Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-24/2026 19.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbi (Açar sözlər: etiraz edən şəxsin hakimin onun barəsində əvvəllər həbs qətimkan tədbirinə baxmasına əsaslanmaqla etiraz etməsi, etirazın əsasları, hakimin qərəzliliyi və obyektivliyi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Cavabdeh sədrlik edən hakim İsmayıl Günay Mikayıl qızına etdiyi etiraza məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq müəyyən etdi: I. Birinci instansiya məhkəməsinə müraciət.
1. İddiaçı 25 noyabr 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 26 dekabr 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 246 (iki yüz qırx altı) manat miqdarında (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməklə) aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi (iş vərəqə 0103).
2. Babək Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli qərardadı iddia ərizəsi icraata qəbul edilmişdi (iş vərəqə 16-17). İİ. İş üzrə sədrlik edən hakimə etiraz
3. Mülki iş üzrə birinci instansiya məhkəməsində 13 yanvar 2026-cı ildə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, mülki işə İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə baxılmasına etiraz etdiyini bildirmişdir (iş vərəqə 46). İİİ. Etirazın əsaslandırılması
4. Cavabdeh etirazını əsaslandıraraq qeyd etmişdi ki, İsmayıl Günay Mikayıl qızı 10 oktyabr 2025-ci il tarixdə 4(079)-3/2025 nömrəli məhkəmə işinə sədrlik etmiş və onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçmişdi. Hazırkı mülki işə onun qərəzli qərar verəcəyinə şübhələr olduğu üçün prosesin başqa məhkəmə və ya başqa şəxs tərəfindən keçirilməsini tələb edir. İV. Etirazla bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə
5. Babək Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli, 2(079)-774/2025 nömrəli qərardadı ilə Cavabdeh iş üzrə sədrlik edən hakimə etdiyi etirazın baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdı (iş vərəqə 55-56).
6. Etiraz mülki iş materia lları ilə birlikdə 19 yanvar 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına daxil olmuşdu. V. Apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və onun həllinə dair mövqeyi hakimə edilmiş etirazı
7. Cavabdehin iş üzrə sədrlik edən hakim İsmayıl Günay Mikayıl qızına etdiyi etirazı iş materialları ilə birlikdə yoxlayan kollegiya aşağıdakıları qeyd edir.
8. Mülki məhkəmə icraatında etiraz edilmə əsasları, ona baxılması qaydası, həmçinin etiraz edilə bilən və etiraz etmək hüququna malik şəxslərin dairəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2-ci fəsli, yəni 17-23-cü maddələri ilə tənzimlənir.
9. Həmin Məcəllənin 19, 20, 46 və 47-ci maddələrinin mahiyyətindən aydın olur ki, mülki məhkəmə icraatında iştirak edən şəxslər t ərəfindən işə baxan hakimə və ya hakimlərə, həmçinin ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduğu halda etiraz oluna bilər.
10. Mülki məhkəmə icraatında yuxarıda qeyd edilən subyektlərə etiraz etmək əsasları isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19 və 20-ci maddələri ilə müəyyən edilir.
11. Həmin Məcəllənin 19-cu maddəsi “Hakim tərəfindən işə baxılmasına yol verilməməsi” adlansa da, Məcəllənin 21.1-ci maddəsindən görünür ki, birinci qeyd edilən prosessual norma özündə hakimə etiraz edilmənin əsaslarını da əks etdirir.
12. Belə ki, hakim Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa onun işə baxılmasına yol verilmir (MPM maddə 19.1).
13. Həmçinin həmin Məcəllənin 19.3-cü maddəsinin tələbindən müəyyən edilir ki, birbiri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. 14. "Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 3 nömrəli qərarının: 15. - 2.2-ci bəndində göstərilir ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir; 16. - 6-cı bəndinə görə hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etir azın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır; 17. - 11.1-ci bəndinin tələbinə əsasən etirazın rədd edilməsi və yaxud təmin edilməsi barədə qəbul edilən qərardad (qərar) əsaslandırılmalı, orada etirazın təmin edilməsi və yaxud rədd edilməsinin səbəbləri şərh edilməlidir. 18. “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 16-cı maddəsində göstərilir ki, birinci instansiya, apelyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır.
19. Kollegiya qeyd edilən normaların tələb i çərçivəsində etiraza səbəb olmuş faktı qanunvericiliyin tələbləri daxilində araşdıraraq aşağıdakıları bildirməyi zəruri hesab edir.
20. Cavabdehin hakimə etdiyi etirazdan onun etirazın əsası kimi hakimin obyektivliyinə şübhə doğuran kifayət qədər əsas olmasının qeyd edilməsi aydın olur.
21. Cavabdeh hakimə etdiyi etirazın dəlilinə qiymət verilməsi ilə bağlı kollegiya bildirir ki, etirazın araşdırılması üçün əsasən iş materiallarından istifadə edilmişdi.
22. Belə ki, iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 4(079)-3/2025 nömrəli qərarından Babək rayon prokurorluğunun böyük müstəntiqi İ dərəcəli hüquqşünas X1 həmin prokurorluqda istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməsi aydın olur. Sözügedən qərarla vəsatət təmin olunaraq (sədrlik edən hakim Günay İsmayıl) Cavabdeh barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablanmış və qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına tapşırılmışdı (iş vərəqə 47-52).
23. Kollegiya iş materiallarını cavabdehin verdiyi etirazla, onları isə mülki prosessual qanunvericiliklə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, Cavabdeh gətirdiyi dəlil hakim İsmayıl Günay Mikayıl qızının işdən kənarlaşdırılması üçün əsas verən hal hesab edilə bilməz.
24. Belə k i, etirazın əsasında duran arqument hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə yaradan faktlara deyil, cavabdehin subyektiv mülahizəsinə və onun barəsində olan əvvəlki məhkəmə işinə əsaslanır.
25. Kollegiya xüsusi olaraq qeyd edir ki, qanunvericiliyin tələbinə və məhkəmə təcrübəsinə əsasən, rayon ərazisində yaşayan şəxslərin müxtəlif vaxtlarda yaranan hüquqi mübahisələrinə həmin məhkəmənin bir hakimi tərəfindən baxılması labüddür və prosessual qaydalara uyğundur. Eyni hakimin iş üzrə tərəflər barəsində olan müxtəlif işlərə baxması, onun işin nəticəsində maraqlı olması və ya qərəzli mövqe tutması kimi qiymətləndirilə bilməz.
26. Hakimin qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində prosessual qərarlar qəbul etməsi (məsələn, həbs qətimkan tədbirinin seçilməsi), onun gələcəkdə həm in şəxslə bağlı digər müstəqil işlərdə (aliment tələbinə dair mülki işdə) qərəzli olacağı mənasına gəlmir. Əks yanaşma, rayon məhkəmələrində hakim çatışmazlığı səbəbindən ədalət mühakiməsinin həyata keçirilməsini çətinləşdirə bilər.
27. Hakimin qərəzsizliyi həm subyektiv, yəni hakimin daxili aləmi, həm də obyektiv kənardan görünüş baxımdan qiymətləndirilir. Təkcə fərqli bir prosessual məcburiyyət tədbirinin tətbiqinə dair iş üzrə qərarın çıxarılması faktı, hakimin mülki işdə tərəfli olacağına dair əsaslı şübhə yaratmaq üçün kifayət deyildir.
28. Hakim tərəfindən əvvəllər Cavabdeh ziyanına (əleyhinə) məhkəmə aktının çıxarılması, onun hazırkı işə qərəzli yanaşacağına dəlalət etmir. Məhkəmə aktının tərəflərdən birinin maraqlarına uyğun gəlməməsi, hakimin həmin tərəfə qarşı şəxsi qərəzinin olm ası faktını sübut etmir. Hakim işə baxarkən qanunun aliliyini və işin faktiki halları əsasında daxili inamını rəhbər tutur.
29. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi tərəflərə məhkəmə aktlarından narazı qaldıqda yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququ verir. Əgər cavabdeh onun barəsində qəbul edilmiş aktından narazı idisə, apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilərdi (və ya etmişdir). Məhkəmə aktının qanunsuzluğu və ya əsassızlığı barədə iddialar hakimə etiraz institutu vasitəsilə deyil, şikayət institutu vasitəsilə mübahisələndirilməlidir.
30. İş materiallarından hakim İsmayıl Günay Mikayıl qızının işin nəticəsində birbaşa və ya dolayı yolla maraqlı olmasını, tərəflərlə qohumluq əlaqələrini və ya obyektivliyinə şübhə doğuran digər halları təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməsi müəyyən edilmir. Cavabdehin gətirdiyi arqumentlər Mülki-Prosessual Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan etiraz əsaslarının heç birinə uyğun gəlmir.
31. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh hakim İsmayıl Günay Mikayıl qızına etdiyi etiraz əsassız olduğundan təmin edilməməlidir.
32. Hakimə edilmiş etirazı kollegiya əsaslı hesab etmədiyindən tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21.6-cı maddəsinə görə eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz.
33. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiy a yekunda aşağıdakı nəticəyə gəlir. 34. - İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Cavabdeh Babək Rayon məhkəməsinin hakimi (sədri) - iş üzrə sədrlik edən hakim İsmayıl Günay Mikayıl qızına etdiyi etiraz əsaslı olmadığından rədd edilməli; 35. - mülki iş baxılması üçün Babək Rayon Məhkəməsinə geri qaytarılmalıdır.
36. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir.
37. Həmin Məcəllənin 22.6-cı maddəsinin tələbinə görə isə etiraz etmə və ya özüözünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Vİ. Apellyasiya instansiyası məhkəməsinin etiraz üzrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 23, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərarverdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Cavabdeh Babək Rayon məhkəməsinin hakimi (sədri) - iş üzrə sədrlik edən hakim İsmayıl Günay Mikayıl qızına etdiyi etiraz əsaslı olmadığından rədd edilsin. Mülki iş baxılması üçün Babək Rayon Məhkəməsinə geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21.6-cı maddəsinin tələbinə görə eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üz rə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.