Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-55/2026 08.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası İddiaçı Hüseynov Ramal Hüseyn oğlunun cavabdeh Əsgərova Dilbər Əli qızına qarşı alimentin azaldılması tələbinə dair (Açar sözlər: alimentin azaldılması tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Hüseynova Hürü Firudin qızının məhkəmə iclas katibliyi və cavabdeh Əsgərova Dilbər Əli qızının iştirakı ilə, iddiaçı Hüseynov Ramal Hüseyn oğlunun cavabdeh Əsgərova Dilbər Əli qızına qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e-2(078)-1629/2025 nömrəli qətnaməsindən iddiaçı Hüseynov Ramal Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları
1. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Ramal Hüseyn oğlu ilə Hüseynova Dilbər Əli qızının nikahı 27 iyul 2018ci il tarixdə pozulmuş və bu barədə 76 nömrə ilə qeydiyyat aparılmışdır.
2. İş materiallarında olan Naxçıvan şəhər “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II seriyalı, 166374 nömrəli arayışın surətindən görünür ki, Hüseynzadə Qumral Ramal qızı 30.09.2008-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında 17.10.2008-ci il tarixində, 753 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında Hüseynov Ramal Hüseyn oğlu, anası qrafasında Hüseynova Dilbər Əli qızı olduğu qeyd olunmuşdur.
3. İş materiallarında olan Naxçıvan şəhər “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-III seriyalı, 078118 nömrəli arayışın surətindən görünür ki, Hüseynzadə Xalidə Ramal qızı 14.06.2014-cü ildə anadan olmuş, doğumu akt qeydləri kitabında 08.07.2014cü il tarixində, 342 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında Hüseynov Ramal Hüseyn oğlu, anası qrafasında Hüseynova Dilbər Əli qızı olduğu qeyd olunmuşdur.
4. İş materiallarında olan, Naxçıvan MR, Naxçıvan Şəhər İcra Hakimiyyəti İstilik Təsərrüfatı İdarəsinin 09 oktyabr 2025-ci il tarixli, 17 nömrəli arayışına əsasən Hüseynov Ramal Hüseyn oğlu 01.10.2021-ci il tarixdən Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsində çilingər vəzifəsində çalışır və tutqulardan sonra xalis əmək haqqısı 396.95 (üç yüz doxsan altı manat, doxsan beş qəpik) manat təşkil edir.
II. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Hüseynov Ramal Hüseyn oğlu cavabdeh Əsgərova Dilbər Əli qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş Hüseynzadə Qumral Ramal qızının və Hüseynzadə Xalidə Ramal qızının xeyrinə hər ay ölkə üzrə minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində müəyyən olunmuş alimentin tutulma qaydasının dəyişdirilərək ödəməli olduğu aliment məbləğinin hər ay aylıq gəlirinin üçdə bir hissəsinə, yəni 132,31 manat məbləğinə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı Hüseynov Ramal Hüseyn oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-229/2025 nömrəli, 05.12.2025-ci il tarixli qərardadı əsasında iddiaçının öhdəliyi kimi təsbit olunmuş və indeksasiya edilmiş aliment miqdarının minimum əmək haqqı məbləğinin 0.74 mislindən 0.77 mislinə dəyişdirildiyini qeyd edərək, bu dəyişikliyin iddiaçının alimentin azaldılması barədə iddia tələbindən sonra baş verdiyini nəzərə alınmasını və iddia tələbinin "aliment öhdəliyi hər ay hər uşaq üçün müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.77 mislində aliment miqdarının azaldılaraq hər ay ümumilikdə əməkhaqqının üçdə bir hissəsi miqdarında müəyyən olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əsgərova Dilbər Əli qızı ilə 21 noyabr 2006-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 21.08.2007-ci il təvəllüdlü Hüseynzadə Aysel Ramal qızı, 30.09.2008-ci il təvəllüdlü Hüseynzadə Qumral Ramal qızı və 14.06.2014-cü il təvəllüdlü Hüseynzadə Xalidə Ramal qızı dünyaya gəlmişdir. Cavabdeh Əsgərova Dilbər Əli qızı ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-248/2018 saylı, 25.06.2018-ci il tarixli qətnaməsi əsasında rəsmi nikah qeydi pozulmuş, hər ay bir uşağın saxlanması üçün 100 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment ödəməyi qət edilmişdir. Hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmə səbəbi cavabdehin Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-248/2018 saylı, 25.06.2018-ci il tarixli qətnaməsi əsasında təyin olunmuş aliment miqdarının indeksasiya olunması barədə 02.10.2025-ci il tarixli ərizəsinin həmin məhkəmənin 8(078)-229/2025 saylı, 15.10.2025-ci il tarixli qərardadı ilə təmin edilməsi, bununla da yetkinlik yaşlarına çatmayan Hüseynzadə Qumral Ramal qızının və Hüseynzadə Xalidə Ramal qızının xeyrinə hər ay ölkə üzrə minimum əməkhaqqının 0.74 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərar qəbul edilməsidir. Bəhsi keçən qərardadın icra olunması şəksiz şəkildə iddiaçının müflisləşməyi, bank və kənar şəxslərə qarşı borclu vəziyyətinə düşməyi, ən pis halda isə son “çarə” kimi qanunla qadağan olunmuş əməllər törətməyi ilə nəticələnəcəyindən (Qeyd edir ki, bugünkü tarixədək barəsində inzibati xəta barədə icraat belə başlanmamış, tərəfindən qanun-qaydalara daim riayət edilmişdir) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində birbaşa təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququndan istifadə edərək məhkəməyə pənah gətirdiyini bütün səmimiyyəti ilə ifadə edir. İlk növbədə, alimentin indeksasiya olunması prosesinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarına uyğun olaraq həyata keçirildiyini qəbul edir, lakin maddi vəziyyətinin alimentin hazırkı miqdarını ödəməyə heç bir halda imkan vermədiyini diqqətə çatdırmaqla alimentin ədalətli şəkildə təyin olunmasının yeganə yolunun onun sabit pul məbləğində deyil, gəlirinin müəyyən hissəsi miqdarında tutulması olduğunu, ilk dəfə aliment təyin olunan vaxtla hazırkı maddi və sosial vəziyyətinin fərqləndiyini bəyan edir. Belə ki, nikahın pozulması zamanı aliment təyin olunduğu zaman heç bir yerdə işləməməklə sabit gəliri olmadığı halda hazırda 01.10.2021-ci il tarixdən bəridir ki, eyni müəssisədə- Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsində çilingər vəzifəsində işlədiyini (bu barədə müvafiq arayış sübut qismində əlavə edilmişdir) və müvafiq tutqular çıxıldıqdan sonra aylıq 396,95 manat əməkhaqqı aldığını məlum edir, belə olan halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində təsbit olunmuş gəlirinin üçdə bir hissəsi (hazırda övladlarından ikisinin yetkinlik yaşlarına çatmadıqlarını nəzərə alaraq) miqdarında tutulması barədə məhkəmənin qərar qəbul etməsi üçün müraciət etdiyini bildirir. Bütün gəliri 396 manat təşkil edən vətəndaşın təkcə 592 manat aliment məbləğini ödəməsinin deyil, eləcə də yaşayış minimumu həddində yaşamasının nə dərəcə qeyri-mümkün olmasını məhkəmənin təqdirinə buraxır, öz növbəsində Konstitusiyada dövlətin məqsədləri qismində qeyd olunmuş “vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsi”ndə məhkəmənin ədalətli mövqe tutacağına, vətəndaşın müflisləşib dolanışığını idarə edə bilməyəcək, hətta yaşaya bilməyəcək qədər çıxılmaz vəziyyətə düşməsinə izin verməmək üçün iddia tələbini təmin edəcəyinə dair heç bir şübhəsi olmadığını qətiyyətlə bəyan edir. Digər bir iş üzrə mühüm əhəmiyyət kəsb edən hal kimi cavabdehin gəlirinin nəzərə alınmalı olduğunu vurğulayır. Belə ki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsində təsbit olunmuş “Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər” müddəasını rəhbər tutaraq cavabdehin hazırda işlədiyi gömrük orqanından aylıq kifayət qədər-iddiaçının qazancının təqribən 3-4 misli miqdarında əməkhaqqı aldığını ifadə etməklə, birgə nikahdan doğulmuş övladlarının saxlanmasındakı vəzifələrini yerinə yetirməklərinin müştərəkliyini təmin etmək məqsədilə cavabdeh Dilbər Əsgərovanın aylıq qazancının müəyyən edilməsinin vacibliyini bir daha vurğulayır və bu məlumatı əldə edib məhkəməyə təqdim etmək səlahiyyətim xaricində olduğundan, habelə müvafiq vəkil sorğusu ünvanlanmasına (bu barədə order almağa) maddi olaraq gücü yetmədiyindən həmin məlumatın məhkəmə sorğusu əsasında təmin edilməsini xahiş edir. Yekunda aliment məbləğinin azaldılması məqsədilə Naxçıvan Mediasiya Təşkilatına etdiyi müraciətinin cavabdehlə ortaq məxrəcə gəlinə bilməməsi səbəbindən nəticəsiz qaldığını yüksək diqqətə çatdırır, birgə nikahdan doğulmuş övladlarının saxlanması üçün tutulmaqda olan aliment miqdarını ödəməyə heç bir şəkildə qadir olmadığını, hazırda alimentin azaldılması ilə bağlı müraciət etməyinin heç bir halda onların saxlanılması xərclərindən boyun qaçırmaq məqsədi daşımadığını, əksinə, həm övladlarının xərclərinin qarşılanması, həm də vətəndaş kimi müflisləşməyinin qarşısının alınması, eləcə də ölkə üzrə müəyyən olunmuş yaşayış minumumundan aşağı səviyyədə yaşamağının qeyri-mümkün olması, aliment miqdarı dəyişdirilmədiyi təqdirdə geri dönülməz sıxıntılara və səhvliklərə düçar olacağından başqa çarəsinin qalmaması kimi amillərdən qaynaqlandığını bir daha ifadə edərək və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsini rəhbər tutaraq birgə nikahlarından doğulmuş Hüseynzadə Qumral Ramal qızının və Hüseynzadə Xalidə Ramal qızının xeyrinə hər ay ölkə üzrə minimum əməkhaqqının 0.74 misli həddində sabit pul məbləğində müəyyən olunmuş alimentin tutulma qaydasının dəyişdirilərək ödəməli olduğu aliment məbləğinin hər ay aylıq gəlirinin üçdə bir hissəsinə, yəni 132,31 manat məbləğinə azaldılması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olduğunu bəyan edir.
8. Naxçıvan Şəhər Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e-2(078)-1629/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 8(078)- 229/2025 nömrəli, 15 oktyabr 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləğinin azaldılaraq, 30.09.2008-ci il təvəllüdlü Hüseynzadə Qumral Ramal qızının və 14.06.2014-cü il təvəllüdlü Hüseynzadə Xalidə Ramal qızının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Hüseynov Ramal Hüseyn oğlundan Əsgərova Dilbər Əli qızının xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində müəyyən edilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli qərardadı ilə alimentin məbləği minimum əməkhaqqının 0.77 misli (hər uşaq üçün 308 manat, cəmi 616 manat) həddində indeksasiya edilmişdir. Lakin “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilən rəsmi məlumatlara görə, iddiaçı R.H.Hüseynovun aylıq gəliri (470 manat) ondan tutulması qərara alınan aliment öhdəliyindən (616 manat) əhəmiyyətli dərəcədə aşağıdır. Məhkəmə hesab etmişdir ki, alimentin məbləği müəyyən edilərkən bir tərəfdən uşağın əvvəlki təminat səviyyəsinin və 2025-ci il üçün uşaqlar üzrə yaşayış minimumunun (246 manat) qorunması zəruridir, digər tərəfdən isə öhdəliyin icra oluna bilməsi üçün borclunun real maddi vəziyyəti nəzərə alınmalıdır. Mövcud vəziyyətdə aliment məbləğinin iddiaçının toplam gəlirini üstələməsi həm hüquqi, həm də faktiki baxımdan qərarın icrasını qeyri-mümkün edir və iddiaçının minimum yaşayış ehtiyaclarını tamamilə aradan qaldırır. Məhkəmə yuxarıda göstərilənləri, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-229/2025 nömrəli, 15 oktyabr 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində müəyyən edilməli, iddia qalan hissədə əsaslı olmadığından rədd edilməlidir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
10. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı Hüseynov Ramal Hüseyn oğlu apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e- 2(078)-1629/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, sabit gəlirinin və uzunmüddətli iş yerinin olmasını nəzərə alıb alimentin gəlirinin üçdə bir hissəsi miqdarında təsbit olunaraq iddianın tam təmin edilməsini, bu mümkün olmadıqda qətnamədə təsbit olunmuş alimentin indeksasiya məbləğinin (0.5 misli həddinin) azaldılaraq hər ay hər uşaq üçün minimum əmək haqqı miqdarının 0.38 mislində təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsində faktiki maddi vəziyyətinin çıxılmaz olduğunu, eləcə də sabit iş yerinin və gəlirinin olduğunu bildirməyinə və 01 oktyabr 2021-ci il tarixdən Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsində işlədiyi və müvafiq tutqular (vergi, sosial ödənişlər və s.) çıxıldıqdan sonra xalis 396,95 manat (üç yüz doxsan altı manat doxsan beş qəpik) məbləğində əmək haqqı aldığı faktlarını təsdiq edən 09 oktyabr 2025-ci il tarixli iş yerindən arayış təqdim etməyinə, üstəlik öz növbəsində bu arayış məhkəmə tərəfindən sübut qismində tanınmasına baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tərəfindən 19 yanvar 2026-cı il tarixli qətnamədə qeyd olunmuşdur ki, “Lakin “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilən rəsmi məlumatlara görə, iddiaçı R.H.Hüseynovun aylıq gəliri (470 manat) ondan tutulması qərara alınan aliment öhdəliyindən (616 manat) əhəmiyyətli dərəcədə aşağıdır”. Açıq göründüyü üzrə onun gəliri faktiki aldığı 396,95 manat deyil, 470 manat miqdarında, yəni müvafiq məcburi sosial-sığorta, vergi tutquları daxil olmaqla hesablanaraq indeksasiya miqdarı 0.5 misli həddində təyin olunmuşdur. Məhkəmənin müvafiq qərarında təsbit olunmuş 0.5 mislində aliment indeksasiya miqdarının tətbiq olunmasının, yəni barəsində apellyasiya şikayəti ünvanladığı e-2(078)-1629/2025 nömrəli qətnamənin icra edilməsinin 2026-cı il üzrə minimum əmək haqqı miqdarının 400 (dörd yüz) manat olduğunu nəzərə aldıqda mübahisənin onun birgə nikahından doğulmuş Hüseynzadə Qumral Ramal qızının və Hüseynzadə Xalidə Ramal qızının xeyrinə hər ay ümumilikdə 400 manat, yəni faktiki gəlirindən 3 manat artıq aliment ödəməli olmağı ilə nəticələndirdiyini bildirir. Belə olan halda həmin qərarın qanuni qüvvəyə minməsinin Konstitusiyada birbaşa təsbit olunmuş “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” müddəası ilə ziddiyyət təşkil edəcəyini ürək ağrısı ilə bəyan etməklə qətnamənin ləğv olunmasının və indeksasiya mislinin azaldılmasının labüdlüyünü ifadə edir. Hər bir halda birinci instansiya məhkəməsində işə baxan hakim tərəfindən mübahisələndirilən qətnamədə “Mövcud vəziyyətdə aliment məbləğinin iddiaçının toplam gəlirini üstələməsi həm hüquqi, həmdə faktiki baxımdan qərarın icrasını qeyri-mümkün edir və iddiaçının minimum yaşayış ehtiyaclarını tamamilə aradan qaldırır” ifadəsi də qeyd olunmaqla onun maddi vəziyyətinin qismən nəzərə alındığını, eləcə də əvvəlki indeksasiya misli ilə müqayisədə aliment öhdəliyinin miqdarının kifayət qədər (616-400=216 manat) yüngülləşdirdiyini qəbul etdiyini bütün səmimiyyəti ilə bildirir. Lakin bu vəziyyətdə belə təyin olunmuş yeni indeksasiya miqdarının onun gəlirini üstələdiyini, belə olan halda ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan da aşağı səviyyədə, yəni tamam müflis vəziyyətdə yaşamağa davam etməyinin qeyri-mümkün olduğunu nəzərə almağı xahiş edir. Bu məqamda birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən bildirilmiş “mənim valideynlərimlə yaşamağım və onların pensiya almaları” şəklindəki əsassız arqumentinə cavab olaraq valideynlərinin gəlirini heç bir halda istifadə etmədiyini, çünki onların da öz növbələrində pensiya məbləğinin demək olar ki, tamamını hər birinin ayrı-ayrılıqda səhhətlərində olan və illərdir davam edən sıxıntılarla əlaqədar müayinə-müalicə xərclərinə sərf etdiklərini, valideynlərinin pensiya gəlirlərinin onun gəliri kimi hesablanmasının hüquqi əsası olmadığını qəti bir dillə ifadə edir. (Bu faktı təsdiq edən və apellyasiya şikayətinə qoşma qismində əlavə etdiyi müvafiq müayinə-müalicə sənədlərinin, həkim reseptlərinin birinci instansiya məhkəməsində icraat zamanı təqdim oluna bilməməsi səbəbi aşağıda təfsilatı ilə qeyd olunmuşdur). Mülki Kollegiyanın iş üzrə faktiki halları hərtərəfli qiymətləndirməsində mühüm əhəmiyyət kəsb edən digər bir hal kimi 17 dekabr 2025-ci il tarixli məhkəmə iclasının sonunda cavabdeh tərəfin “Qızım universitetdəki imtahanlarını fevralın əvvəli bitirib gələcək, onun məhkəmədə iştirak edə bilməsi üçün məhkəmə iclasının fevral ayının 15-dən sonrakı tarixə salınmasını xahiş edirəm” ifadəsindən sonra növbəti məhkəmə iclası vaxtı ilə bağlı məhkəmə bildirişi vərəqəsində məhkəmə işçisi tərəfindən 19 yanvar 2026-cı il tarixinin üzərində diyircəkli qələm ilə düzəliş edilməsinə (həmin kağız bildiriş qoşma qismində əlavə olunmuşdur), məhkəmənin növbəti iclasının keçirilmə vaxtı üzrə yekun nəticə kimi həmin bildirişdə tarix 16 fevral 2026-cı il kimi qeyd olunmasına baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tərəfindən ona heç bir sms bildirişi və ya kağız formatında yeni bildiriş göndərilmədən sonradan məhkəmə iclasının keçirilmə vaxtı 19 yanvar 2026-cı il tarix olaraq müəyyən olunub həmin tarixdə məhkəmə iclası keçirilməklə və hazırda mübahisələndirdiyi qətnamədə faktiki hala zidd olaraq “Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verilməmişdir” ifadəsi qeyd olunmaqla yekun qərar qəbul edildiyini təəssüf hissi ilə bəyan edir. Ona 17.12.2025-ci il tarixli iclas sonunda verilən bildiriş sənədindəki düzəliş edilmiş vaxtı əsas götürdüyündən bu müddət ərzində “Elektron məhkəmə” informasiya sistemindəki şəxsi kabinetinə giriş etmə ehtiyacı duymadığını, məhz valideynlərinin gəlirinin özlərinin fərdi (müayinə-müalicə ehtiyaclarına) sərf olunduğunu təsdiq edən sənədləri topladıqdan sonra həmin sənədləri işin materiallarına əlavə edilməsi üçün 12 fevral 2026-cı il tarixdə “Asan imza” vasitəsilə kabinetə giriş etdiyi zaman yekun qətnamənin 19 yanvar 2026cı il tarixdə qəbul edildiyini və 26 yanvar 2026-cı il tarixdə isə “Elektron məhkəmə” informasiya sistemindəki kabinetə yerləşdirildiyini gördüyünü bildirir. Qeyd etdiyi faktı təsdiq edən 17 dekabr 2025-ci il tarixli məhkəmə iclasından sonra ona təqdim olunmuş (üzərində düzəliş edilmiş) bildirişin, eləcə də məhkəmə iclas vaxtı barədə ona SMS bildirişinin göndərilmədiyini təsdiq edən telefonunun “Mesajlar” proqramının ekran görüntülərinin qoşma qismində əlavə olunduğunu məlum etməklə bərabər, elektron məhkəmə kabinetində qeyd olunmuş e-mail adresinə giriş edə bilmədiyi üçün müvafiq məlumatın ora yüklənib-yüklənmədiyi barədə məlumatlı olmadığını, lakin hər bir halda məhkəmə iclasının 19 yanvar 2026-cı il tarixdə keçirilməsi barədə bildirişlə sistem üzərindən tanış ola bilməyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsinin tələbinə uyğun olaraq SMS bildirişinin göndərilməli olduğunu ifadə edir. Məhkəmə tərəfindən daha əvvəlki məhkəmə iclasında növbəti iclas “16 fevral 2026-cı il tarixdə olacaq” bəyanından sonra müvafiq SMS bildirişi göndərilmədiyi halda 19.01.2026-cı il tarixli iclasda iştirak etməməyinin üzrsüz hesab olunmasının yolverilməz hal kimi qiymətləndirilməsini (çünki vaxtında ona məlumat verilmiş olsa idi, tərəfindən hazırkı şikayətinə qoşma qismində əlavə etdiyi, lakin birinci instansiya məhkəməsindəki iş üzrə materiallarda olmayan sübutlar qiymətləndirilə, eləcə də onun iştirakı təmin olunmaqla orada tərəfindən faktiki gəlirinin 470 manat deyil, 396 manat olması faktı əsaslandırıla bilərdi) Mülki Kollegiyadan xahiş edir. Bu məqamda cavabdehin məhkəmə iclasının fevral ayına təyin edilməsi və məhkəmənin də bildirişə düzəliş etməsi faktının bir daha təsdiqini tapması üçün məhkəmə iclasının videogörüntülərinə baxılmasının əhəmiyyət kəsb etdiyini yüksək diqqətinizə çatdırır. Övladlarının həsrəti və halal zəhməti ilə yıxıla-dura dolanışığını idarə etməyə çalışan bir ata, yoxsulluğun nə demək olduğunu bilən bir vətəndaş kimi barəsində apellyasiya şikayəti ünvanladığı qətnamənin icra olunmasının onun üçün səbəb olacağı çıxılmaz nəticələrinin (aliment miqdarının ödənilə bilməsi üçün kredit təşkilatları və kənar şəxslərdən borc alma məcburiyyəti, həmin borcları ödəyə bilmədikdə (ki hazırkı maddi vəziyyətdə tək mümkün ehtimal bu olacaqdır) yaşayacağı mülki və sosial mübahisələr, məhkəmə qətnaməsini iradəsindən kənar da olsa, icra etmədiyi üçün mülki, inzibati və son nəticədə cinayət məsuliyyətinə cəlb olunmağı və.s), yuxarıda qeyd olunmuş işin faktiki hallarının, eləcə də iş üzrə birinci instansiya məhkəməsinə və apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş faktiki sübutların nəzərə alınaraq Naxçıvan Şəhər Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e-2(078)-1629/2025 nömrəli qətnaməsinin ləğv edilməsi; sabit gəliri və uzunmüddətli iş yerinin olması nəzərə alınıb alimentin gəlirinin üçdə bir hissəsi miqdarında təsbit olunaraq iddianın tam təmin edilməsi; bu mümkün olmadıqda qətnamədə təsbit olunmuş alimentin indeksasiya məbləğinin (0.5 misli həddinin) azaldılaraq hər ay hər uşaq üçün minimum əmək haqqı miqdarının 0.38 mislində təyin olunması barədə qərar qəbul edilməsini Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasından xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdeh Əsgərova Dilbər Əli qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayəti qəbul etmədiyini, Naxçıvan Şəhər Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e- 2(078)-1629/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı Hüseynov Ramal Hüseyn oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Konstitusiyası
15. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. b) Azərbaycan Respublikası Ailə Məcəlləsi
17. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
18. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
23. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
24. Maddə 100.2. Aliment məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. c) “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
25. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. d) “Uşaq hüquqları haqqında” BMT Konvensiyası
26. Maddə 27 (2-ci hissə). Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. e) «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. f) Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2016-cı il tarixli qərarı:
27. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
28. Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
29. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. g) “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarı
30. 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPMin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.
31. 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
32. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. h) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. V. Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən, iddiaçının apellyasiya şikayətində qətnaməni təyin olunmuş alimentin məbləği hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır. VI. Məhkəmə kollegiyasının qiymətləndirməsi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
42. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin I hissəsi).
43. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir.
44. Kollegiya vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
46. Apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir.
47. İlk növbədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Hüseynov Ramal Hüseyn oğlunun tələbinin predmetindən görünür ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən birgə nikahlarından doğulmuş Hüseynzadə Qumral Ramal qızının və Hüseynzadə Xalidə Ramal qızının xeyrinə hər ay ölkə üzrə minimum əməkhaqqı məbləğinin 0.77 mislində aliment miqdarının azaldılaraq hər ay ümumilikdə əməkhaqqının 1/3 hissəsi miqdarında müəyyən olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Naxçıvan Şəhər Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e-2(078)-1629/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-229/2025 nömrəli, 15 oktyabr 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləğinin azaldılaraq, 30.09.2008-ci il təvəllüdlü Hüseynzadə Qumral Ramal qızının və 14.06.2014-cü il təvəllüdlü Hüseynzadə Xalidə Ramal qızının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Hüseynov Ramal Hüseyn oğlundan Əsgərova Dilbər Əli qızının xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində müəyyən edilməsi, yəni sabit məbləğdə müəyyən olunması qət edilmişdir. Buna baxmayaraq istər iddia ərizəsinin, istərsə də apellyasiya şikayətinin məzmunundan məlum olmuşdur ki, iddiaçının hazırki tələbə münasibətdə hüquqi niyyəti aliment məbləğinin azaldılmasına yönəldilmişdir. Bu baxımdan məhkəmə kollegiyası tələbə aliment məbləğinin azaldılması kimi baxılmasını və bu çərçivədə dəyərləndirmə aparmasını yolverilən hesab etmişdir.
48. İş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan Hüseynzadə Qumral Ramal qızının və Hüseynzadə Xalidə Ramal qızının saxlanılması üçün əvvəllər müəyyən edilmiş aliment məbləği sonradan məhkəmənin qərardadı ilə indeksasiya edilmiş və hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.77 misli həddində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının alimentin azaldılması barədə tələbinə baxarkən həm uşaqların mənafeyini, həm də aliment ödəyən şəxsin real maddi vəziyyətini nəzərə alaraq aliment məbləğinin azaldılmasına dair iddianı qismən təmin etmiş və alimentin məbləğini hər uşaq üçün minimum əmək haqqının 0.5 misli həddində müəyyən etmişdir. Məhkəmə bu nəticəyə gələrkən iddiaçının rəsmi gəliri, uşaqların yaşayış minimumu, eləcə də aliment öhdəliyinin real icra imkanları kimi halları kompleks şəkildə qiymətləndirmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir.
50. Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: 1) könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); 2) məcburi - məhkəmə qərarı əsasında.
51. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
52. Qanunverici alimentin miqdarı müəyyən olunarkən bir sıra məsələlərin araşdırılmalı olmasını müəyyən etmişdir. Bu məqamlar: - uşağın əvvəlki təminatının səviyyəsi; - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar.
53. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
54. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.
55. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
56. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almış, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmışdır.
57. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə şikayətdə iddiaçı tərəfindən irəli sürülmüş dəlillərdən biri onun birinci instansiya məhkəməsində keçirilmiş 17 dekabr 2025-ci il tarixli məhkəmə iclasından sonra növbəti məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmaması ilə bağlıdır. İddiaçı göstərir ki, həmin iclasın sonunda cavabdeh tərəf növbəti məhkəmə iclasının fevral ayının ortalarından sonraya təyin edilməsini xahiş etmiş, bundan sonra ona təqdim olunmuş məhkəmə bildirişində əvvəlcə qeyd edilmiş 19 yanvar 2026cı il tarixi üzərindən xətt çəkilməklə 16 fevral 2026-cı il tarixi qeyd edilmişdir. Onun fikrincə, məhz həmin bildirişə əsaslandığından 19 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etməmiş, nəticədə işə onun iştirakı olmadan baxılmışdır.
58. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflərin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılması prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməlidir və bu qaydaların pozulması müəyyən hallarda prosessual hüquqların məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Bununla belə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının göstərdiyi halların yoxlanılması məqsədilə iş materialları və məhkəmə iclaslarının videogörüntüləri araşdırılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 17 dekabr 2025-ci il tarixli məhkəmə iclasının video görüntülərində məhkəmə tərəfindən növbəti məhkəmə baxışının təyin edildiyi görünür, lakin həmin görüntülərdə növbəti iclasın dəqiq vaxtı və yeri barədə konkret məlumatın açıq şəkildə elan olunması qeydə alınmamışdır.
59. Bununla belə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının bu barədə irəli sürdüyü dəlillər iş üzrə qəbul edilmiş qətnamənin mahiyyətinə təsir edən hallar kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı özü də apellyasiya şikayətində göstərir ki, məhkəmə iclasında iştirak etdiyi təqdirdə onun əsas məqsədi aylıq gəlirinin 470 manat deyil, 396 manat məbləğində olmasını sübut edən əlavə sənədləri təqdim etməkdən ibarət olacaqdı. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçı tərəfindən təqdim ediləcəyi bildirilən həmin dəlillər qəbul edilərək onun aylıq gəlirinin 396 manat olması faktı təsdiq edilsə belə, bu hal birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yaratmır.
60. Belə ki, aliment öhdəliyi valideynlərin qanunla müəyyən edilmiş əsas vəzifələrindən biridir və bu öhdəlik onların maddi vəziyyətindən asılı olmayaraq davam edir. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən valideynlərin öz yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq borcu mövcuddur və aliment öhdəliyinin mövcudluğu şəxsin yalnız sabit və ya yüksək gəlir əldə etməsi ilə şərtləndirilmir. Hətta aliment ödəməli olan şəxsin işsiz olması və ya gəlirinin məhdud olması belə onu həmin öhdəlikdən azad etmir. Bu baxımdan iddiaçının gəlirinin 470 manat və ya 396 manat olması faktının müəyyən edilməsi aliment öhdəliyinin mövcudluğunu aradan qaldırmır və aliment məbləğinin müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin balanslaşdırılmış yanaşma əsasında gəldiyi nəticəni dəyişdirmək üçün yetərli əsas hesab edilə bilməz.
61. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi nəzərə alır ki, birinci instansiya məhkəməsi iddiaçının maddi vəziyyətini nəzərə alaraq əvvəlki indeksasiya nəticəsində müəyyən edilmiş aliment məbləğini azaldaraq daha aşağı hədd müəyyən etmişdir. Bu isə onu göstərir ki, məhkəmə iddiaçının maddi imkanlarını nəzərə almadan qərar qəbul etməmiş, əksinə, həm uşaqların maraqları, həm də aliment ödəyən şəxsin real imkanları arasında müəyyən balans yaratmağa çalışmışdır.
62. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçı apellyasiya şikayətində özü də göstərmişdir ki, həmin müddət ərzində “Elektron məhkəmə” informasiya sistemindəki şəxsi kabinetinə daxil olmamış və buna ehtiyac duymadığını hesab etmişdir. Halbuki mülki proses iştirakçıları üçün yaradılmış elektron məhkəmə sistemi tərəflərin məhkəmə iclaslarının vaxtı və yeri barədə operativ şəkildə məlumat əldə etmələri üçün nəzərdə tutulmuşdur. İddiaçı həmin sistemdə şəxsi kabinetə malik olduğunu etiraf etməklə faktiki olaraq bu məlumatları əldə etmək imkanına sahib olduğunu da qəbul etmişdir. Belə olan halda onun elektron kabinetinə daxil olmaması və orada yerləşdirilmiş məlumatlarla tanış olmaması prosessual hüquqlarının pozulması kimi deyil, şəxsi səhlənkarlığının nəticəsi kimi qiymətləndirilməlidir. Başqa sözlə, iddiaçı özünün istifadə imkanına malik olduğu informasiya mənbəyindən yararlanmadığı üçün məhkəmə iclasının vaxtı və yeri barədə məlumat əldə etməmişdir ki, bu hal məhkəmənin prosessual fəaliyyətində pozuntu kimi qiymətləndirilə bilməz.
63. Apellyasiya şikayətində iddiaçı həmçinin göstərmişdir ki, mübahisələndirdiyi qətnamənin icrası onun üçün ağır sosial və maddi nəticələr doğuracaq, aliment öhdəliyini yerinə yetirmək üçün kredit təşkilatlarından və ya digər şəxslərdən borc almaq məcburiyyətində qalacaq, belə borcları ödəyə bilmədiyi təqdirdə isə müxtəlif mülki və sosial mübahisələr yaranacaq, habelə məhkəmə qətnaməsini icra edə bilmədiyinə görə gələcəkdə hüquqi məsuliyyətə cəlb olunmaq riski ilə üzləşə bilər. Bu səbəbdən o, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, alimentin gəlirinin üçdə bir hissəsi miqdarında müəyyən edilməklə iddianın tam təmin olunmasını, bu mümkün hesab edilmədiyi halda isə alimentin hər uşaq üçün minimum əmək haqqının 0.38 misli həddində müəyyən edilməsini xahiş etmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü bu arqumentlər əsasən onun subyektiv mülahizələrinə və gələcəkdə yarana biləcəyi ehtimal olunan çətinliklərlə bağlı narahatlıqlarına əsaslanır. Lakin məhkəmə tərəfindən qəbul edilən qətnamənin qanuniliyi və əsaslılığı qiymətləndirilərkən tərəfin ehtimal olunan gələcək çətinlikləri deyil, iş üzrə müəyyən edilmiş faktiki hallar və tətbiq edilməli hüquq normaları əsas götürülməlidir.
65. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən valideynlərin öz yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq borcu qanundan irəli gələn və prioritet xarakter daşıyan öhdəlikdir. Bu öhdəlik valideynlərin şəxsi maddi vəziyyəti ilə əlaqədar müəyyən çətinliklərlə üzləşməsi ilə aradan qalxmır və uşaqların normal yaşayış səviyyəsinin təmin edilməsi dövlət tərəfindən qorunan əsas hüquqi prinsiplərdən biridir. Bu səbəbdən alimentin müəyyən edilməsində əsas meyar uşaqların mənafeyinin qorunması və onların minimum maddi təminat səviyyəsinin saxlanılmasıdır.
66. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının maddi vəziyyətini nəzərə alaraq əvvəllər indeksasiya nəticəsində müəyyən edilmiş aliment məbləğini azaldaraq daha aşağı hədd müəyyən etmiş, beləliklə həm uşaqların təminat səviyyəsinin mümkün qədər qorunmasına, həm də iddiaçının real maddi imkanlarının nəzərə alınmasına çalışmışdır. Məhkəmənin alimenti hər uşaq üçün minimum əmək haqqının 0.5 misli həddində müəyyən etməsi məhz bu balansın təmin edilməsi məqsədinə xidmət etmişdir.
67. Apellyasiya şikayətində iddiaçı həmçinin birinci instansiya məhkəməsində cavabdeh tərəfindən səsləndirilmiş, onun valideynləri ilə birlikdə yaşaması və valideynlərinin pensiya gəlirlərinin olması ilə bağlı arqumentə münasibət bildirərək qeyd etmişdir ki, valideynlərinin aldıqları pensiya vəsaitindən iddiaçı istifadə etmir və həmin vəsaitlər onların öz səhhətləri ilə bağlı müayinə və müalicə xərclərinə sərf olunur. İddiaçı bununla bağlı müəyyən tibbi sənədləri və həkim reseptlərini apellyasiya şikayətinə əlavə etdiyini, lakin müxtəlif səbəblərə görə həmin sənədləri birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edə bilmədiyini bildirmişdir.
68. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən əsasən aliment ödəməli olan şəxsin şəxsi gəlirləri, maddi vəziyyəti, habelə yetkinlik yaşına çatmayan uşaqların maddi təminat ehtiyacları nəzərə alınır. Bu baxımdan iddiaçının valideynlərinin pensiya gəlirlərinin onun şəxsi gəliri kimi qiymətləndirilməsi və ya aliment öhdəliyinin müəyyən edilməsində birbaşa əsas kimi götürülməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Valideynlərin aldıqları pensiya onların şəxsi sosial təminat hüququndan irəli gələn və yalnız onların sərəncamında olan vəsaitdir və həmin vəsaitlərin iddiaçının gəliri kimi hesablanması üçün hüquqi əsas mövcud deyildir.
69. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən də göründüyü kimi, məhkəmə aliment məbləğini müəyyən edərkən iddiaçının valideynlərinin pensiya gəlirlərini onun şəxsi maddi imkanlarının tərkib hissəsi kimi nəzərə almamışdır. Birinci instansiya məhkəməsi iddiaçının rəsmi gəlirləri və iş üzrə mövcud digər sübutlar əsasında qiymətləndirmə aparmış, nəticədə əvvəlki indeksasiya nəticəsində müəyyən edilmiş aliment məbləğini azaldaraq hər uşaq üçün minimum əmək haqqının 0.5 misli həddində müəyyən etmişdir. Bu isə onu göstərir ki, məhkəmə aliment məbləğini müəyyən edərkən iddiaçının faktiki maddi vəziyyətini nəzərə almış və onun üzərinə həddən artıq ağır maliyyə yükü qoyulmaması məqsədilə əvvəlki məbləği azaltmışdır.
70. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermədiyindən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
73. Kollegiya hesab edir ki, şikayət təmin edilmədiyindən apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir.
74. Hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e-2(078)-1629/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi ilə üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.