Məhkəmə qərarları › İş №2(3-1)-77/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-77/2026

10.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-77/2026 10.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Ocaxquliyev Hüseyn Lətif oğlunun cavabdeh Ocaxquliyeva Gülnar Saleh qızına qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 18 fevral 2026-cı il tarixli, 2(090)-298/2025 nömrəli qətnaməsindən iddiaçı Ocaxquliyev Hüseyn Lətif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyən etdi: İddiaçı Ocaxquliyev Hüseyn Lətif oğlu “24” dekabr 2025-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək övladı 25.04.2010-cu il təvəllüdlü Ocaxquliyev Lətif Hüseyn oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Ocaxquliyeva Gülnar Saleh qızından 246 (iki yüz qırx altı) manat sabit məbləğdə alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 18 fevral 2026-cı il tarixli, 2(090)-298/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi və tələbin rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh Ocaxquliyev Hüseyn Lətif oğlu apellyasiya şikayəti verərək Şahbuz Rayon Məhkəməsinin 18 fevral 2026-cı il tarixli, 2(090)-298/2025 nömrəli qətnaməsinin ləğv edilərək, 246 manat sabit məbləğdə alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyrimümkün hesab edilərək mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, şikayət cədvəl formasında tərtib edilməklə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin daxil olmuş iş materiallarından aydın olur ki, apellyasiya şikayəti iddiaçı tərəfindən elektron qaydada verilsə də, şikayət qanunvericilikdə nəzərdə tutulmuş Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, iddiaçının şikayəti 2 saylı Əlavədə müəyyən olunmuş cədvəl formasında tərtib edilməmiş, həmçinin şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, iddiaçı Ocaxquliyev Hüseyn Lətif oğlu şikayətdə maddi və prosessual hüquq normalarını sadalamamış, maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqedə, yəni dəlillər hissəsində hansı halları qəbul etməyərək mübahisələndirdiyini göstərsə də, mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını qeyd etməmiş, maddi və prosessual hüquq normalarının qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməli olduğu halda, heç bir maddi və prosessual hüquq normasına istinad etməmiş, şikayət 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun cədvəl formasında tərtib edilməmiş, apellyasiya şikayətinin forma və məzmununa dair qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozaraq sadəcə ümumi mülahizələri qısa formada sadalamaqla kifayətlənmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan tələblərinə riayət edilmədiyindən, Şahbuz Rayon Məhkəməsinin 18 fevral 2026-cı il tarixli, 2(090)-298/2025 nömrəli qətnaməsindən iddiaçı Ocaxquliyev Hüseyn Lətif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin iddiaçıya geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan normanın tələbinə əməl etməmiş, apellyasiya şikayətini qaytarmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402.2, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara alır: Şahbuz Rayon Məhkəməsinin 18 fevral 2026-cı il tarixli, 2(090)-298/2025 nömrəli qətnaməsindən iddiaçı Ocaxquliyev Hüseyn Lətif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət iddiaçıya geri qaytarılması üçün mülki işlə birlikdə Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar