Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-113/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Bakı şəhəri 50 saylı Notariat Kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi, müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi, müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə1 və Qanuni nümayəndə1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-914/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı Aydin qızı Cavabdeh (Bakı şəhəri 50 saylı Notariat Kontorunu üçüncü şəxs qismində cəlb etməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Cavabdeh (qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2) arasında Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 Bağ sahəsi, 1635 "B" saylı bağ sahəsinə (0,08 ha torpaq sahəsinə və sahəsi 123,9 kv.m. olan bağ evinə) dair Bakı şəhəri 50 saylı Notariat Ofisində 4-Ə-1151 nömrəli reyestrlə qeydə alınmış xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi"ndən imtinanın qəbul edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflə birlikdə uzun illər valideynlərinə məxsus olmuş, lakin hazırda vərəsəlik qaydasında qardaşı ilə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 9 saylı evin 3 otaqlı, 1 saylı mənzilində (qeydiyyatda olduqları) yaşamışlar. Onlarla münasibətləri çox yaxşı olmuş, maddi cəhətdən həmişə onlara köməklik etmiş, qayğılarını çəkmişdir. Uzun illər yaşadığı həmin mənzillər miras əmlak kimi valideynlərindən qalmışdır. Həmin ünvanda yerləşən mənzilin yarısı onun, digər yarısı qardaşı Elşənin xüsusi mülkiyyətindədir. Cavabdeh tərəf valideynlərindən qalmış həmin mənzildə (Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 9, mənzil 1-də) əvvəlcə anası ilə birlikdə, anası vəfat etdikdən sonra isə uzun müddət uşaqları ilə birlikdə yaşamışlar. Cavabdeh tərəflə münasibətləri çox yaxşı olmuş, bir-birilərinə can deyib, can eşitmişlər. Qardaşının ailəsinə daim maddi və mənəvi cəhətdən köməklik etmiş, ömrü boyu qazancını onlara sərf etmişdir. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə1 onunla çox mehriban münasibət yaratmış, inamı qazanmışdır. O həm də qardaşının ailəsini möhkəmlətmək, uşaqlarının gələcəkdə əzab-əziyyət çəkməməsini, mənzillə, bağ evi ilə təmin etmək məqsədilə bütün əmlaklarını, o cümlədən mənzillərini, torpaq sahəsi ilə birlikdə bağ evini də onların ailəsinə vermək qərarına gəlmişdir. Ona görə də hazırda mübahisələndirdiyi Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 qəsəbəsində yerləşən 1635 "B" saylı bağını (0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən sahəsi 123,9 kv.m. olan bağ evini) Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi" (reyestr-40-1151) əsasında xx xxxxx 2008-ci il təvəllüdlü, 12-13 yaşlı qardaşı oğlu Cavabdeh bağışlamışdır. Cavidan yetkinlik yaşına çatmadığından həmin müqaviləni onun adından qanuni nümayəndələri olan ata-anası (Elşən və Vəfa) imzalamışlar. Bu müqavilə əsasında cavabdeh tərəf bağ sahəsinə dair Cavidanın adına çıxarış da almışlar. Həmin vaxtdan xeyli müddət sonra da, yəni 2023-cü ilin sonunadək cavabdehin qanuni nümayəndəsi olan Qanuni nümayəndə1 onunla münasibətləri çox yaxşı olmuşdur. Hazırda cavabdeh tərəfdən olan Vəfa onun inamını o dərəcədə qazanmışdı ki, hətta ehtiyatında olan 10 min ABŞ dolları məbləğində pulunu qardaşı Elşənin məlumatı olmadan saxlamaq üçün ona vermişdir. Lakin Vəfa onun icazəsi olmadan həmin pulla faktiki olaraq özü üçün avtomaşın almışdır (anasının adına rəsmiləşdirmişdir). Həmin məbləğlə (17 min manatla əlaqədar) ona qarşı ayrıca iddia tələbi olacaqdır. Keçən il, yəni 2023-cü ilin sonlarında ona məlum olmuşdur ki, Vəfa qardaşı ilə mübahisə edərək yaşadıqları evdən uşaqları ilə birlikdə çıxıb getmişdir. Bundan başqa, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzillərindən birini qardaşı Elşənin qızı Selcana, digər mənzildə olan payını isə hazırda cavabdeh olan Cavidana vəsiyyət etmişdir. Onların ona qarşı haqsız hərəkətlər etdiyinə əmin olduqdan sonra həmin vəsiyyətnamələri də ləğv etdirmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-914/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Eyvazova) iddia tələbi rədd edilmişdir.
4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
5. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli əmlak iddiaçının qardaşı oğluna bağışlanmış, iddiaçı tərəf qardaşı ilə digər cavabdehin nikah münasibətlərinə xitam verilməsini, münasibətlərin pisləşməsini qeyd etsə də, əmlakın bağışlandığı Cavabdeh ilə ailə münasibətlərinə xitam verilməsi, şəxsən onun tərəfindən iddiaçıya qarşı hər hansı kobud hərəkət və ya hərəkətsizlik edilməsini sübuta yetirə bilməmişdir. Əmlakın bağışlandığı Cavabdeh yetkinlik yaşına çatmayan olmasını nəzərə alaraq məhkəmə ilk növbədə uşağın ən üstün marağı konsepsiyasından çıxış edərək, ata-anası və bibisi arasında olan mübahisənin onun maraqlarının, mülkiyyət hüquqlarının pozmasına şərait yaratmalı olmadığını qeyd etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 fevral 2025-ci il tarixli, 2(011)-914/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozulduqda bağışlamaqdan imtina nəzərdə tutulub. Məhkəmə cavabdehin onun etibar və inamından sui-istifadə edərək əmlakını bağışlanma pərdəsi altında ələ keçirməsinə əhəmiyyət verməyərək qanunsuz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Cavabdeh qanuni nümayəndəsi X2 apellyasiya şikayətinə qarşı etiraz verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təməlində hüquq yox qərəz dayanmışdır. Bu qərəz onun hədiyyə verənin qardaşı ilə bağışlama müqaviləsi təsdiq edildikdən 4 il sonra nikahlarına xitam verilməsi faktı olmuşdur ki, bu faktın nəticələri yalnız keçmiş ər-arvada aid olan məsələdir, bu hüquqi faktın hədiyyə verənlə hədiyyə alan azyaşlı uşağın hüquq və maraqlarına heç bir təsiri yoxdur.
Apellyasiya instansiyasında birinci icraat:
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)-3125/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-914/2025 nömrəli 06 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.
12. Baxılan işdə iddiaçının “cavabdehin qanuni nümayəndəsi olan Qanuni nümayəndə1 vicdanlı davranmayaraq ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozması” mövqeyinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bağışlamadan imtina etmək imkanı məhz hədiyyə verən ilə hədiyyə alan arasında olan münasibətləri əhatə edir, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin məhz hədiyyə alan tərəfindən pozulmuş olub-olmamasının araşdırılmalı olduğunu nəzərdə tutur.
13. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hədiyyə verən mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Beləliklə də hazırki halda iddiaçının qardaşı oğlu – cavabdehin mübahisələndirilən müqavilənin bağlanması nəticəsində zənginləşdiyi, buna baxmayaraq hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini pozan hərəkətlərə yol verdiyi araşdırılmalı, müvafiq nəticəyə gəlmək üçün əvvəlcə cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin olması, daha sonra isə həmin öhdəliklərin onun tərəfindən pozulması sübuta yetirilməlidir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçının xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin bağlanması məqsədi ilə Qanuni nümayəndə1 tərəfindən aldadılması barədə dəlillər də öz təsdiqini tapmamış, mübahisə predmeti olan müqavilənin bağlanması ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş və müqavilənin məzmunu aydın şəkildə təsvir edilmişdir. Müqavilənin yalan məlumatlar əsasında bağlanması və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmək üçün hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
Kassasiya instansiyasında icraat:
15. İddiaçı Aydin qızı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3165/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3125/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
17. Qərar onunla əsaslandırılmışdır ki, bağışlamadan imtinanın əsaslarının mövcudluğu ilə bağlı tərəflərin irəli sürdüyü faktiki hallar baxımından qiymətləndirilmə aparılması işə baxan məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin məhkəmələr iddiaçının müvafiq maddədə (Mülki Məcəllənin 673.1) sadalanan əsaslardan hər hansı birinə istinadın olmaması və tələbdə irəli sürülənlərin sübut edilməməsini göstərməklə kifayətlənmiş, iddiaçının istinad etdiyi hər hansı bir dəlil qiymətləndirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.
19. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə1 və Qanuni nümayəndə1 nümayəndəsi və vəkili Vəkil2 öz izahatlarında apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
20. Üçüncü şəxs Bakı şəhəri 50 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxs Bakı şəhəri 50 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır; Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir; Maddə 33.6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir; Maddə 33.7. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar; Maddə 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir; Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Maddə 666.2 və 666.3. Bağışlama müqaviləsinin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır; Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır. Maddə 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər; Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər; Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Maddə 1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir; Maddə 3. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri kimi müəyyən olunmuşdur; Maddə 12.0.1. Valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir; Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
27. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evi xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.
28. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evini Cavabdeh bağışlamış və müqaviləni Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 imzalamışlar.
29. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evi xx.xx.2020-cı il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.
30. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1589/2024 nömrəli qətnaməsinə əsasən Qanuni nümayəndə1 ilə Qanuni nümayəndə2 arasında xx.xx.2000-ci il tarixdə 1794 saylı akt qeydinə əsasən Səadət Sarayı tərəfindən bağlanılmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh saxlanılması və tərbiyə edilməsi üçün anası Qanuni nümayəndə1 yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Qanuni nümayəndə2 hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq, Qanuni nümayəndə1 ödənilməsi qət edilmişdir.
31. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-4555/2024 nömrəli qərardadına əsasən iddiaçı Qanuni nümayəndə1 cavabdeh İddiaçı qarşı "bağ evindən və bağ sahəsindən əşyaları ilə çıxarılma" tələbinə dair 2(008)-4555/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
32. Məhkəmə kollegiyasına təqdim edilmiş Buzovna Bələdiyyəsinin 02/60 nömrəli, xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 Bağ sahəsi, 1635 "B" saylı bağ sahəsi (0,08 ha torpaq sahəsinə və sahəsi 123,9 kv.m. olan bağ evi) daim İddiaçı faktiki istifadəsində olmaqla onun sahibliyindədir və həmin torpaq sahəsinin və fərdi yaşayış evinin əmlak vergiləri İddiaçı tərəfindən ödənilmişdir.
33. Beləliklə, iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evini qardaşı oğlu, yetkinlik yaşına çatmayan Cavabdeh bağışlamış, müqaviləni Cavabdeh valideynləri (qanuni nümayəndələri) olan Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 imzalamışlar. Bağ evi xx.xx.2020-cı il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmiş, həmin bağ evi halhazırda faktiki olaraq İddiaçı sahibliyində və istifadəsindədir.
34. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi əsas dəlil ondan ibarətdir ki, qardaşının ailəsini, möhkəmlətmək, uşaqlarının gələcəkdə əzab-əziyyət çəkməməsini, mənzillə, bağ evi ilə təmin etmək məqsədilə bütün əmlaklarını, o cümlədən mənzillərini, torpaq sahəsi ilə birlikdə bağ evini də onların ailəsinə vermək qərarına gəlmişdir. Ona görə də, Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 qəsəbəsində yerləşən 1635 "B" saylı bağını (0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən sahəsi 123,9 kv.m. olan bağ evi) Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi" (reyestr-40-1151) əsasında xx xxxxx 2008ci il təvəllüdlü, 12-13 yaşlı qardaşı oğlu Cavabdeh bağışlamışdır. 2024-cü ilin aprel ayında isə qardaşının nikahı məhkəmə qaydasında pozulmuşdur. Cavidan anasının yanında qalmışdır. Boşanmadan sonra qardaşınn keçmiş arvadı Qanuni nümayəndə1 ondan hazırda mübahisə predmeti olan bağ sahəsini satmaq istədiyini və buna görə bağ sahəsini boşaltmağı tələb etmişdir. Qanuni nümayəndə1 məqsədinə nail olmadıqda isə ona qarşı "ev əşyaları ilə birlikdə həmin bağ sahəsindən çıxarılması” barədə tələblə məhkəmədə iddia qaldırmışdır. Onun bağışlama edərkən məqsədi ailələrinin möhkəmliyini qorumaq, uşaqlarının gələcəkdə maddi cəhətdən çətinlik çəkməmələri olmuşdur. Cavabdeh tərəf isə boşanmadan sonra oğlunun qanuni nümayəndəsi kimi hüquqlarından sui-istifadə etməyə başlamışdır.
35. Məhkəmə kollegiyası iddiaçının bu dəlillərinə münasibət bildirərək qeyd edir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bununla yanaşı, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
36. Göründüyü kimi, bağışlama bir qayda olaraq cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alanın hədiyyə verən tərəfindən zənginləşdirilməsidir. Odur ki, bağışlamanın hansısa xüsusi bir şərtdən və ya öhdəlikdən asılı edildiyi iddia olunduqda tərəflər arasında belə bir şərtin razılaşdırıldığı sübuta yetirilməlidir. Başqa sözlə, tərəflərin arzuladıqları yeni hüquqi nəticənin (hüquq və öhdəliklərin) əmələ gəlməsi, yəni bildirilən şərtlərlə müqavilə bağlanması aşkar edilməlidir.
37. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
38. Daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunla nəzərdə tutulmuş formada – notarial təsdiqli yazılı müqavilədə qeyd olunması zəruridir.
39. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
40. Lakin, eyni zamanda nəzərə alınmalıdır ki, bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu, hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir.
41. Həmin əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin nədən ibarət olması ailə qanunvericiliyi əsasında dəqiq müəyyənləşdirilməli, həmin vəzifələr üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilmədiyi aydınlaşdırılmalı, özü də pozuntunun kobud olduğu qənaətinə gəlinməlidir. Bu halları sübut etmək yükü isə bağışlamadan imtina edən tərəfin üzərinə düşür.
42. İddiaçının dəlillərindən aydın olur ki, bağışlama müqaviləsi əsasında mübahisəli bağ sahəsini qardaşının oğlu olan Cavabdeh bağışlayarkən məqsədi, cavabdeh və onun digər ailə üzvləri arasında ailə münasibətlərini möhkəmlətmək, ailə birliyini saxlamaq, onları ailə olaraq mənzil-bağ sahəsi ilə təmin etməklə bağlı olmuşdur.
43. Cavabdehin valideyinləri boşandıqdan sonra isə cavabdehin anası həmin bağ sahəsində əvvəlki mülkiyyətçi olan iddiaçının çıxarılması ilə bağlı tələb irəli sürmüş, evi özgəninkiləşdirmək niyyətini, iddiaçıya bildirmişdir. Cavabdehin anası, eyni zamanda qanuni nümayəndəsinin mübahisəli bağ evini satmaq niyyəti aşkardır. Belə olan halda iddiaçı bağışlama anında nəzərdə tutduğu və nail olmaq istədiyi məqsədə çatmamış olur. Buna görə iddiaçı bağışlamadan imtina ilə bağlı bildiriş göndərmişdir.
44. İşin mübahisəsiz halıdır ki, bağ sahəsi Cavabdeh bağışlanmış olsa da, iddiaçı tərəfindən cavabdehə və ya onun qanuni nümayəndələrinə təhvil verilməmiş, iddiaçı bağ sahəsindən istifadə və sahibliyini davam etdirir. Digər tərəfdən, aydın olduğu kimi cavabdehin qanuni nümayəndələri arasında olan nikah pozulmuş, idarə etdikləri birgə yaşamalarına son qoymuşlar.
45. Qeyd edilməlidir ki, hər bir hüquqi hərəkətin, hər zənginləşdirmənin mütləq bir hüquqi səbəbi olmalıdır. Bu səbəb belə hərəkət iştirakçılarını, xüsusilə qazanan baxımından haqlı göstərilməyə yarayır. İki tərəfli hüquqi əqdlərdə, xüsusən müqavilələrdə əldə etmənin səbəbini tərəflər müqaviləyə daxil edirlər. Belə ki, qazandırmanın borc, bağışlama ya da təminat səbəbi ilə verilməsinə görə tərəflərin razılaşması əsas şərtdir. Tərəflər iradələrini müqavilənin səbəbi üzərində bir-birinə uygun olaraq bəyan etmiş olmalıdırlar. İradə bəyanları həm hüquqi, həm də səbəb üzərində bir bütün olaraq bir-birinə uyğunlaşmalıdır.
46. İddiaçının bildirdiklərinə görə bağışlama müqaviləsinin bağlanma səbəbi və müqavilənin bağlanmasının məqsədi iddiaçının qardaşı oğlunun valideyinləri arasındakı evlilik, birgə yaşamalarının davam etməsi ilə bağlı olmuşdur. O istəmişdir ki, onlar ailə olaraq bağ sahəsindən istifadə etsinlər, bağışlama müqaviləsi azyaşlı ilə bağlanmış olsa da, niyyəti bağdan cavabdehin bütün ailə üzvlərinin istifadə etməsi ilə bağlı olmuşdur. Lakin, onların evliliklərini sonlandırması vəziyyətində isə onlar arasında formalaşmış ailə münasibəti əsası ortadan qalxmış olur. Yəni azyaşlı uşaq, onun atası və iddiaçının özü bağ evində yaşamaq imkanından məhrum olmuş olur.
47. Hər hansı əqdin qurucu elementi, əqdin iştirakçılarının niyyəti, hüquq və vəzifələrin yaranmasına, dəyişdirilməsinə və xitamına yönələn iradəsidir. Bu cür iradə ifadəsi onların niyyət və motivindən formalaşır. Niyyət, tərəflərin müqavilə bağlamaqda hansı məqsəd güddüklərini göstərir. Motiv isə, bu niyyəti doğuran daxili səbəblərdir. İddiaçının evi qardaşı oğluna bağışlamasının motivi sırf "ailə münasibətlərinin davamlılığı"na bağlı olub. Yəni bu, klassik təmənnasız, başqasının firavanlığını təmin etməyə yönələn öz şəxsi mənafeyin qurban verməkdən ibarət (altruistik) bağışlama deyil, əksinə ailə birliyinin qorunacağı gözləntisinə əsaslanmış bağışlamadır.
48. Baxılan işdə cavabdehin qanuni nümayəndəsinin hərəkətləri eyni ilə cavabdehin hərəkətini ehtiva etdiyindən bu hərəkət bağışlamanın motivini aradan qaldırmış, şəraiti birtərəfli olaraq dəyişmişdir.
49. Belə ki, işin hallarından aydın olduğu kimi hədiyyə alan azyaşlıdır, onun valideynləri arasında ailə hüquq münasibətlərinə son qoyulmuş və hədiyyə alan məhz Qanuni nümayəndə1 himayəsində saxlanmış və digər valideyindən isə onun saxlanması üçün aliment tutulmuşdur. Cavabdeh məhdud fəaliyyət qabiliyyətli şəxsdir.
50. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri kimi müəyyən olunmuşdur (Ailə Məcəlləsinin 3-cü maddəsi).
51. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.
52. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.
53. Qanuni nümayəndə1 yuxarıda qeyd edilən hərəkətləri bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilməlidir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin halları ilə İddiaçı bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi barədə iddiasının əsaslı olduğu sübuta yetirildiyindən, iddia tələbi təmin edilməli, bağışlama müqaviləsindən imtina qəbul edilməli, müqavilənin hüquqi nəticələrinin ləğv edilməli və iddiaçının mülkiyyət hüququ bərpa olunmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-914/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Aydin qızı ilə xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Cavabdeh (qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2) arasında Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 Bağ sahəsi, 1635 "B" saylı bağ sahəsinə (0,08 ha torpaq sahəsinə və sahəsi 123,9 kv.m. olan bağ evinə) dair Bakı şəhəri 50 saylı Notariat Ofisində 4-Ə-1151 nömrəli reyestrlə qeydə alınmış xx.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi"ndən İddiaçı Aydin qızının imtinası qəbul edilsin və həmin müqavilənin hüquqi nəticələri ləğv edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 Bağ sahəsi, 1635 "B" saylı bağ sahəsinə (0,08 ha torpaq sahəsinə və sahəsi 123,9 kv.m. olan bağ evinə) mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov