Məhkəmə qərarları › İş №2(3-6)-1487/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1487/2026

26.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1487/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilham qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından ## #### 2016-cı ildə doğulmuş X4 və ## ###### 2017-ci ildə doğulmuş X5 üçün hər ay sabit pul məbləği şəklində hər uşaq üçün 246 (iki yüz qırx altı) manat aliment məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi, aliment ödənilərkən hər il üzrə Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilən yaşayış minimumu məbləğinin nəzərə alınması və alimentin uşaqların iddiaçı ilə yaşamağa başladığı – ## #### 2024-cü il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2014-cü ildə rəsmi nikaha girib ailə həyatı qurmuş, birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları (## #### 2016-cı il təvəllüdlü X4 və ## ###### 2017-ci il təvəllüdlü X5) vardır. Nikahları məhkəmə qaydasında pozulmuş, uşaqların cavabdehin yanında saxlanılmışdır. Ötən illər ərzində nəinki alimentin ödənilməsi, uşaqlara aid bütün, ən kiçik xərclər belə yalnız iddiaçı tərəfindən qarşılanmış, hər həftə (bəzən həftə ərzində bir neçə dəfə) uşaqları ilə görüşmüş, dərsləri ilə maraqlanmış, təhsilləri üçün əlavə repititorlar tutmuşdup və s. ##.##.2024-cü il tarixində cavabdeh külli miqdarda (340.000 manat, seyf oğurluğu) oğurluqda şübhəli bilinərək tutulmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan ##.##.2024-cü il tarixdə məlumat almış dərhal cavabdehin yaşadığı ünvana gedərək bir valideyn olaraq öz öhdəliklərini yerinə yetirmək üçün uşaqları oradan götürmüşdür. Həmin tarixdən bugünə qədər uşaqlar iddiaçı ilə birgə yaşayır. 2024-cü ilin iyul ayında Nəsimi Rayon Məhkəməsində uşaqların atanın himayəsinə verilməsi və cavabdehin (ananın) valideynlik hüququndan məhrum edilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş (baş verən hadisələrdən sonra uşaqlarla bağlı sonradan öyrəndiyi məlumatlar və uşaqların dediyi çoxsaylı zorakılıq, baxımsızlıq və nəzarətsiz qalmaları ilə bağlı faktlar bu müraciətin əsas səbəbi olmuşdur), ##.##.2025-ci il tarixində Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, uşaqlar atanın himayəsinə verilmişdir. ##.##.2025- ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli hökmü ilə cavabdeh 5 il müddətə azadlıqdan məhrum edilmişdir. Iddiaçı hesab edir ki, inflyasiya rəqəmlərinin və minimum tələbat mallarının yüksək olduğu hazırkı dövrdə bir uşaq üçün minimum 246 manat aliment məbləğinin müəyyən edilməsi ədalətli qərar olardı. Çünki hazırda cavabdehlə birgə nikahlarından olan uşaqlardan birinin 9, digərinin 8 yaşı vardır. Hər iki uşaq orta təhsil müəssisəsində təhsil alır. Bu o deməkdir ki, hər iki uşağın ərzaq və geyim xərcləri ilə yanaşı, tibbi təminat, təhsil nəqliyyat, istirahət və digər xərcləri də mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Günay Abidova) iddia təmin olunmamışdır. Iddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, tam və hərtərəfli araşdırmanın aparılmaması, cavabdehin həbsdə olmasına baxmayaraq, milli və beynəlxalq qanunvericliyin tələbləri, eyni zamanda formalaşmış vahid məhkəmə təcürbəsi baxımından onun hər hansı səbəbdən övladlarını saxlamaq vəzifəsindən azad olunmaması, cavabdehin bir valideyn kimi aliment ödəməyə borclu olması, qanunvericiliklə nəzərədə tutulmuş qaydada cavabdehin cəzaçəkmə müəssisəsində işləyərək müəyyən qazanc əldə etmək imkanının olması, birinci instansiya məhkəməsinin qeyd olunan halları nəzərə almaması və s. göstərilmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində və şikayətdə göstərilənlərə, həmçinin birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin barəsində çıxarılmış hökm qanuni qüvvəsini almamış, cavabdeh barəsində azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hazırda o cəzaçəkmə müəssisəsində saxlanırılır. Bu hal cavabdehin aliment ödəməməli olması mənasını ifadə etməməlidir. Çünki, onun cəzaçəkmə müəssisəsində əməyə cəlb olunmasının mümkünlüyü qanunvericlikdə öz əksini tapmışdır. Ümumiyyətlə cavabdeh valideyn kimi borcunu yerinə yetirməli, onların saxlanması üçün lazımi dəstəyini göstərməldir. Həmçinin, iddiaçının maddi vəziyyəti, himayəsində valideynlərinin də olması, uşaqların maddi tələbatının yüksək olması, cavabdeh tərəfindən ona maddi dəstəyin olunması və s. bu kimi hallar nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışında iştirak edən cavabdeh (cavabdehin məhkəmə baxışında iştirak etməsi barədə xahişinə əsasən çəzaçəkmə müəssisəsindən etap olunmuşdur) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, o törətdiyi cinayətə görə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəyə minmiş, hazırda qadınlar üçün müvafiq cəzaçəkmə müəssisəsində cəza çəkir. Həbs olunun günədək uşaqları onun yanında qalmış, onların təlabatlarını ödəməyə çalışmışdır. Hazırda saxlanıldığı müəssisədə bəzi məhkumlar müəyyən işlərlə (toxuculuq və s.) təmin olunsa da, o bu işlərə cəlb olunmamışdır. Mülkiyyətində hər hansı əmlakı yoxdur, iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı çatmır. Lakin, saxlanıldığı müəssisədə işlə təmin olunarsa əldə etdiyi qazanca uyğun olaraq aliment ödəməyə etirazı yoxdur. HÜQUQI MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Qeyd edilməlidir ki, tərəflərin ## ####### 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaları, birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqlarının (## #### 2016-cı il təvəllüdlü X4 və ## ###### 2017-ci il təvəllüdlü X5) olması, nikahlarının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qətnaməsi ilə pozulması, uşaqların cavabdehin (ananın) yanında saxlanılması, lakin cavabdehin Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2024-cü il tarixdən hesablanması, hökmün qanuni qüvvəsini alması, uşaqların 2024-cü ilin iyun ayından etibarən iddiaçının yanında qalması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə ##.##.2016-cı il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 ataları İddiaçı himayəsinə verilmələri qət olunmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, hər uşaq üçün 246 manat sabit pul miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə hazırda cəzaçəkmə müəssisəsində saxlanılmasını, iddia olunan pul vəsaitini ödəməyə imkanının olmamasını bildirərək iddiaya etiraz etmişdir. Işə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini - cavabdehin hazırda cəzaçəkmə müəssisəsində olması, obyektiv olaraq real qazanc əldə etmək imkanında olmaması, alimentin tutulması barədə qətnamənin real olaraq icrasının mümkün olmaması, əks halın aliment ödəmək öhdəliyinin borc kimi yığılmasına və icra edilməməsinə səbəb olacağı, iddiaçının işləməsi və uşaqlarının təminatlarını qarşılamaq üçün gəlirinin olması kimi əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının * saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-nin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. AM-nin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli *- */**** nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Qanunvericliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi valideynlər uşaqlarını saxlamağa, mümkün bütün qanuni vasitələrlə onların təlim-tərbiyəsi ilə məşğul olmağa, eyni zamanda uşaqların maddi rifahını mümkün qədər yüksək saxlamağa borcludur. Hazırda iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tələb etsə də, birinci instansiya məhkəməsi cavabdehin başqa gəlirinin olmamasını, eyni zamanda onun işləməsi üçün obyektiv şəraitin olmamasını (həbsdə olması və s.) və s. qeyd edərək iddianı rədd etmişdir. Halbuki, Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 95.1-ci maddəsinə əsasən hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər. Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində müdiriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər. Cəzaçəkmə müəssisələrində təsərrüfat və məişət işlərinə cəlb edilmiş məhkumların sayı müəssisədə cəza çəkməsi nəzərdə tutulan məhkumların sayının on faizindən çox ola bilməz. Məhkumların əməyindən istifadə edilməsinə icazə verilməyən işlərin siyahısı cəzaçəkmə müəssisələrinin X7 ilə müəyyən edilir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən, məhkumların əmək haqqından gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlər tutulur. Icra vərəqəsinə və başqa icra sənədlərinə görə tutulmalar qalan məbləğdən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məhkumun qazancının bütün məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 2-ci bəndinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından aliment tutularkən bu qazancdan gəlir vergisinin, məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlərin tutulması Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46951" \o "Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsi"Cəzaların Icrası Məcəlləsinin 99cu maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzaçəkmə müəssisələrində əmək fəaliyyətinə cəlb olunurlar. Qanunverici məhkumların yaşını, əmək qabiliyyətini, sağlamlıq vəziyyətini və digər halları nəzərə almaqla onların faydalı əməyə cəlb edilməsini cəzaçəkmə müəssisəsinin müdiriyyətinin vəzifəsi kimi müəyyən etmişdir. Bundan əlavə, məhkumların müəssisə daxilində fərdi əməklə məşğul olmaları da qanunla istisna edilməmişdir. Bu baxımdan, şəxsin azadlıqdan məhrumetmə cəzası çəkməsi özlüyündə onun gəlir əldə etmək imkanının tamamilə aradan qalxmasını göstərmir. Həmçinin məhkumların qazancından gəlir vergisi, sosial sığorta haqları və digər məcburi ödənişlərlə yanaşı, icra sənədləri üzrə tutulmaların da aparılması da birbaşa nəzərdə tutulmuşdur. Hətta qanunverici yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin məhkumun qazancının bütün məbləğindən hesablanacağını xüsusi qaydada müəyyən etmişdir. Bu norma məhkumun aliment öhdəliyinin azadlıqdan məhrum edilmə səbəbindən aradan qalxmamasını və onun əldə etdiyi qazanc hesabına aliment ödəməli olduğunu açıq şəkildə təsdiq edir. Belə olan halda, cavabdehin həbsdə olması aliment tələbinin rədd edilməsi üçün müstəqil və yetərli əsas hesab edilə bilməz. Məhkəmə cavabdehin əmək qabiliyyətini, cəzaçəkmə müəssisəsində əmək fəaliyyətinə cəlb olunmaq və qazanc əldə etmək, həmçinin gələcəkdə aliment öhdəliyinin icra perspektivlərini nəzərə almalı idi. Əks yanaşma valideynin azadlıqdan məhrum edilməsi faktını uşaqların saxlanılması üzrə konstitusion və qanuni vəzifədən yayınma vasitəsinə çevirmiş olar ki, bu da ailə qanunvericiliyinin məqsədlərinə və uşaqların üstün mənafelərinin qorunması prinsipinə uyğun gəlmir. Çünki, valideynin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi ailə hüququndan irəli gələn fundamental öhdəlikdir və bu vəzifə valideynin azadlıqdan məhrum edilməsi faktı ilə aradan qalxmır. Valideynlik hüquq və vəzifələri şəxsin hüquqi statusundan deyil, valideyn və uşaq arasında mövcud olan ailə-hüquq münasibətlərindən qaynaqlandığından, valideynin cəzaçəkmə müəssisəsində olması onun uşaqların saxlanılmasında iştirak etmək öhdəliyinə xitam vermir. Əks yanaşma uşaqların maddi təminat hüququnun əsassız şəkildə məhdudlaşdırılması ilə nəticələnərdi. Bundan əlavə, aliment öhdəliyi ilk növbədə uşağın mənafeyinin qorunmasına xidmət edir və valideynin şəxsi vəziyyətindən asılı olmayaraq uşağın saxlanılması üçün zəruri vəsaitin təmin edilməsinə yönəlmişdir. Valideynin azadlıqdan məhrum edilməsi onun uşaqlar qarşısındakı məsuliyyətini aradan qaldırmadığı kimi, aliment öhdəliyindən də azad etmir. Buna görə də, şəxsin həbsdə olması aliment tələbinin rədd edilməsi üçün müstəqil əsas sayıla bilməz və bu hal yalnız alimentin ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsində nəzərə alına biləcək hallardan biri kimi qiymətləndirilə bilər. Eyni zamanda digər valideynin işləməsi halı da vəziyyəti dəyişdirmir. Bu hal alimentin həcminin müəyyən edilməsi zamanı nəzərə alına bilər. Məhz bu hal, eləcə də işin yuxarıda qeyd edilənlər nəzərə alınmaqla Kollegiya hesab edir ki, hazırki vəziyyətdə alimentin miqdarının sabit pul məbləğində hər uşaq üçün 246 manat müəyyən olunması işin faktiki halları və qanunvericiliyin tələbləri ilə tam uzlaşmamaqla ədalətli sayıla bilməz. Qeyd edilməlidir ki, AM-nin 76-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan iki uşaq üçün aliment valideynin qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulur. Qanunverici aliment öhdəliyinin müəyyən edilməsində ilk növbədə valideynin faktiki qazancını və digər gəlirlərini əsas meyar kimi qəbul etmişdir. Işin hallarından göründüyü kimi, cavabdeh azadlıqdan məhrum etmə növündə cəza çəkir və onun əmək fəaliyyətini sərbəst şəkildə həyata keçirmək imkanları məhdudlaşmışdır. Bununla belə, cavabdehin cəzaçəkmə müəssisəsində əmək fəaliyyətinə cəlb olunması və qazanc əldə etməsi qanunla mümkündür. Bu səbəbdən alimentin onun faktiki əldə etdiyi (edəcəyi) əmək haqqının və digər gəlirlərinin üçdə bir hissəsi miqdarında müəyyən edilməsi qanunun ümumi qaydasına daha uyğundur. Digər tərəfdən, hər bir uşaq üçün sabit pul məbləğində 246 manat aliment müəyyən edilməsi cavabdehin faktiki gəlir əldə etmədiyi və ya gəlirinin həmin məbləğdən əhəmiyyətli dərəcədə az olduğu hallarda icrası obyektiv cəhətdən mümkün olmayan öhdəliyin yaranmasına səbəb ola bilər. Alimentin təyini zamanı uşaqların mənafeləri ilə yanaşı, ödəyicinin real maddi imkanları, gəlir əldə etmək imkanları və işin konkret halları arasında ədalətli tarazlıq qorunmalıdır. Buna görə də mövcud şəraitdə alimentin sabit pul məbləğində deyil, cavabdehin əldə etdiyi əmək haqqının və digər gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulması daha əsaslı və mütənasib hüquqi həll hesab edilə bilər. Bununla yanaşı, alimentin tutulmasının əvvəli AM-nin 100.2-ci maddəsinə əsasən iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni ## ###### 2025-ci il tarixdən hesablanmalıdır. Iddiaçı alimentin ## #### 2024-cü il tarixdən (cavabdehin həbsi ilə əlaqədar uşaqların faktiki onun yanında qaldığı vaxtdan) hesablanmalı olmasını iddia etsə də, Kollegiya bununla razılaşmır. Belə ki, AM-nin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, qanunverici o halda əvvəlki dövr üçün alimentin tutulması imkanını tanımışdır ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması halı müəyyən edilmiş olsun və iddiaçı bu barədə məhkəməyə müvafiq sübutlar təqdim etmiş olsun. Lakin iddiaçı bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddianı həmin hissədə əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı, “X1rşı” iş üzrə ## ####### 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, bu səbəbdən də, qətnamə orada göstərilən nəticələrin işin hallarına uyğun olmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2016-cı il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ## ###### 2025-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutularaq iddiaçı İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin qeyd edilməlidir ki, MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Işdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2016-cı il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ## ###### 2025-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, iddiaçı İddiaçı verilsin, iddia qalan hissədə təmin olunmasın. Alimentin tutulması hissəsində qətnamədə dərhal icra edilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar