Məhkəmə qərarları › İş №2(3-6)-1728/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1728/2026

26.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1728/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “keçmiş ərin (arvadın) aliment almaq hüququ”) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil1, cavabdeh Cavabdeh və onun nümayəndəsi-vəkili vəkil2 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflər ##.##.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından ## #### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2022-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması və birgə nikahdan anadan olan uşaqların analarının yanında qalamaları qət edilmişdir. ##.##.2016-cı il tarixdə verilmiş ****** nömrəli vəsiqənin surəti ilə İddiaçı İ dərəcəli ümumi xəstəlikdən müddətsiz əlil olması müəyyən edilmişdir.

2. “Elektron məhkəmə” informasiya sistemindən cavabdehin gəliri barədə əldə olunmuş çıxarışdan görünür ki, cavabdeh Cavabdeh “xxxx” QSC-də topoqraf vəzifəsində işləyir və 1450 manat əmək haqqı alır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ## #### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2022-ci il təvəllüdlü X1 üçün iddia ərizəsi məhkəməyə daxıl olduğu gündən hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və ona əlilliyinə görə işləyə bilinmədiyi üçün hər ay 300 (üç yüz) manat məbləğində maddi köməklik olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh ilə ## ###### 2013-cü il tarixdə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan onların ## #### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2022-ci il təvəllüdlü X1 adlı iki övladları dünyaya gəlmişdir. Əvvəllər cavabdeh ilə mehriban yaşasalar da, sonradan xasiyyətlərinin uyğun gəlmədiyini anlamış və hazırda ayrı yaşamaqla ayrıca təsərrüfat aparırlar. Belə ki, birgə nikahdan doğulmuş uşaqların maddi ehtiyaclarını o, ödəmək məcburiyyətində olur. O, uşaqların dünyaya gəlməsi ərəfəsində (doğuş zamanı) gözlərinin zəifləməsi və görmə vəziyyətinin 80-90 faiz pozulması nəticəsində İ qrup əlil olmuşdur. Həmin halı təsdiq edən sübutu da iddia ərizəsinə əlavə etmişdir. Əlilliyi ilə bağlı fəaliyyət qabiliyyəti yoxdur.

5. Cavabdeh Cavabdeh iddia tələbinə etiraz verərərk bildirimşdir ki, o, uşaqlarının saxlanması öhdəliyini qanunvericilik çərçivəsində yerinə yetirməyə həmişə hazır olmuşdur. Onun hazırkı əmək haqqısı 1500 manat təşkil edir. Bu məbləğ həm onun şəxsi gündəlik xərclərini, həm də digər ailə öhdəliklərini nəzərə alaraq müəyyən ediləcək aliment üçün məhdud imkan yaradır. Qarşı tərəf İddiaçı İ qrup əlildir və 700 manat pensiya, 100 manat baxım üçün əlavə, 120 manat çörək pulu ödənişlərini alır. Bu ödənişlər artıq onun gündəlik ehtiyaclarını və həyat xərclərini müəyyən qədər qarşılayır. Əlavə 300 manat ödənişin tələb edilməsi onun maliyyə imkanlarını aşır və öhdəliklərini yerinə yetirməyi qeyri-mümkün edir. Hazırkı maliyyə imkanlarını nəzərə alaraq, o, yalnız hər uşaq üçün 246 manat - yəni qanunla müəyyən edilmiş minimum yaşayış səviyyəsinə uyğun məbləği ödəyə bilər. Bu məbləğ həm uşaqların normal həyat səviyyəsinin təmin olunmasına, həm də onun digər öhdəliklərini yerinə yetirməyə imkan verir. Məhkəmənin ##.##.2025-cİ il tarixli qərardadının “1/3 hissə” prinsipi əsasında əlavə 300 manat tələb etməsi qanunvericiliyə və real maliyyə imkanlarına uyğun deyil. Qanunla müəyyən edilmiş minimum vəsait artıq uşaqların ehtiyaclarının təmin edilməsi üçün kifayətdir. Bütün bunlara əsasən məhkəmənin ##.##.2025-ci il tarixli qərardadının “1/3 hissə” əsasında əlavə 300 manat tələb edən hissəsinin ləğv edilməsi, aliment məbləğinin yalnız hər uşaq üçün 246 manat miqdarında müəyyən edilməsi, bu etiraz ərizəsinin baxılması və qərarın onun xeyrinə dəyişdirilməsi, əlavə ödənişlərin onun maliyyə imkanları nəzərə alınmadan tələb olunmasının qarşısının alınmasını xahiş etmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiа qismən təmin edilərək Cavabdeh ## ###### 2025-ci il tarixdən başlayaraq (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** saylı müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla) yetkinlik yaşına çatmayan ## #### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi; Cavabdeh ## ###### 2025-ci il tarixdən başlayaraq ##.##.1991-ci il təvəllüdlü İddiaçı əlilliyinə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyətini, iddia tələbini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduğu, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə təmin edilərək, ## #### 2014-cü il təvəllüdlü X2 və ## ###### 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.

8. Həmçnin məhkəmə iddianın “İddiaçı üçün 300 (üç yüz) manat aliment tutulmasına dair” hissəsini araşıraraq hesab etmişdir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər ##.##.2013-cü il tarixində nikaha girmiş, ##.##.2016-cı il tarixdə verilmiş ****** nömrəli vəsiqənin surəti ilə İddiaçı İ dərəcəli ümumi xəstəlikdən müddətsiz əlil olması müəyyən edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 84.1, 84.2.1, 85.1.3, 86 və 112.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarına; 2026-cı il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026- cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, ** nömrəli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin qismən (İddiaçı aliment ödənilməsi hissəsində) ləğv edilməsi və iddia tələbinin bu hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən keçmiş arvadın saxlanılması ilə bağlı düzgün mövqeyə gəlməmiş və işi tam, hərtərəfli və obyetiv araşdırmamışdır. Beləki, iddiaçı əlilliyin guya keçmiş arvadın uşaq dünyaya gətirməsi zamanı yaranmasını iddia etsə də bununla bağlı hər hansı sübut işə əlavə edilməmişdir. Eyni zamanda məhkəmə onun keçmiş həyat yoldaşına aliment tutulma məsələsində qanunvericiliyin tələbini tam olaraq pozmuşdur. Göründüyü kimi qanunvericiliyin tələbinə görə nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş arvadın aliment almaq hüququ bir il müəyyəm edilmişdir. Lakin iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə tutulmalı olan alimentin məbləğini müəyyən etsə də onun tutulma müddətini müəyyənləşdirməli olduğu halda bunu etməmişdir. Məhkəmə qətnamədə İddiaçı əlilliyinə görə alimet tutulmasını qət etsə də iş tərəflərin konkret münasibətlərini dəqiq müəyyən etməmiş, əlilliyə görə ondan nə üçün aliment tutulmalı olduğunu dəqiq göstərməmişdir. Bununla yanaşı iddiaçıya əlilliyə görə dövlət tərəfindən ödənilən mədləğləri, həmçinin ona qulluğa görə ödənilən vəsaiti də nəzərə almamışdır. Məhkəmə alimentin tutulmalı olduğu nəticəsinə gəlsə də, iddiaçının faktiki gəlirinin 2026-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulandan artıq olmasını nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən (İddiaçı aliment ödənilməsi hissəsində) ləğv edilməsi və iddia tələbinin bu hissədə rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qeyd olunan hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

19. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

20. 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi vətəhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

21. 85.1.3-cü maddəsinə əsasən, nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.

22. 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

23. 87-ci maddəsinə əsasən, məhkəmə maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə; aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda; nikah çox çəkmədikdə əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər:

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

24.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 25.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

28. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 29.218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. İddiaçının istinad etdiyi hallara görə iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.3-cü maddəsi təşkil edir. Belə ki, istinad edilən normanın mənasından göründüyü kimi, nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirmiş və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra maddi yardım göstərmək üçün zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdirlər.

33. Belə kateqoriyadan olan işlərə baxılarkən məhkəmə tərəfindən iddiaçının əmək qabiliyyətini itirməsi, maddi yardıma ehtiyacının mövcudluğu, habelə bu halların birgə nikah dövründə və ya nikah pozulduğu gündən bir il ərzində baş verməsi və keçmiş ərin (arvadın) nikah pozulduqdan sonra maddi yardım göstərmək üçün zəruri vəsaitə malik olması müəyyən edilməlidir.

34. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının cavabdehdən aliment tələb emək hüququnun yaranmasını şərtləndirən əsasların mövcudluğu müəyyən edilmiş, aliment öhdəliyinin yaranmasını istisna edən və ya məhdudlaşdıran halların mövcud olmadığı iş materialları ilə təsdiq edilmişdir. Bundan əlavə, məhkəmə alimentin məbləğini müəyyən edərkən tərəflərin ailə və maddi vəziyyətini, sağlamlıq durumunu, gəlirlərini, habelə iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə almaqla, onu hər ay ödənilməli olan sabit pul məbləği qaydasında müəyyən etmişdir.

35. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyır və qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

36. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti (100*12) beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar