Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-1112/2026 16.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimovadan və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3642/2025 nömrəli xx.xx.2026-cı il qərardadından İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat baxaraq müəyyən etdi : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3642/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və s.” tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılması”na dair qarşılıqlı iddia tələbi təmin edilmişdir. Məhkəmənin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş eyni zamanda prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2(006)-3642/2025 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3642/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməklə, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmənin həmin qərardadından şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(006)- 3642/2025 saylı qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin baxılması üçün göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, elektron kabinet barədə anlayışı yox idi. Qətnaməni əlbəəl alandan sonra hüququnun yaranmasını öyrənmişdir. Asan imza almış və apellyasiya şikayəti vermişdir. Komputer və elektron sistemlə işləmək bacarıq və səriştəsi olmadığına görə kömək üçün bu işdə təcrübəsi olan adamları tapmış və onlara sənədləri yazdırmışdır. Əvvəllər heç vaxt məhkəmələrdə işi olmayıb və elektron sənəd hazırlamamışdır. Elektron məhkəmə barədə məlumatı olmamışdır. Məhkəmə işinə elektron kabinet vasitəsi ilə daxil olmaq və oradan sənəd çıxarmaq təcrübəsi və bacarığı yoxdur. Məhkəmə isə bu məsələləri nəzərə almamışdır. Nəticədə məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3642/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3642/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı ərizəsində elektron imza ilə işləmək vərdişlərinin olmadığını göstərsə də, o, iddia ərizəsini məhkəməyə xx.xx.2025ci il tarixdə verərkən elektron imza ilə imzalamış, məhkəmə bildirişləri onun elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin, qeyd olunan qətnamənin surəti xx.xx.2025-ci il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Belə ki, Elektron kabinetin yaradılmasından sonra ona nəzarət etmək, orada yerləşdirilən sənədlərlə tanış olmaq artıq tərəfin öz üzərinə düşən məsuliyyətdir. Elektron kabinetin mövcudluğu ilə əsaslı prezumpsiya formalaşır ki, borclu elektron kabinetə yerləşdirilən sənədlərlə tanış olmağın zəruriliyini dərk edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Bununla yanaşı tərəfindən müddətin ötürülməsi səbəbinin üzürlü hesab edilməsi üçün hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, şikayətin dəlili yuxarıda göstərilənlərə əsasən əsaslı hesab edilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3642/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3642/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1112/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1112/2026
16.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver