Məhkəmə qərarları › İş №2(3-6)-1236/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1236/2026

13.05.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1236/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1236/2026 (Açar sözlər: ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə kompensasiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “gecikdirilmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə ## ### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı gecikdirilmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MTKdan hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc olaraq 17280 manat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, o, ##.##.2023-cü il tarixdə Cavabdeh MTK-da rəsmi olaraq hüquqşünas kimi işləməyə başlamışdır. Diplomun surətini, əmək kitabçasını təqdim etmişdir. Cavabdeh tərəfindən ona rəsmi olaraq “X6” təqdim edilmişdir. Əmək haqqı aylıq 400 manat təşkil etmişdir. Mükafat kimi ona mənzil veriləcəyinə də söz verilmişdir. Əmək funksiyası müqavilələrin və digər hüquqi sənədlərin təftişi, tərtibi və rəsimləşdirilməsi və s. olmuşdur. İşlədiyi müddətdə cavabdeh əmək qanunvericiliyi normalarını kobud şəkildə pozaraq əmək haqqını ödəməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq əmək haqqının ödənilməsini gecikdirmişdir. Yeni Yasamalda tikilən mənzildən ona ev veriləcəyinə söz verilmişdir. “xxxx” MMC ilə cavabdeh arasında ##.##.2021-ci il tarixdə ünvan 1 ünvanında hündür mərtəbəli binanın inşa etdirməsi ilə bağlı müqavilə vardır. Müqavilə əsasında 450000 manat vəsait ödəmişdir. Əsas iş yeri həmin ünvanda olan ofis olmuşdur. Cavabdehin “xxxx” MMCilə müqavilə münasibətlərində mübahisələri yaranmışdır. 2024-cü il yanvar ayının sonları yığılmış əmək haqqını tələb etdikdə Şirkət rəhbəri ilə mübahisə yaranmışdır. Ona deyilmişdir ki, “işlərini davam etdir, əmək haqqını və kooperativ tərəfindən mənzilini ən geci aprel 2024-cü il tarixdə alacaqsan”. Kooperativ tərəfindən ona deyilmiş son tarixə kimi gözləmiş, lakin yenidən aldanıldığını anlamışdır. ##.##.2024-cü il taixdə kooperativdən şikayətçi olmaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət etmişdir. Ona öz ərizəsi ilə fevral 2024-cü il tarixdə işdən azad olunduğu bildirilmişdir. ##.##.2024-cü il tarixdə X5 Xidmətinin rəisinə ərizə ilə müraciət edərək Kooperativ tərəfindən 8-ay əmək haqqının ödənilmədiyini və onun razılığı olmadan qanunsuz olaraq əmək müqaviləsinə xitam verildiyindən əmək haqqınn ödənilməsinə və işə bərpa olunmağı barədə müvafiq tədbirlər görülməsini, habelə kooperativi inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, CavabdehMTK-nın ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qərara alınmışdır. Bu günə kimi cavabdeh məhkəmə qətnaməsini icra etməmişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Əmək qanunvericiliyinin müvafiq müddəalarını kobud şəkildə pozduğunu ört-bastır edilməsindən və inzibati məsuliyyətdən yayınmaqdan ötrü müvafiq sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə verilməsindən və həqiqəti bildirməsindən imtina etmişdir. Cavabdeh ##.##.2023- cü il tarixdən bu günə kimi əmək haqqını verməməklə ona maddi ziyan vurmuşdur. Cavabdeh ona əmək haqqının verilib və ya verilməməsini təsdiq edən haqq-hesab sənədlərini verməkdən imtina edir. Bununla da ona əmək haqqının verilməməsi öz təsdiqini tapmışdır. Cavabdeh, Əmək Məcəlləsinin əmək münasibətlərinə xitam verilməsindən ötrü nəzərdə tutulan maddələri kobud şəkildə pozaraq qanunsuz olaraq əmək münasibətlərinə xitam vermişdir. ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək əmək haqqının hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində ödənc hesablanaraq, cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir.

3. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh Cavabdeh MTK-dan ##.##.2023-cü il tarixdən ##.##.2024-ci il tarixədək ödənilməmiş əmək haqqı 2400 manat, əmək haqqın ödənilməsinin gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək azı bir faizi məbləğində ödənc olaraq 14400 manat, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixə kimi ödənilməmiş əmək haqqının hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində ödənc olaraq 10080 manat, ümumilikdə 26880 manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair növbəti ərizə verərək cavabdeh Cavabdeh MTK-dan ##.##.2024-ci il tarixdən hazırki vaxta kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2400 manat ödənilməmiş əmək haqqının və ##.##.2023-cü ildən bu günə kimi hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc olaraq cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək, göstərmişdir ki, gecikdirimiş məbləğin üzərinə gündəlik 1 faiz olmaqla hesablanmış ödənc məbləğinin tutulması hissəsində iddia əsassızdır və təmin edilməməlidir. *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnamədə məhkəmə qeyd etmişdir ki, iddiaçı əmək müqaviləsinə uyğun olaraq 8 ay müddətində əmək haqqının almadığını iddia etsə də əmək haqqına dair bank hesabından müvafiq çıxarışları əldə etməmiş bu halı isə hər hansı əmək haqqı almaması ilə əsaslandırmışdır. Belə olduğu təqdirdə isə məhkəmə hesab etmişdir ki, iddiaçı müvafiq bankdan lazımi qaydada müraciət edib əmək haqqı hesabına 8 ay ərzində hər hansı pul məbləğlərinin mədaxil olub-olmamasına dair mötəbər sübut təqdim edə bilərdi. İddiaçıya məxsus fərdi şəxsi hesaba dair sosial arayışdan görünür ki, 2023-cü il üzrə cavabdeh MTK tərəfindən iddiaçının illik 2000 manat gəliri üzrə 500 manat məcburi dövlət sosial sığorta haqqları hesablanaraq müvafiq olaraq ödənilmişdir. Göründüyü kimi, hazırda qaldırılmış iddia tələbi üzrə bir dəfə məhkəmə tərəfindən bu mübahisəyə baxılmış və həmin tələb əsassız olduğundan rədd edilmişdir.

6. İddiaçı İddiaçı cavabdehin vəsatətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadını icra etməyərək həqiqəti bildirməsindən imtina etmişdir. Qərardad cavabdeh tərəfindən icra olunmamışdır. Cavabdeh əmək haqqının verilməsindən ötrü hər hansı kart təqdim etməmişdir. Cavabdeh qərəzli olaraq məhkəməyə gəlmədiyindən və iddiaçı olaraq mötəbər sübutların təqdim edilmədiyinə əsasən ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək əmək haqqı alıb almadığı sübuta yetrilməmişdir. Bu əsasla iddia tələbi həmin hissədə təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən ##.##.2024-cü il tarixdə *(***)-****/**** saylı, ##.##.2024cü il tarixli icra vərəqəsi verilmişdir. Bu günə kimi cavabdeh MTK məhkəmə qətnaməsini icra etməmişdir. Qətnamənin icrası mərhələsində MTK-nın rəhbəri T.Abbasov Nərimanov Rayon Məhkəməsinin hakiminə və Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevə ##.##.2024-cü il tarixdə MTK-nın möhürü ilə təsdiqlənmiş ərizə ünvanlayaraq bildirmişdir ki; “İş fəaliyyəti başlayan kimi, İddiaçı həm işə bərpa ediləcək və İddiaçı ##.##.2023-ci ildən ##.##.2024cü ilə kimi də əmək haqqı ödəniləcəkdir. MTK rəsmi ərizəsi ilə təsdiq edir ki, ona MTK-da işlədiyi ##.##.2023-ci il dən ##.##.2024-cü ilə kimi əmək haqqı ödənilməməsini təsdiqlənmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə MTK-nın ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli əmri ləğv edilməsi və onun əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qərara alınmışdır.

7. Məhkəmənin ##.##.2025-ci il tаriхli qərаrdаdı ilə iddiа ##.##.2023-cü il tаriхdən ##.##.2024-ci il tarixə kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2400 manat ödənilməmiş əmək haqqının cаvаbdеhdən tutularaq ona verilməsi hissəsində хitаm еdilməsi qərаrа аlınmışdır.

8. Məhkəmə hеsаb еtmişdir ki, hаzırdа tələbin ##.##.2024-cü il hаzırki tаriхdən ödənilməmiş məcburi iş buraxma müddəti üçün əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc olaraq cаvаbdеhdən tutulmаsı hissəsinə qiymət vеrilməlidir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddianın təmin edilməsi, ##.##.2024-cü il tаriхdən ödənilməmiş məcburi iş buraxma müddəti üçün əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdeh Cavabdeh MMC-dən alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Kоnstitusiyаsının 35-ci maddəsinin 6-cı hissəsinə, 129-cu mаddəsinə, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə, X8 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsinə, Əmək Məcəlləsinin 2.3, 154, 172.5, 195-ci maddəsinin “d” bəndinə, 196-cı maddəsinin 1-ci bəndinə, 5“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarına, Аvrоpа Məhkəməsinin “Brumаrеski Rumıniyаyа qаrşı” ##.##.1999-cu il tаriхli qərаrına, Azərbaycan Respublikası MPMin 14.2, 77.1, 15.2, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, cavabdeh Cavabdeh MTK ##.##.2025-ci il tarixdə öz fəaliyyətini dayandırmışdır. Bundan başqa qeyd edir ki, cavabdehin təşkilati hüquqi forması Mənzil Tikinti Kooperatividir. Təşkilati hüquqi formasına uyğun olaraq cavabdeh binaların mənzillərin inşası ilə məşğul olan bir müəssisədir. Lakin təsis edildiyi tarixdən bu yana hər hansı formada inşaat işləri ilə məşğul olmamışdır. Buna səbəb kimi yetərli dərəcədə maddi vəsaitin olmaması olmuşdur. Bu səbəbdən də cavabdeh sonradan fəaliyyətini dayandırmış və bununla bağlı Dövlət Vergi Xidmətinə məlumat vermişdir. Bundan başqa qeyd edir ki, iddiaçının hazırkı iddia tələbinə əvvəlki məhkəmə icratında baxılmış və 1% həcmində ödəncin tutulması hissəsində iddia tələbi təmin edilməmişdir. Göründüyü ki, iddiaçının təkrarən eyni tələblə məhkəməyə müraciət etməsi yol verilməzdir. Lakin məhkəmə bu hala diqqət etməmiş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə cavabdeh tərəfindən qətnamənin icra edilmədiyini və buna görə də MTK nın rəhbərinin inzibati qaydada məsuliyyətə cəlb edilməsinə istinad etmişdir. Qeyd edirik ki, cavabdeh MTK yuxarıda da qeyd edildiyi kimi fəaliyyət göstərmir. Buna görə də Əmək Müfəttişliyi Xidməti tərəfindən iddiaçının işə bərpa edilməsi üçün məşğulluq altsisteminə daxil olmağa vaxtında imkan yaradılmadığından iddiaçının işə bərpa edilməsi yəni qətnamənin həmin hissədə icrası gecikmişdir. Qətnamənin məcburi iş buraxmaya görə hesabalnamış əmək haqqının ödənilməməsi hissəsinin icra edilməməsi isə MTK nın fəaliyyət göstərmədiyindən heç bir maddi gəlirinin olmamasıdır. Bundan başqa məhkəmə qətnaməsində iş buraxma üçün əmək haqqının ödənilməməsinin özündən asılı olmadığını sübut etməməsinə istinad etmişdir. Halbuki, məhkəmə həmin qətnamədə iş üzrə sadaladığı sənədlər siyasında Dövlət Vergi Xidməti tərəfindən verilmiş məktubu ilə MTK-nın ##.##.2025-ci ildə dayandırmasl öz təsdiqini tapmışdır. Fəaliyyəti dayandırılmış və heç bir maddi gəliri olmayan bir müəssisənin əmək haqqı ödəməsi necə mümkün ola bilər? Belə ki, məhkəmə iş məhkəmə baxışına təyin edildikdən sonra iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini icraata qəbul etməklə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, adıçəkilən normanın tələblərinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi iş məhkəmə baxışına təyin edilənə kimi 3 dəfə hazırlıq iclası keçirilmiş və iddiaçı hazırlıq icraatı dövründə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməmişdir. Yəni hazırlıq icraatı yekunlaşana qədər iddiaçının kifayət qədər vaxtı var idi ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsin. İddia tələbindən görünür ki, iddia tələbi qəliz bir tələb deyil və onun dəqiqləşdirilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsinə heç bir əsas və hal olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məhkəmənin baxış icraatı dövründə icraata qəbul edilməsi kobud prosessual pozuntudan ibarət olmuşdur. Məhkəmə adıçəkilən ərizənin icraata qəbul etməklə cavabdehin hüquqlarını pozmuşdur. Belə ki, dəqiqləşdirmə barədə ərizələr icraata qəbul edilməsə idi iddiaya mahiyyəti üzrə baxılması yol verilməz olmaqla yanaşı iş üzrə xitam qərarı qəbul olunmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı iddiaçının yazılı etirazı daxil olmuşdur.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavadehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işin hallarını və şikayətə işdə olan sübutlar əsasında baxılmasının mümkünlüyünü nəzərə alaraq və MPM-in 376.2-ci maddəsinə əsaslanmaqla cavadehin nüamyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

16. Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

17. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 18. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

18. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

19. Maddə 195 “d” bəndi. İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

20. Maddə 196.1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarı

21. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Cavabdeh tərəfindən qətnamə tamamilə mübahisələndirildiyindən, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə dəyişdirilməlidir.

32. Kollegiya ilk növbədə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaq, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, iş üzrə gəlinən nəticəni də əsaslı hesab edir; belə ki, iddiaçı ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə müvafiq ödəncin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

33. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məkhəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh MTKnın ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024cü il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir;

34. Nərimanov Rayon Məkhəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh MTK-nın rəhbəri Abbasov Tərahim Əlsahib oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır;

35. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubundan görünür ki, “Zəfər MTK”-nın fəaliyyəti ##.##.2025-ci il tarixdən ##.##.2075-ci il tarixədək dayandırılmışdır.

36. Hazırki işin faktiki halları bundan ibarətdir ki, iddiaçı X4 ilə cavabdeh Cavabdeh MTK arasında ##.##.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı 400 AZN əmək haqqı almaqla, hüquqşünas vəsifəsində işə başlamışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixində AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiаçı ##.##.2024- cü il tarixdə işdən аzаd еdildikdən sоnrа “işə bərpа və əmək hаqqı” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək 12480 mаnаt işlədiyi dövrdə ödənilməmiş əmək hаqqının ödənilməsi, məcburi iş burахmа müddəti üçün əmək hаqqı ödənilməklə vəzifəsinə bərpа еdilməsini хаhiş еtmişdir. Nərimanov Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiа tələblərinin ##.##.2024-cü il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissələrində təmin еdilmiş, qаlаn hissədə, yəni, gеcikdirilmiş məbləğin üzərinə gündəlik 1% оlmаqlа hеsаblаnmış ödənc məbləğinin tutulmаsı hissəsində təmin еdilməmişdir. Qeyd edilən qətnamə əsasında iddiaçı ##.##.2025-ci il tarixdə cavabdehin müvafiq əmri ilə əvvəki vəzifəsinə bərpa edilsə də, qətnamə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində bugünədək icra edilməmişdir. Bunun nəticəsidir ki, qanuni qüvvəsini almış Nərimanov Rayon Məkhəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Cavabdeh MTK-nın rəhbəri Abbasov Tərahim Əlsahib oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.

37. Yuxarıda sadalanan işin hallarından göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli əmrin ləğvindən irəli gələrək məcburi işburaxmaya görə İddiaçı əmək haqqı almamış, cavabdeh tərəfindən də bu hal təkzib edilməmişdir. Cavabdeh Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin məcburi iş buraxmaya görə hesablanmış əmək haqqının ödənilməsi hissəsinin icra edilməməsini MTK-nın fəaliyyət göstərməməsi ilə əlaqədar heç bir maddi gəlirinin olmaması ilə əsaslandırmışdır.

38. Apellyasiya şikayətinin göstərilən dəlilləri ilə razılaşmayaraq kollegiya bildirir ki, həmin dəlillər cavabdeh tərəfindən digər məhkəmə işlərində də irəli sürülmüş və cavabdehin məcburi əmək haqqını ödəməməsində təqsirsiz olmasına dəlalət edən hallar kimi qəbul edilməmişdir. Şikayətdə MTK-nın rəsmi olaraq fəaliyyətinin dayandırıldığı, hətta 2075-ci ilədək fəaliyyətinin dayandırılması barədə vergi orqanları ilə razılıq əldə edildiyi, bu səbəbdən borcun ödənilməsinin mümkün olmadığı vurğulansa da, məhkəmə qeyd edir ki, şirkətin fəaliyyətinin dayandırılması onun dövlətin adından qəbul edilmiş məhkəmə qətnaməsini icra etməməsi üçün əsas ola bilməz. Bu hal məhkəmə qərarlarının uzun müddət icrasız qalmasına və ya ümumiyyətlə icra edilməməsinə səbəb olmaqla hüquqdan sui istifadə edilməsi ilə nəticələnə bilər. Həmçinin tərəflər arasında əmək müqaviləsinin bağlandığı zaman ƏM-nin qüvvədə olan redaksiyasının 178.2-ci maddəsinə görə müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. İşin hallarından görünür ki, “Zəfər MTK”-nın fəaliyyəti ##.##.2025-ci il tarixdən dayandırılmış, iddiaçının məcburi işburaxma müddəti isə ##.##.2024-cü il - ##.##.2025-ci il tarixləri arasındakı dövrü əhatə edir.

39. Odur ki, birinci instansiya məhkəməsi əmək qanunvericiliyin müvafiq normaları və işin halları baxımından iddiaçıya məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının hər gecikdirilmiş günü üçün bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdehdən alınması barədə mövqeyində haqlı olmuşdur.

40. Kollegiya qeyd edir ki, əmək haqqı işçinin əsas təminatlarından biri olmaqla əmək qanunverciliyində onun müdafiəsinə yönələn normalar nəzərdə tutulmuşdur.

41. Belə ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.).

42. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” * saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.

43. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

44. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.

45. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.

46. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qanunverici təqsirin baş vermə hallarının dairəsini konkret qeyd etməsə də, burada əsasən əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Hazırki iş üzrə də cavabdeh tərəfindən ödənişin həyata keçirilməməsi ilə bağlı hər hansı üzrlü səbəb təqdim edilməmiş, bununla da təqsirin mövcudluğu öz təsbitini tapmışdır.

47. Göründüyü kimi, işəgötürən tərəfindən qeyd olunan qanunazidd hərəkətlər edildiyindən və əməkhaqqının ödənilməsi təmin edilmədiyindın kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.

48. Bununla belə kollegiya aşağıdakılara əsasən baxılan qətnamənin dəyişdirilməsinə zərurət olduğunu vurğulayır.

49. Belə ki, baxılan işdə iddiaçı ##.##.2024-cü il tarixdə işdən azad olunmuş, daha sonra müvafiq qətnamə əsasında o, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixində əvvəlki vəzifəsinə bərpa edilmişdir. Bununla da iddiaçıya məcburi işburaxma müddətinə görə ödənilməmiş əmək haqqı ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövrü əhatə etməklə müvafiq ödənc də ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməmiş məcburi işburaxmaya görə əmək haqqına uyğun ödəniş gününə qədər hesablanaraq iddiaçının xeyrinə tutulmalıdır.

50. Həmçinin cavabdeh Cavabdeh MTK-nın təşkilati hüquqi forması mənzil tikinti kooperativi olmasına baxmayaraq qətnamənin “qət etdi” hissəsində texniki səhvə yol verilərək Cavabdeh MMC kimi qeyd edilmişdir ki, bu hal da qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsasdır.

51. Kollegiya “iddianın dəqiqləşdirilməsi barədə ərizənin işin məhkəmə baxışına təyin edildikdən sonra qəbul edilməsinə dair” dəllillərinə münasibətdə isə qeyd edir ki, məhkəmənin ##.##.2025-ci il traixl iclas protokolundan görünür ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə sədrlik edən tərəfindən elan edilmiş, tanış olmaq üçün cavabdeh tərəfə tədim edilmiş və onun icraata götürülməsi protokolla rəsmiləşdirilmişdir. Ərizənin iclasda iştirak edən cavabdehin nümayəndəsi-vəkili tərəfindən münbahisələndirilməsi müəyyən olunmamışdır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

53. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

55. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

56. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, MPM-in 119.1-ci maddəsinin tələbləri nəzərə alınaraq apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. ##.##.2024-cü il tаriхdən ##.##.2025-ci il tarixədək ödənilməmiş məcburi iş buraxma müddəti üçün əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc ödəniş gününə qədər hesablanmaqla cavabdeh Cavabdeh MTK-dan alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar