Məhkəmə qərarları › İş №2(3-6)-1307/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1307/2026

28.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1307/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: evə köçürülmə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə və sair tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ##### 2025ci il tarixli, *-**-*/*-**-***/**** saylı arayışdan görünür ki, Cavabdeh və X4 arasında * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində ## ######## 2016-cı il tarixdə nikah bağlanmış və **** №-li akt qeydi tərtib edilmişdir.

2. Tərəflər 2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, X3 ərazisində Elçin Əzizov küçəsi ilə Ruslan Allahverdiyev küçəsinin kəsişməsində yerləşən özbaşına tikili olan fərdi yaşayış evini əldə etmişlər.

3. İddiaçı İddiaçı ## ###### 2025-ci il tarixədək həmin evdə yaşamışdır, lakin aralarında münaqişələr yaranmış və yaranan gərginlik nəticəsində bir yerdə yaşamaqları mümkünsüz olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə və s. tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən yaşayış massivi ərazisində, Elçin Əzizov küçəsi ilə Ruslan Allahverdiyev küçəsinin kəsişməsində yerləşən özbaşına tikili sayılan fərdi evə köçürülməsinin təmin olunması, fərdi evdən və evin həyətyanı sahəsindən istifadəsinə maneənin cavabdeh Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh ilə ## ######## 2016cı il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə * saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən qeydiyyat şöbəsində ## ######## 2016-cı il tarixli, **** №-li akt qeydi tərtib olunmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra bir ailə olaraq ilk vaxtlar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ümumi yaşayış binasında kirayədə yaşamışlar. Onlar 2018-ci ildə qardaşı X2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron City” şəhərciyində yerləşən yaşayış binasına köçmüşlər. 2020ci ildə qardaşı həmin mənzilini 50000 manata sataraq geniş şəraiti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən yaşayış massivi ərazisində, Elçin Əzizov küçəsi ilə Ruslan Allahverdiyev küçəsinin kəsişməsində yerləşən özbaşına tikili olan mübahisəli fərdi yaşayış evini 48000 manata onlar üçün almış, onlar da daimi yaşayış yeri olaraq həmin fərdi yaşayış evinə köçmüşlər. Fərdi tikilinin hüquq müəyyənedici sənədləri yoxdur. Cavabdeh və cavabdehin ondan öncəki nikahından olan övladı onu, qardaşının ona hədiyyə olaraq aldığı evdən qovaraq çıxarmışlar və onu, hamıdan çox onun haqqı olan evə buraxmırlar. Ev onun qardaşının puluna ona hədiyyə olaraq alınmış, evdə ona məxsus əşyaları – qızıl-zinət, geyim, cehiz əşyaları qalmışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələri Konstitusiyanın 43-cü maddəsinə geniş şərh verməklə hesab etmişlər ki, insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlər, o cümlədən özbaşına inşa olunan tikililər mənzil hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı iddiasının dəlilləri qeyd olunan halların hamısının mövcudluğunu təsdiq edir, o, köçmək istədiyi evdə yaşamış və yaşadığı evdən məhrum edilmişdir, eləcə də evin heç bir hüquq müəyyən edən sənədi yoxdur. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Köçürülməsini istədiyi fərdi ev qardaşının puluna alınmış evdir və istər tikilinin, istərsə də yerləşdiyi torpaq sahəsinin heç bir kəsin adına hüquq müəyyən edən sənədi yoxdur, yəni ev özbaşına tikilidir. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Məhz yuxarıda sadalananlara əsasən o, hesab edir ki, cavabdehin onu, özbaşına tikili sayılan, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən yaşayış massivi ərazisində, Elçin Əzizov küçəsi ilə Ruslan Allahverdiyev küçəsinin kəsişməsində yerləşən fərdi evə buraxmaması, evdən istifadəsinə imkan verməməsi ona qarşı edilən qanunsuz hərəkətlər kimi qiymətləndirilməlidir və bu kimi hərəkətlər cavabdehə, eləcə də digərlərinə (3-cü şəxslərə) qadağan edilməlidir. Qeyd edilən müddəalardan da göründüyü kimi ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Qanuna uyğun olaraq mediasiya sessiyasında iştirak etməlidir. Mediasiya prosesinin tətbiqi mümkün olmadıqda isə bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilərlər. O, hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən öncə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərindən çıxış edərək qarşı tərəfə təklifini göndərmiş, təklifi cavablandırılmadığından o, mediasiya sessiyasında iştiraka dəvət olunmuşdur. Lakin mediasiya sessiyasında iştirak cavabdehin gəlməməsi səbəbindən mümkün olmadığından bu barədə MŞB/16/2025-***** №-li, ## #### 2025-ci il tarixli arayış verilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddianın təmin edilməsi, iddiaçı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X3 ərazisində Elçin Əzizov küçəsi ilə Ruslan Allahverdiyev küçəsinin kəsişməsində yerləşən fərdi yaşayış evinə köçürülməsi və onun həmin fərdi yaşayış evindən və evin həyətyanı sahəsindən istifadəsinə yaradılan maneələrin cavabdeh Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İstər iddiaçı, istərsə də cavabdeh mübahisəli evdə əvvəllər normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq onların həmin evdə yaşamaq hüquqları vardır.

8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə (mənzilə) köçürülmə tələbinə dair olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir.

9. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı mübahisəli evdə (mənzildə) 2020-ci ildən yaşadığından mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ## ####### 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tətbiq edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25, 43, , Mülki Məcəllənin 6.1.1, 11.1, 11.2, 180, 228.5, Mənzil Məcəlləsinin 12.1, 12.2, 12.3, 13.2, 13.3, 30.1, 30.2, Mülki Prosessual Məcəllənin 13.4, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisəli ev iddiaçının qardaşının vəsaiti hesabına alınmamışdır. İddiaçı iddia ərizəsində qardaşı X2 fərdi yaşayış evini 48000 manata onlar üçün aldığını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Mübahisəli fərdi yaşayış evi 2020-ci il tarixdə alınmış və iddiaçı ilə cavabdeh həmin tarixdən etibarən mübahisəli yaşayış evində yaşamağa başlamışlar. Belə olan halda, hazırki mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsi deyil də, Mənzil Məcəlləsinin 30.4cü maddəsi tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi isə hər hansı bir səbəbdən Konstitusiya Məhkəməsinin qərarına məhəl qoymadan hazırki mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsinin tətbiq edərək, iddianı təmin etmişdir. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə ##.##.2025-ci il tarixdən xitam verilmişdir. İddiaçı həmin tarixdə mübahisəli yaşayış evini tərk etmişdir, cavabdehlə ailə münasibətlərinə faktiki xitam verilmişdir. Artıq 1 ildən çoxdur ki, tərəflər birgə təsərrüfat aparmırlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən isə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, “Abşeron City” yaşayış kompleksində yerləşən mənzil cavabdeh tərəfindən alınmış, lakin sənədləşdirmə zamanı problem olduğundan iddiaçının qardaşının adına rəsmiləşdirilmişdir. Tərəflər arasında nikahın pozulması tələbinə Ağdam Rayon Məhkəməsində baxılır, iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlmədiyindən, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

16. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29, III hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

25. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

26. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

27. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

28.Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 29.Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 30.Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 31.Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

39. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apelyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir.

44. İşin müəyyən edilmiş halı odur ki, tərəflərin birgə nikah dövründə - 2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, X3 ərazisində Elçin Əzizov küçəsi ilə Ruslan Allahverdiyev küçəsinin kəsişməsində yerləşən özbaşına tikili olan fərdi yaşayış evini əldə etmişlər və iddiaçı ## ###### 2025-ci il tarixinədək həmin evdə yaşamışdır. Ev statusu özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

45. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisəyə analogiya üzrə Mülki Məcəllənin 228 və Mənzil Məcəlləsinin 30-cu maddələrini tətbiq etmişdir ki, bu hal da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır.

46. Belə ki, həmin normalar istər birbaşa, istərsə analojiya üzrə tətbiq zamanı qeyri-bərabər statusa malik olan şəxslərin (o cümlədən mövcud və keçmiş ailə üzvalərinin) arasında yaranmış mənzil mübahisəsinin həllində tətbiq oluna bilər. Həmin işlərdə mübahisənin bir tərəfi mülkiyyətçi və ya ona bərabər tutulan şəxs (yaşayış sahəsinin sahibi), digər tərəfi isə həmin sahədən istifadə (istifadə etmək) hüququnu tələb edən şəxs çıxış edir. Hazırkı halda isə söhbət iki bərabər vəziyyətdə olan şəxsin - ər-arvadın mübahisəsindən gedir və onların nikahlarına xitam verilib-verilməməsinin mübahisənin həllinə təsiri yoxdur.

47. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evini iddiaçı ilə cavabdeh birgə nikah dövründə əldə etmiş və orada yaşamağa başlamışlar.

48. İddiaçı bildirir ki, həmin evi qardaşının vəsaiti hesabına almışlar, yəni qardaşı “Xırdalan Sity” yaşayış kompleksində onlara bağışladığı mənzili sataraq mübahisəli evi almışlar. Cavabdeh isə deyilənlərlə razılaşmır və bildirir ki, “Xırdalan Sity” yaşayış kompleksindəki mənzil iddiaçının qardaşının adına olsa da ona məxsus olmuş və o, həmin mənzili sataraq mübahisəli mənzili almışdır.

49. Qanunun tələbinə görə birgə nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın birgə vəsaiti hesabına əldə olunması ehtimal olunur və bunun əksini sübut etmək yükü onu iddia edənin üzərinə düşür.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin */**** nömrəli ## #### 2024-cü il tarixli “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarında göstərilmişdir ki, fərdi yaşayış evi özbaşına tikili olsa belə, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Göründüyü kimi, mübahisəli ev özbaşına tikili olsa da, fiziki obyekt olaraq özündə ər-

51. arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir və həmin evə münasibətdə tərəflərdən hər hansı birinin digərinə nisbətdə üstünlük hüququ yoxdur, ona görə də cavabdeh iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnu məhdudlaşdıra bilməz.

52. Kollegiya hesab edir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən yaşayış massivi ərazisində, Elçin Əzizov küçəsi ilə Ruslan Allahverdiyev küçəsinin kəsişməsində yerləşən özbaşına tikili sayılan fərdi evə köçürülməlidir.

53. İddianın digər hissələrinə münasibətdə kollegiya hesab edir ki, həmin hissədə iddia tələbləri təmin edilməməlidir.

54. Belə ki, cavabdeh tərəfindən yaradılan maneələr iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında əsaslandırılmamış, belə bir hal məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır.

55. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Həmçinin iddianın yönəldiyi, iddiaya cavab verməli olan şəxslərin - üçüncü şəxslərin kimlər olması qeyri-müəyyən olduğundan həmin hissədə də iddia tələbi təmin edilmə bilməz.

57. Məhkəmə xərclərinə gəldikdə kollegiya qeyd edir ki, iddia ərizəsinin verilməsnə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Cavabdeh məcburi köçkün olmaqla “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olunur.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4966/2025 nümrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə və sair tələbinə dair” iddiası qismən təmin edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə birgə nikah müddətində əldə etdikləri Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən yaşayış massivi ərazisində, Elçin Əzizov küçəsi ilə Ruslan Allahverdiyev küçəsinin kəsişməsində yerləşən özbaşına tikili sayılan fərdi evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar