Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1125/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi vəkil2, iddiaçının nümayəndəsi Şükür Şükürovun və cavabdehin vəkili və nümayəndəsi Fuad Bədədlovun iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev № ***də yerləşən ** №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Cavabdeh iddiaçının gəlinidir. İddiaçı (hədiyyə verən) ilə cavabdehin (hədiyyə alanın) arasında bağlanmış ##.##.2025-ci tarixli bağışlama müqaviləsinə əsasən iddiaçı mənzili cavabdehə bağışlayıb. Müqavilənin bağlanmasından 1 ay 20 gün sonra – ##.##.2025-ci il tarixdə hazırkı iddia ərizəsi verilib. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində bağışlama müqaviləsinin ləğvi tələb olunub. 3.Tələb onunla əsaslandırılıb ki, cavabdeh ilə iddiaçının oğlunun ailə münasibətlərində anlaşılmazlıq yaranmış, cavabdeh uşaqlarını da götürərək anasının evinə getmiş, iddiaçı cavabdehə müraciət edərək onun oğlu ailə münasibətlərini bərpa etməsini xahiş etmiş, iddiaçının xahişinə cavab olaraq cavabdeh bildirmişdir ki, əgər iddiaçı mülkiyyətində olan mənzili ona bağışlasa iddiaçının oğlu ilə barışaraq ailə münasibətlərini bərpa edəcək. Bundan sonra iddiaçı cavabdehin onun oğlu ailə münasibətlərini bərpa etmək şərtilə mənzili cavabdehə bağışlamışdır. Lakin 1 aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh iddiaçının oğlu ilə barışmamış, nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. 4.Nəsimi Rayon Məhkəməsi iddianın təmin edilməməsini qət edib. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində qətnamə ləğvi tələb olunub. 6.Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi vəkil2 və iddiaçının nümayəndəsi Şükür Şükürov apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Fuad Bədədlov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Qətnamənin ləğvi üçün əsas yoxdur. 8.Belə ki, iddiaçı tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin göstərişinə istinad edib. Həmin maddəyə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Cavabdehin (hədiyyə alanın) ailə münasibətlərini bərpa etməkdən imtina etməsi və nikahın pozulmasını tələb etməsi vəzifə pozuntusu hesab olunmur. Ailə Məcəlləsinin 2.3-cü maddəsindən görünür ki, nikah könüllü ittifaqdır. Odur ki, heç kəsin nikahda qalmaq vəzifəsi yoxdur, istənilən zaman qanunla müəyyən edilmiş qaydada nikaha xitam verilməsini tələb edə bilər. Cavabdehin nikaha xitam vermək hüququndan istifadə etməsi bağışlamadan imtina üçün əsas sayılmır. 9.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-1125/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1125/2026
17.04.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver