Məhkəmə qərarları › İş №2(3-6)-1142/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1142/2026

10.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1142/2026 10.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh vəkili və nümayəndəsi vəkil2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının azaldılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər iki uşağın – ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2017-ci il təvəllüdlü uşaq X2 valideynləridir. 2.Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə qət olunub ki, həmin iki uşağın saxlanması üçün atadan hər uşağa görə hər ay 154 manat, cəmi 308 manat aliment tutularaq anaya verilsin. 3.Daha sonra Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə qərara alınıb ki, hər uşaq üçün tutulan 154 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilsin. 4.İndeksasiya nəticəsində alimentin məbləği 3 dəfədən çox artıb. Belə ki, indeksasiyanın aparıldığı tarixdə minimum əmək haqqının məbləği 400 manat təşkil etdiyinə görə, alimentin məbləği 1 uşaq üçün 472 manat (1,18 x 400 manat = 472 manat), iki uşaq üçün 944 manat təşkil edib. 5.İndeksasiya barədə qərardadın qəbul edilməsindən 4 ay sonra – ##.##.2025-ci il tarixdə hazırkı iddia ərizəsi verilib. Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində tələb olunub ki, indeksasiya olunmuş alimentin məbləği azaldılaraq Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş məbləğə uyğunlaşdırılsın. 7.Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, indeksasiya olunmuş alimentin məbləği azaldılsın, aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 9.Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh vəkili və nümayəndəsi vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Apellyasiya şikayəti təmin oluna bilməz, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 11.Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi alimentin məbləği iki uşağın hər biri üçün 154 manat müəyyən edilərkən həmin ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu əsas götürülüb. Belə ki, 2018-ci ildə uşaqlar üçün yaşayış minimumu 154 manat təşkil edib. Lakin sonradan Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə alimentin miqdarı indeksasiya edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli ** nömrəli qərarında verilmiş izaha uyğun olaraq minimum əmək haqqı əsas götürülüb, aliment minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilib. Nəticədə isə alimentin məbləği 3 dəfədən çox artaraq bir uşaq üçün 472 manat (1,18 x 400 manat = 472 manat), iki uşaq üçün 944 manat təşkil edib. Ona görə də aliment ödəyən şəxs (uşaqların atası) indeksasiya edilmiş alimentin məbləğinin azaldılması üçün iddia qaldırıb. Birinci instanasiya məhkəməsi isə indeksasiya edilmiş alimentin məbləğinin azaldılması barədə ##.##.2025-ci il tarixli qətnamə qəbul edib və alimentin məbləğini minimum əmək haqqının 0,62 misli həddində müəyyən edib. Nəticədə bir uşağa görə tutulmalı olan almentin məbləği 248 manat təşkil edib. Bu məbləğ 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna (246 manata) 2 manat fərqlə uyğundur. 12.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, alimentin miqdarı qətnamə ilə müəyyən edilərkən uşaqlar üçün yaşayış minimumu əsas götürüldüyündən, lakin sonradan minimum əmək haqqının məbləğinə əsasən indeksasiya nəticəsində alimentin miqdarı 3 dəfən çox artdığından, indeksasiya edilmiş alimentin miqdarının azaldılaraq yenidən uşaqlar üçün yaşayış minimumuna uyğunlaşdırılması zəruridir. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar