Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1402/2026 10.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X4 cavabdeh X1 qarşı aliment öhdəliyinə xitam verilməsi və yaranmış aliment borcunun ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi x oğlunun katibliyi ilə, İddiaçı X4 cavabdeh X1 qarşı “aliment öhdəliyinə xitam verilməsi və yaranmış aliment borcunun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X4 cavabdeh X1 qarşı aliment öhdəliyinə xitam verilməsi və yaranmış aliment borcunun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia təmin edilməmişdir.
3. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.6. Apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.3. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. İş materiallarından müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, şikayətinə qanunla müəyyənləşdirilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Həmçinin, iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olunması üçün əsaslar iş materialları ilə müəyyən olunmamışdır.
7. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə isə iddiaçının tələbi aliment öhdəliyinə xitam verilməsi və yaranmış aliment borcunun ləğv edilməsi barədədir. Göründüyü kimi, hazırki tələblə bağlı iddiaçının qanunvericiliklə dövlət rüsumunun ödənilməsindən azad edilməsi nəzərdə tutulmamışdır.
8. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə almamış, verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda bunu etməmişdir.
9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
10. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər: