Məhkəmə qərarları › İş №2(3-6)-2275/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2275/2026

25.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2275/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Tahirova Samirə İbrət qızına qarşı iş üzrə Açar sözlər: alimentin tutulması Hakimlər X9 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı İddiaçı, Cavabdeh Tahirova Samirə İbrət qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Tahirova Samirə İbrət qızına qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Tahirova Samirə İbrət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) ilə cavabdeh Tahirova Samirə İbrət qızı (bundan sonra cavabdeh) arasında ##.##.2003-cü il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından ##.##.2004-cü il tarixdə X3, ##.##.2005-ci il tarixdə X1 və ##.##.2012-ci il tarixdə X2 doğulmuşdur. X3 və X1 artıq yetkinlik yaşına çatmışlar. Tərəflər arasında Bakı * saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/*-***** nömrəli, ##.##.2025-ci il tarixli barışıq sazişinə əsasən onlar ##.##.2012-ci il təvəllüdlü X2 cavabdehin yanında qalması barədə razılığa gəlmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra iddiaçının tələbi əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən bu uşaq iddiaçının yanında saxlanılmışdır və hazırda da onun himayəsindədir. İddiaçı “xxxx” QSC-də elektromexanik vəzifəsində işləyir, əmək müqaviləsinə əsasən onun aylıq əmək haqqı 1.063,20 manat təşkil edir. Cavabdehin əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı cavabdeh Tahirova Samirə İbrət qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş ##.##.2012-ci il təvəllüdlü azyaşlı övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində alimentin indeksasiya edilməklə hesablanması və hər ay həmin məbləğin cavabdehdən tutularaq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddiasını işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdehin öz azyaşlı uşağına biganə münasibəti onu yekunda aliment tələbi ilə məhkəməyə müraciət etməyə vadar etdi.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində alimentin cavabdeh Tahirova Samirə İbrət qızından tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş 44 manat məbləğində dövlət rüsumunun cavabdeh Tahirova Samirə İbrət qızından tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissədə dərhal icra edilməsi qət edilmişdir. (hakim X6)

5. Məhkəmə cavabdehdən tələb olunan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin məbləğini işin hallarına uyğun hesab etməyərək qeyd etmişdir ki, birgə nikahdan doğulmuş uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsidir. ##.##.2012-ci il təvəllüdlü X2 daimi olaraq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşağa qulluq etməsi, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

6. Həmçinin, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşaqların üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş və iddiaçının yanında qalan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

7. Məhkəmə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən gələcəkdə cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa alimentin müəyyən edilmiş məbləğinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilə bilər.

8. Məhkəmə alimentin hesablanma tarixinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq cavabdeh aliment tələbi ilə məhkəməyə ##.##.2026-cı il tarixdən müraciət etmiş olduğundan aliment həmin tarixdən hesablanmalıdır.

9. Məhkəmə, məhkəmə xərclərininə münasibətdə qeyd etmişdir ki, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (200x12=2.400 manat) mütənasib olan 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 78-ci, 100.2-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 107-ci, 119.1-ci, 234.2.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli Sərəncamına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2016-cı il tarixli, *-*/**** nömrəli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Həmin qətnamədən cavabdeh Tahirova Samirə İbrət qızı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, onun iştirakı ilə, təqdim ediləcək yeni sübutlar, şahid ifadələri və uşağın maraqları tam araşdırılmaqla qətnamə çıxarılması xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə onun maddi və ailə vəziyyətini tam və hərtərəfli araşdırmamışdır. Onun daimi və yüksək gəliri yoxdur, maddi imkanları məhduddur və aliment məbləği real ödəmə qabiliyyətinə uyğun müəyyən edilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış və müdafiə hüququndan tam istifadə edə bilməmişdir. Məhkəmə onun faktiki gəlirlərini, yaşayış xərclərini, ailə vəziyyətini və digər sosial öhdəliklərini obyektiv qiymətləndirməmişdir. Müəyyən edilmiş aliment məbləği onun maddi imkanları ilə müqayisədə ağır yük təşkil edir və gələcəkdə qərarın icrasını çətinləşdirə bilər. Uşağın atanın yanında qalması onun razılığı və mediasiya zamanı qarşılıqlı razılaşma əsasında müəyyən edilmişdir. O, uşağı ataya məcburi qaydada verməmişdir. Ata uşağın himayəsini öz üzərinə götürəcəyini və uşağa normal baxacağını bildirmişdir. Hazırda isə iddiaçı uşağa baxmaqda çətinlik çəkdiyini bildirərək aliment tələb edir. Əgər iddiaçı həqiqətən uşağın saxlanılması və qayğısına qalması öhdəliyini yerinə yetirə bilmirsə, bu halda məsələ yalnız alimentlə həll edilməməlidir. Uşağın maraqları əsas götürülərək onun yaşayış şəraiti, psixoloji vəziyyəti və hansı valideyn yanında qalmaq istəyi araşdırılmalıdır. O, uşağa baxmağa, onun tərbiyəsi və qayğısını üzərinə götürməyə hazırdır, lakin həm uşağın atada qalması, həm də onun yüksək məbləğdə aliment ödəməyə məcbur edilməyi ədalətli yanaşma deyil. Həmçinin hesab edir ki, məhkəmə uşağın rəyini almamış, qəyyumluq və himayəçilik orqanının mövqeyini tam araşdırmamışdır. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən uşağın maraqları üstün tutulmalı və onun fikri nəzərə alınmalıdır. Hazırda isə iddiaçı uşağa baxmaqda çətinlik çəkdiyini əsas gətirərək aliment tələb edir. Əgər ata uşağa baxmaq imkanında olmadığını bildirirsə, bu halda uşağın mənafeyi baxımından məsələyə yenidən baxılmalıdır. O, iki yetkinlik yaşına çatmış qız övladına da təkbaşına baxır. Onların saxlanılması və gündəlik xərcləri uzun müddətdir ki, yalnız onun üzərində olmuşdur. İddiaçı həmin övladların saxlanılmasına faktiki olaraq kömək göstərməmişdir. Yetkinlik yaşına çatmış qız övladları da bu hallarla bağlı məhkəmədə şahid qismində ifadə verməyə hazırdır və atalarının ailəyə, xüsusilə övladlarının saxlanılmasına münasibəti barədə məlumat verə bilərlər. Qətnamə onların ailə münasibətlərinin faktiki vəziyyəti tam araşdırılmadan qəbul edilmişdir. O, uşaqla münasibətlərini heç vaxt kəsməmiş, onun saxlanılması və qayğısına qalmaqdan imtina etməmişdir. Məhkəmə tərəfindən iddiaçının faktiki maddi vəziyyəti, gəlirləri, əmək fəaliyyəti və uşağa real şəkildə baxmaq imkanları tam araşdırılmamışdır. İddiaçı xxxxndə işlədiyini və təxminən 1000 manat əmək haqqı aldığını özü etiraf etmişdir. Buna baxmayaraq, uşağın bütün təminat yükünün onun üzərinə qoyulması ədalətli deyil. Həmçinin, onun ailə və sosial vəziyyəti düzgün qiymətləndirilməmişdir. Yeni sübutların birinci instansiya məhkəməsinə vaxtında təqdim edilməməsinin əsas səbəbi onun məhkəmə iclasına çağırılmamağı və işə onun iştirakı olmadan baxılması olmuşdur. Nəticədə, o,sübut təqdim etmək, şahidlərin dindirilməsi barədə vəsatət vermək və müdafiə hüququmdan tam istifadə etmək imkanından məhrum olmuşdur. Hesab edir ki, göstərilən yeni sübutlar iş üzrə obyektiv və ədalətli qərarın qəbul edilməsi üçün mühüm əhəmiyyət daşıyır və apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilərək araşdırılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında cavabdeh Tahirova Samirə İbrət qızı ilk olaraq apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onların üç övladı var, ikisi artıq yetkinlik yaşına çatıb və onunla yaşayır. Uşaqlar onun himayəsində olanda iddiaçı aliment ödəməyibdir. Öz istəyi ilə uşağı iddiaçıya verib. O, uşağı vermək istəmirdi, iddiaçı təkid etdiyindən razılaşmış, lakin aliment tələb edəcəyini iddiaçı ona bildirməmişdir. Daha sonra isə qeyd etmişdir ki, hazırda aliment ödəməyə etiraz etmir, lakin təyin olunan alimentin miqdarı ilə razı deyil. Belə ki, 200 manat ödəyə bilmir, 100-150 manat aralığında ödəniş edə bilər. Çünki digər uşaqlara da o baxır. Nəticədə göstərilənlərin nəzərə alınmasını və izahatına uyğun şəkildə apellyasiya şikayətinin qismən təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, uşaq özü onunla qalmaq istəmişdir. Onlar bir ildir ki, ayrılmışlar. O, xxxxndə işləyir, 1063 manat əmək haqqı alır. Cavabdeh də işləyir, ondan daha çox gəliri var. Uşağı saxlaya bilir, sadəcə ehtiyaclarını tam təmin edə bilmir, bu səbəbdən aliment tələb edir. Cavabdehə ev almışdır, 550 manat kredit ödəyir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

18. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

19. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli Sərəncamına əsasən Minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

21. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli qərarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Həmçinin qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin, yəni tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq digər halların, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması vəzifəsini qoymuşdur. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarının: 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir; 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır; 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş edilsə də, iddia qismən təmin edildiyindən, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi tutulmalı olan alimentin məbləğini müəyyən edərkən tərəflərin maddi vəziyyətinə müqayisəli şəkildə hüquqi qiymət verməmiş və diqqətəlayiq olan bütün halları nəzərə almamışdır. Bu səbəbdən qətnamə iddiaçıdan tutulan alimentin həddi hissəsində dəyişdirilməli və alimentin tutulan məbləğinə uyğun olaraq cavabdehdən dövlət büdcəsinin xeyrinə dövlət rüsumu tutulmalıdır.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş ##.##.2012-ci il təvəllüdlü X2 tərəflər arasında nikah pozulan zaman mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən cavabdehin yanında qalsa da, sonradan iddiaçının bu barədə tələbinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçının yanında saxlanılmış və hazırda da onun himayəsindədir. Cavabdeh apellyasiya şikayətində hər hansı məbləğdə alimentin verilməsinə razı olmayaraq, ondan ümumiyyətlə alimentin tutulmasını mübahisələndirsə də, məhkəmə baxışı zamanı alimentin tutulmasına etiraz etməmiş, sadəcə müəyyən edilmiş 200 manat sabit pul məbləğində alimenti ödəmək imkanına malik olmadığını, 100-150 manat aralığında ödəniş edə biləcəyini bildirmiş və işləməməsinin, iki qızının da onu yanında olmasının və onların ehtiyaclarının da onun tərəfindən qarşılanmasının nəzərə alınmasını və alimentin daha az miqdarda tutulmasını xahiş etmişdir. Tərəflərin arasında alimentin ödənilməsi barədə saziş yoxdur.

28. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

29. İddiaçı hazırda onun himayəsində olan ##.##.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Həm iddiaçının tələbi, həm də uşağın onun himayəsində olması, bununla da uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin məhz onun üzərinə düşməsi, cavabdehdən sabit pul formasında alimentin tutulmasına əsas verir.

30. Lakin məhkəmə kollegiyası iddiaçıdan (1.063,20 manat əmək haqqı) fərqli olaraq cavabdehin hər hansı rəsmi gəlirə malik olmamasını (iddiaçı onun kifayət qədər aylıq gəlirə malik olmasını bildirsə də, bu halı sübuta yetirə bilmir) və bu məqsədlər üçün hər ay 100- 150 manat məbləğində pul vermək imkanına malik olduğunu bildirməsini, habelə digər diqqətəlayıq halları nəzərə alıb, belə qənaətə gəlir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay uşağa görə 132 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması daha ədalətli və ağlabatandır.

31. Məhkəmə öz mövqeyi ilə bağlı onu da qeyd edir ki, uşağın cavabdehin yanında saxlanılması ilə bağlı mediasiya təşkilatında barışıq sazişi bağlanılan (##.##.2025-ci il) və tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulan (##.##.2025-ci il) zaman tərəflərin bu uşağa iddiaçı tərəfindən alimentin ödənilməsinin razılaşdırılması müəyyən edilmir. Bu baxımdan sənəd üzrə iddiaçının uşağı saxlamaq öhdəliyi yaranmamışdır. Bundan sonra məhz iddiaçının tələbinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə uşaq iddiaçının himayəsinə verilmiş və həmin vaxt iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməmiş, uşağın saxlanılması ilə bağlı maddi baxımdan çətinlik çəkməsi barədə hər hansı fikir bildirməmişdir. Həmin iddia qaldırılan zaman uşaq artıq iddiaçının himayəsində olmuş, bu baxımdan iddiaçı uşağın saxlanılması xərcləri barədə tam məlumatı olmuş və bu vəziyyətlə razılaşaraq, himayə məsələsinin hüquqi baxımdan təsbit edilməsi məqsədi ilə həmin iddianı qaldırmışdır. Digər tərəfdən iddiaçının cavabdehin maddi dəstəyinə güvənərək, uşağı öz himayəsinə götürməsi də müəyyən edilmir. Göstərilənlər həmin vaxt iddiaçının uşağın saxlanılması, o cümlədən onun ehtiyaclarının qarşılanması üçün tələb olunan səviyyədə maddi vəsaitə malik olduğunu təsdiq edir. Başqa sözlə, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsi iddiaçı tərəfindən artıq təmin edilir.

32. Bu səbəbdən məhkəmə kollegiyası həmin qətnamənin qanuni qüvvəyə minməsindən 2 ay keçməmiş iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsini uşağın maddi baxımdan saxlanılmasında çətinlik çəkməsi, habelə qeyd edilən qısa müddət ərzində onun maddi çətinliklərinin yaranması kimi deyil, cavabdehin də bir ana olaraq uşağın maddi baxımdan saxlanılmasında iştirakının təmin edilməsi kimi qiymətləndirir. Belə olan halda, cavabdehdən hər ay tutulan 132 manat hesabına yetkinlik yaşına çatmayanlar üçün 2026-cı il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələblər tam gözlənilmiş olur. Hətta mövcud vəziyyətdə 260 manat hər iki valideyn tərəfindən qarşılanmalı olan məbləğ kimi götürüldükdə (260:2=130 manat), 2 manat olsa da bu məbləğin daha artıq hissəsi cavabdeh tərəfindən ödənilmiş olur.

33. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, sabit pul məbləğində aliment tutularkən onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Bu baxımdan 2026-cı ili üçün ölkə üzrə müəyyənləşdirilmiş minimum əmək haqqı məbləği 400 manat olduğundan, tutulmalı olan alimentin miqdarı isə 132 manat həddində müəyyən edildiyindən cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 (132:400) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

34. Məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin qiymətini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 35,84 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

35. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdehdən tutulan alimentin həddi və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş ##.##.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddiaçının ödəməkdən azad edildiyi 35,84 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

36. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən tutulan alimentin məbləği ilə hazırda tutulan alimentin məbləği arasında yaranmış fərqin illik məcmusu (200-132= 68; 68 x 12 = 816) 816 manat təşkil etdiyindən və bu məbləğ kassasiya şikayətinin verilməsini mümkün edən 5.000 manatdan az olduğundan tərəflər qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Tahirova Samirə İbrət qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdeh Tahirova Samirə İbrət qızından tutulan alimentin həddi və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş ##.##.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Tahirova Samirə İbrət qızından iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı İddiaçı ödəməkdən azad edildiyi 35,84 (otuz beş manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Tahirova Samirə İbrət qızında tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Tahirova Samirə İbrət qızına aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar