Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-151/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(3-6)-151/2026 (Açar sözlər: müqavilənin ləğvi; borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 oğlundan ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabadehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(005)-2212/2025 nömrəli 03 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2024-cü il tarixli, 5228 saylı Əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən görünür ki, “Satıcı” "xxxx" MMC 15056,1 manat dəyərində KMHCU41DBCU226425 şassi nömrəli, 2012-ci il buraxılışlı, “Hyundai Accent” minik markalı avtomobili “Alıcı” Cavabdeh satmışdır.
2. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Hyundai Accent” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHCU41DBCU226425 şassi nömrəli, qara rəngli, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh təhvil verilmişdir, nəqliyyat vasitəsinin heç bir nasazlığı yoxdur.
3. Kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən “Hyundai Accent” markalı avtomobilin nisyə alqı-satqısı üzrə onun 15056,1 manat dəyəri 46 ay ərzində, hər ay 314 manat olmaqla ödənilməlidir.
4. Maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında yenidən bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən avtomobil üçün 15056,13 manat ödəniş edilməli olduğu halda, Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.
5. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 5228 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 18775, 93 manat borcunun olması barədə xəbərdar edilmiş, 10 iş günü ərzində göstərilən məbləğ ödənilməzsə, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı müqavilənin ləğv edilməsi, müqavilə predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbindən dəymiş zərərin əvəzi kimi 23027,13 manat əsas borc və dövlət rüsumu qismində ödənilmiş 159,08 manat vəsait olmaqla, cəmi 23186,21 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, onların əsas fəaliyyəti avtomobillərin alqı satqısı ilə məşğul olmaqdır. Cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 1740 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətində olan “Hyundai Accent” markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHCU41DBCU226425 şassi nömrəli, qara rəngli, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin ödəniş 6000 manat olmaqla, 36 ay müddətinə, hər ay üzrə 580 manat ödəniş etməklə, 23847,25 manata satılmışdır. Müqavilə üzrə cavabdeh avtomobil üçün ilkin ödəniş 6000 manat olmaqla, 24 ay müddətinə, hər ay üzrə 580 ödəniş olunmaqla, cəmi 19920 manat pul vermiş, lakin xx.xx.2020-ci il tarixdən sonra ona heç bir ödəniş etməmişdir. Onunla cavabdeh arasında yenidən bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı nisyə alqısatqı müqaviləsinə əsasən onun mülkiyyətində olan həmin avtomobil 48 ay müddətinə, hər ay üzrə 314 manat ödəniş etməklə, 15056,13 manata satılmışdır. Lakin cavabdeh xx.xx.2024-cü il tarixdən ona heç bir ödəniş etməmiş, beləliklə 15056,13 manat məbləğində əsas borcu qalmışdır.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı müqavilənin ləğv edilməsi, müqavilə predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbindən dəymiş zərərin əvəzi kimi 15056,13 manat əsas borc olan pulun və dövlət rüsumu qismində ödənilmiş 159,08 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair növbəti ərizə təqdim edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı müqavilənin ləğv edilməsi və müqavilə predmeti olan avtomobilin əvəzi kimi 15056,13 manat əsas borcun və dövlət rüsumu qismində ödənilmiş 159,08 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2212/2025 nömrəli 03 sentyabr 2025-ci il tarixli qətnaməsi (hakim Ramin Quliyev) ilə iddia təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2024-cü il tarixli, 5228 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2024-cü il tarixli, 5228 saylı nisyə alqı-satqı müqaviləsinin predmeti olan avtomobilin əvəzi kimi 15056,13 manat əsas borc və dövlət rüsumu qismində ödənilmiş 159,08 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçıdan aldığı malın qarşılığını ona ödəməmişdir. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmalı, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Avtomobilin dəyərinin ödənilməsini sübut etmək yükünü cavabdeh daşıyır, hazırki iş materiallarında isə belə bir sübut mövcud deyildir, həmçinin cavabdeh məhkəmə iclasları barədə dəfələrlə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, bu halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh müqavilə əsasında iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, iddiaçı müqavilədən birtərəfli imtina iradəsini cavabdehə yazılı şəkildə, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu vasitəsilə bildirmiş hesab edilir. Bu isə, müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 329.2, 385.1, 386.1, 421.3, 442, 447, 600.1, 600.5, 601, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin iştirakı olmadan məhkəmə iclası keçirmiş, təkcə iddiaçı tərəfinin izahatları ilə kifayətlənmiş, bununla da qətnamə qəbul etmişdir. Həmin avtomobil cavabdehə 08 may 2018-ci il tarixli, 1740 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Həmin müqavilə üzrə o, 19920 manat pul ödəmişdir. 2020-ci ilin iyun ayında avtomobil qəzaya uğramış, elə həmin vaxtdan da əzik və istismara yararsız vəziyyətdə Samux rayonunda qalmışdır. Maddi imkansızlıq üzündən avtomobili hələ də təmir edə bilməmişdir. Həmin vaxtdan müqavilə üzrə ödənişləri də həyata keçirə bilməmişdir. İndiki müqavilə yığılıb qalmış borcun yeni qrafik üzrə ödənilməsi məqsədilə tərtib edilmişdir. İddia ərizəsində də, məhkəmə iclasında verdiyi izahatda da iddia tərəfi göstərir ki, avtomobil ona 23847,25 manata satılmış, həmin məbləğdən 19920 manatı ödəmişdir. Belə olan təqdirdə onun borcu 3927,25 manat təşkil etməlidir. 2020-ci ilin iyun ayından bu günə qədər olan müddətdə avtomobil sürülməmişdir. Belə ki, ödəniş etmədiyi üçün ona etibarnamə verilməmişdir. O, iddiaçı tərəfinə avtomobili geri götürmələrini dəfələrlə təklif etsə də, razılaşmamışlar. İddiaçı ona borc pul verməyib ki, indi həmin məbləği geri tələb etsin. Müqavilənin predmeti avtomobildir, ona görə də müqavilə ləğv olunan təqdirdə həmin avtomobil geri qaytarılmalıdır. Yaxud da bu mümkün olmadıqda, ödədiyi 19920 manat məbləğində pul çıxılmaqla, avtomobilin dəyərinin qalan hissəsi qaytarılmalıdır. Çünki həmin avtomobil indi də iddiaçının mülkiyyətindədir. Müqavilənin 2.1-ci maddəsində göstərilir ki, satılan avtomobil alıcıya təhvil verilən zaman istifadəyə tam yararlıdır. Eləcə də 13 avqust 2024-cü il tarixli təhvil-təslim aktında da göstərilir ki, avtomobilin heç bir nasazlığı yoxdur. Bu səbəbdən də avtomobilə 11855,9 manat qiymət qoyulub. Əslində isə həmin vaxt avtomobil qəzalı vəziyyətdə, yararsız halda olmuşdur. Bu halları da məhkəmə araşdırmamışdır. Əgər iddiaçı ona saz vəziyyətdə avtomobil təhvil vermişdirsə, onda avtomobilin sonuncu texniki baxışı barədə sənəd təqdim etsin.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahış etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır.
20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
21. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
22. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 23.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
25. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 26.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 27.Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 28.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 29.Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 30.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 31.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 32.Maddə 458.1. ... Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 33.Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 34.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
35. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 36.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 37.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən edilməlidir.
45. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında 08 may 2018-ci il tarixdə 1740 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı mülkiyyətində olan avtomobili ilkin ödəniş 6000 manat olmaqla, 36 ay müddətinə, hər ay 580 manat ödəmək şərti 23847,25 manata cavabdehə satmışdır. Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq 19920 manat ödəniş etmiş, lakin 08 iyun 2020-ci il tarixindən ödənişləri dayandırmışdır.
46. Göstərilən hal cavabdeh tərəfindən də mübahisələndirilmir və buna görə də bu xüsusat işin mübahisələndirilməyən halı hesab olunur.
47. Sonradan tərəflər arasında eyni predmet barədə 18 sentyabr 2024-cü il tarixli 5228 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə cavabdeh 48 ay müddətinə, hər ay 314 manat ödəniş etməklə, müqavilə predmetinin dəyəri olan 15.056,13 manat ödəməyi öhdəsinə götürmüşdür.
48. İş materiallarına əlavə edilmiş 18 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktına görə nəqliyyat vasitəsi həmin tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
49. Lakin cavabdeh apellyasiya şikayətində və məhkəmə iclasında onun vəkili nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi keçirdikdən sonra yararsız vəziyyətdə olduğunu, maddi vəziyyəti yaxşı olmadığından onu təmir edə bilmədiyini və müqavilə üzrə ödənişləri həyata keçirə bilmədiyini, buna görə iddiaçıdan avtomobili geri götürməyi tələb etdiyini qeyd etmişdir.
50. İddiaçının nümayəndəsi isə 18 sentyabr 2024-cü il tarixli müqavilənin bağlanması əsasını belə izah etmişdir ki, birinci müqavilə üzrə cavabdehin qrafik üzrə 6960 manat borcu qalmış və əlavə olaraq 4 il ərzində ödəniş etmədiyi tarixlər üçün də cərimə hesablanaraq, ümumi borc məbləği 18 sentyabr 2024-cü il tarixli müqavilədə avtomobilin dəyəri kimi 15.056,13 manat qeyd olunmuşdur.
51. Göründüyü kimi, 18 sentyabr 2024-cü il tarixdə cavabdehə avtomobil satılmamışdır, ikinci müqavilə 08 may 2018-ci il tarixli müqavilə üzrə cavabdehin borclu qaldığı məbləğin və həmin müqavilə üzrə hesablanan cərimələrin qaytarılmasının təminatı məqsədini daşımışdır.
52. Tərəflər arasında 18 sentyabr 2024-cü il tarixli müqavilə üzrə avtomobil alqı-satqısına yönəldilmiş iradə ifadəsi mövcud deyil. Belə olan halda isə qanunun tələbinə görə əqdin özü mövcud deyil.
53. Odur ki, iddiaçı mövcud olmayan əqdin ləğvini və həmin əqd üzrə öhdəliyin icrasını tələb edə bilməz.
54. Hazırki işin hallarından da göründüyü kimi, tərəflər nəqliyyat vasitəsinin nisyə alqısatqısına dair 08 may 2018-ci tarixdə müqavilə bağlamışlar. Eyni nəqliyyat vasitəsinin nisyə alqı-satqısına dair təkrar 18 sentyabr 2024-cü il tarixdə yeni müqavilə bağlanmışdır. Kollegiya qeyd edir ki, 2018-ci ildə müqavilə ilə tərəflərin iradə ifadəsi bəyan edilmiş, nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində qalmaqla cavabdehin istifadəsinə verilmiş, sonuncu 2 il ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır.
55. İddiaçı hazırda 2024-cü ilə dair nəqliyyat vasitəsinin cavabdehə təhvil verilməsi barədə akt təqdim edir. Kollegiya qeyd edir ki, nəqliyyat vasitəsi onsuz da cavabdehin faktiki sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh özü də nəqliyyat vasitəsinin 2020-ci ildə qəza keçirdikdən sonra yararsız vəziyyətə düşdüyündən hazırda ondan istifadə edilmədiyini bildirir. Buna baxmayaraq iddiaçı akt tərtib edərək nəqliyyat vasitəsində heç bir nasazlıq olmadığını qeyd etmişdir.
56. Göründüyü kimi, tərəflər arasında ikinci müqavilə bağlandıqda əvvəlki müqavilə qüvvədə olmuş, iddiaçı müqaviləni tam, cavabdeh isə qismən icra etmişdir.
57. Bağlanmış ikinci müqavilədə avtomobilin dəyəri 15056,1 manat göstərilmişdir. Əvvəlki müqavilədə isə həmin dəyər 23847,25 manat müəyyən edilmişdir.
58. Apellyasiya icraatında iddiaçının nümayəndəsi birinci müqavilə üzrə cavabdehin 19420 manat ödədiyini təsdiq etmiş, ikinci müqavilənin dəyəri olan 15056,13 manatın isə ötən dörd il üçün icra edilməyən aylıq ödənişlər və cərimə məbləğlərindən yarandırığını bildirmişdir.
59. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, bağlanmış ikinci müqavilə birinci müqavilədən yaranmış cavabdehin borclarını kapitallaşdırmaq və eyni öhdəliyin icra edilməməsi üçün əlavə sanksiyalar tətbiq etmək məqsədini daşımışdır. Həmin müqavilə üzrə cavabdehə avtomobil satılmamışdır.
60. Kollegiyanın qənaəti ondan ibarətdir ki, cavabdeh 08 may 2018-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci ildən başlayaraq aylıq ödənişləri dayandırdıqdan sonra, iddiaçı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək əvəzinə gərəksiz yerə 4 il gözləmiş, 18 sentyabr 2024-cü il tarixdə cavabdehlə yeni müqavilə bağlamış və xx.xx.2025-ci il tarixdə isə hazırkı iddianı qaldırmışdır. Yuxarıda da qeyd olunduğu kimi, istinad olunan əqd mövcud deyil və həmin əqd üzrə hər hansı vəsaitin tutulması yolverilməzdir.
61. Bununla belə Kollegiya hesab edir ki, cavabdeh hər bir halda 08 may 2018-ci il tarixli müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsinə görə məsuliyyət daşıyır və öhdəliyin icra olunmayan hissəsi ondan tutulmalıdır.
62. İddiaçı bildirir ki, 18 sentyabr 2024-cü il tarixli müqavilədə göstərilən 15.056,13 manatın 6960 manatı qalıq borc, qalan hissəsi isə hesablanmış cərimələr olmuşdur. Göründüyü kimi, müqavilədə göstərilən 15.056,13 manat avtomobilin dəyəri olmamışdır.
63. Halbuki, iddiaçı məhkəməyə 08 may 2018-ci il tarixli müqaviləni təqdim etməmişdir, ona görə də həmin müqaviləyə məsuliyyət barədə hər hansı təfsir verilməsi mümkün deyil. Digər tərəfdən 08 may 2018-ci il tarixli müqavilə üzrə avtomobil cavabdehə 23.847,25 manata satılmışdır ki, onun da 19.920 manatı ödənilmiş, 3927,25 manat isə ödənilməmiş qalmışdır. 64.Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, kreditor zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
65. Beləliklə Kollegiya hesab edir ki, cavabdehdən yalnız 08 may 2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalıq borc, yəni 3927,25 manat tutulmalıdır.
66. Kollegiya onu da nəzərə alır ki, avtomobil hazırda da iddiaçının mülkiyyətindədir.
67. Məhkəmə xərclərinə gəldikdə isə iddiaçının tələbi 26% həcmində təmin edildiyindən ((3927,25x100):15056,13=26,08) iddia ərizəsinin verilməsinə görə ödənilmiş 159,08 manat dövlət rüsumunun əvəzi olaraq 41 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
68. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2212/2025 nömrəli iş üzrə 03 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3927,25 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində iddiaçı tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.