Məhkəmə qərarları › İş №2(3-10)-224/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-224/2026

17.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-224/2026 17.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina, barışıq sazişi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2026-cı il tarixli, 2(5-137)-108/2026 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2026-ci il tarixli, 2(5-137)-108/2026 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2026cı il tarixli, № 2(5-137)-108/2026 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Hesab edir ki, sözü gedən qərardad əsassızdır və heç bir hüquqi mövqeyə söykənməmişdir. İlk öncə qeyd edir ki, məhkəmə qərardad qəbul edən zaman işin hallarını tam araşdırmamışdır. Belə ki, işin halları tam araşdırılsaydı işdə olan aliment təyin edilməsi barədə mediasiya arayış qərardadda qeyd olunardı. Lakin məhkəmə işin hallarını tam araşdırmamış və formal xarakterli qərardad qəbul etmişdir. Bundan əlavə qeyd etmişdir ki, məhkəmə qərardad qəbul edən zaman maddi hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Bildirmişdir ki, iddiaçı Qəbələ 1 saylı Mediasiya təşkilatına aliment təyin edilməsi ilə bağlı müraciət etmiş və cavabdehin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı iddia ərizəsinə əlavə edərək poçt vasitəsi ilə Qəbələ rayon Məhkəməsinə göndərmişdir. İddiaçı iddia ərizəsinə barışıq sazişi əlavə etmədiyi halda nədənsə hakim qərardadın 4-cü abzasında barışıq sazişinə istinad edərək iddia ərizəsini icraata qəbul etmədən geri qaytarılmasını qərara almışdır. İddiaçı heç vaxt barışıq sazişinin təsdiqi ilə bağlı Qəbələ Rayon Məhkəməsinə müraciət etməmişdir. Bundan başqa bildirir ki, iddiaçı cavabdehlə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəmə qətnaməsi olmadığı halda nədənsə hakim qərardadın 6-cı abzasında Azərbaycan Respublikasının MPM-nin 153.2.2ci maddəsini əsas gətirərək iddia ərizəsini icraata qəbul etməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci bəndində deyilir: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-137)-108/2026 saylı qərardadında mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Əlavə olaraq, bu maddədə xüsusi olaraq qeyd edilir ki, "tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakimiddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5- 137)-108/2026 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 2(5-137)-108/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X10 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2026-cı il tarixli, e-2(5- 137)-108/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının iddia ərizəsinin icraata qəbulundan imtina barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPMnin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbulundan imtina olunması barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, birgə nikahdan doğulmuş xx.xx.2020ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 ötrü Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay cəmi 300,0 (üç yüz) manat məbləğində aliment ödəməsi barədə xx.xx.2025- ci il tarixli MŞQ/MT035-2025-245 saylı Barışıq sazişi, habelə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq və aliment” tələbi barədə iddiasına dair iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsada, hesab edir ki, prosessual hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-978/2025 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin qətnamə ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 17 mart 2017-ci il tarixli 02 nömrəli akt qeydi bağlanmış nikahın pozulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli MŞQ/MT035-2025-245 saylı barışıq sazişi bağlanmış, həmin barışıq sazişi ilə tərəflər arasında birgə nikahdan doğulmuş uşaqların analarının yanında qalması, o cümlədən həmin uşaqların saxlanılması üçün xx.xx.2025-ci il tarixdən Cavabdeh İddiaçı xeyrinə hər ay cəmi 300 manat məbləğində aliment ödənilməsi barədə razılıq əldə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə; 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0-ci maddəsinə əsasən Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: Həmin Qanunun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mediasiya prosesində tərəflər arasında alimentin ödənilməsi barədə barışıq sazişi bağlandığı halda, həmin qərarın icrası ilə bağlı xüsusi icraat qaydası müəyyən olunmuşdur. Buna görə də, barışıq sazişi olduğu təqdirdə iddia icraatı qaydasında aliment tələbinə baxıla bilməz. Beləliklə, nikah pozulduqdan sonra uşaqların yaşayış yeri və alimentin ödənilməsi barədə mediasiya prosesində barışıq sazişi bağlandığına görə, iddiaçının uşaqların saxlanması üçün alimentin ödənilməsi barədə tələbinə baxılması yolverilməzdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsada hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozuntusuna yol verərək, iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul etməkdən imtina etməli olduğu halda, prosessual hüquq norması kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Tərəflər arasında bağlanmış barışıq sazişi mövcud olsada, tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı mövcud deyildir. Bu səbəbdən birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinə əsasən, yəni ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə qəbul etməkdən imtina etməli olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2026-cı il tarixli, 2(5-137)-108/2026 nömrəli qərardadı faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olduğundan, qərardadının ləğv edilməsinə əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2026-cı il tarixli, 2(5-137)-108/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2026-cı il tarixli, 2(5-137)-108/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar