Məhkəmə qərarları › İş №2(3-6)-2179/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2179/2026

22.06.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2179/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseyə qarşı mülki iş (Açar sözlər: «dərs yükünün bərpa edilməsi və əmək haqqı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseyin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: işəgötürən Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyi ilə işçi İddiaçı arasında bağlanmış ##.##.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən İddiaçı Respublika FizikaRiyaziyyat və İnformatika Təmayüllü Liseyində əsas iş yeri olaraq riyaziyyat müəllimi vəzifəsinə təyin edilib.

2. Dərs dinləmənin qeydiyyat vərəqəsinə əsasən, Fizika-Riyaziyyat İnformatika Təmayüllü Liseyin riyaziyyat müəllimi İddiaçı dərsi müşahidə edilmiş, müşahidə zamanı dərsdə elektron lövhənin imkanlarından istifadə edilməsi müşahidə olunmuş, lakin illik planlaşdıma qənaətbəxş olmadığı, gündəlik planın olmadığı, dərsin məqsədinin tam aydın olmadığı, müəllim ümumtəhsil məktəbində olduğu kimi asan misallar üzərində işlər apardığı, şagirdlərin hansısa qiymətləndirilməsi müşahidə edilmədiyi, dərsdə şagirdlərin fəallığı aşağı olduğu, proqram üzrə gerilik müşahidə olunub.

3. 2024-2025-ci dərs ilinin İ yarımilində keçirilmiş BSQ-nin nəticələrinə əsasən İddiaçı dərs dediyi 10C sinfinin orta balı 58.7 bal olmuşdur.

4. Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin ##.##.2026-cı il tarixli, ** nömrəli arayışına əsasən Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində çalışan 61 və yuxarı yaşı olan riyaziyyat müəllimlərinin dərs yükü: a) X5 - 70 yaş, 16 saat (əməkdar müəllim), b) Səfərov Şəmsi İldırım - 61 yaş, 16 saat (əməkdar müəllim), c) X3 - 63 yaş, 14 saat, d) X4 - 63 yaş, 14 saat (əməkdar müəllim), e) Rəhimov Gülağa İfadə - 61 yaş, 20 saat (əməkdar müəllim), f) İddiaçı - 61 yaş, 16 saat (əməkdar müəllim).

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-Ə-****/**** nömrəli müraciətə cavab məktubuna əsasən Respublika FizikaRiyaziyyat və İnformatika Təmayüllü Liseyində əmək hüquqlarının pozulması barədə Nazirliyin “142” Çağrı Mərkəzinə etdiyi müraciətə baxılmışdır. Müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə liseyə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müvafiq sorğu məktubları göndərilmiş və iddiaçıya aid sənədlərin təqdim edilməsi tələb edilmişdir. Araşdırma zamanı təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı 2025–2026-cı tədris ilində həftəlik 16 saat dərs yükü ilə təmin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, liseydə riyaziyyat müəllimlərinin sayı 21 nəfər olmaqla ümumi həftəlik riyaziyyat dərs yükü 340 saat təşkil edir və bu göstərici müəllimlərin sayına bölündükdə orta hesabla hər müəllim üçün təxminən 16 saat dərs yükü müəyyən olunur. Bundan əlavə qeyd edilmişdir ki, liseyin əsas təlim istiqamətlərindən biri Respublika və beynəlxalq səviyyəli bilik yarışlarında qalib olacaq şagirdlərin hazırlanması olduğundan hazırlıq dərslərinin keçirilməsi üçün mütəxəssislərin seçilməsində liseyə müəyyən muxtariyyət verilmişdir. Həmçinin 7-9-cu siniflərdə riyaziyyat fənninin həftəlik tədris yükünün 8 saat, 10-11ci siniflərdə isə 6 saat olduğu, siniflərdən hər hansı birindən dərs saatının azaldılaraq müəllimin dərs yükünün 18 saata çatdırılmasının həmin sinifdə riyaziyyat fənninin iki müəllim tərəfindən tədris edilməsinə səbəb olacağı və bunun qüvvədə olan təlimata zidd olduğu göstərilmişdir. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilən məlumata əsasən isə iddiaçı ilə liseyin işəgötürəni arasında ##.##.2018-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. Həmçinin cavab məktubunda qeyd olunmuşdur ki, dərs yükünün bölüşdürülməsi ilə bağlı məsələlər X6 Xidmətinin səlahiyyətlərinə aid deyildir, məsələnin həlli üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İddiaçı cavabdeh Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseyə qarşı dərs yükünün bərpa edilməsi və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həftəlik 27 saat dərs yükü ilə təmin edilməsi və ##.##.2025-ci il tarixdən başlayaraq dərs yükü bərpa olunan günə qədər məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş aylıq əmək haqqının hesablanaraq ödənilməsi və ödənilmiş 61 manat mediasiya xərci cavabdeh Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

7. İddiada göstərilib ki, İddiaçı 1989-cu ildən etibarən müxtəlif təhsil müəssisələrində riyaziyyat - informatika müəllimi vəzifəsində çalışmış, 2017-ci ildən etibarən hal-hazıradək Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyindən riyaziyyat müəllimi vəzifəsində çalışır. Peşəkar fəaliyyəti dövründən 2 (iki) dəfə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin və üçüncü qrant müsabiqənin qalibi olmuş, 15 (on beş) pedaqoji-psixoloji və metodiki vəsaitin müəllifidir, 7 beynəlxalq və 9 respublika elmi-praktik konfransda məruzə ilə çıxış etmişdir. 2011-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Müəllimlərin sertifikasiya imtahanından yüksək hesab olunan 52 bal toplamışdır. Yuxarıda sadaladıqları naliyyətlərə baxmayaraq, halhazırda çalışdığı Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyinin direktoru vəzifəsini icra edən Nümayəndə tərəfindən ona qarşı kobud qanun pozuntusu törədilməkdədir. Belə ki, ilk öncə liseyin direktoru tərəfindən ötən dərs ilinin sonunda heç bir zərurət olmadan onun dərs dediyi 10-cu sinifi bağlayıb və şagirdlərini digər siniflərə yerləşdirmişdir. Sinifin bağlanmasının əsas səbəbi ondan ibarət olmuşdur ki, növbəti ildə həmin sinifin əvəzi olaraq o, dərs yükü ilə təmin edilməsin. Daha sonra 2025-2026-cı tədris ilindən həftəlik 18 saatdan az dərs yükü ilə təmin edilir, qanunvericiliyə uyğun olaraq iş yükü ilə təmin edilməməyinin səbəbi direktor tərəfindən qanunvericiliyi pozmaqla müqavilə üzrə işə götürülmüş digər 3 müəllimi və direktor müavinini iş saatları ilə təmin olunmasıdır. Qeyd olunan hal kobud qanun pozuntusudur. Belə ki, ilk öncə fənn müəllimlərinin dərs yükü təmin edildikdən sonra digər müqavilə üzrə çalışan müvəqqəti müəllimlərə dərs yükü verilməlidir. Qeyd olunan halın aradan qaldırılması ilə bağlı şifahi və yazılı şəkildə Nümayəndə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Bundan başqa, şikayətləri əsasında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Yasamal Rayon Komitəsi tərəfindən Fizika-Riyaziyyat İnformatika Təmayüllü Liseyinin direktoruna ## ####### 2025-ci il tarixli, ** saylı məktub göndərilmiş və həmin müraciətlə naliyyətlərini nəzərə alaraq ona dərs yükünün bərpa edilməsinə görə köməklik göstərilməsi xahiş edilmişdir. Qeyd olunan müraciət bir daha dərs yükünün bölüşdürülməsi qaydasında pozuntulara yol verilməsi öz əksini tapmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54-cu maddəsinə əsasən, işəgötürən (müəssənin rəhbəri) işçini əmək şəraitinin şərtləri ilə, o cümlədən əmək norması ilə təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2010-cu il tarixli *** №-li Qərarına əsasən ümumi təhsil müəssələrində çalışan müəllimlərin dərs yükü norması 18 saatdan az olmamaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin ## ###### 2025-ci il tarixli, 3- 29/3-2- ***F/**** saylı əmrin 4.2-ci bəndində belə təhsil müəssisəsində fənn üzrə orta dərs yükünün 18 saatdan az olmaması göstərilmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia tələbinin qismən təmin edilərək cavabdeh Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey tərəfindən 2026-2027-ci tədris ilindən etibarən iddiaçı İddiaçı 1 stavka (həftəlik) dərs yükünün 18 saatdan az olmamaqla müəyyən edilməsi; 61 (altmış bir) manat məbləğində mediasiya xərcinin cavabdeh Respublika FizikaRiyaziyyat və İnformatika Təmayüllü Liseydən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı İddiaçı ilə cavabdeh Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyi arasında ##.##.2018-ci il tarixində əmək müqaviləsi bağlanmış, İddiaçı Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyində riyaziyyat müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı İddiaçı 2025–2026-cı tədris ilində həftəlik dərs yükü 16 saat müəyyən edilmişdir. Hazırda iddiaçı İddiaçı həftəlik 27 saat dərs yükü ilə təmin edilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq dərs yükü bərpa olunan günədək məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş aylıq əmək haqqının hesablanaraq ödənilməsi, habelə ödənilmiş 61 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsitələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” ## ###### 2010-cu il tarixli qərarına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə müəllimlərin 1 stavka dərs yükü 18 saatdan az olmamaqla müəyyən edilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh Respublika Fizika- Riyaziyyat və İnformatika Təmayüllü Liseyi həmin liseydə riyaziyyat müəllimi vəzifəsində işləyən iddiaçı İddiaçı 2025-2026-cı tədris ili üzrə həftəlik 16 saat dərs yükü ilə təmin etmişdir. Cavabdeh liseydə işləyən və iddiaçı kimi 60+ olan müəllimlərə həftəlik dərs yükünün 14, 16 saat müəyyən edildiyini təsdiq edən arayış təqdim etsə də, həmçinin həmin müəllimlərin müəyyən olunmuş dərs yükü saatlarına etiraz etmədiklərini təsdiq edən ərizələr də təqdim etmişdir. Göründüyü kimi, həmin müəllimlər onlara müəyyən edilmiş həftəlik dərs yükü saatları ilə razıdırlar, lakin iddiaçı ona təyin edilmiş dərs yükünün qanunvericiliyə uyğun olmadığını və daha çox dərs saatları ilə təmin olunmasını istəyir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş pedaqoji işçilər üçün müəyyən edilmiş dərs yükü normalarını nəzərə alaraq hesab edir ki, iddiaçının 1 stavka dərs yükü 18 saatdan az olmamaqla müəyyən edilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırda dərs saatlarının artırılması mümkün deyildir, çünki artıq 2025-2026-cı tədris ili üzrə müəllimlərin dərs yükü müəyyən olunmuş, siniflər müəllimlər arasında bölüşdürülmüşdür. Yalnız yeni tədris ilindən müəllimin dərs saatları dəyişdirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, yeni tədris ilindən, yəni 2026-2027-cı tədris ilindən cavabdehin üzərinə iddiaçını həftəlik 18 saatdan az olmamaqla dərs yükü ilə təmin etmək öhdəliyi qoyulmalıdır. Məhkəmə iddiaçının əmək haqqı tələbinə münasibətdə isə qeyd edir ki, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən ödənilən ödəncdir. Əmək haqqı işçinin faktiki yerinə yetirdiyi əmək fəaliyyətinə görə hesablanır və ödənilir. Göründüyü kimi, iddiaçı 2025-2026-cı tədris ili üzrə həftəlik 16 saat dərs yükü ilə təmin olunmuş və həmin dərs yükünə uyğun olaraq əmək funksiyasını yerinə yetirmişdir. Qanunvericilikdə işləmədiyi, əmək funksiyasını yerinə yetirmədiyi halda işçiyə əmək haqqının ödənilməsi yalnız məcburi işburaxma dövrü üçün nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının məcburi iş buraxma vəziyyətində olması müəyyən edilməmiş, əksinə onun faktiki olaraq əmək fəaliyyətini davam etdirdiyi müəyyən olunmuşdur. Belə olan halda iddiaçının işləmədiyi saatlar üçün əmək haqqının ödənilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının 61 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya xərcinə görə ödənilmiş 61 manat məbləğində pul cavabdeh Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyindən tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2010-cu il tarixli *** №-li Qərarına əsasən ümumi təhsil müəssələrində çalışan müəllimlərin dərs yükü norması 18 saatdan az olmamaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin ## ###### 2025-ci il tarixli, *-**/*-*-***F/**** saylı əmrin 4.2-ci bəndində belə təhsil müəssisəsində fənn üzrə orta dərs yükünün 18 saatdan az olmaması göstərilmişdir. Müəllimin əmək haqqısı hesablanarkən digər peşə növlərindəki kimi eyni bir qurumda eyni vəzifədə olan şəxslərdə olduğu kimi hər müəllimə eyni miqdarda hesablanmır. Hər müəllimə dərs dediyi saatlara uyğun olaraq onun əmək haqqı hesablanır. Heç bir əsas olmadan direktorun bir sinifi ləğv etməsi və bu ləğv etmə nəticəsində onun dərs saatları azalmış və qanunla müəyyən olunmuş normadan aşağı dərs saatlarına görə müəllimlərin maaş alması ciddi şəkildə qanun pozuntusudur. Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey dövlət tərəfindən xərcləri qarşılanan və müəllimlərin maaşı dövlət tərəfindən ödənən bir liseydir. Direktorun heç bir əsas gətirmədən öz istəyinə uyğun şəkildə bir sinifi ləğv edib müəllimlərin maaşlarlarını kəsməsi əsassızdır. Direktorun qanunsuz şəkildə dərs saatlarını azaltması yekunda maaşımın azalmasına gətirib çıxarmışdır. O, məhkəmədən kəsilmiş maaşımın bərpasını tələb etdikdə məhkəmə həmin müddətdə işləmədiyi üçün iddianın həmin hissəsini təmin etməmişdir. Ancaq burada məhkəmənin diqqət etmədiyi məqam odur ki, maaşının kəsilməsi ilə maddi vəziyyəti xeyli dərəcədə aşağı düşmüş və nəticə etibarilə ona ziyan dəymişdir. Həmin kəsilmiş hissə onun əldən çıxmış faydasıdır. 18 saat onun qanuni haqqıdır və o saata uyğun olaraq maaş almalıdır. Qanuni gəlirlərdən bir şəxsi məhrum etmək Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən ona zərər vurulması deməkdir. Zərərin anlayışına təkcə kiminsə əmlakının məhv olması deyil, həmçinin şəxsin hüquqlarının pozulması nəticəsində onun əldə edəcəyi gəlirlərin əldən çıxması da daxildir. Əgər qanunsuz şəkildə hüquqları pozulmasaydı o, azaldılmış saatlara nisbətdə qanunən ona çatası əmək haqqını əldə edəcəkdi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2010-cu il tarixli *** №-li Qərarına əsasən, ümumi təhsil müəssələrində çalışan müəllimlərin dərs yükü norması 18 saatdan az olmamaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin ## ###### 2025-ci il tarixli, *-**/*-*- ***F/**** saylı əmrin 4.2-ci bəndinə əsasən, belə təhsil müəssisəsində fənn üzrə orta dərs yükünün 18 saatdan az olmaması göstərilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddiasının tam təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında cavabdeh Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseyin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 9, “d” bəndi. Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Maddə 154.1. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 155.1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Maddə 158.1. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Maddə 172.1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Maddə 172.2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Maddə 174.2. Əməkhaqqı nağdsız verildikdə işçinin bank hesabına ödəniş alətləri vasitəsilə köçürülür. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə əsasən əməkhaqqı nağd ödənildiyi halda iş yerində verilir və ya işçinin istəyi ilə göndərilmə və ya köçürülmə xərci işçidən tutulmaqla müvafiq ünvana göndərilir və ya bank hesabına köçürülür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” ## ###### 2010-cu il tarixli 215 No li Qərarına əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə təhsili müəssisələrində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saatdan (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) az olmamaqla müəyyən edilməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Təmin edilmədiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilmədiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

23. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

26. Əvvəla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2010-cu il tarixli *** №-li Qərarına və Elm və Təhsil Nazirinin ## ###### 2025-ci il tarixli, *-**/*-*-***F/**** saylı Əmrinin 4.2-ci bəndinə əsasən ümumi təhsil müəssələrində çalışan müəllimlərin dərs yükü norması 18 saatdan az olmamaqla müəyyən edilməli olması o demək deyil ki, iddia mübahisələndirilən hissədə də əsaslı olub və mütləq təmin edilməli idi. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur(ƏM.m.154.1).İddiaçıya gördüyü işə görə əmək haqqı ödənilir və bunu özü də mübahisələndirmir. Mübahisələndirdiyi hal görmədiyi işə görə əmək haqqı tələbidir ki, bunun üçün də qanuni əsas olmalıdır. Belə bir tələbin qanuni əsasının dispozisiya şərti ilə bilavasitə uzlaşan qanun normasının olmasını məhkəmə tərkibi də müəyyən etmədi.

27. Bundan əlavə, cavabdeh qurumun heç bir əsas olmadan hansısa sinfi ləğv etməsi dəlili də hansısa sübutla təsdiq olunmur. Çünki hansısa sinif heç bir əsas olmadan ləğv edilə bilməzdi, mütləq ki, bunun üçün əsas olub. O başqa məsələ ki, iddiaçı hansısa sinfin ləğv edilməsi üçün əsas olmadığını düşünə bilər, lakin bu cür düşünmək hələ hansısa əsasın olmadığını bəyan etmək üçün kifayət etmir. Buna baxmayaraq, iddiaçı bu cür halı bəyan edirsə demək bu halı sübut etmək yükü də onun üzərinə düşür. Ancaq bu barədə məhkəməyə hansısa sübut təqdim etməyib.

28. Əlbətdə ki, şagirdlərin sayının azalması ilə əlaqədar müəllimlərin sayına uyğun dərs saatlarının bölüşdürülməsi nəticəsində digər müəllimlərlə yanaşı iddiaçının da müəyyən olunmuş normadan aşağı dərs saatına görə maaş alması qanun pozuntusu sayıla bilməz. Çünki iddiaçı faktiki işlədiyi iş normasına görə aşağı əmək haqqı almayıb, yerinə yetirmədiyi işə görə yuxarı əmək haqqı almaq istəyir. Bunu cavabdeh tərəfin təqdim etdiyi məlumatlardan da görmək olar. Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin dövlət tərəfindən xərcləri qarşılanan və müəllimlərin maaşı dövlət tərəfindən ödənən bir lisey olması da şikayəti əsaslı etmir. Əksinə iddiaçı yerinə yetirmədiyi işə görə dövlət büdcəsi vəsaiti hesabına əmək haqqı tələb etməkdə haqlı deyil.

29. İddiaçı ilə cavabdeh arasında mövcud olan münasibətlər əmək hüquq münasibətləri olduğundan onlar Əmək Məcəlləsi və onun əsasında qəbul edilən daha aşağı hüquqi qüvvəsi olan normativ hüquqi aktlarla tənzimlənir. Demək ki, hətda cavabdeh işəgötürənin iddiaçıya əmək münasibətləri çərçivəsində zərər vurması həqiqi olsa idi belə bu münasibətlər Mülki Məcəllə və mülki qanunvericiliyə dair digər qanunlarla tənzim edilmir.

30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar