Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1462/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Həsənova Səbinə İlqarovnanın (Gasanova Sabina İlqarovna) cavabdeh Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun vəkili (nümayəndəsi) İbrahimov Qanqa Cavanşir oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) işin mübahisəsiz halları haqqında məlumat
1. * saylı “Asan Xidmət Mərkəzinin” nəzdində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən ##.##.2020-ci il tarixdə verilmiş AZ-IV seriyalı, ****** nömrəli “Doğum haqqında şəhadətnamədən görünür ki, iş üzrə tərəflər ##.##.2020-ci il təvəllüdlü Selinin valideynləridir.
2. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan sənədlərdən görünür ki, tərəflərin birgə nikahdan 1 uşağın doğulmasına baxmayaraq onların münasibətləri pozulmuşdur.
3. Tərəflər arasında Bakı * saylı Mediasiya təşkilatında ##.##.2025-ci il tarixdə aşağıda qeyd edilən məzmunda MŞB/*-***** nömrəli “Barışıq sazişi” bağlanmışdır: - Səbinə Həsənova və Cavabdeh aralarında bağlanmış nikahın əlavə vaxt verilmədən pozulmasına razılıq verirlər və nikahın pozulmasına etiraz etmirlər. - Cavabdeh onunla Səbinə Həsənovanın nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağın – Selinin nikahın pozulmasından sonra Səbinə Həsənovanın yanında saxlanılmasını razıdır və buna etiraz etmir. - Səbinə Həsənova uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aliment tələb etmir.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən gorunu ki, həmin qətnamə ilə hazırkı iş üzrə tərəflərin arasında ##.##.2020-ci il tarixdə bağlanmış nikahın pozulması və yetkinlik yaşına çatmamış Selinin anasının yanında saxlanılması qət edilmişdir. b) birinci instansiya məhkəməsində icraat haqqında məlumat
5. İş üzrə iddiaçı Səbinə Həsənova cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Selinin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, bu günədək o, qızının maddi ehtiyaclarının ödənilməsində iddiaçı ilə birlikdə iştirak edərək, onun saxlanılmasının zəruri xərclərini çəkmiş, bundan sonra da valideyn olaraq üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirəcək. Lakin, ondan məhkəmə qaydasında aliment tutulmasına etiraz edir. Çünki, iddiaçı, onların arasında mediasiya təşkilatında bağlanmış “Barışıq sazişi” ilə üzərinə öhdəlik götürmüşdür ki, uşağın saxlanılması üçün ondan aliment tələb etməyəcək. “Saziş” hazırda da qüvvədir. Həmin sazişin təsdiq olunması üçün o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmiş, iddia ərizəsi icraata qəbul edilmiş və yaxın günlərdə baxılacaqdır (iş № *(5-104)-1208/2026) “Saziş” qüvvədə olduğundqan hazırkı iddia üzrə mülki icraatına xitam verilməlidir.
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2020-ci il təvəllüdlü Selinin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,65 misli miqdarında alimentin tutulmasını və qətnamənin dərhal icra edilməsini qət etmişdir.
8. Rayon Məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli “Barışıq sazişinin” şərtlərindən birinə əsasən iddiaçının cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələb etməməsi, onun uşaq yetkinlik yaşına çatanadək uşağın saxlanılmasında iştirak etməyən valideyndən aliment tələb etmək hüququnu aradan qaldırmır. Məhkəmə uşağın yüksək mənafeyini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, uşağın saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,65 misli miqdarında (hazırda: 400 manat x 0,65 = 260 manat) aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. c) apellyasiya şikayəti haqqında məlumat
9. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağın qayda və forması barədə müstəqil razılığa gələrək, bu barədə saziş bağlaya bilərlər. Hazırkı iş üzrə tərəflər də, həmin hüquqdan istifadə edərək, “Saziş” bağlamış və digər məsələlər ilə yanaşı aliment məsələsini də həll etmiş, iddiaçı alimentdən imtina etmişdir. “Saziş” qüvvədə olduğu halda isə iddiaçı “Sazişin” şərtlərini pozaraq alimentin ödənilməsini cavabdehdən tələb edir. İşə baxmış Rayon Məhkəməsi isə bunları nəzərə almamışdır. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı haqqında məlumat
11. Apellyatorun – cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
12. İş üzrə iddiaçı apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Buna görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələblərini nəzərə almış Məhkəmə işə iddiaçının iştirakı olmadan baxmışdır. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının tələlərinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur (maddə 17.). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34; bənd 4.).
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar (maddə 5.). Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür (maddə 8.). Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (maddə 13.). Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (maddə 19.).
16. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
17. Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.).
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında, o cümlədən Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2016-cı il tarixli qərarında dəyişikliklər olunmuşdur. (##.##.2024-cü il tarixli qərarında) Plenumun müəyyən etdiyi məhkəmə təcrübəsinə görə, uşağın (uşaqların) yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödənilməli olan şəxsdən aliment almalı olan şəxsin xeyrinə aliment tutularkən məhkəmələr tutulmalı olan alimentin məbləğini iş üzrə qətnamə qəbul edilən zaman həmin il üçün müəyyən edilmiş minimum əmək haqqının müəyyən misli həddində müəyyən etməlidir.
19. Cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə Məhkəmə qeyd edir ki, tərəflər arasında mediasiya təşkilatında bağlanmış ##.##.2025-ci il tarixli “Barışıq sazişinin” alimentdən imtina ilə bağlı şərtinə gəldikdə isə aşağıdakılar qeyd edilməlidir: 19.1. Bu kimi şərtin razılaşdırılması və qüvvədə olması o demək deyil ki, alimentdən imtina etmiş iddiaçı daha sonra alimentin ödənilməsinə ehtiyacın yaranmasını nəzərə alaraq alimentin tutulması ilə bağlı tələb irəli sürə bilməz. İddiaçı bu kimi tələbi irəli sürə bilər. Çünki, aliment məsələsi hər hansı bir qaydada “Saziş” ilə deyil, hətta məhkəmə qətnaməsi əsasında həll edilmişdirsə, valideynlər, aliment ilə bağlı aralarında yarana biləcək mübahisələrin həlli ilə bağlı yenidən məhkəməyə müraciət edə bilərlər. 19.2. Digər tərəfdən qeyd edilməlidir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulmasından imtina mediasiya təşkilatında bağlanmış “Barışıq sazişi” ilə həyata keçirilmişdirsə belə, bu imtina məhkəmədə baxılan tələbdən imtina kimi qiymətləndirilməlidir. Bu məsələyə qanunun analogiya üzrə tətbiqindən yanaşdıqda müəyyən edilir ki, əgər iddia tələbindən imtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozursa, məhkəmə bu kimi imtinanı qəbul edə bilməz. Buna görə də, Məhkəmə hesab edir ki, aralarında bağlanmış “Barışıq sazişinin” mövcud olmasına baxmayaraq iddiaçı cavabdehə qarşı alimentin tutulması ilə bağlı iddianı irəli sürməkdə haqlı olmuşdur. 19.3. Bundan başqa qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Qeyd edilən maddənin mənasından başa düşülür ki, uşağın saxlanılması ilə bağlı alimentin məhkəmə qaydasında tutulması o halda həyata keçirilir ki, alimentin ödənilməsi ilə bağlı valideynlər arasında saziş olmasın. Başqa sözlə, bu normada qeyd edilən “saziş” ifadəsi “alimentin tutulmasından imtina haqqında sazış” demək deyil. Belə olan halda da müəyyən edilir ki, aralarında bağlanmış “Barışıq sazişinin” mövcud olmasına baxmayaraq iddiaçı cavabdehə qarşı alimentin tutulması ilə bağlı iddianı irəli sürməkdə haqlı olmuşdur.
20. Bununla da müəyyən edilir ki, Rayon Məhkəməsi iddiaçı ilə cavabdeh arasında mediasiya qaydasında bağlanmış və hazırkı qətnamənin 3-cü bəndində qeyd edilmiş “Barışıq sazişinin” mövcud olmasına baxmayaraq iddiaçının cavabdehə qarşı irəli sürdüyü “aliment tələbi haqqında” iddianı icraata götürüb baxmaqda və bu iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır.
21. İş üzrə cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğinə toxunmasa da, Məhkəmə, qətnamənin əsaslılığını tam həcmdə yoxladığı üçün həm də onun da qeyd edir ki, Azərbaycan Respublikasında 2026-cı ildə uşaqlar üçün yaşayış minimumunun məbləği 260 manat, minimum əmək haqqının məbləği isə 400 manat müəyyən edilmişdir. Bu məbləğlərə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqedən yanaşdıqda müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi bir uşağa görə cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan alimenti sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli miqdarında ((400 x 0,65=) 260 manat) müəyyən etməkdə haqlı olmuşdur.
22. Rayon Məhkəməsinin müəyyən etdiyi alimentin məbləği isə uşağın həmin hüququnu qanunla müəyyən edilmiş minimum həddə təmin edir. f) apellyasiyanın nəticəsi
23. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinə əsasən apellyatorun özünə aid edilməlidir.
26. Məhkəmə qeyd edir ki, cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı qətnamənin cavabdehin narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti (260 manat x 12 ay=) 3.120 manat təşkil edir.
27. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı da hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki onun təmin edilməmiş tələbi yoxdur.
28. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.