə ki, avtomobil rəsmi müqavilə bağlanmazdan əvvəl təqribən iki ay yarım müddətində cavabdehlərin faktiki istifadəsində olmuş, onlara avtomobilin texniki vəziyyətini, sənədlərini və buraxılış ilini yoxlamaq üçün kifayət qədər imkan yaranmışdır. Bundan əlavə, mütəxəssis izahatı ilə nasazlığın konkret olaraq nə vaxt baş verdiyini müəyyən etməyin mümkün olmadığı təsdiqləndiyindən, qüsurun satıcının məsuliyyət dairəsinə aid (təhvil anınadək mövcud) olması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə həmçinin vurğulamışdır ki, cavabdehlər qiymətin azaldılması və ya təmir xərclərinin əvəzləşdirilməsi barədə müstəqil qarşılıqlı iddia irəli sürməmişlər və Mülki Məcəllənin 430.1-ci maddəsinə görə mövcud iş çərçivəsində alıcının birtərəfli qaydada öhdəliyi icra etməkdən imtinası yolverilməzdir. Yekun olaraq, rəsmi müqaviləyə əsasən alıcı qismində yalnız cavabdeh1 çıxış etdiyindən və cavabdeh2 birgə borclu kimi məsuliyyətə cəlb edilməsi üçün qanunla tələb olunan yazılı saziş (zaminlik) olmadığından, cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbi rədd edilmişdir. II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin predmeti.

5. Cavabdeh cavabdeh1 vəkili vəkil1 vasitəsilə ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 198-202).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

6. Cavabdeh cavabdeh1 verdiyi apellyasiya şikayətində mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarına, şahid ifadələrinə, mütəxəssis məsləhətinə və Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli rəyinə düzgün hüquqi qiymət verməmişdir. Avtomobil 2022-ci ilin oktyabr ayında yoxlanılmadan iddiaçıdan təhvil alınarkən iddiaçı maşının buraxılış ilini 2014-cü il olaraq bildirmiş, texniki pasport təqdim edilmədiyindən onlar buna inanaraq 33.000 ABŞ dollarına razılaşmış və 18.000 ABŞ dollarını əvvəlcədən ödəmişlər. Lakin sonradan maşının ilinin 2010-cu il olduğu və sürətlər qutusunda nasazlıqlar olduğu aşkarlandıqda iddiaçı pulu qaytarmaqdan imtina etmiş, tərəflər avtomobilin texniki nasazlıqlarını və ilini nəzərə alaraq onun üzərindəki "999" dövlət nömrə nişanı ilə birlikdə 40.000 manata satılmasına dair yeni razılığa gəlmişlər. Buna baxmayaraq, iddiaçı rəsmiləşdirmə zamanı həmin nömrəni verməmiş və cavabdeh1 sənədləşmə prosesində müqaviləyə yazılan 50.000 manat məbləğindən xəbərsiz olaraq yalnız ona deyilən yerdə imza etmişdir. Ekspertiza rəyi ilə 2010-cu il buraxılışlı həmin avtomobilin 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətinin təxminən 32.500 manat müəyyən edildiyi halda, alıcının bu avtomobili 50.000 manata almağa razılaşması məntiqsizdir və bu hal iddiaçının əvvəlcədən qurduğu aldatma planının nəticəsidir. Müqavilə tərəflərin razılaşdırılmış iradəsini ifadə etməlidir, lakin iş üzrə cavabdehin iradəsinin realizə olunmasını təsdiq edən heç bir sübut yoxdur və yalnız imzanın olması müqavilə öhdəliyi yarada bilməz. Həmçinin, məhkəmə işin ağlabatanlığını yoxlamamış, oferta və akseptin olmamasına, əqdin aldatma yolu ilə bağlandığına və forma tələblərinin pozulduğuna diqqət yetirməmişdir. Bununla yanaşı, məhkəmə iddiaçının sübutlarına üstünlük vermiş, cavabdehin təqdim etdiyi sübutlara obyektiv qiymət verməmiş, həmçinin məhkəmə prosesində şahidlərə və mütəxəssisə təsir göstərildiyi üçün onların fikirlərini tam ifadə edə bilmədikləri vurğulanmışdır.

7. Cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 14.2.1, 324.1, 324.5, 324.6, 329.1, 337.1, 339.2 və 389.1-ci maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci və 88-ci maddələrinə istinad etmişdir. c) İşin apellyasiya icraatına qəbulu.

8. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “26” may 2026-cı ildə daxil olmuş və kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. İzahatlar və prosesin gedişatı.

10. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, o, yalnız mübahisə predmeti olan avtomobilin alqı-satqı prosesində iştirak edib, iddiaçı ilə digər cavabdeh olan babası arasında danışıq zamanı orada iştirak etməyib. Qeyd etdiyi avtomobili atası onun universitetə daxil olması səbəbi ilə ona hədiyyə edib. O, sadəcə avtomobilin rəsmiləşdirilməsi prosesində iştirak edib. Avtomobillə bağlı danışıqlarda şəxsən iştirak etmədiyi üçün dəqiq məlumat verə bilmir.

11. Cavabdeh ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, iddiaçıya məxsus avtomobil alındıqdan sonra atası avtomobili ona bağışlasa da onların aramızda bağışlama müqaviləsi bağlanmayıb, qeyd edilən avtomobil birbaşa onun adına rəsmiləşdirilib. Avtomobili alan zaman “999” nömrə ilə qeydiyyat nişanı satışda olmadığından onlara X2 İdarəsində “999” nömrəsini əldə etmək üçün bir ay sonra oraya yaxınlaşmaları bildirilib, qarşı tərəf vaxtının olmadığını, Moskva şəhərinə qayıtmalı olduğunu və o, geri qayıtdıqdan sonra “999” nömrəli qeydiyyat nişanını avtomobil üçün rəsmiləşdirəcəyini deyib. İddiaçı avtomobilin üzərində olan “999” nömrəli qeydiyyat nişanının özünə məxsus olduğunu, əvvəldən həmin nömrəni istifadə etdiyini və onlara başqa seriya ilə “999” nömrə ala biləcəyini bildirib, lakin bununla bağlı sübutu yoxdur. İddiaçı ilə bağlanmış müqavilənin ləğvi, etibarsızlığı və ya tələb olunan məbləğin geri alınması ilə məhkəmədə nəyə görə iddia tələbi ilə müraciət etmədiklərini bilmir. O, avtomobilin alqı-satqısı prosesində ilk dəfə iştirak etdiyi üçün müqaviləyə avtomobilin dəyərinin yazılmasından məlumatlı olmayıb, rəsmiləşdirmə üçün otağa daxil olduqdan sonra ona müqaviləni oxumaq üçün şərait yaratmayıblar və onu müqaviləni imzalamaq üçün tələsdirmişlər. Avtomobili öz adına rəsmiləşdirməyə atası ilə birlikdə gedib, atasını müqaviləyə baxması üçün otağa buraxmamışlar, qarşı tərəflə danışıb ona etimad etdikləri üçün atası ona müqaviləni oxuyub, diqqət yetirməyini tapşırmayıb. Avtomobili aldıqdan sonra iddiaçı onlara avtomobili idarə etmək üçün etibarnamə əsasında sürmək hüququ və onun qeydiyyat şəhadətnaməsini verməyib. Mübahisə predmeti olan avtomobili Ordubad rayonuna gedərkən o idarə etməyib, atası idarə edib, atasının nə vaxt gedib-gəlməsindən xəbərim olmayıb, lakin atası əlaqə saxlayaraq avtomobilin yolda dayandığını bildirib. Naxçıvan Muxtar Respublikasında qeyd edilən avtomobilin servisi olmadığından onu təmir üçün servisə apara bilməyiblər, avtomobil onların adına olmadığından onu idarə etmək hüquqları yox idi və onu təmir üçün ölkədən xaricə apara bilməzdilər, ona görə də iddiaçının xarici ölkədən geri qayıtmasını gözləmişlər, ondan avtomobili idarə etmək üçün etibarnamə və avtomobilin qeydiyyat şəhadətnaməsini istəsələr də o geri qayıtdıqdan sonra onları verəcəyini bildirib. İddiaçı gəldikdən sonra avtomobili onun adına rəsmiləşdiriblər və ustaya aparan zaman avtomobilin sürətlər qutusunda problem olduğunu öyrəniblər. Avtomobil təmir üçün Gürcüstan Respublikasına aparılan zaman o, hərbi xidmətdə olduğundan avtomobilin dəqiq nə vaxt aparılmasından məlumatı olmayıb. Mübahisə predmeti olan avtomobili iddiaçıdan ilk dəfə götürən zaman özü oraya getməyib. Qeyd edilən avtomobilin alınması haqqında babası ona heç nə deməyib, avtomobil həyətlərinə daxil olduqdan sonra ona avtomobil alındığı deyilib. Onlar avtomobilin 2014-cü il istehsalı olduğunu bilirdilər. Qeyd edilən avtomobil onun adına rəsmiləşdirilməzdən əvvəl 2 ay müddətində özlərində olub, həmin müddətdə sürücülük hüququ verilmədiyi üçün atası həmin avtomobili idarə etməyə ona icazə verməyib. Qarşı tərəfin xarici ölkədən geri qayıtmasına 15-20 gün qalmış dostu onlara gəlib, o ondan avtomobilin istehsal ilini soruşub, özü ona 2014-cü il olduğunu dedikdə dostu avtomobili kompüterə qoşaraq avtomobilin istehsal ilinin 2010-cu il olduğunu deyib, onlar bunu iddiaçıya bildirən zaman o avtomobilin istehsal ilinin 2011-ci il olduğunu və yenə də qiymətdə razılaşa biləcəklərini deyib və iddiaçı geri qayıtdıqdan sonra onlar avtomobili onun adına rəsmiləşdirən zaman avtomobilin istehsal ilinin 2010-cu il olduğunu öyrəniblər.

12. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə verdiyi izahatında bildirmişdi ki, avtomobilin rəsmiləşdirilməsinə 15 gün qalmış onlar mübahisə predmeti olan avtomobilin 2010-cu il istehsalı olduğunu öyrənmişlər, iddiaçı ilə dükanın qarşısında söhbət edib avtomobilin istehsal ilinə baxmaq üçün ondan avtomobilin qeydiyyat şəhadətnaməsini istəmişdir, lakin o verməyib. Rəsmiləşdirmə üçün X2 İdarəsinə gedərkən iddiaçının onlara satdığı avtomobildə texniki nasazlıq baş verib, qarşı tərəf oraya onlardan tez gedib çatıb. O, iddiaçıya bu barədə dedikdə, iddiaçı ona avtomobilin yağını dəyişdikdən sonra nasazlığın aradan qalxacağını bildirib, yağı dəyişsələr də avtomobil düzəlməyib, daha sonra sensoru dəyişdirmələrini deyib və o da dəyişilsə də avtomobil düzəlməyib. X1 Polisi İdarəsinə daxil olan zaman avtomobilin 2011-ci il istehsalı olduğunu düşünmüşlər, lakin 2010-cu il olduğunu öyrənmişlər. Özü iddiaçıya avtomobilin istehsal ilinin köhnə olduğunu və qiymətinin öncədən razılaşdıqları məbləğdə olmadığını deyib. Oğlu internetə daxil olaraq 2010-cu il istehsalı olan həmin marka avtomobillərin qiymətlərinə baxaraq avtomobilin qiymətinin 37000 manat olduğunu müəyyən edib. O, iddiaçıya həmin məbləği qəbul edəcəyi təqdirdə avtomobili alacaqlarını deyib, iddiaçı isə qoluma girərək onu aşağı endirib və 40000 manat razılaşmışlar. Avtomobilin alqı-satqısı həyata keçirildikdən sonra özünün işləri olduğundan oradan çıxıb. Bir ay on beş gün sonra avtomobilin sürətlər qutusunda nasazlıq olduğundan iddiaçı ona avtomobili tıra yükləyərək Bakı şəhərinə göndərməyini və onun orada avtomobili təmir etdirəcəyini deyib. Avtomobili Bakı şəhərinə göndərmək üçün qiymətləri öyrənən zaman ondan 1500 manat pul istəmişlər. Pandemiya dövrü olduğu üçün özü onu Naxçıvan Muxtar Respublikasından kənara çıxara bilməyib. Daha sonra təxminən yanvar ayında avtomobili birinci instansiya məhkəməsində mütəxəssis qismində iştirak etmiş şəxsin yanına aparmış və o, avtomobili sökə bilməyəcəyini, problemin avtomobilin sürətlər qutusunun yağında olmadığını, yağı dəyişərsə avtomobilin təmir olunmayacağını və avtomobili Türkiyə Respublikasına aparmalı olduğumu bildirib. Pandemiya dövrü olduğu üçün 3-4 ay avtomobilin təmiri gecikib, daha sonra avtomobili Türkiyə Respublikasında yerləşən servisə aparıb, sürətlər qutusunun yağının dəyişdirilməsini bildirib, ona dəyişdirməyəcəklərini deyiblər. Servisdə avtomobili idarə edilib və o, da bu zaman avtomobilin içərisində əyləşmiş olub. Ona sürətlər qutusunda problem olduğu və yağın dəyişilə bilməyəcəyi, izahat yazmalı olması bildirilib, o isə yazı yazacaq qədər savadının olmadığını deyib. Daha sonra başqasının xahişi ilə avtomobilin sürətlər qutusunun yağını dəyişdirmişlər, lakin nasazlıq aradan qalxmamışdır. Orada ona avtomobili təmir üçün Gürcüstan Respublikasına aparması təklif olunub. 2-3 ay keçdikdən sonra yenidən Türkiyə Respublikasındakı servisə getmişlər və oradan avtomobili Gürcüstan Respublikasına aparmışlar. Bu hadisələrdən əvvəl iddiaçı onlara avtomobilin sürətlər qutusunda problem yaranacağı təqdirdə avtomobili geri alıb pullarını geri ödəyəcəyini deyib. Avtomobil Gürcüstan Respublikasında təmir olunan zaman onun sürətlər qutusunun söküldüyü və içərisinə Çin Xalq Respublikası istehsalı olan parçaların yerləşdirildiyi onlara məlum olub. O zaman o, iddiaçı ilə videogörüntülü zəng vasitəsilə əlaqə saxlayıb, ona pulunu hazırlamasını və avtomobili geri qaytaracağını deyib. Mülki işə birinci instansiya məhkəməsində baxılan zaman mübahisə predmeti olan avtomobil onlarda idi, onu təmir etdirmişlər və işləyirdi. O, Gürcüstan Respublikasından iddiaçıya videogörüntülü zəng edib danışdıqdan sonra qarşı tərəf zəngi söndürüb və bir daha onun zəngini açmayıb. Özü geri qayıtdıqdan sonra iddiaçını atasının həyətinə çağırıb, 30000 manat verməsi qarşılığında avtomobili onun özünə qaytaracağını deyib, lakin iddiaçı bunu qəbul etməyərək iddia tələbi ilə məhkəməyə müraciət edib.

13. Cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, iddiaçı ilə avtomobili oğlumun adına rəsmiləşdirməyə getməzdən öncə də kənddə avtomobilin dəyəri barədə razılaşmışlar. Onlar internetə daxil olaraq həmin model və istehsal illi avtomobillərə baxaraq qiymətdə razılaşacaqlarını demişlər və orada qiymət barədə danışıq olmayıb. Sən demə iddiaçının avtomobili özünün dediyi kimi qaraj avtomobili olmayıb, həmin avtomobili Bakı şəhərində iddiaçının dostları, Naxçıvan şəhərində isə Vüqar Talıbov sürüb. X2 İdarəsinin qarşısında avtomobilin qiymətini razılaşdıraraq içəriyə daxil olmuşlar, iddiaçı həmin vaxt Naxçıvan Muxtar Respublikasına maşınlar gətirilmədiyinə görə qiymətlərinin baha olduğunu, indi isə avtomobillər gətirildiyinə görə o qədər də baha olmadığını bildirib. Özü övladına Bakı şəhərindən avtomobil almağa getmək istəyib, əmisi oğlu Vüsal dostu olan iddiaçıda avtomobil olduğunu bildirib onlar gedib avtomobilə baxıbbəyənib alıblar və avtomobili alan zaman onun 2014-cü il olduğunu biliblər. Avtomobil oğlunun adına rəsmiləşdirildikdən 2 gün sonra Ordubad rayonuna yas mərasiminə gedərkən yolda qalıb, əmisi oğlu Vüsala zəng vurub və avtomobilin sıradan çıxdığını deyib. O isə avtomobili söndürməyi bildirib, həmin vaxt yanındakı şəxslər avtomobilin göstəricilər panelində olan xətaların fotoşəkillərini çəkərək, yazıları tərcümə ediblər və orada aşağı sürətlə sürərək avtomobili servisə aparmalı olduqları yazılıb. Vüsal iddiaçıya səs qeydi göndərmişdi, o isə cavab olaraq avtomobildə problem olmadığını, sürətlər qutusunun yağını dəyişdikdən sonra problemin həll olunacağını bildirmişdi. Hal-hazırda mübahisə predmeti olan avtomobili satmışdır. Avtomobili alan zaman onu müayinə üçün ustaya aparmışlar, usta avtomobili sökə bilməyəcəyini bildirmiş və o zaman avtomobili kompüterə qoşsa da ondakı nasazlıqları görə bilməmişlər. Onlar iddiaçını tanıdıqları üçün ona inanmışlar, daha sonra pulu geri istəyən zaman iddiaçı avtomobili sataraq onların pulunu qaytaracağını demiş, o da oğluna söz verdiyi üçün ona maşın almalı imiş və açarları iddiaçıya qaytarmaq istəsə də iddiaçı pulu geri verməyib. Mübahisə predmeti olan avtomobili 28000 manata satmışdır. İddiaçıya 18000 dolları verənə qədər onlar avtomobili yoxlatdırmaq üçün aparmayıblar. Dostu vəfat etdiyi üçün mübahisə predmeti olan avtomobil vasitəsilə onun yasına gedən zaman yolda avtomobil sıradan çıxmış və yolda qalmışlar. Özü yas yerinə getmək üçün avtomobili idarə edib, həmin vaxtdan əvvəl heç kimin avtomobili sürməyinə icazə verməyib, hətta iddiaçı onun oğlunun avtomobili sürməsinə şifahi olaraq icazə verib və tutulsa məsələni özünün həll edəcəyini bildirib, lakin özü oğluna avtomobili idarə etməyə icazə verməyib. Gürcüstan Respublikasında avtomobili ustalar idarə edərkən avtomobildəki xətalar paneldə əks olunub və paneli ayıran zaman xəta göstərən xətlərin paneldən əvvəlcədən ayrıldığı müəyyən edilib. Onlar iddiaçıdan avtomobili təhvil alan zaman o, 10500 kilometr məsafə qət etmişdi. Özü iddiaçıya verdiyi pulun ona geri qayıtmayacağını düşündüyü üçün avtomobili oğlunun adına rəsmiləşdirib. Mübahisə predmeti olan avtomobilin alınması ilə bağlı iddiaçı onunla deyil, atası ilə razılığa gəlib. O, avtomobilin alınması üçün 40000 manat ödəyəcəkdi.

14. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Məmmədov İlqar Əli oğlu apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında bildirmişdi ki, qarşı tərəflə avtomobilin 33000 dollar qarşılığında satılması ilə bağlı ilkin olaraq razılıqları olub. Birinci instansiya məhkəməsində isə iddiası qismən təmin edilsə də, qarşı tərəf avtomobil satılan zaman 33000 dollar verməyi qəbul etmişdi. O, avtomobilini 35000 dollara satırdı, Fəxrəddinə görə 2000 dollar güzəşt edib. Özü qarşı tərəfdən 33000 dolları ona vermələrini gözləyib. Sonradan ona avtomobilin sıradan çıxdığı deyilib. Bu isə avtomobilin satışından 3-4 ay sonra olub. Qarşı tərəfin dedikləri yalandır, böhtandır. Onun avtomobili qaraj avtomobili olub, 92000 yolu olub və özü onu X10 gətizdirib, avtomobil Naxçıvan Muxtar Respublikasında və Bakı şəhərində sürülüb. Qarşı tərəfin avtomobili 1500 manat qarşılığında tıra yükləyərək Bakı şəhərinə aparması iddiası da yalandır, belə ki, özü də avtomobili 400 manat qarılığında tır vasitəsilə buraya gətizdirib. Onun yağını, suyunu və donma əleyhinə mayesini dəyişdirib. O, qarşı tərəfə problem olan zaman avtomobilin sürətlər qutusunun qiymətinin 500 manat olduğunu və Bakı şəhərində ucuz və keyfiyyətli sürət qutularının satıldığını deyib. Daha sonra isə qarşı tərəfin avtomobili təmir etdirmək üçün Gürcüstan Respublikasına getdiyini öyrənib. Onlar avtomobili oraya aparan zaman ondan məsləhət almayıblar və özünün o zaman bundan xəbərim olmayıb. Cavabdeh tərəf avtomobili aldıqdan 15 gün müddətində onu özünə geri qaytarsa idi o, avtomobili qəbul edərdi, lakin onlar avtomobili 4-5 ay müddətində Şərur rayonunda, Ordubad rayonunda və Naxçıvan şəhərində idarə ediblər. Cavabdeh cavabdeh1 tələbədir və o avtomobilin təkərlərini yerində döndürüb hərəkət etdirmişdir. O, qarşı tərəfə avtomobili Bakı şəhərinə gətirmələrini və problemi orada həll edə biləcəklərini deyib.

15. İddiaçı ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, cavabdeh2la avtomobilin satılmasına görə 33000 dollara razılığa gəlmişlər, lakin o özü etiraf etməyib. Qarşı tərəf əgər ondan avtomobilin qeydiyyat şəhadətnaməsini istəsə idi özü onun şəklini onlara göndərərdi. O, qarşı tərəfə avtomobilin istehsal ilini 2010-cu il deyib, çünki 2014-cü ilin avtomobili 52000 dollar idi. Avtomobilin alqı-satqısından əvvəl Nümayəndəla danışıqları olmayıb, sadəcə rəsmiləşdirməyə gedən zaman birlikdə getmişlər. Avtomobili cavabdehin cavabdeh1 adına rəsmiləşdirməyə gedən zaman Əfqan və onun iki övladı gəlmişdi. Rəsmiləşdirmə prosesində də o, avtomobilin dəyərinin 33000 dollar olduğunu deyən zaman Əfqan pulu atasından istəməsini, övladına babasının avtomobil aldığını bildirib, özü isə onların işlərinə qarışmayacağını və sadəcə pulunu istədiyimi deyib. Qarşı tərəf avtomobili onun icazəsi ilə, onun iştirakı olmadan götürüb. Avtomobil cavabdehin adına rəsmiləşdirildikdən 3-4 ay sonra qarşı tərəf onunla əlaqə saxlayaraq avtomobildə nasazlıq olduğunu bildirib, həmin vaxta qədər onlar cavabdehlə əlaqə saxlamamışlar. Özü qarşı tərəfə etibarnamə verməyə çalışsa da bu alınmayıb və geri qayıtdıqdan sonra avtomobili cavabdehin adına rəsmiləşdirəcəyini, avtomobili onların onsuz da idarə etdiyini bildirib. Cavabdehin nümayəndəsinin əmisi oğlu Vüsal onlar Ordubad rayonuna gedərkən avtomobildə nasazlığın yaranması ilə bağlı avtomobilin satılmasından 4-5 ay keçdikdən sonra onunla əlaqə saxlayıb. Özü mübahisə predmeti olan avtomobili təxminən 2012-2013cü illərdə X10 gətizdirib və ondan sonra avtomobili servisə aparmayıb. Avtomobilin sürətlər qutusunun içərisinin dəyişdirilməsi ilə bağlı qarşı tərəfin dedikləri uydurmadır. O, avtomobili X10 gətizdirən zaman 50000 kilometr yol getmişdi, bununla bağlı gömrük sənədləri də mövcuddur. Özü avtomobili satan zaman avtomobil 92000 kilometr yol getmişdi, bununla bağlı sübutu yoxdur. Avtomobili cavabdehlərə təhvil verən şəxs özünün avtomobili idarə etdiyi dövrdə avtomobildə hər hansı problem olmasını ona bildirməyib, özünün də avtomobili idarə etdiyi dövrdə avtomobildə hər hansı nasazlıq olmayıb. O, sürətlər qutusunu yoxlatmayıb və mübahisə predmeti olan avtomobilin ehtiyat hissələri Çin Xalq Respublikasında istehsal olunmur. O, qarşı tərəfə avtomobili xarici ölkəyə təmir üçün aparılan zaman çəkdikləri xərcin məbləği qədər güzəşt edəcəkdi. Özü qarşı tərəfin avtomobili təmir üçün xarici ölkəyə aparan zaman 8000 manat xərc çəkmələrini qəbul etməsə də, onların dediklərini nəzərə almışdır. O, məhkəməyə müraciət etməmişdən qabaq cavabdehin həyətində avtomobilin təmiri üçün lazım olan xərclərlə bağlı ortaq məxrəcə gəlməyi bildirib.

16. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdeh cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdi.

17. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. IV. İşin halları:

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

19. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsinin ## ###### 2025ci il tarixli, *-**-**-**/*-****/**** nömrəli məktubundan və ona əlavə edilmiş ərizədən “BMW X- 6” markalı, 2010-cu il buraxılışlı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəllər Şərur rayonu, Mahmudkənd kənd sakini Məmmədov İlqar Əli oğlunun adında qeydiyyatda olması (mülki iş İ cild, iş vərəqə 98-99);

20. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsinin ## ###### 2025 -ci il tarixli, *-**-**-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş ## ###### 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən, müqavilənin "Satıcı" qismində çıxış edən Məmmədov İlqar Əli oğlu (yaşadığı ünvan: Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd ə/d, Mahmudkənd kəndi) ilə "Alıcı" qismində çıxış edən cavabdeh1 (yaşadığı ünvan: Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan ə/d, Çərçiboğan kəndi) arasında bağlanması, müqaviləyə əsasən, satıcıya məxsus olan "BMW X-6 MİNİK" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, ban nömrəsi 5UXFG8C55ALZ95031 olan nəqliyyat vasitəsinin BD198895 seriyalı qeydiyyat şəhadətnaməsi əsasında alıcıya satılması və rəsmiləşdirilmənin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 QİTBŞ tərəfindən həyata keçirilməsi, sözügedən nəqliyyat vasitəsinin tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında 50 000 (əlli min) manat məbləğinə satılması, müqaviləni hər iki tərəfinin imzalaması (mülki iş İ cild, iş vərəqə 100);

21. - "Elektron məhkəmə" informasiya sistemində olan Şərur Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərardadından iddiaçı İlqar Məmmədovun cavabdeh cavabdeh1 və üçüncü şəxs cavabdeh2 qarşı 13.000 ABŞ dolları borcun alınması tələbinə dair iddia qaldırması və mülki iş üzrə ## ####### 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasına gəlmədiyi, məhkəməyə gəlməməsinin səbəbini bildirmədiyi və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyi, eyni zamanda cavabdeh tərəfin də işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrinə (xüsusən 259.0.7-ci maddəsinə) əsasən iddia ərizəsinin baxılmamış saxlanıldığı;

22. - “xxxx” (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti) Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ### 2024-cü il tarixli, NV **-***/** nömrəli hesabatında **-BX-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı, “X6” modelli nəqliyyat vasitəsinin ## ### 2024-cü il tarixinə ədalətli bazar dəyərinin 30800 manat, dekabr 2022-ci il tarixinə orta bazar dəyərinin 37900 manat, sürətlər qutusunun dəyişdirilməsinin və nasazlıqların aradan qaldırılması xərcinin 6835 manat təşkil etməsinin qeyd edilməsi (mülki iş İ cild,iş vərəqə 30-55);

23. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ## ###### 2024cü il tarixli, *** nömrəli rəyində, "ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan “xxxx” (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti) MMC tərəfindən verilmiş cədvəldə göründüyü kimi 2010-cu il buraxılışlı təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 6400 manat dəyişdiriməli hissələrin dəyərinin – 5400 manat, təmir-bərpa xərclərinin dəyərinin–1000 manat müəyyən edilməsi, Azərbaycan Respublikasında (o cümlədən Naxçıvan Muxtar Respublikasında) yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, 2010-cu il buraxılışlı “BMW” markalı, X-6 minik modelli, boz metallik rəngli, mühərrikin həcmi 4396 kubsantimetr olan **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətinin nəzəri qaydada təxminən 32500 manat müəyyən olunmasının qeyd edilməsi (mülki iş İ cild, iş vərəqə 78-81);

24. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsinin ## ###### 2026cı il tarixli, *-**-**-**/*-***/**** nömrəli məktubundan, Məmmədov İlqar Əli oğlunun mülkiyyətində olmuş “BMW X-6” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində 2022-ci ilin oktyabr ayının 11-dən dekabr ayının 30-dək, həmçinin 2022-ci ilin dekabr ayının 30-dan cavabdeh1 mülkiyyətində olan həmin “BMW X-6” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində 2022-ci ilin dekabr ayının 30-dan 2023-cü ilin dekabr ayının 14-dək hər hansı yol nəqliyyat hadisəsinin qeydə alınmaması aydın olur (mülki iş İ cild, iş vərəqə 125, 143).

25. Bundan başqa birinci instansiya məhkəməsində dindirilən şahidlər:

26. - X4 verdiyi ifadəsində və ona ünvanlanmış suallara cavabında özünün cavabdeh cavabdeh1 qardaşı olduğunu, maşını İlqardan aldıqdan 2 ay sonra maşında problem olduğunu, bununla bağlı babasının mağazasının qabağında İlqarla danışdıqlarını, maşının ilini 2014-cü il dediyini, lakin sonradan 2010-cu il olduğunun onlara məlum olduğu, fərqin 3 il olduğunu, bunları İlqara dedikdə onun da alqı-satqını rəsmiləşdirən zaman razılaşacaqlarını dediyini, rəsmiləşdirməyə getdikləri zaman atasının yenə İlqara maşının nəsə promlemi olduğunu, əgər varsa deməsini, "örtülü bazar dostluğu pozar" dediyini, maşını düşmənçilik aparmaq üçün almadığını, onun da heç bir problemin olmadığını, sadəcə yağını və ya daçiki dəyişdirsə aradan qalxacağını bildirdiyini, maşının qaraj maşını olduğunu heç sürülmədiyini, atasının maşının o qiymət etmədiyini, internetdən qiymətlərə baxmağı təklif elədiyini, neçəyə olsa onun maksimum qiymətini verəcəyini dediyini, qiymətlərin 35-36 min arası olduğunu, onların da 40 minə nömrə də üstündə razılaşdıqlarını, onlarin müəyyən sənədlər verdiklərini, onun da atası ilə o sənədləri toplamağa getdiklərini, gətirdikdən sonra qardaşı Turqayın içəridə rəsmiləşdirmədə iştirak etdiyini, onların orada olmadığını, rəsmiləşdirdikdən sonra maşının ilinə baxdıqları zaman ilinin 2010-cu il olduğunu gördüklərini, atasının İlqardan az öncə mağazanın önündə onlara 2011-ci il dediyini soruşduğunu, onun da inkar edərək 2011-ci il olduğunu dediyini, maşında heç bir problem olmadığını dediyini, halbuki, atasıgil gələn zaman yolda qaldıqlarını, sonradan maşında problem davam etdiyini, bir az getdikdən sonra dayandığını, qaz verən zaman isə daçik göstərsə də yerində durduğunu, özünü maşını “Kişi” ustanın yanına apardığını, birinci dəfə qış vaxtı, ikinci dəfə isə yay vaxtı olduğunu, Turqayın daha əsgərliyə getmədiyi zaman olduğunu, ustanın maşına baxdıqdan sonra bunun altına girə bilməyəcəyini, bunu sökərsə 1-2 ay burada qalacağını dediyini, onun da atasından icazəsiz apardığı üçün razılaşmadığını, evə gəlib ustanın dediyini atasına dediyini, ustanın da ona konkert problemi demədiyini, açandan sonra deyə biləcəyini dediyini, onların da sonradan maşını Gürcüstana apararaq düzəltdirdiklərini, ondan sonra da satdıqlarını, maşını 2014-cü il bildiklərindən nömrə də üstündə 33000 ABŞ dollarına razılaşdıqlarını, maşına qarajda baxan zaman amerikan variantı olduğunu, onun fin kodunu yazan zaman neçənci il olduğu çıxmadığını, ustaya apardıqları zaman onun da diaqnoz qoya bilmədiyini, sonra 30 dekabr İlqarın gəldiyini, babasının mağazasının qabağında ilini 2011-ci il dedikdən sonra 40000 manat razılaşdıqlarını, sonra rəsmiləşdirməyə getdiklərini, sənədləri ödəmə etməyə apardıqlarında ilinin 2010-cu il olduğunu görmədiklərini, müqavilədə 50000 yazıldığını bilmədiyini, Turqayın niyə 50000 manat yazdırdığını bilmədiyini, maşının 2010-cu və ya 2014-cü il olduğunu bilmədiklərini, ustaya apardıqlarında usta aparata salaraq probleminin olub olmadığını bilmədiyini, 999 nömrəsini, İlqar onlara sonradan başqa seriyada alıb verəcəyini dediyindən ona verdiklərini, maşına nə qədər verdiklərini tam olaraq bilmədiyini, özünün 1000 ABŞ dolları şəxsən aparıb verdiyini, maşının ilini dəqiqləşdirdikdən sonra qiymətinin 33-35 min arası olduğunu, 40 min məbləği nömrə üstündə razılaşdıqlarını, nömrənin qiymətinin 4-6 min arası olduğunu (mülki iş İ cild, iş vərəqə 166-167);

27. - X6 verdiyi ifadəsində İlqar ilə qonşu olduğunu, İlqarın Amerikadan, Gürcüstandan maşın gətirdiyini, İlqarın özünə məxsus X6 maşınını satmaq istədiyini bildiyini, əmioğlusu Əfqanın maşın almaq istədiyini də bildiyini, həmin avtomobilin İlqarın qarajında olduğunu və qarajın açarlarının onda olduğunu, arada maşınları sürdüyünü, maşını onun xodlayıb həyətə çıxartdığını, Əfqanın da sürüb evlərinə apardığını, o maşını sürəndə maşında hər hansı nasazlığın olmadığını, Əfqana belə bir maşın vardır dediyini, Əfqanın 35000-40000 manatlıq maşın axtardığını, BMW markalı maşın almaq istədiyini, İlqar Rusiyada olan vaxtı bir neçə dəfə maşını onun xoda saldığını, maşının açarlarının onda və Mameddə də olduğunu, İlqarın maşının ilinin 2014-cü il olduğunu dediyini, tərəflər arasında danışılan qiymətlə bağlı bilgisinin olmadığını, özünün İlqara zəng vuraraq əmisioğlu Əfqanın maşın almaq istədiyini bildirdiyini, maşını qarajdan çıxartdıqlarını, Əfqanın onu həyətinə apardığını, İlqarın 1 həftəyə gələcəyini bildirdiyini, 2-3 gün keçmiş, Əfqan zəng vuraraq Ordubada gedən zaman maşının yolda qaldığını bildirdiyini, onların maşının qiymətini 40000 manata, 999 nömrə də üstündə olmaq şərtilə razılaşdıqlarını, tərəflərin telefon danışığı zamanı İlqarın səsini eşitmədiyini, Əfqanın “40000 manata razılaşmışıq” dediyini, İlqarın “pulu Fəxrədin əmiyə verin gəlib ondan götürəcəm” dediyini, ilkin olaraq nə qədər pul verildiyini bilmədiyini, Əfqanın maşını evlərinə apardığını, İlqarın etibarnamə vermədiyini və texpasportun onun özündə olduğunu, qiymətlə bağlı özünün İlqarla danışmadığını, İlqarın maşınını sağlam maşın kimi əmisinə dediyini, tövsiyə etdiyini, maşında nasazlıq olsaydı onun biləcəyini, İlqarın qonşu kimi ona əmanət etdiyini, ilkin olaraq maşının ilinin 2014, sonra isə 2011 olduğunu bildiyini, maşının qiymətini ilkin neçəyə razılaşmasını bilmədiyini, maşında nasazlıq olanda onu ustaya aparmadıqlarını, çünki BMW-nin Şərurda ustasının olmadığını, alqı-satqı müqaviləsindən əvvəl yağını və daçikini dəyişdirdiklərini, İlqar nasazlığın yağından olacağını bildirdiyi üçün onlar da yağını dəyişdirdiklərini, Əfqanın İlqara maşının ilinin 2011-ci il olduğunu dediyini, Əfqanın “bu ildirsə mən maşını almıram” dediyini, İlqarın da “5 aşağı, 5 yuxarı razılaşarıq” dediyini, Əfqanın İlqara maşının surətlər qutusunda nasazlıq olduğunu dediyini, İlqarın da “sən düzəlt mən pulunu verəcəm” dediyini, maşını sonra Gürcüstana apardıqlarını, Əfqanın orada 8000 manat xərc çəkdiyini bildirdiyini, maşının düzəldiyini və Şərura gəldiyini, sonra onun İstanbula getdiyini, sonrasını bilmədiyini (mülki iş İ cild, iş vərəqə 149-150);

28. - şahid1 verdiyi ifadəsində Əfqanın ona, maşının karopkasında problem olduğunu bildirdiyini, onu Türkiyəyə aparmasını istədiyini, pandemiya dövründə, ilin soyuq aylarında maşını Türkiyəyə apardıqlarını, maşının 1-2 ay orada qalmalı olduğunu bildirdiklərini, oradan da Gürcüstana apardıqlarını, Gürcüstana gedən vaxtı 27-28 dəfə yolda qaldıqlarını, maşını orada 6-7 ustaya apardıqlarını, orada 5-6 gün qaldıqlarını və günü 50 manata tərcüməçi tutduqlarını, sonra kompüter ustasının yanına apardıqlarını, “şitin arxasından nəsə aralıyıblar” dediklərini, sonra maşını düzətdiklərini və gəldiklərini, maşının getdiyi yerdə dayandığını, özünün Əfqana kömək məqsədilə onunla bərabər getdiyini, İlqarı tanımadığını, tərəflərin maşının qiymətini 40000 manata razılaşdıqlarını eşitdiyini, onun alqısatqıda iştirak etmədiyini, sadəcə Gürcüstana gedəndə Əfqanla birlikdə getdiyini, Əfqanın Gürcüstanda təqribən 6800 manat və 1250 dollar xərc çəkdiyini bildiyini (mülki iş İ cild, iş vərəqə 150-151);

29. - şahid2 verdiyi ifadəsində bu hadisə ilə iki şeyin şahidi olduğunu, Əfqanı maşını ilə atasıgilə apardığını, orada əvvəlcədən tanımadığı İlqarın orada olduğunu, yanında orta yaşlarında bir kişinin də olduğunu, orada bina tikdiklərini, həmin vaxtdan təxminən nə qədər keçdiyini xatırlamadığını, maşını təzə aldıqları vaxt olduğunu, Əfqanla İlqarın söhbət etiklərini, onun da maşından düşərək onların yanına getdiyini, Əfqanın maşının xarab olduğunu dediyini, İlqarın isə maşın xarabdırsa Bakıya aparmasını dediyini, ikinci dəfə görüşdükləri zaman yenə orda olduğunu, Əfqanın ona “biz söz danışmışdıq, amma bizi aldatdın, daçik açılmayıb demişdin” dediyini, maşını gətirdiklərində maşında nasazlığın olduğunu, onun özünün də şofer olduğunu, Turqay əsgərlikdə olanda bir dəfə də onun yanına getdikləri zaman yolda qaldığını, onun da kömək məqsədi ilə onların dalınca getdiyini, onlar danışan zaman İlqarın “maşını satım sənin pulunu verim” dediyini xatırladığını, sadəcə bunların şahidi olduğunu, onlar alqı-satqı edən zaman yanlarında olmadığını, maşını neçəyə aldığını soruşan zaman təxminən 35-40 min manat dediyini, avtomobilin hansı müddətdə alıcılarda qaldığını bilmədiyini, sağlam bir sürətlər qutusunu, 1- 2 dəfə yerində buskavatla götürdüyün zaman xarab olacağını bildirmələri müəyyən edilir (mülki iş İ cild, iş vərəqə 166).

30. Həmçinin birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilən Mütəxəssis izahatında bildirmişdir ki, o, Şərur şəhərində avtomobil ustası kimi fəaliyyət göstərir və əsasən avtomobillərin sürətlər qutusunun təmiri ilə məşğul olur. Onun sözlərinə görə, hər hansı avtomobilin sürətlər qutusunda nasazlıq yağın çirkli olması, aqressiv idarəetmə və “buksovat” halları nəticəsində yarana bilər. Mübahisəli BMW X6 markalı avtomobillər həssas nəqliyyat vasitələri hesab olunur və bu tip avtomobillərin sürətlər qutusu düzgün istifadə edilmədikdə, hətta bir gün ərzində sıradan çıxa bilər. Həmçinin göstərmişdir ki, sürətlər qutusunun idarəetmə blokunda (beynində) problem olduqda cavabdehlərin qeyd etdiyi kimi nasazlıqlar meydana çıxır və bu nasazlıqlar vaxtında aradan qaldırılmalıdır. Sürətlər qutusunun yağının dəyişdirilməsi üçün təxminən 600 manat, usta xərci ilə birlikdə isə ümumilikdə təxminən 1000 manat xərc tələb olunur. Sürətlər qutusunda nasazlıq yarandıqda avtomobil həmin vəziyyətdə təxminən 7-10 gün işləyə bilər, lakin yağ dəyişdirilmədikdə nasazlıqlar daha da dərinləşir və hətta bir gün ərzində avtomobilin yararsız vəziyyətə düşməsi mümkündür. Belə nasazlığın konkret olaraq nə vaxt yarandığını sonradan müəyyən etmək mümkün deyildir. 2022-ci ildə həmin markalı avtomobilin bazar dəyəri təxminən 40.000-45.000 manat təşkil etmişdir. Əfqan adlı şəxs mübahisəli avtomobili onun yanına gətirmişdir, lakin hadisənin baş verdiyi ili dəqiq xatırlamır, yalnız ilin soyuq dövrü olduğunu qeyd edə bilir. Həmin vaxt o həmin avtomobilə baxmış, lakin sökmədən heç nə deyə bilməyəcəyini bildirmiş, yaranmış problemin (qaz verdikdə sürətlərin dəyişməməsi) ehtimal ki, sürətlər qutusunun idarəetmə bloku ilə bağlı olduğunu bildirmişdir. Sürətlər qutusunda nasazlıq olduqda avtomobilin qiymətində təxminən 1000-1500 manat azalma baş verə bilər. Avtomobil texniki baxış zamanı ustaya göstərilsəydi, bu cür qüsurun aşkar edilməsi mümkün olardı. Bundan başqa, sürətlər qutusunun idarəetmə blokunda nasazlıq olduqda bu barədə məlumatlar avtomobilin panelində əks olunur və həmin nasazlığın elektron sistemdən silinməsinin mümkün olmadığı aydın olur (mülki iş İ cild, iş vərəqə 134). V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini yalnız cavabdeh cavabdeh1 mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.

34. Verilmiş apellyasiya şikayətini iddia tələbi ilə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, cavabdeh tərəf Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini tam mübahisələndirir.

35. Cavabdehin verdiyi apellyasiya şikayətini mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam yoxlanılmalıdır. VI. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Resublikasının Mülki Məcəlləsinin:

36. - 14.2 və 14.2.1-ci maddələrinin mahiyyətindən görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir;

37. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

38. -386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

39. - 390.5-ci maddəsində qeyd edilir ki, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir;

40. - 398.1-ci maddəsinin tələbinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir;

41. - 567-ci maddəsinin tələbinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;

42. - 568.1-ci maddəsinin tələbinə görə, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur;

43. - 571.1-ci maddəsi ilə müəyyən edilir ki, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir;

44. - 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir;

45. - 595.1-ci maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir;

46. - 597.1-ci maddəsindən aydın olur ki, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur;

47. - 598.1, 598.2 və 598.4-cü maddələrinin tələbinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

48. - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;

49. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

50. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

51. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

52. - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;

53. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

54. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi. Kollegiya apellyasiya şikayətinin dəlillərini işin halları ilə birlikdə araşdıraraq, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və digər cavabdeh cavabdeh2 tərəfindən şikayət verilməmişdir. Qətnaməni yalnız cavabdeh cavabdeh1 mübahisələndirir. Buna görə də, Azərbaycan Respublikası Mülki- 55. Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsində işə yalnız şikayət verən şəxsin mübahisələndirdiyi hissədə və şikayətin dəlilləri daxilində baxılır.

56. İşin mahiyyətinə gəldikdə isə, tərəflər arasında yaranmış mübahisənin predmeti iddiaçı Məmmədov İlqar Əli oğlu ilə cavabdeh cavabdeh1 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən irəli gələn pul öhdəliyinin icra edilməməsi tələbindən ibarətdir. İddia tələbi birbaşa olaraq tərəflər arasında bağlanmış əqdə əsaslandığından, məhkəmə ilk növbədə həmin əqdin etibarlılığını və hüquqi qüvvəsini yoxlamalıdır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar).

58. Göstərilən meyarlar baxımından işin faktiki hallarına diqqət yetirdikdə müəyyən olunur ki, ## ###### 2022-ci il tarixində Məmmədov İlqar Əli oğlu ilə cavabdeh1 arasında "BMW X-6" markalı avtomobilin alqı-satqısına dair yazılı müqavilə bağlanmışdır. Müqavilənin rəsmiləşdirilməsi zamanı həm satıcı (iddiaçı), həm də alıcı (cavabdeh cavabdeh1) qismində çıxış edən şəxslər lazımi fəaliyyət qabiliyyətinə malik, səlahiyyətli subyektlər olmuşlar. Tərəflər sözügedən müqaviləni imzalamaqla avtomobilin alqı-satqısına və müqavilə qiymətinin 50.000 manat müəyyən edilməsinə dair öz iradələrini birmənalı olaraq ifadə etmişlər ki, bu da iradələrin vahidliyini təsdiq edir. Əqd qanunvericiliyin tələb etdiyi formada, müvafiq dövlət orqanında (Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsində) rəsmiləşdirilmişdir. Cavabdeh tərəf alqı-satqı rəsmiləşdirilərkən müqaviləyə yazılan 50.000 manat məbləğindən xəbərsiz olduğunu, müqaviləni oxumadan yalnız ona deyilən yerdə imza etdiyini iddia etsə də, bu fakt işdə iştirak edən şəxslərin izahatları ilə ziddiyyət təşkil edir. Belə ki, iş üzrə verilmiş izahatlardan (o cümlədən şahid ifadələrindən) aydın olur ki, tərəflər arasında avtomobilin alqı-satqısı ilə bağlı ilkin danışıqlar zamanı qiymət 33.000 ABŞ dolları məbləğində razılaşdırılmışdır. İlkin danışılmış bu məbləğin (mövcud məzənnə ilə təqribən 56.100 manat) rəsmi müqavilədə göstərilən 50.000 manatdan daha yüksək olması, cavabdehin yazılı müqavilədəki qiymətdən xəbərsiz olması və ya rəqəmin şişirdilərək aldadılması barədə iddialarını əsassız edir. Nəticə etibarilə, yuxarıda qeyd olunan meyarların hər birinə cavab verən ## ###### 2022-ci il tarixli alqısatqı müqaviləsi etibarlı sayılmalı və tərəflər üçün hüquq və vəzifələr doğuran əsas sənəd kimi qəbul edilməlidir.

59. Müqavilənin etibarlılığı təsbit edildikdən sonra, kollegiya işin faktiki hallarının mürəkkəbliyinə, xüsusən də avtomobilin alqı-satqısı ilə bağlı ilkin danışıqların cavabdeh cavabdeh2la aparılmasına, ilkin ödənişin onun tərəfindən edilməsinə, lakin nəqliyyat vasitəsinin onun nəvəsi cavabdeh1 adına rəsmiləşdirilməsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Bu münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403-cü maddəsi (üçüncü şəxsin xeyrinə müqavilə) prizmasından qiymətləndirilməlidir. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən, üçüncü şəxsin xeyrinə müqavilədə tərəflər borclunun icranı həmin üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. İddiaçı ilə cavabdeh2 arasındakı ilkin şifahi razılaşma məhz bu xarakteri daşımış, avtomobil üçüncü şəxs olan cavabdeh1 istifadəsinə və mülkiyyətinə yönəldilmişdir. Lakin, ## ###### 2022-ci il tarixində rəsmiləşdirilən yazılı müqavilədə cavabdeh1 şəxsən iştirak edərək "alıcı" qismində sənədi imzalamışdır. Bununla da o, sadəcə hüquq əldə edən üçüncü şəxs statusundan çıxaraq, müqavilənin birbaşa tərəfinə – Mülki Məcəllənin 567-ci maddəsinin tələblərinə uyğun olaraq əşyanı qəbul etmək və onun müqabilində müəyyənləşdirilmiş pul məbləğini ödəmək öhdəliyi daşıyan əsas borcluya çevrilmişdir.

60. Tərəflər arasındakı müqavilə münasibətlərinin subyektləri və xarakteri dəqiqləşdirildikdən sonra, kollegiya iş üzrə mübahisəsiz olan halları diqqətə çatdırır. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, avtomobil hələ rəsmi müqavilə bağlanmazdan əvvəl, 2022-ci ilin oktyabr ayında iddiaçının qarajından götürülərək cavabdehlərin faktiki sahibliyinə və istifadəsinə verilmişdir. Rəsmi alqı-satqı müqaviləsinin bağlandığı ## ###### 2022-ci il tarixinədək və ondan sonrakı dövrdə avtomobil cavabdehlər tərəfindən idarə edilmiş, sonradan təmir məqsədilə xarici ölkələrə (Türkiyə və Gürcüstana) aparılmışdır. Eyni zamanda, cavabdehlər tərəfindən iddiaçıya avtomobilin dəyəri kimi ümumilikdə 20.000 ABŞ dolları (təxminən 34.000 manat) məbləğində ödəniş edildiyi faktı hər iki tərəf tərəfindən etiraf olunur və mübahisələndirilmir.

61. Kollegiya cavabdehin apellyasiya şikayətində irəli sürdüyü əsas dəlilləri — sürətlər qutusunda (karopkada) olan gizli qüsurlar səbəbindən pulu ödəməmək barədə etirazlarını araşdıraraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə isə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu maddi və prosessual hüquq normalarının qarşılıqlı təhlili birmənalı olaraq göstərir ki, avtomobildəki nasazlığın məhz onlara təhvil verildiyi 2022-ci ilin oktyabr ayından əvvəl mövcud olmasını sübut etmək vəzifəsi (sübutetmə yükü) birbaşa alıcının (cavabdehin) üzərinə düşür.

62. Kollegiya qeyd edir ki, cavabdeh tərəf qanunvericiliyin tələb etdiyi bu sübutetmə yükünü icra edə bilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş mütəxəssis Mütəxəssis izahatı cavabdehin iddialarını texniki cəhətdən təkzib edir. Mütəxəssis birmənalı şəkildə bildirmişdir ki, "BMW X6" markalı avtomobillərin sürətlər qutusu həssasdır və aqressiv idarəetmə ("buksovat") və ya düzgün istifadə edilməməsi nəticəsində hətta bir gün ərzində belə sıradan çıxa bilər. Ən əsası, mütəxəssis bu nasazlığın konkret olaraq nə vaxt yarandığını sonradan müəyyən etməyin mümkün olmadığını vurğulamışdır. Mülki Məcəllənin 571.1-ci maddəsinə əsasən, əşyanın təsadüfən məhv olması və ya zədələnməsi riski əşyanın alıcıya verildiyi andan ona keçir. İşin hallarına görə avtomobil rəsmi müqavilə bağlanmazdan əvvəl, yəni 2022-ci ilin oktyabr ayından etibarən təqribən iki ay yarım cavabdehlərin faktiki istifadəsində olmuşdur. Hərçənd cavabdeh tərəf həmin müddət ərzində nəqliyyat vasitəsini idarə etmədiyini iddia etsə də, digər tərəfdən öz izahatlarında maşınla Ordubad rayonuna getdiklərini və nasazlığın da məhz bu zaman yarandığını bildirmələri onların mövqeyindəki ciddi ziddiyyəti ortaya qoyur və avtomobildən faktiki istifadə etdiklərini öz dilləri ilə təsdiqləyir. Belə olan halda, istismar amillərini nəzərə alaraq, texniki nasazlığın məhz satıcının məsuliyyət dairəsində olduğu dövrdə (təhvil anınadək) yaranması faktı heç bir mötəbər sübutla təsdiqini tapmır.

63. Bundan əlavə, kollegiya apellyasiya şikayətində istinad edilən şahid ifadələrini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirərkən xüsusilə vurğulayır ki, elə cavabdehin özü tərəfindən məhkəməyə dəvət edilmiş şahid X6 ifadəsi qüsur iddialarını əsaslı şəkildə alt-üst edir. Belə ki, şahid ifadəsində maşını özünün iddiaçının qarajından çıxararaq cavabdehlərə təhvil verdiyini, həmin vaxt maşında hər hansı nasazlığın olmadığını və maşında nasazlıq olsaydı bunu biləcəyini məhkəmədə açıq şəkildə təsdiqləmişdir. Digər şahid ifadələrinə (avtomobilin qiymətinin şifahi olaraq başqa məbləğə razılaşdırılması və ya buraxılış ilinin fərqli deyilməsi barədə ifadələrə) gəldikdə isə, həmin şahidlər cavabdeh tərəflə yaxın qohumluq münasibətində olduqları üçün maraqlı tərəf kimi çıxış edirlər və onların şifahi ifadələri dövlət orqanında rəsmiləşdirilmiş, hüquqi qüvvəsi mübahisələndirilib ləğv edilməmiş 50.000 manatlıq yazılı alqı-satqı müqaviləsinin şərtlərini təkzib etmək üçün mötəbər sübut sayıla bilməz. Mülki Məcəllənin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur. Cavabdeh cavabdeh1 ## ###### 2022-ci il tarixdə rəsmi müqaviləni imzalayarkən avtomobilin həm buraxılış ili (2010), həm də satıldığı rəsmi qiymət (50.000 manat) həmin sənəddə açıq şəkildə göstərilmişdir və alıcı bu şərtləri öz imzası ilə qəbul edərək iradəsini təsdiqləmişdir. Tərəflərin razılaşdırılmış iradəsini əks etdirən bu yazılı sənəd və avtomobilin ilkin sağlam vəziyyətini təsdiqləyən sübutlar qarşısında, sonradan irəli sürülmüş iddialar öhdəliyin icrasından imtina üçün hüquqi əsas yarada bilməz.

64. Digər tərəfdən, cavabdeh tərəf avtomobildə qüsur olduğunu, onu xarici ölkələrdə təmir etdirdiklərini və buna görə əlavə xərclər (təqribən 8300 manat) çəkdiklərini bildirsə də, kollegiya ödənilməli olan məbləğdən bu xərclərin çıxılması barədə dəlilləri qəbuledilməz hesab edir.

65. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən, əşyanın qüsurları üçün satıcının cavabdehlik daşıması üçün alıcı həmin qüsurların əşya ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirməlidir. Cavabdeh tərəfin öz izahatından aydın olur ki, rəsmi alqı-satqı müqaviləsi bağlanana qədər iddiaçı onlara avtomobili idarə etmək üçün etibarnamə verməmiş və maşın onların adına rəsmiləşdirilməmişdir. Nəqliyyat vasitəsinin ölkə hüdudlarından kənara (Türkiyə və Gürcüstana) idarə edilərək aparılması hüquqi cəhətdən yalnız ## ###### 2022-ci il tarixdə rəsmi alqı-satqı müqaviləsi bağlanıb maşın cavabdeh1 adına rəsmiləşdirildikdən sonra mümkün ola bilərdi. Bu isə o deməkdir ki, avtomobilin uzun məsafələrə idarə edilməsi və xarici ölkələrdəki təmir işləri mülkiyyət hüququ və əşyanın təsadüfən zədələnməsi riski (Mülki Məcəllə, maddə 571.1) tam olaraq alıcıya keçdikdən sonrakı dövrə təsadüf etmə ehtimalını artırır. İş üzrə dindirilmiş mütəxəssisin avtomobilin sürətlər qutusundakı nasazlığın konkret olaraq nə vaxt yarandığını sonradan müəyyən etməyin texniki cəhətdən mümkün olmaması və bu qüsurun istismar qaydalarının pozulması nəticəsində qısa müddətdə (hətta bir gün ərzində) yarana biləcəyi barədə izahatı da nəzərə alındıqda, qüsurun məhz avtomobil təhvil verilməzdən əvvəl mövcud olması faktı sübuta yetirilmiş hesab edilə bilməz. Satıcının (iddiaçının) sözügedən qüsura görə məsuliyyəti və təqsiri sübuta yetirilmədiyindən, cavabdehin çəkdiyi təmir xərclərinə görə öhdəliyin icrasından birtərəfli qaydada imtina etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin tələblərinə ziddir və həmin xərclərin müqavilə qiymətindən çıxılması hüquqi cəhətdən əsassızdır.

66. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77 və 88-ci maddələrinin pozulması, sübutlara düzgün qiymət verilməməsi, şahidlərə və mütəxəssisə məhkəmədə təsir göstərilməsi barədə irəli sürülən dəlillər də kollegiya tərəfindən əsaslı hesab edilmir. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərur Rayon Məhkəməsi iş üzrə toplanmış bütün sübutları – tərəflərin izahatlarını, şahid ifadələrini, mütəxəssis rəyini, yazılı müqaviləni və digər sənədləri daxili inam əsasında hərtərəfli və əlaqəli şəkildə qiymətləndirmişdir. Cavabdeh tərəf irəli sürdüyü iddiaları, xüsusən də məhkəmə prosesində kimlərinsə təsirə məruz qalması barədə mülahizələrini təsdiq edən heç bir mötəbər və qanuni sübut təqdim edə bilməmişdir.

67. Yuxarıda ətraflı şərh olunan hüquqi və faktiki əsaslara görə, kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını tam və obyektiv araşdırmışdır. Buna görə də, Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qanuni və əsaslı məhkəmə aktı olduğundan ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, cavabdeh cavabdeh1 apellyasiya şikayəti isə təmin edilmədən rədd olunmalıdır.

68. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

69. Məhkəmə xərclərinə münasibətədə kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

70. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. Qeyd edilən prosessual normaların tələbindən çıxış edərək kollegiya belə hesab edir ki, cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir.

72. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

73. - Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməməli;

74. - Məmmədov İlqar Əli oğlunun cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə (cavabdeh cavabdeh1 qarşı iddia tələbinin təmin edilmiş hissəsində) dəyişdirilmədən saxlanılmalı;

75. – cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir.

76. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi:

Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Məmmədov İlqar Əli oğlunun cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə (cavabdeh cavabdeh1 qarşı iddia tələbinin təmin edilmiş hissəsində) dəyişdirilmədən saxlanılsın. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar