Məhkəmə qərarları › İş №2(3-10)-139/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-139/2026

07.04.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-139/2026 07.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmayıl qızının cavabdeh Cümşüdlü İsmayıl Rübail oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi) (açar sözlər: bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı İsmayıl qızı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh - Cümşüdlü İsmayıl Rübail оğlu və onun nümayəndəsi X12 iştirakı ilə, İddiaçı İddiaçı İsmayıl qızının cavabdeh Cümşüdlü İsmayıl Rübail oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi) “bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbi”nə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, *(***)-****/**** saylı qətnаməsindən iddiaçı İddiaçı İsmayıl qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan İddiaçı İsmayıl qızı (Hədiyyə verən) ilə Cümşüdlü İsmayıl Rübail oğlu (Hədiyyə alan) arasında ## ###### 2020-ci il tarixdə bağlanaraq notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, “Hədiyyə verən” ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 59.22 kv.m, yardımçı sahə 75.48 kv.m olan 2 otaqlı mənzildən tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni “Hədiyyə alan”ın mülkiyyətinə vermiş və bağışlanan daşınmaz əmlak qiymətləndirilməmişdir.

2. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ##.##.2020-ci il tarixdə2020002838 nömrə ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışış notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, ***************** reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.70 kv.m olan mənzil üzərində mülkiyyət hüququ Cümşüdlü İsmayıl Rübail oğlunun adına rəsmiləşdirilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı İsmayıl qızı cavabdeh Cümşüdlü İsmayıl Rübail oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi) “bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsitələbi” nə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ndə yerləşən fərdi yaşayış evinə dair onunla Cümşüdlü İsmayıl Rübail oğlu arasında bağlanmış ##.##.2020ci il tarixli bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ndə yerləşən sahəsi 59.22 kvadrat metr olan iki otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Həmin evi ##.##.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən nəvəsi Cümşüdlü İsmayıl Rübail oğluna bağışlamışdır. Cavabdeh həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il tarixli çıxarış almışdır. O, yaşlı qadındır və qayğıya ehtiyacı var. Buna baxmayaraq, cavabdeh və onun həyat yoldaşı ona baxmırlar. Evdə tez-tez dava-dalaş salaraq ona rahat yaşamağa imkan vermirlər. Digər övladları evə gəlib gedə bilmirlər, cavabdeh buna icazə vermir. Çox çətin vəziyyətdədir. Bağışlama müqaviləsindən sonra cavabdehin ona olan münasibəti dəyişmişdir. Dəfələrlə evini geri tələb etsə də, qaytarmır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı İsmayıl qızı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh onun nəvəsidir. ünvan 1ndə yerləşən sahəsi 59.22 kvadrat metr olan iki otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Həmin evi ##.##.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən nəvəsi Cümşüdlü İsmayıl Rübail oğluna bağışlamışdır. Evi bağışladıqdan sonra İsmayılın atası, oğlu Rübail evi yenidən tikdirmişdir. Bütün ustalara özü qulluq etmiş, həmçinin 6 baş mal-qarasını sataraq evin yenidən tikintisinə və təmirinə də maddi köməklik etmişdir. Düzdür, evi könüllü olaraq nəvəsi İsmayıla bağlamışdır. Düşünmüşdür ki, nəvəsi İsmayıl ona baxacaqdır. İndi isə cavabdeh və arvadı hörmətsizlik edirlər. Döymək hadisəsi olmayıb, lakin ona hörmətsizlik edirlər. İsmayılın arvadından söz soruşur cavab vermir, özləri ondan ayrı yeyib-içirlər. Bir dəfə İsmayılın arvadı bir qazan əti yandırdığı üçün əsəbləşmiş, 4-5 gün heç bir şey yeyib içmədiyindən halı pisləşmişdir. Lakin cavabdeh və arvadı onunla maraqlanmamış, qızına zəng etmiş, qızı gəlib onu xəstəxanaya aparmışdır. Bütün bu hadisələrdən əsəbləri çox korlanmış, müalicə almalı olmuşdur. İsmayıl digər övladlarını da həmin evə gəlib getməyə qoymamış, onları qovalamışdır. Cavabdeh həm onu, həm onun qızlarını təhqir etmişdir. Cavabdeh 2025-ci ilin iyun ayından çıxıb getmişdir. Özü hazırda həmin mənzildə tək yaşayır, özü hər işini görür və tələbatlarını özü ödəyir. İstəyir ki, övladları rahat gəlib gedə bilsin və ömrünü rahat şəkildə həmin evdə başa vursun. Lakin eşitmişdir ki, cavabdeh və atası evi satmaq fikrinə düşmüşdür. Bu səbəbdən hazıki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə İsgəndər qızı iddiaçı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı yaşlı bir xanımdır. Notarial bağışlama müqaviləsində hər hansı qeyd-şərt nəzərdə tutulmasa da, xanımın əsl niyyəti qoca vaxtında ona qulluq edib qayğısına qalan şəxsə bağışlamaq olmuşdur. Həmçinin həmin bağışlama müqaviləsinin könüllü olaraq iddiaçının öz iradəsi ilə bağlanıb-bağlanması da şübhəlidir. Çünki həmin bağışlama müqaviləsi barədə Əsmayə xanımın digər övladlarının heç bir məlumatı olmamışdır. Lakin cavabdeh nənəsinin qayğısına qalmamış, nə o, nə onun yoldaşı ona böyük kimi hörmət qoymamışlar. Tez-tez dava-dalaş salmışlar, keçirdiyi bütün bu sarsıntılardan xanım xəstələnmişdir. Hətta iddiaçının da dediyi kimi, bir dəfə İddiaçı nəvəsinə və onun arvadına əsəbləşmiş, 5 gün otağından çıxmamış, yemək yeməmiş və halı pisləşərək xəstəxanalıq olmuşdur. Həmin vaxt cavabdeh nənəsi ilə maraqlanmamış və ümumiyyətlə onun üçün narahatçılıq keçirməmişdir. Həmçinin ev bağışlandıqdan sonra İsmayıl iddiaçının digər övladlarının həmin evə rahat gəlib getməsinə icazə verməmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cümşüdlü İsmayıl Rübail oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun nənəsidir. Nənəsinin xasiyyəti çox ağırdır. Buna görə də nənəsi onunla və onun həyat yoldaşı ilə sərt rəftar edir. Daha əvvəllər iddiaçı öz gəlinləri ilə də yola getməmişdir. O, bağışlama müqaviləsindən əvvəl və sonra arabir gecələr nənəsinin yanına getmiş və onunla qalmışdır. Mütəmadi olaraq isə evləndikdən sonra, 2025-ci ilin yanvarından sonra nənəsi ilə qalmışdır. Sözügedən bağışlama müqaviləsinin bağlanılması zamanı iddiaçı könüllü şəkildə notariat ofisinə gedərək həmin müqaviləni bağlamışdır. O, heç əvvəldən də evin məhz ona bağışlanmasında maraqlı olmamışdır. Nənəsi özü məhz atasının adını daşıyan nəvə kimi evin ona bağışlanmasında israr etmişdir. Hətta nənəsi özü onun toyunun həmin bağışlanılmış evdə olmasına dair təkid etmişdir (bu barədə 2 ədəd toy günündə həmin evdə çəkilmiş fotoşəkil təqdim edir). Onun marağı evə deyil, lakin bağışlama müqaviləsindən sonra atası həmin evdə əsaslı yenidən qurma və təmir işləri görmüşdür. Həmçinin iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. O, nə nənəsinə, nə bibilərinə qarşı hörmətsizlik etmişdir. Nə bibilərini, nə nənəsini təhqir etməmişdir. Bibiləri həmişə evə rahat gəlib-getmişlər. Hətta bibisi Gilas hər il qışda gəlib nənəsi ilə qalır. Bu ilin qışında da bibisi Gilas gəlib 2 aydan çox onlarla qalmışdır. Həmin vaxt hər hansı problem yaşanmamışdır. Hazırda iddiaçı bağışlama müqavilənin ləğvini tələb etmişdir ki, bu da tamamilə əsassızdır. İddiaçı və vəkili nənəsinə baxmadığı üçün müqavilənin ləğv olunmasını tələb etsələr də, nənəsinə baxmama halı olmamışdır. Nənəsi fiziki cəhətdən sağlamdır və hər zaman öz işini özü görmüşdür. Nənəsinin xasiyyəti ağır olduğu üçün onunla yola getmək çətindir. Amma bununla belə nə özü, nə yoldaşı nənəsi ilə dalaşmamışdır. Əksinə, nənəsi hər xırda şeyləri problem etmiş, cavan ailə kimi onları başa düşməmmişdir. O, işdə olmuş, gecələr evə gəlmişdir. Dava-dalaş olmasa da, ümumi nənənsi ilə yoldaşının uyğunlaşa bilmədiklərini hiss etmişdir. Nənəsi tək yaşamaq istəmişdir. Nənəsinin dediyi 5 gün ac qalma məsələsi isə həqiqəti əks etdirmir, davadalaş olmamış, nənəsi özü ətin yanmasına görə acıq edib otağa girmişdir, onlarla danışmamışdır. Lakin həmin müddətdə yemək də yemiş, mağazaya da gedib-gəlmişdir. Həmçinin maraqlanmamış deyilsə də, elə olmamış, əksinə nənəsinin ağrımasını o bibisinə demişdir. Xırda məişət problemlərindən evdə narahçılıq olduğundan o, öz yoldaşı və doğulacaq övladı üçün narahat olmuş, 2025-ci ilin iyun ayından yoldaşını da götürərək atası evinə qayıtmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, iddiaçı anası, cavabdeh isə oğludur. Anası həmişə özü demişdir ki, “İsmayıl mənim atamın adını daşıyır, bu səbəbdən evimi İsmayıla verirəm”. Anası könüllü evini İsmayıla bağışlamışdır. Anası yaşlı olsa da, fiziki olaraq sağlamdır. Həmişə bütün işlərini özü görmüşdür. Bağışlamadan sonra düşünmüşdür ki, övladı və gəlini həmin evdə yaşasın. 35000 manatdan çox xərc çəkərək həmin evdə yeniqurma və bərpa işləri görmüşdür, yeni əşyalar almışdır. Anası ilə heç bir vaxt aralarında problem olmamışdır. Anasını digər bacı və qardaşları öyrədir. Bu səbəbdən də anası hazırki iddianı qaldırmışdır. İsmayıl heç bir vaxt nənəsinə və ya bibilərinə qarşı hörmətsizlik etməmişdir. Hətta bacısı Gilas gəlib həmişə qış aylarında o evdə yaşamışdır. Bacısına evin təmirinin korlanmaması və çirkləndirilməməsi ilə bağlı iradı İsmayıl yox, o, bildirmişdir. O, da evi qorumaq məqsədi ilə olmuşdur. Nə oğlu, nə gəlini iddiaçı ilə ümumiyyətlə dalaşmamış, ona hörmətsizlik etməmişlər. Yeni ailə qurmuşlar. Anası bir böyük kimi anlayış göstərməmiş, hər xırda şeyi böyütmüşdür. Ümumiyyətlə anasının xasiyyəti ağırdır, öz gəlinləri ilə də heç vaxt yola getməmiş, tək yaşamaq istəmişdir. Oğlu İsmayıl özü gəlib evə qayıtmaq istədiyini bildirdikdə o, da razılaşmışdır. 2025-ci ilin iyun ayından oğlu və gəlini bağışlanmış evdən çıxaraq onların yanına qayıtmışdır. İsmayıl həmin evdə yaşaya bilmədiyi üçün eevi satmaq onun fikri olmuşdur. Lakin sonradan fikrindən daşınmışdır. Hazırda da anası həmin evdə yaşayır. Heç kim ona evdən çıx və ya get deməmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, İsmayılla ## ###### 2025-ci ildə ailə qurmuşdur, İsmayılın nənəsinin bağışladığı evdə yaşamışlar. İsmayılın nənəsi də onlarla yaşamışdır. Nə onunla, nə də İsmayılla iddiaçı İddiaçı arasında heç bir dava-dalaş olmamışdır. İddiaçı tək yaşamaq istəmiş, bu səbəbdən yeməyə torpaq qatmışdır. O və İsmayıl da narahat olaraq 2025-ci ilin iyun ayından həmin evdən getmişlər.

10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, iddiaçı anası, cavabdeh isə qardaşı oğludur. Onun son 1 ildə bağışlamadan xəbəri olmuşdur. Anasının xəbəri olmadan bu müqavilə bağlanmışdır. Həmçinin digər bacı qardaşların bu bağışlamadan məlumatı olmamışdır. Son dövrlər İsmayıl və qardaşı anasına qarşı yaxşı rəftar etməmişdir. Onun bildiyi qədər onlar ayrı yeyib-işmişlər, yeməyin içinə torpaq qatılması ilə bağlı aralarında narazılıq yaranmışdır.

11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Əsmayə onun qonşusudur. O, qonşu kimi bilmişdir ki, Əsmayə evini öz nəvəsinə bağışlamışdır ki, nəvəsi ona baxsın. Amma onlar Əsmayəyə baxmamış, ondan ayrı yeyibiçmişlər.

12. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, iddiaçı onun xalasıdır. Əsmayə atasının adını daşıdığı üçün evini İsmayıla bağışladığını bilmişdir. İsmayıl evləndikdən sonra nənəsi ilə mütəmadi birgə yaşamağa başlamışdır. O, bildiyi qədər böyük yox, hər evdə olduğu kimi xırda problemlər onların da evində olmuş, öz aralarında həll etmişlər. Məhkəmənin suallarına cavab olaraq, Əsmayənin xəstələnib halının pisləşməyi dava-dalaşla bağlı deyil, soyuqlaması ilə bağlı olmuşdur. Həmçinin, o, həmişə Əsmayəyə hər evdə gəlinlə bağlı anlaşılmazlığın hər evdə olduğunu, böyütməməsini bildirmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, İsmayıl onun bacısı oğludur. 2020-ci ilin fevral ayında bacısıgil ona zəng etmiş, Əsmayənin öz evini nəvəsi İsmayıla bağışlaması ilə bağlı notariusda olduqlarını, Əsmayənin yalnız ona etibar etdiyini demişlər və onu notariusa çağışmışlar. O, yoldaşı ilə getdikdə Əsmayənin könüllü olaraq evini nəvəsi İsmayıla bağışladığını görmüşlər.

14. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirmişdir ki, İsmayıl baldızının oğludur. Baldızıgil özləri Əsmayə xanımın yalnız Sevincə güvəndiyini deyərək 2020-ci ilin fevral ayında onun yoldaşını notariusa çağışmışlar. Yoldaşı Sevinci notariusa o apamışdır. Getdiklərində İddiaçı öz iradəsi ilə könüllü olaraq evini nəvəsi İsmayıla bağışladığını görmüşlər. İddiaçı qohum kimi də tanıyır, daim ünsiyyətləri olmuşdur. İddiaçı sağlam qadındır, heç bir əqli problemi, unutqanlıq şikayəti olmamışdır.

15. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 izahat verərək bildirmişdir ki, iddiaçı anası, cavabdeh qardaşı oğludur. O və digər bacıqardaşları bağışlamanı 1 ilə yaxındır bilirlər. Onlar da analarına evi bağışlamaqla səhv etdiklərini demişlər. Anası çox əsəb keçirir, hətta birində xəstələnmişdi. İsmayıl ona zəng edərək anasının xəstələndiyini bildirmişdir. Anası çox əsəb stress keçirmiş, günlərlə yemək yeməmiş, xəstəxanalıq olmuşdur. Məhkəmənin suallarına cavab olaraq, bağışlamadan sonra da anasıgilə gedib-gəldiyini, İsmayılın onu və ya bacılarını qovmadığını, təhqir etmədiyini bildirmişdir. Anası yaşlı olsa da, fiziki olaraq sağlamdır, yaddaşı çox yaxşıdır, heç bir vaxt əqli və unutqanlıq kimi problemləri olmamışdır.

16. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X13 izahat verərək bildirmişdir ki, iddiaçı anası, cavabdeh qardaşı oğludur. O və digər bacıqardaşları bağışlamanı 1 ilə yaxındır bilirlər. Anası çox əsəb keçirir, hətta birində xəstələnmişdi. Anası çox əsəb stress keçirmiş, günlərlə yemək yeməmişdir. Məhkəmənin suallarına cavab olaraq, bağışlamadan sonra da anasıgilə gedib-gəldiyini, İsmayılın onu və ya bacılarını qovmadığını, hər hansı maneçilik törətmədiyini, təhqir etmədiyini bildirmişdir. Anası yaşlı olsa da, fiziki olaraq sağlamdır, yaddaşı çox yaxşıdır, heç bir vaxt əqli və unutqanlıq kimi problemləri olmamışdır.

17. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, iddiaçı anası, cavabdeh qardaşı oğludur. O və digər bacıqardaşları bağışlamanı 1 ilə yaxındır bilirlər. Anası çox əsəb keçirir, hətta birində xəstələnmişdi. Anası çox əsəb stress keçirmiş, günlərlə yemək yeməmişdir. Məhkəmənin suallarına cavab olaraq, bağışlamadan sonra da anasıgilə gedib-gəldiyini, İsmayılın onu və ya bacılarını qovmadığını, hər hansı maneçilik törətmədiyini, təhqir etmədiyini bildirmişdir. Hətta hər ilin qışında olduğu kimi, bu il də gəlib 2 aya yaxın qaldığını bildirmişdir. Anası yaşlı olsa da, fiziki olaraq sağlamdır, yaddaşı çox yaxşıdır, heç bir vaxt əqli və unutqanlıq kimi problemləri olmamışdır.

18. Yevlax Rayon Məhkəməsinin (hakim Aybəniz Babayeva) ## ###### 2025-ci il tаrixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı İsmayıl qızına aid edilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və nəvəsi arasında ümumi anlaşmazlıq, məişət mübahisələri olmuşdur. Bu vəziyyətdə məhkəmə məhz cavabdehin nənəsinə qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozduğu nəticəsinə gələ bilməz. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrini iddiaçı barəsində kobudcasına pozduğu müəyyən edilmədiyindən tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 399.1, 421.1, 421.2, 666.1, 673.1, 673.3 və 673.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiаçı İddiaçı İsmayıl qızının nümayəndəsi və vəkili Vəkil Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə işə birtərəfli və səhti yanaşmış, işin həqiqi halları hərtərəfli araşdırılmamış və mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir. O, hazırda mübahisə predmeti olan, özünə məxsus fərdi yaşayış evini cavabdeh İsmayıl Cümşüdlüyə bağışladı və həmin müqavilədən təxminən 20 gün sonra ona məxsus fərdi yaşayış evi söküldü və sökülmüş evin inşaat materiallarından və onun öz şəxsi pulu hesabına fərdi yaşayış evi yenidən tikildi. Daha sonra cavabdeh İ.Cümşüdlü evlənmək məqsədilə qız qaçırdı və oğlu Rübailə ondan razılıq alaraq toyu həmin evdə etdi. Cavabdeh İ.Cümşüdlü ailə həyatı qurduqdan onun dözülməz günləri oldu. O, əsəbdən, gərginlikdən, baxımsızlıqdan və ona qarşı olan hörmətsizlikdən daim xəstə olurdu. Onunla maraqlanan, ona baxan yox idi. Hətta cavabdehin həyat yoldaşı bir dəfə onu evin seyvanından itələmişdir. Beş gün yataqda yatmışdır. Lakin cavabdeh özü və həyat yoldaşı ona yaxınlaşmamışdır və ona bir stəkan su, bir boşqab yemək belə vermədilər. Daha sonra o, qızının evinə getmişdir, orada qulluq görmüş və sağalmışdır. Cavabdehlə və onun həyat yoldaşı ilə birlikdə yaşadıqda onlara (cavabdehə və onun ailə üzvlərinə) etdiyi haqlı iradlarına qarşı ona bildirirdilər ki, “elə etmə ki, səni tövlədən asaq öldürək və deyək ki, özünü öldürübdür.” Cavabdeh iddiaçının ona bağışladığı fərdi yaşayış evini satmaq istəyirdi. Hətta evin pulunu belə almışdır. Həmin evi satdıqdan sonra onun taleyinin necə olacağını isə düşünmürdülər. O, özünə məxsus fərdi yaşayış evini nəvəsi olan cavabdehə ona görə bağışlamışdır ki, ona baxsınlar və qulluq etsinlər. Lakin, cavabdeh ona məxsus olan evini sökmüş və onun illərdir ki, yığıb saxladığı külli miqdara malik pulu ilə yeni ev tikdikdən sonra onu evə yaraşdırmadılar və ona zülümlər etməyə başladılar. O, cavabdehdən tələb etmişdir ki, fərdi yaşayış evi özünün mülkiyyətinə qayıtsın. Lakin, buna əməl etmədilər. Odur ki, o, məhkəməyə müraciət etməli olmuşdur. Hazırda cavabdeh və onun həyat yoldaşı onun evini tərk etmişlər. O, tək yaşayır. Və əvvəlki rahatlığına və hüzuruna qovuşmuşdur. Xəstələnmir və əsəb keçirmir. O, evini cavabdehə bağışlamışdır ki, guya ki, daha rahat olum. Yəni qulluğunda dayanan olsun. Lakin, əksinə oldu, bütün rahatlığı, dincliyi pozuldu və xəstəlikləri şiddətləndi. O, özünə məxsus mülkünü haqqı olana vermək istəyir. Cavabdeh buna layiq deyildir və onun cavabdehə olan etibarını, güvənini doğrultmamışdır. Beləliklə məhkəmə nəticəyə gələrkən tərəflərin – iddiaçı ilə cavabdehin arasında olan gərgin münasibəti ailə daxili xırda münasibət kimi qiymətləndirmişdir. Əslində isə belə deyildir. Məhkəmə mübahisəyə birtərəfli və səhti yanaşmışdır. Qeyd olunanlara əsasən Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı İsmayıl qızı və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cümşüdlü İsmayıl Rübail оğlu və onun nümayəndəsi X12 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

28. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

29. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

31. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

32. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

33. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...

34. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

36. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

37. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

38. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

39. Maddə 406. Müqavilənin forması - 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

40. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları - 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

41. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

42. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

43. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

44. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: - 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

45. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: - 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; - 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; - 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

46. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

47. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

54. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, *(***)- ****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

60. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

61. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

62. Müəyyən olunmuşdur ki, iddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında olan daşınmaz əmlakını nəvəsi hazırkı iş üzrə cavabdeh Cümşüdlü İsmayıl Rübail oğluna bağışlamışdır, cavabdeh həmin müqavilə əsasında daşınmaz əmlaka olan mülkiyyət hüququnu reyestrdə dövlət qeydiyyatına aldırmışdır. Hazırda isə iddiaçı cavabdeh ilə aralarında bağlanmış bağışlama müqaviləsinin və çıxarışın ləğvini tələb edir. İddia tələbinin əsaslandırılmasından və iddiaçının məhkəmə araşdırması gedişində verdiyi izahatlardan belə məlum olur ki, o, nəvəsi olan cavabdehlə arasında bağlanmış bağışlama müqaviləsinin ləğvini ona qarşı hörmətsizlik edilməsi, cavabdehin bir nəvə kimi onun qayğısına qalmaması səbəbindən tələb edir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsində göstərilənləri təkrarlamaqla onunla eynilik təşkil edir.

64. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ## ###### 2020-ci il tarixli bağışlama müqaviləsi yazılı formada bağlanmaqla notarial qaydada təsdiq olunmuş, yəni müqavilənin formasına riayət edilmiş, müqavilədə tərəflər, onların rekvizitləri, müqavilənin predmeti, şərtləri və əsasları göstərilmiş, tərəflərə hüquq və vəzifələri, eyni zamanda müqavilə bağlanmasının hüquqi nəticələri izah edilmiş, tərəflər şəxsən bağışlama müqaviləsinin bağlanmasında iştirak etmiş, müqavilə notarius tərəfindən təsdiq edilmiş və dövlət reyestrinə daxil edilmiş və müvafiq qaydada dövlət rüsumu ödənilmişdir. Müqavilənin tamlığına xələl gətirən hər hansı hal da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda həmin müqavilənin etibarsız hesab edilməsinə əsas olan hallar mövcud deyildir.

65. Bundan başqa, birinci instasiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, ümumiyyətlə, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan belə başa düşülür ki, onun hazırkı iddianı qaldırmasına əsas səbəb oğlu və nəvəsi ilə aralarındakı münasibətlərin pozulması, evin üçüncü bir şəxsə satılması ehtimalının olması, iddiaçıya görə nəvəsinin ona qarşı hörmətsizlik etməsi, onun qayğısına lazımınca qalmaması olmuşdur.

66. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi üçün əsasdır.

67. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin Mülki Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir.

68. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

69. Baxılan işdə birinci instansiya məhkəməsinin tətbiq etdiyi Mülki Məcəllənin 673.1.2ci maddəsinin dispozisiya şərtləri aşağıdakılardan ibarətdir: 1. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verənin qarşısında vəzifələrə malik olsun: 2. Hədiyyə alan həmin vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuş olsun; 3. Hədiyyə verən həmin vəzifələri hədiyyə verənin yaxın qohumlarının biri barəsində kobudcasına pozmuş olsun.

70. Göründüyü kimi hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verənin qarşısında vəzifələri hər hansı qaydada pozması deyil, yalnız kobud şəkildə pozması bağışlamaqdan imtina üçün əsas ola bilər.

71. İddiaçı cavabdehin evləndikdən sonra ona baxmadığını, sonuncunun və onun arvadının ona qarşı hörmətsiz davrandığını bildirir. Lakin iddiaçı bu faktı təsdiq edən etibarlı sübutu təqdim etmir. Cavabdeh isə bu vəziyyətlə və onun səbəbləri ilə bağlı tamamilə fərqli izahat verir. Belə olan halda yalnız iddiaçının izahatına əsaslanmaqla onun göstərdiyi faktı müəyyən olunmuş hal kimi qəbul edilməməlidir. Bu faktın müəyyən olunması zamanı təkcə iddiaçı tərəfin izahatları deyil, həm də cavabdehin izahatı nəzərə alınmalı, hər iki izahatda göstərilən məlumatlar işin digər halları ilə müqayisəli təhlil edilməklə nəticəyə gəlinməlidir.

72. Çünki iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının, iş üzrə dindirilmiş şahidlərin ifadələrinin xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları, şahidlərin ifadələri yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər.

73. Kollegiya hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır.

74. Mülki Məcəllədə məhz ailə hüquq münasibətlərinə uyğun olaraq qoyulmuş vəzifələrin məhz kobudcasına pozulmasının bağışlamaqdan imtinanın əsası olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu, bağışlama institutunun sabitliyinin təmin edilməsi ilə əlaqədardır. Bunun əksi yanaşma ailə münasibətlərində yaranan adi problemlərin, ailə-məişət zəminində xırda münaqişələrin belə bağışlamadan imtinaya əsas verməsi ilə nəticələnərdi ki, bu da bağışlama institutunu əhəmiyyətsiz edə bilərdi.

75. Nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bu baxımdan bu müqavilələr əsasən yaxın ailə üzvləri arasında bağlanır. Yaxın ailə üzvləri arasında isə məhz yaxın ailə üzvü olmağın təbiətindən irəli gələn, mütəmadi ailə münasibətlərində olmaqdan, ortaq məişət qayğı və problemlərindən doğan müəyyən mübahisələrin, fikir ayrılıqlarının, xırda münaqişələrin olması, bəzi hallarda tərəflərin birbirindən küsüb-inciməsi adi haldır və müəyyən həddə qədər qəbul olunandır.

76. İşin bu hallarının fonunda cavabdehin iddiaçıya qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrini iddiaçı barəsində kobudcasına pozması nəticəsinə gəlmək mümkün olmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı və nəvəsi arasında ümumi anlaşmazlıq, məişət mübahisələri olmuşdur. Bu vəziyyətdə məhkəmə məhz cavabdehin nənəsinə qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozduğu nəticəsinə gələ bilməz.

77. Qeyd olunmalıdır ki, cavabdehin iddiaçıya qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrini iddiaçı barəsində kobudcasına pozduğu müəyyən edilmədiyindən tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur.

78. Bundan başqa, Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır.

79. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi, bağışlama müqaviləsi nəticəsində hədiyyə alan əvəzsiz olaraq zənginləşsə də, o, həmin zənginləşmə sayəsində bağışlayana (hədiyyə verənə) heç bir cavab xidməti vermək öhdəliyi daşımır.

80. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən, notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda; hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda, notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər.

81. Hazırkı mübahisənin predmeti olan bağışlama müqaviləsi bağlanarkən qeyd olunan hallardan heç birisi baş verməmişdir.

82. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, yaşayş evinə dair bağışlama müqaviləsi bağlandıqdan sonra həmin ev əsaslı təmir edilərək yenidən qurulmuşdur. İşin bu halını kollegiyanın iclasında iştirak etmiş hər iki tərəf təsdiq etmişdir.

83. Göstəriənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

84. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

85. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

86. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

87. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, *(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiаçı İddiaçı İsmayıl qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, *(***)-****/**** saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar