Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1100/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Məmmədov İlqar Nadir oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Məmmədov İlqar Nadir oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax Rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında ## ##### 2023-cü il tarixli qərarından görünür ki, Məmmədov İlqar Nadir oğlunun barəsində həbs qətimkan tədbiri seçilmişdir.
2. Şəki Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli ## ###### 2024-cü il tarixli hökmü ilə Məmmədov İlqar Nadir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraətin verilməsi, Məmmədov İlqar Nadir oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dərhal məhkəmə iclas zalından azad olunması, bəraət alması ilə əlaqədar Məmmədov İlqar Nadir oğluna cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunması hökm edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli ## ##### 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli hökmünün verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli ## ####### 2024-cü il taixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məmmədov İlqar Nadir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2024-cü il tarixli qərarının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Məmmədov İlqar Nadir oğlu cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, təhqiqat, istintaq orqanlarının qanunsuz istintaq hərəkətləri nəticəsində 272 gün yəni 09 ay qanunsuz həbsdə saxlanılmağı əlaqədar ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 18900 manat məbləğin Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə AR CM-nın 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. İstintaq orqanı tərəfindən Məmmədov İlqar Nadir oğluna ittiham irəli sürülmüşdür ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 2.762 qram külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, Məmmədov İlqar Nadir oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə ## ##### 2023-cü il tarixdə saat 0930 radələrində Yevlax şəhəri, Nizami prospektində Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilib üzərinə həmin gün saat 10:20-dən 10:50-dək olan müddətdə müdafiəçinin işktirakı ilə və video çəkilişlə Yevlax rayon Polis Şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində İddiaçı əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 2.762 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)- **/**** nömrəli hökmündən dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu Apellyasiya protesti vermişdir. Şəki Apüllyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qərarı ilə Apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin qərarından Kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş, Kassasiya protesti təmin edilməmişdir. O, 21 ay əsassız olaraq mühakimə edilmişdir. Yəni, ##.##.2023-cü il tarixində saat 09 radələrində tutularaq Yevlax rayon Polis Şöbəsinə ordanda Narkotiklərlə Mübarizə Baş İdarəsinə aparılmışdır. Barəsində həbs-qətimkan tədbiri seçilib. Bu zülm və əziyyəti çəkmişdir. X1 Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı hökmü ilə bəraət alaraq həbsdən azad edilmişdir. Yəni, üst-üstə 9 ay 1 gün olmaqla yuvarlaq şəkildə 9 ay həbsdə qalmışdır. Həqiqəti və günahsızlığını sübut etmək üçün sağlamlığını və psixoloji vəziyyətini itirmişdir. İşgəncəyə və döyülməyə məruz qalmışdır. Hökmü oxusanız qeyd etdikləri öz təsdiqini tapar. Onu şəhərin içində götürərək saatlarla işgəncə və fiziki təsirə məruz qoyublar. Yevlax rayon əməliyyatçılarının amansız zülmünü yaşamışdır. Onun nə günahı vardır ki, dünyəvi və demokratik bir ölkədə bu qanunsuzluğun əziyyətini çəkir. Ulu öndərimiz böyük Heydər Əliyev həmişə deyirdiki, dövlət iki şeydən sarsılar. Günahkar cəzasız qalanda, günahsızsa cəza veriləndə. O günahsıza cəza veriləndə qrafasına aid olmuşdur. Ancaq dövlətimiz, Prezidentimiz həmişə onların yanında olaraq bir daha təsdiq etdiki heç bir şəxs günahı olmadan cəza çəkə bilməz. O bütün bunları canlı olaraq gördü və yaşadı. Bu səbəbdəndə dövlətinin bir daha güclü olduğunu, öz vətəndaşlarının yanında olduğunu gördü. Bütün bunları canlı olaraq yaşadı. 09 ay həbsinhər gününü çiyinlərində yaşadı. Bəzən geyinməyə paltarı belə olmadı. Saxlanıldığı yerdə 7 nəfərlik yerdə 19 nəfər saxlanılırdı. Saxlanılan otaq 30 kv olmaqla 26 şəxslə 6 kravatda yatmaq mümkünsüz olduğundan bəzən daş polda, bəzən nəm divarlara söykənib bu acı həyatı yaşamışdır. Səhhətində bu mühitdə yaşamaqla ciddi ziyan dəymiş, xəstə olmuşdur. Hazırda vərəm xəstəsidir. Bütün bunları istintaq və tədqiqat orqanları başına gətirmişdir. Halbuki o idmançı idi. Qanunsuz saxlanıldığı otaqda spit xəstəsi olan, qaraciyər serrozunu yaşayan, hepatit xəstəlikləri olan, habelə birbaşa vərəm çöplərini daşıyan dusdaqlarla saxlanıldığı 09 ay ərzində, sonradan isə bu xəstəlikləri daşıdı. Qətimkan tədbiri isə hər dəfə artırılmaqla bu havasız şəraitdə xəstə oldu. Onun bu prosesdə ailəsi və uşaqları ciddi, mənəvi xəsarət aldı. Olunan işgəncəyə münasibətdə özü dəfələrlə dövlət orqanlarına müraciət etmişdi. Onun döyülməyi və xəsarəti məhkəmə hökmündə öz əksini tapıb. Aldığı xəsarətlərin polis orqanlarında onların tərəfindən edilməsi bir daha təsdiq edilmişdir. O polis işgəncəsinə, fiziki zoruna, aqressiyasına və vəhşiliyinə məruz qalmışdı. Hər gün gecə yatanda 3-4 dəfə diksinib qalxırdı. Edilən amansızlığı və zülmü unuda bilmir. Amma o vətən qarşısında xidmət etmiş bir şəxs idi. Vətən müharibəsi iştirakçısı idi. İşi 35 baş keçini otarmaq və halal zəhmətiylə ailəsini saxlamaq idi. Onu qanunsuz olaraq bu işə cəlb etmişlər. Halbuki o heç siqaret belə çəkmir. O, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay təcridxanada saxlanılmışdı. O əsassız ittihamla bağlı olaraq 09 ay istintaq təcritxanasında saxlanmışdır. Azadlığı əlindən alınıb. Zülüm və əziyyət çəkmişdir. Qeyd olunan məhkəmə hökmündə barəsində qaldırılan cinayət işi sübuta yetirilməsədə o həmin maddə üzrə ittiham olunmamışdır. Ancaq ittiham olunmağı bu səbəbdən də barəsində məsuliyyəti müəyyən edən qərarların qəbul edilməsi, onun dəfələrlə həmin maddə ilə soğru suallara cəlb edilməyi, son durumda məhkəmə ədaləti olmasaydı, o 5 ildən artıq cəza almalı idi. Bu kimi halları başıma gətirən istintaq və təhqiqat orqanlarının bu qanunsuz hərəktləridir. O bu işdə təqsirsiz olmağına baxamayaraq əsasız mühakimə olunmuşdur. Əsassız olaraq sorğu-sullara cəlb edilmişdir. Əsassız olaraq ittiham olunmuşdur. İstintaq və məhkəmə müstəvilərində mənəvi əziyyət çəkmişdir. Məhkum edilənlərin maşınında dəfələrlə hakim qarşısına çıxarılmışdır. Bütün bunları ona qanunsuzcasına, ədalətsizcəsinə ediblər. O və ailəsi hər məhkəmə müstəvisində mənəvi əziyyət və sarsıntı keçirib. Sonda cəzadan sonra ailəsi onun tərk edib. İstintaq orqanı sənədləri saxtalaşdıraraq onu döyərək, işgəncə verərək bu ittihamı üzərinə atıb. Bütün saxta ifadələri tam mənada onun ittihamı üçün hazırlayıb. Saxta ifadələr çərçivəsində ittihamı formalaşdıraraq onu təqsirləndirilən şəxs qismində cəlb edərək məhkəmə müstəvisində həbsi üçün zəmin yaradıblar. Çünki o qanunsuz olaraq 13 ay təcridxanada, yəni 7 nəfər üçün nəzərdə tutulan rütubətli, iyli, qoxulu bir darıskal otaqda 19 nəfərlə qalmışdır. Yatmaq üçün nəzərdə tutulan yerdə gecə və gündüz növbə ilə yatmışdı, son dərəcə keyfiyyətsiz olan türmə yeməyi yemişdir. Gündə 2 saat hava görmüşdü. Hüquqları pozulub. Döyülməyə, işgəncəyə, psixi zora məruz qalmışdır. Hər dəfə ən aşağı ifadələrlə çağrılmışdır. O, 09 ay təcridxanada saxlanıldı. Bütün bunları günlərlə hesablasa müddət 272 gün edir. O bu günlər ərzində işləyib ailəsini saxlayırdı. Hər gün üçün çəkdiyi mənəvi işgəncənin, iztirabın, zülmün, məsəqqətin. hüquqsuzluğun, həyati təhlükənin, vəhşiliyin nəticəsi olaraq hər gününə 70 manat hesablasalar bu məbləğ 18900 manat edir. Halbuki o hər gün işləyərək bu pulu qazanırdı. Bu məbləğ dünyada ən aşağı bir həddir. Bundan başqa bu qanunsuzluğu edən əməlijyyatçı, müstəntiq, prokuror nə üçün kənarda qalmalıdır. Dövlət onlara iş, rütbə, status verib ona görə ki, insanları döysün, işgəncə versin, qanunsuz həbsə cəlb etsinmi? Bunlar nədən cəzasız qalmalı, bu zülmün əvəzini dövlət ödəməli deyil. Bu insanlar ödəməlidir. Onlar haqqında xüsusi qərar qəbul edilməsini istəyir. Bununla da onlar onu mənəvi cəhətdən məhv edib, sarsıdıb, xəstə edib. Bunun əvəzini mütləq verməlidilər. Barələrində cinayət işi qaldırılmalıdır. Bütün bunlar işin görünən tərəfidir. Görünməyən tərəfi isə onun bu izdirabları yaşamağı bu vəziyyəti ailəsiylə birlikdə keçirməyidir. Döyülməyə, işgəncəyə məruz qalmışdır. Hazırda xəstədir. O bütün bunlara görə keçirdiyi mənəvi iztirabların əvəzi olaraq 18900 manat məbləğin yəni, vurulan zərərin əvəzini tələb edir. Hesab edir ki, həmin zərər cavabdeh orqan tərəfindən ödənilməlidir.
7. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddiaçı X3 hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Qanunun maddələrinin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. "Azərbaycan Respublikası" dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəsən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli alaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 9034 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti iddiaçının hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. İddia tələbinin maddi zərərə aid hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı ona ümumilikdə 15.500 manat maddi ziyanın vurulduğunu, qətnamə icra olunan günə kimi hər ay üçün aylıq qazancını nəzərə alınmaqla ümumi məbləğin ona ödənilməsini tələb etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia həmin hissəsədə təmin oluna bilməz.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 09 ay 01 gün müddətinə həbs qətimkan tədbirinə görə 9034 manat (bir ay üzrə 1000 manat x 09 ay 1 gün) məbləğində müəyyən olunmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» ## ###### 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Mülki Məcəllənin 1101.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
12. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
15. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 68, İ hissə. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.
18. Maddə 68, II hissə. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
19. Maddə 68, III hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
20. Maddə 68, IV hissə. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
26. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
27. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir
28. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Cavabdeh tərəfindən qətnamə yalnız iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir.
37. Qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İddiaçı Məmmədov İlqar Nadir oğlu barəsində ## ##### 2023-cü il trixdən ## ###### 2024-cü il tarixədək olan müddət ərzində, yəni ümumilikdə 9 ay 1 gün müddətinə qanunsuz olaraq cinayət işi üzrə icraat aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi nəticəsində ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.
40. Kollegiya qeyd edir ki, iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, 9 ay 1 gün müddətdində azadlıqdan məhrum edilməklə əsassız məhrumiyyətlərə məruz qalması, bu müddət onun faktiki olaraq azadlığının qanunsuz məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır.
41. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.
42. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
43. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin # ###### 2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
44. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.