Məhkəmə qərarları › İş №2(3-6)-1958/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1958/2026

08.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1958/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: (“alimentin tutulması”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2025-ci il tarixdən başlayaraq hər ay 246 manat sabit pul məbləğdə aliment və əvvəlki dövr üçün 3 yaşı tamam olanadək hər ay üçün 300 manat məbləğdə pul, mediasiya üçün ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Doğum bildirim formuna əsasən X1 ##.##.2022-ci il tarixdə Türkiyə Respublikası Gaziosmanpaşada doğulmuşdur.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3, 45.1, 75.1, 75.4; Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki hallarından görünür ki, saxlanılması üçün aliment tutulması xahiş edilən ##.##.2022-ci il təvəllüdlü X1 Respublikasında doğulmuşdur. İddiaçı və cavabdehin rəsmi nikah münasibətləri olmamışdır. Cavabdehin azyaşlı Menesa Zeynalovanın atası olması nə Türkiyədə, nə də Azərbaycan Respublikasında müəyyənləşdirilməmişdir. Bunları təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Aliment tutulması tələbi ilə çıxış edən şəxs ilk növbədə uşağın cavabdehin də uşağı olduğunu, cavabdehin faktiki nikahdan doğulmuş uşağa münasibətdə valideyn statusunu daşıdığını sübut etməlidir. Hazırkı işin halları baxımından isə işin qeyd edilən halları iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, qeyd olunan iş üzrə iddianın təmin edilməsi və cavabdehdən alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, iş üzrə birinci instansiya məhkəməsində ##.##.2026, ##.##.2026, ##.##.2026 və ##.##.2026 tarixlərində keçirilmiş məhkəmə iclaslarında cavabdeh şəxsən iştirak etmişdir. Həmin iclaslarda hakim tərəfindən cavabdehə uşağın ona məxsus olub-olmaması barədə sual verilmiş və cavabdeh açıq şəkildə Zeynalova Menesa’nın öz övladı olduğunu etiraf etmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bu hal məhkəmə iclaslarının audio yazılarında mövcuddur və məhkəmə iclaslarının protokollarında əks olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəfin məhkəmədə verdiyi izahat və etiraflar sübut kimi qiymətləndirilməlidir. Lakin məhkəmə bu mühüm halı ümumiyyətlə nəzərə almamış, nəticədə iş üzrə faktiki hallar yanlış müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 106.3, 106.1, 217.1, 385-ci maddələrinə əsasən prosessual hüquq normalarının kobud şəkildə pozulmasıdır. Əlavə olaraq, iş materiallarında Türkiyə Respublikası tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş doğum bildirim formu və doğum kayıt örneği mövcuddur. Həmin sənədlərdə Zeynalova Menesa’nın Ata adı “Yusif” kimi göstərilmişdir. Bu sənədlər rəsmi sənəd olmaqla sübut kimi qiymətləndirilməli olduğu halda, məhkəmə tərəfindən ya ümumiyyətlə nəzərə alınmamış, ya da onlara hüquqi qiymət verilməmişdir. Hesab edir ki, maddi və prosessual hüquq normaları, düzgün tətbiq edilməmişdir. Azərbaycan Respulikasının Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi 1-ci instansiya məhkəməsi qətnaməsinin Apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiya icraatı zamanı müəyyən edilən hallar

5. Məhkəmə kollegiyasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin məzmununa uyğun izahat verməklə şikayətin təmin edilməsini xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikası Ailə Məcəlləsin tələblərinə əsasən: 43. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 44.4. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. 44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 46.4. Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. 48. Bu Məcəllənin 44–45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Cavabdehin ##.##.2022-ci il təvəllüdlü X1 atası olması faktı hər hansı mötəbər sübutla təsdiq edilmir və bunun təsdiq edilməsi üçün müvafiq tələblər irəli sürülməmişdir. Apellyasiya şikayətinin dəlili olan Türkiyə Respublikası tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş doğum bildirim formu və doğum kayıt örneği adlı sənəddə Zeynalova Menesa’nın ata adının “Yusif” kimi göstərilməsi halına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlərdə “Yusif “ adının qeyd edilməsi həmin şəxsin cavabdeh Cavabdeh olması faktını təsdiqləmir.

11. Eyni zamanda tərəfin diqqətinə çatdırılır ki, Ailə Məcəlləsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Atalıq müəyyən edildikdən sonra (və ya eyni zamanda) iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir.

12. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə” İnformasiya Sistemi ) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar