Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1304/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh T qızına qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdehın iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh T qızına qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri .. Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər ##.##.2009-cu il tarixdə nikaha daxil olmuşlar, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur.
2. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasında sonuncuya 10.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə ##.##.2024-cü il tarixinədək 7.090,22 manat ödənilmiş, 6.346,67 manat borc qalmışdır.
3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh X5 qarşı “birgə nikah dövründə əldə edilmiş "xxxx" QSC-dən götürülmüş kredit borcu üzrə banka ödənilmiş 8.955,22 manat borcun yarısının, yəni 4.477,61 manat məbləğinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi, borcun qalan hissəsi olan 4.677,09 manat məbləğinin cavabdehlə iddiaçı arasında bərabər bölünərək, 2.338,545 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən yazışmalara əsasən tərəflərin münasibətləri artıq kredit götürülməzdən uzun müddət öncə pozulmuşdur və bu halda götürülən kreditin ailənin birgə ehtiyacları üçün sərf olunmasına dair hər hansı məntiqi və ya faktiki əsas mövcud olmur.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 10.000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13.433,67 manat və vəkil ilə bağlanmış müqavilə üçün ödənilmiş 325 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər birgə nikah dövründə yaşayarkən cavabdeh repitetorluq fəaliyyəti ilə məşğul olmaq üçün kredit götürüb ona verməyini xahiş etmişdir. O, cavabdehin istəyini yerə salmayaraq “AcsessBank”-dan 10.000 manat məbləğində kredit götürüb cavabdehə vermişdir. Aylıq ödənişləri hər ay heç bir gecikmə olmadan şəxsən ödəmişdir. Bu barədə cavabdehə təklif göndərsə də, cavabdeh buna razılıq verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması ilə əlaqədar mülki iş üzrə icraata xitam verilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərinin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmışdır.
10. Bakı Şəhəri .. Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ş..) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə ilkin olaraq qeyd etmişdir ki, cavabdehin iddia tələbi ilə bağlı hər hansı öhdəliyinin mövcudluğuna dair hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Tərəflər arasında borc verilməsinə dair hər hansı müqavilə bağlanmamış, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qanun isə tələb edir ki, borclu yalnız üzərinə götürdüyü öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
12. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçının tələb etdiyi borc məbləği ilə bağlı tərəflər arasında hər hansı bir əqdin (müqavilənin) olmadığı və cavabdehin iddia tələbini qəbul etmədiyi bir vəziyyətdə, iddiaçı, cavabdehin onun qarşısında öhdəliyinin olması, o cümlədən iddiaçının cavabdehə pul verməsi və onun cavabdeh tərəfindən qəbul edilməsi, pul vəsaitinin məbləği, bu vəsaitin məhz borc kimi verilməsi, müddəti, şərtləri və s. əhəmiyyətli hallara dair sübutetmə vəzifəsi daşıyır. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir.
13. Məhkəmə iddiaçının təqdim etdiyi “watsapp yazışmaları”na münasibətdə qeyd etmişdir ki, əvvəla, yazışmalarda cavabdehin iddiaçıya hər hansı borcunun olması öz əksini tapmamışdır, iddiaçı yazıların məhz cavabdeh tərəfindən göndərilməsini sübuta yetirə bilməmiş, qeyd olunan yazışmaların aparıldığı ilkin mənbəni (telefonu) məhkəməyə təqdim etməmişdir.
14. Məhkəmə, iddia tələbinin “vəkillə bağlanmış müqavilə üçün ödənilmiş 325 manat pulun tutulub iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi təmin edilmədiyindən və iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə də əsassızdır və ona görə də təmin edilməməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 16.1, 386.1, 739.1, 739.2, 739.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair ## ###### 2018-ci il Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarına, Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə ## #### 2007-ci il tarixli, “Qavazov Bolqarıstana qarşı” işi üzrə ## #### 2008-ci il tarixli qərarlarına, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.1, 89.2, 95.1, 104.1, 104.3, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mülki iş birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Hakim iş materiallarını oxumamış, tərəfindən təqdim olunan vatsap yazışmalarını tədqiq etməmiş, ümumiyyətlə bu yazışmaları oxumamışdır. Hakim ümumiyyətlə mobil telefonu tələb etməmiş, əgər smslərin mötəbərliyinə şübhə edib, telefonu tələb etsə idi, bunu təqdim edərdi. Bundan əlavə, bu iş üzrə həmin hallar Xətai Rayon Məhkəməsinin *(****)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə araşdırılmış, bu sübutlara qiymət verilmişdir. Qətnaməni təqdim edib, mülki işin götürülüb tədqiq edilməsi barədə vəsatət versə də, hakim bu vəsatəti də təmin etməmişdir. Halbuki, həmin işin video görüntüsündə və protokolunda cavabdeh bu yazışmaların onun tərəfindən aparıldığını qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, təqdim edilmiş yazışmalarda tərəflər arasında olan borc münasibətləri təsdiq edilir. Iddiaçı qeyd edir ki, “mən 10.000 manatı uşaqlara görə verməmişdim. Məni onda aldatmısan, mən şübhələnirəm səndən”. Cavabdeh qeyd edir ki, “o pul uşaqlara xərcləndi”. Həmçinin, iddiaçı cavabdehə irad bildirir ki, niyə aylıq ödənişləri etmir. Bu artıq sübut edir ki, tərəflər arasında borc münasibətləri var. Cavabdehin buna etiraz etməməsi qeyd olunanları təsdiq edir. Tərəflər düşmən kimi deyillər, iddiaçı bu gün də istəyir ki, xanımla nikahı bərpa etsin.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı ona 10.000 manat borc verməyib. Iddiaçını tanıyan hər kəs bilir ki, o, pul xərcləyən insan deyil, onun aliment borcu belə var. Evlə bağlı məsələ də hal-hazırda Xətai Rayon Məhkəməsinin icraatındadır. Iddiaçı, ev, pul istəyərək təzyiq edir, guya barışmaq istəyir. Onlar 2019-cu ildən ayrı yaşayırlar. SMS-lər onlar boşanandan sonra yazılıb. Iddiaçı sonradan pulu onun boynuna qoymaq, bunları əlində dəlil etmək üçün edib. Onlar ayrı yaşadıqlarına görə uşaqların xərclərinə kömək edəndə pul göndərirdi və yaxud da kiməsə pul göndərmək lazım olanda göndərirdi ki, bu pulu həmin şəxsə ver. O, iddiaçıya mesajda yazmışdır ki, “sən kreditin pulunu göndərməmisən, mən sənə niyə krediti ödəməliyəm?!”
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, İddiaçı hazırki iddia tələbini belə əsaslandırır ki, birgə nikah dövründə yaşayarkən cavabdeh repetitorluq fəaliyyəti ilə məşğul olmaq üçün kredit götürüb ona verməyini xahiş etmişdir. Iddiaçı da “AcsessBank”-dan 10.000 manat məbləğində kredit götürüb cavabdehə borc vermişdir. Aylıq ödənişləri hər ay heç bir gecikmə olmadan şəxsən ödəmişdir. Cavabdehə bildirməsinə baxmayaraq, o, ödənişləri etməmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən kredit götürülmüş vəsaitin cavabdehə borc olaraq verilməsi və cavabdehin sözügedən məbləği iddiaçıya qaytarmaqla bağlı öhdəlik götürməsi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
28. Belə ki, iddiaçı mobil telefon vasitəsilə “Whatsap” tətbiqi üzərindən cavabdehlə aparılmış yazışmalarına istinad etsə də, sözügedən yazışmalardan tərəflər arasında borc münasibətlərinin mövcudluğu təsdiq edilmir. Həmin yazışmalarda iddiaçı dəfələrlə bank qarşısında olan kredit öhdəliklərinə istinad etsə də, cavabdeh tərəfindən həmin pulun ona verildiyi ilə bağlı etirafedici cavablar verilmir.
29. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
30. Kollegiya həmçinin qeyd edir ki, işdə olan qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmişdir ki, tərəflərin münasibətləri iddiaçı tərəfindən kredit götürülməzdən uzun müddət öncə pozulmuşdur. Belə olan halda iddiaçı tərəfindən yüksək məbləğdə vəsaitin borc olaraq cavabdehə verilməsi ağlabatan görünmür.
31. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: