Məhkəmə qərarları › İş №2(3-10)-187/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-187/2026

18.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-187/2026 18.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Ağdaş Rayon Mərkəzi Xəstəxanası" X25 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, e-2(014)-1254/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, X7 və X6 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Bildirir ki, təqsirləndirilən şəxslər X7 və X4 heç bir şikayəti və tələbi yoxdur. Ailələrinin dolanışığını təmin etmək üçün hal-hazırda Bakı şəhərində yaşayır. Hər dəfə Ağdaş rayonuna gəlib-getmək üçün yol xərci çəkməli olur. Lakin maddi imkanı olmadığı üçün bunu edə bilmir. Bu da öz növbəsində onun maddi imkanını daha da aşağı edir. Bütün qeyd etdiklərini nəzərə alaraq, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxslər X7 və X8 cəza təyin edərkən onlardan şikayət və tələbinin olmamasını nəzərə almaqlarını bildirib onlara təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxmışdır. İddiaçı tərəfindən verilmiş ərizənin surətindən görünür ki, həkim X7 haqqında şikayətçi deyildir. Onun bu ərizəsini nəzərə alaraq, növbəti məhkəmənin onsuz keçirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsi 11 yanvar 2024-cü il tarixli 1(014)-5/2024 saylı hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıdan məhrumetmə cəzasına məhkum olunmuş, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdi. Əliyeva (Xəlilova) Rahilə Fazil qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Şəki Apelyasiya Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Əliyeva (Xəlilova) Rahilə Fazil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdaş Rayon Məhkəməsi 11 yanvar 2024-cü il tarixli 1(014)-5/2024 saylı hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Əliyeva (Xəlilova) Rahilə Fazil qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstərişlərdən görünür ki, Əliyeva (Xəlilova) Rahilə Fazil qızının və X3 barələrində olan cəzalar 09 iyul 2024-cü il tarixdə icraya yönəldilmişdir. Portaldan əldə olunmuş məlumatdan görünür ki, 31 may 2024-cü il tarixdə Gülşən X2 adlı övladı dünyaya gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "Ağdaş Rayon Mərkəzi Xəstəxanası" X25 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X19 iddiaçının xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 99125 (doxsan doqquz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 388 (üç yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 xx.xx.2019-cu il tarixli 2549-K nömrəli əmrlə Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə həkim mamaginekoloq vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim mamaginekoloqun nümunəvi vəzifə təlimatı”nın vəzifə öhdəliklərinin 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozu müəyyən etmək, fizioloji və patoloji doğuşları aparmaq və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, həmin tələblərə əməl etməyərək 2022-ci ilin dekabr ayı üzrə ginekologiya və doğum şöbəsinin növbətçilik cədvəli”nə uyğun olaraq xx.xx.2022-ci il tarixdə növbədə olduğu müddət ərzində həmin gün saat 06:15 radələrində “37-38 həftəlik hamiləlik, inkişafdan qalmış hamiləlik” diaqnozu il Ağdaş şəhəri, H.Əliyev prospekti 184 ünvanında yerləşən Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə müraciət etmiş İddiaçı doğum prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda, xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib icra edilmiş fizioloji doğuş prosesini səhiyyə sistemində qüvvədə olan protokollara uyğun aparmamış, İddiaçı doğum şöbəsinə daxil olduqdan sonra heç bir laborator-instrumental müayinələr və doğuş prosesi zamanı bətndaxili hipoksiyadan əziyyət çəkmiş yenidoğulmuşun vəziyyətindəki ağırlaşmalara qarşı tədbirlər icra etməmiş və həmin qüsurlu tibbi xidmət səbəbindən ehtiyatsızlıqdan İddiaçı yenidoğulmuş kişi cinsli uşağının xx.xx.2022-ci il tarixdə bətndaxili hipoksiyanın postnatalasfiksiyaya keçməsi nəticəsində ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Hadisə nəticəsində İddiaçı tərəfindən yenidoğulmuş uşaq ölmüşdür. Vəfat etmiş uşaq kişi cinsli olmuşdur, Bağıyevlər ailəsinin ilk övladı olacaqdı və həmin uşaq bu hadisə nəticəsində gözünü dünyaya açan kimi həkimin törətmiş olduğu cinayət əməli nəticəsində ölmüşdür. Hadisə nəticəsində iddiaçı hesab edir ki, ona 99000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. İddiaçı 2021-ci ildən X13 ilə qeyri-rəsmi ailə quraraq Ağdaş rayonunda faktiki ər-arvad münasibətində yaşamışdır. Bu evlilikdən olacaq ilk övladı Ağdaş rayon mərkəzi xəstəxanasının törətmiş olduğu cinayət nəticəsində ölmüşdür. 12 dekabr 2022-ci il tarixdə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası”nda yeni doğulmuş kişi cinsli övladının ölümü ona böyük zərbə olmuşdur. Elə ağır zərbə olmuşdur ki, hadisədən sonra hələ də özünə gələ bilməmişdir. Aylarla doğulacaq olan övladını gözləmiş, uşağı ilə bağlı xəyallar qurmuşdur. Yeni doğulacaq uşağı üçün hədiyyələr seçmiş, paltarlar almış və hətta onun üçün otaq belə hazırlamışdır. Həmin hadisə İddiaçı yeni doğulmuş kişi cinsli övladının itkisi ona mənəvi iztirablar verir. Həmin hadisə həyatının sonuna qədər onda sağalmayacaq dərin izlər buraxmışdır. Yeni doğulmuş övladının ölüm səbəbi “Ağdaş Rayon Mərkəzi X12 Şəxsin əmədaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X21 əməkdaşı, həkim X1 etməsəydi, öz işinə vicdansız və ya laqeyd münasibət bəsləməsəydi, öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, övladını, puç olan xəyallarını, arzularını, həyat eşqini heç kəs heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsaydı övladı hal-hazırda həyatda olardı və o, da bir ana kimi həyatına davam edərdi. Bundan sonra aidiyyəti şəxslər işinə, vəzifəsinə daha vicdanla, diqqətlə yanaşsalar hesab edir ki, onun başına gələnlər daha heç bir qadının başına gəlməz. İddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 (yüz iyirmi beş) manat pul ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 06 noyabr 2025-ci il tarixdə ərizə verərək bildirmişdir ki, İddiaçı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X21 əməkdaşlarının törətdiyi cinayət əməlinə görə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X19 iddiaçının xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 99125 (doxsan doqquz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 388 (üç yüz səksən səkkiz ) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmək istəyir ki, iddiaçının mərhum körpəsi bu hadisə nəticəsində dünyasını dəyişib. Yeni doğulmuş körpənin özüdə oğlan övladının həkim səhlənkarlığı və ya həkim təqsiri nəticəsində itirən ana son dərəcə ağır psixoloji və emosional sarsıntı yaşayır. Uşağını itirmək anada həyatının mənasını itirmək kimi qəbul olunur. Ana körpənin ölümünü qəbul etməkdə çətinlik çəkir. Körpə ölümü anada həkimlərə, tibb müəsisələrinə hətta özünə qarşı da qəzəb hissi yaradıb. Körpənin ölümü anada analıq instinktinin zədələnməsinə gətirib çıxardıb. Körpə oğlunu itirən ana yenidən oğul anası dünyaya gətirmək istəsə də bu mümkün olmamış onun qız övladı dünyaya gəlmiş və bu halda onu daha da ağır sarsıntı keçirməsinə səbəb olmuşdur. Bildirmək istəyir ki, bir ana üçün körpəsinin ölməsi ürəkdağlayan emosional itkidir. Övlad itkisi xüsusilə də hər hansı bir şəxsin təqsiri ucbatından baş verdikdə anada güclü haqsızlıq və etimadın sarsılması hissi yaradır. Körpənin ölümü anada gələcək planlarının, oğluna bağlı xəyalların puç olması, mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrə gətirib çıxardır. Bir körpə övladın faciyəvi şəkildə ölümü bir ana üçün həm şəxsi həmdə ictimai ədalət hissinə ağır zərbədir. Bu cür hallar mənəvi zərərin ən yüksək dərəcələrindən biri kimi hesab olunur. Körpənin ölüm səbəbi “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X21 əməkdaşlarının törətdiyi cinayət əməlinə görədir. Əgər cavabdeh “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X21 əməkdaşları öz işinə vicdanla, məsuliyyətlə yanaşsaydılar bu faciə baş verməyəcəkdi. Ona görə də, bu ziyan cavabdeh tərəfindən ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3.Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099.1.Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hörmətli Məhkəmə Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin, göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Buradan da açıq aşkar görsənir ki, hadisə nəticəsində dünyasını dəyişən körpə iddiaçının övladıdır. Bunun özüdə qohumluq əlaqəsinin ən yüksək dərəcəsidir. İddia tələblərini tam olaraq müdafiə edirlər. Ərizədə göstərdiklərini məhkəmə çıxışı kimi qəbul edilməsini və iştirakları olmadan mülki işə baxıb iddia tələbinin tam təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Ağdaş Rayon Mərkəzi Xəstəxanası" X21 nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddia xəstaxanaya qarşı deyil təqsiri müəyyən edilmiş həkimlər qarşı qaldırılmalı idi. Bununla yanaşı tərəflər arasında cinayət işinin məhkəmə baxışı zamanı barışıq əldə olunmuş, iddiaçı tərəf məhkəməyə barışıq ərizəsini təqdim etmişdir. Həmin ərizədə iddiaçının təqsirləndirilən şəxslərdən heç bir şikayət və təələbinin olmadığını bildirmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, e-2(014)-1254/2025 nömrəli qətnaməsi (hakim: A.Mürsəlova) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı tərəfindən verilmiş ərizədə təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığı göstərilmişdir. Ərizə tələb və etirazı özündə əks etdirən iradə ifadəsidir. Şəxsin zərərçəkmiş şəxs qismində şikayət və tələbinin olmamasını bildirməsi, həmin vaxt ona ödənilmiş məbləğlə razılaşdığını və həmin təminatın onun maddi və mənəvi zərərini qarşıladığını göstərir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında maddi və mənəvi zərərlə bağlı mübahisə iddiaçının ərizəsi əsasında həll edildiyindən iddiaçının hazırkı tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 459, 1096, 1097, 1112, 1118, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 81, 119.1, 217.3 və 217.4 -ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində iddiaçı körpəsini itirmiş və bu səbəbdən ona mənəvi zərər vurulmuşdur və həmin zərər tam həcmdə ödənilməlidir. Onda övladı ölmüş bütün analar övladı öldükdən sonra yenidən övlad dünyaya gətirər ölmüş övladını unudardı. Məhkəmə bir anaya dəymiş mənəvi ziyanı düzgün qiymətləndirməmiş və dəymiş mənəvi ziyanın hansı vaxtdan başlamasını tam araşdırmamışdır. Odur ki, apellyasiya şikaytinin təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bundan başqa, iddiaçı tərəf məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 6 8 . Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun 31 may 2002-ci il il tarixli qərarında göstərilmişdir ki: “....mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki: “....Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən suiistifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Belə ki, İddiaçı cavabdeh "Ağdaş Rayon Mərkəzi Xəstəxanası" X25 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X19 iddiaçının xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 99125 (doxsan doqquz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 388 (üç yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın təmin eilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Qanunvericiliyin tələbindən görünür ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, yəni əldən çıxmış fayda başa düşülür. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Başqa sözlə, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğu və həmin zərərin onu vuran şəxsə aid edilməsi nəzərdə tutulur. Zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda da iddiaçının cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur. Yalnız aşağıdakı dörd şərt məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin hüquqa zidd olması: ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi: təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması: qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması: zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. İş materiallarında olan qanuni qüvvəsini almış qərarlardan görünür ki, Ağdaş Rayon Məhkəməsi 11 yanvar 2024-cü il tarixli 1(014)-5/2024 saylı hökmü ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıdan məhrumetmə cəzasına məhkum olunmuş, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdi. Əliyeva (Xəlilova) Rahilə Fazil qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Şəki Apelyasiya Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarı ilə, həmin qərara əsasən Əliyeva (Xəlilova) Rahilə Fazil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdaş Rayon Məhkəməsi 11 yanvar 2024-cü il tarixli 1(014)-5/2024 saylı hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Əliyeva (Xəlilova) Rahilə Fazil qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstərişlərdən isə müəyyən edilir ki, Əliyeva (Xəlilova) Rahilə Fazil qızının və X3 barələrində olan cəzalar 09 iyul 2024-cü il tarixdə icraya yönəldilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Bütün digər hüquqların mövcudluğu məhz bu hüquqa bağlıdır. Hər bir insan dünyaya gəldiyi andan etibarən yaşamaq, mövcudluğunu qorumaq, təhlükəsiz şəraitdə həyatını davam etdirmək hüququna malikdir. Bu hüquqdan heç kim könüllü olaraq imtina edə bilməz, dövlət onu qorumağa borcludur. Yaşamaq hüququ yalnız fiziki mövcudluğu deyil, həm də təhlükəsiz və insan ləyaqətinə uyğun şəraitdə yaşamağı nəzərdə tutur. Bu hüquq Konstitusiyanın 27-ci maddəsi ilə təminat altına alınmışdır. Bundan başqa, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli, 20 nömrəli Qərarının 7.17-ci bəndinə görə, uşaqların və nəvələrin ölümü və ya sağlamlıqlarına zərər vurulması səbəbi ilə valideynlərin və ya nənə və babaların mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Göründüyü ki, hazırki iş üzrə İddiaçı qeyd edilən cinayət işi üzrə yeni doğulmuş körpəsini itirən ana olaraq zərər çəkmiş şəxs olmuş və həmin cinayət işi üzrə qəbul edilmiş yekun məhkəmə aktı hal-hazırda qanuni qüvvəsini almışdır. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ olsada, o, eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin kompensasiyasını tələb etməkdə (zərər çəkmiş şəxslərlə razılaşması nəzərə alındığından) haqlı olmamışdır. Məhkəmə kollegiyası daha sonra bildirir ki, mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab isə şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Kollegiya daha sonra qeyd edir ki, mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi, mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında xx.xx.2025-ci il tarixli, 20 nömrəli Qərarının 7.2-ci bəndinə əsasən, maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. Həmin Qərarın 7.1-ci maddəsinə görə, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, hüquqazidd əməl nəticəsində sonradan yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququ istisna edilməsə də, mənəvi zərərə münasibətdə fərqli qayda tətbiq edilir. Belə ki, mənəvi zərərin kompensasiyası hüquqazidd əməlin məlum olan, habelə proqnozlaşdırıla bilən bütün mümkün nəticələri nəzərə alınmaqla həyata keçirilir. Bu baxımdan şəxsin eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin kompensasiyasını tələb etməsi yolverilməzdir. Həmin hüquqazidd əməlin yalnız əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi halında şəxs bu nəticələrə istinad etməklə əlavə mənəvi zərər tələbi irəli sürə bilər (məsələn, yol nəqliyyat hadisəsi nəticəsində ayağından zədə almış şəxsin mənəvi zərər tələbi təmin edildikdən sonra ayağının amputasiya olunması). Bununla belə, zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir. Lakin, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır. İş materiallarından da göründüyü kimi, 2022-ci ildə iddiaçıya qarşı törədilən əməllə (yeni doğulan körpəsinin ölümü ilə nəticələnmiş) hazırki mənəvi zərərin tələb edildiyi işdə eyni hüquqazidd əmələ istinad edilir. Yəni, hadisə bir hadisədir və törədilmiş əməl eynidir. İşdən daha sonra isə müəyyən edilir ki, yeni doğulan körpəsinin ölümü ilə bağlı cinayət işi araşdırılan zaman hazırki iş üzrə İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə zərərvuran şəxslərlə qarşı şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin kompensasiyasını tələb etməkdə haqlı olmamışdır. Kollegiya bir məqamıda xüsusilə qeyd edir ki, hüquqazidd əməlin yalnız əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi halında şəxs bu nəticələrə istinad etməklə əlavə mənəvi zərər tələbi irəli sürə bilər. Lakin, hazırki işdə iddiaçı tərəf əvvəlcədən proqnozlaşdırıla bilməyən halların baş verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bildirir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, tərəf ərizə verildikdən sonra əvvəlcədən proqnozlaşdırıla bilməyən halların baş verməsi ilə bağlı məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişlər. İş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizə verildikdən sonra əvvəlcədən proqnozlaşdırıla bilməyən halların baş verməsi ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin övladının başqa şəxsin təqsiri üzündən itirməsinin iddiaçı üçün emosional itki olması, ona mənəvi iztirab verməsi verməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, doğrudan da bir ananın övladını itirməsinə görə düşdüyü emosional vəziyyət və keçirdiyi iztirab heç bir kompensasiya ilə əvəz edilə bilməz. Kollegiyada bu halı dərindən hiss edir. Lakin, İddiaçı iddia tələbinin rədd edilməsini haqsızlıq və etimadın sarsılması kimi qiymətləndirsədə, yenə iddiaçı şəxsən özü yeni doğulan körpəsinin ölümü ilə bağlı cinayət işi araşdırılan zaman təqsirləndirilən şəxslərlə razılığa gəlməsi (şikayət və tələbinin olmaması) barədə ərizə vermişdir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli qərarının 5.12 bəndində isə qeyd edilmişdir ki, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır. Belə olan halda kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. İşdən də görünür ki, zərər çəkmiş şəxsin ərizəsi nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüncül cəzalar verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının cinayət işi ilə əlaqədar verdiyi şikayətçi deyiləm ərizəsinin ona zərərin ödənilməməsinə əsas ola bilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Apellyator şikayətində iddiaçının cinayət işinə baxılan zaman təqsirləndirilən şəxslərdən ancaq şikayətinin olmadığını bildirməsini qeyd etmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı cinayət işinə baxılan zaman verdiyi ərizədə təkcə şikayətinin olmadığını bildirməmiş, eyni zamanda da təqsirləndirilən şəxslərdən hər hansı bir tələbinin də olmadığını bildirmişdir. Belə ki, İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, X7 və X6 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Bildirir ki, təqsirləndirilən şəxslər X7 və X4 heç bir şikayəti və tələbi yoxdur. Ailələrinin dolanışığını təmin etmək üçün hal-hazırda Bakı şəhərində yaşayır. Hər dəfə Ağdaş rayonuna gəlib-getmək üçün yol xərci çəkməli olur. Lakin maddi imkanı olmadığı üçün bunu edə bilmir. Bu da öz növbəsində onun maddi imkanını daha da aşağı edir. Bütün qeyd etdiklərini nəzərə alaraq, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxslər X7 və X8 cəza təyin edərkən onlardan şikayət və tələbinin olmamasını nəzərə almaqlarını bildirib onlara təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxmışdır. Göründüyü kimi, cinayət işinə baxılan zaman hazırki iş üzrə iddiaçı tərəf ərizə verərək təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əgər iddiaçının cinayət işinə baxılan zaman hər hansı tələbi vardısa ona o, yuxarıda qeyd edilən ərizəni yazmaq əvəzinə, tələbinin olması barədə ərizə ilə məhkəməyə müraciət edə bilərdi. Kollegiya bir məqamıda qeyd edir ki, iddiaçı tərəf cinayət işi ilə bağlı qərarlardan şikayət belə verməmişdir. Belə olan halda kollegiya şikayətin dəlilləri həmin hissədə də əsaslı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hüquqi və ya fiziki şəxsin öz işçisinin vurduğu zərərə görə məsuliyyət daşıması ilə bağlı dəlillərinə münasibətdə ilkin olaraq qeyd edir ki, istər hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Yuxarıda qeyd edilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Kollegiya əlavə olaraq qeyd edir ki, hazırki iş materialları ilə işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olduğu müəyyən edilir. Göründüyü kimi, işçi ilə cavabdeh arasında həm əmək münasibətlərinin mövcud olması, həmçinin vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olması müəyyən edilir. Lakin qanunvericiliyin tələbinə görə, işəgötürən və işçinin məsuliyyəti birgə məsuliyyət olduğundan, həmçinin cavabdehin məsuliyyəti təqsirsiz məsuliyyət (yəni, işçisinin vurduğu zərərə görə məsuliyyət daşıdığından) olduğundan və hazırki iş üzrə iddiaçının bilavasitə zərər vuran şəxslə razılaşdığından, onlara qarşı iddia və tələbinin olmaması ilə bağlı ərizə verdiyindən, birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıya dəymiş mənəvi zərərin hansı dövrdən baş verməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, X7 və X6 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Bildirir ki, təqsirləndirilən şəxslər X7 və X4 heç bir şikayəti və tələbi yoxdur. Ailələrinin dolanışığını təmin etmək üçün hal-hazırda Bakı şəhərində yaşayır. Hər dəfə Ağdaş rayonuna gəlibgetmək üçün yol xərci çəkməli olur. Lakin maddi imkanı olmadığı üçün bunu edə bilmir. Bu da öz növbəsində onun maddi imkanını daha da aşağı edir. Bütün qeyd etdiklərini nəzərə alaraq, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxslər X7 və X8 cəza təyin edərkən onlardan şikayət və tələbinin olmamasını nəzərə almaqlarını bildirib onlara təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxmışdır. Eyni zamanda, İddiaçı tərəfindən verilmiş digər ərizənin surətindən də görünür ki, həkim X7 haqqında şikayətçi deyildir. Onun bu ərizəsini nəzərə alaraq, növbəti məhkəmənin onsuz keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3351/2023 nömrəli vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında nəzərdə tutulmuş mövqeyə əsasən, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Bundan başqa, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli qərarının 5.12 bəndində isə qeyd edilmişdir ki, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır. Yuxarıda sadalananlar konteksində kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçı cinayət prosesində şikayət və tələbinin olmaması barədə ərizə verdiyindən, ərizə verilən vaxta qədər tərəflər arasında mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququnun olması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallrına əlavə edilmiş və hazırda qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, İddiaçı cinayət işinə baxlarkən həmin məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, X7 və X6 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs olduğunu, təqsirləndirilən şəxslər X7 və X4 heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Belə olan halda, iddiaçının həmin vaxtdan sonra və əvvəlcədən proqnozlaşdırıla bilməyən halların baş verməsi ilə bağlı yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malik olmuşdur. Buna baxmayaraq apellyator həmin vaxtdan sonra dəymiş zərərlə bağlı və ərizə verildikdən sonra əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi ilə bağlı yuxarıda da qeyd edildiyi kimi məhkəməyə heç bir mötəbər sübut və ya dəlil təqdim etməmişlər. İş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Ümumiyyətlə apellyator nə iddia ərizəsində nədə şikayətində ərizə verildikdən sonra daha ağır nəticələrinin baş verib-verməməsini qeyd etməmiş və həmin halları əsaslandırmamışdır. Odur ki, həmin vaxtdan sonra dəymiş zərərlə bağlı və ərizə verildikdən sonra əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi ilə bağlı iddiaçı tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, e-2(014)-1254/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar